Davos
Forumu ixracı artırmaq üçün mühüm
platformadır
İxrac potensialının
genişləndirilməsində beynəlxalq tədbirlərin əhəmiyyəti
böyükdür
Hər
ilin yanvar ayında keçirilən Davos İqtisadi Forumu
ölkələr, şirkətlər üçün bir
sıra əlverişli imkanlar yaradır. Belə əlverişli
imkanlardan biri də ixrac potensialının xarici tərəfdaşlara
təqdim edilməsidir. Davos İqtisadi Forumu böyük
nüfuz qazandığına görə burada çoxlu sayda
şirkət və ölkə rəsmiləri işitrak edir.
2020-ci ildə keçirilən Forumda 3 mindən artıq iri
şirkətin təmsilçisi qatılıb. Böyük
nüfuza və diqqətə sahib olan tədbirə qatılan
hər bir ölkə və iri şirkət özünün
ixrac imkanlarını tanıtmaqla yeni bazarlara
çıxış əldə etməyə can atır.
Təbii
ki, Davos Forumunun iştirakçısı olan Azərbaycan da
bu imkanlardan faydalanmaq istəyir. Əvvəlki illərin təcrübəsi
göstərir ki, Azərbaycanın Davos İqtisadi Forununda məhsuldar
iştirakı, çoxsaylı görüşlərin
keçirilməsindən sonra ölkəmizə investisiya qoyuluşu
artır, eyni zamanda ixrac potensialında genişlənmə
müşahidə edilir. Buna görə də deyə bilərik
ki, Davos görüşləri Azərbaycan məhsullarının
tanıdılması və ixrac imkanlarımızın
artması baxımından da əlverişli platformadır.
Məlumdur
ki, Davosda Azərbaycan Prezident İlham Əliyevin rəhbərlik
etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Dövlət başçısı Forum müddətində
çoxsaylı görüşlər keçirib və
ölkəmizdə son illərdə aparılan islahatlar, ixrac
potensialının artırılması üçün
görülən tədbirlərlə bağlı məlumat
verib. Azərbaycanın Forumda dövlət
başçısı səviyyəsində təmsil
olunması, dövlət başçısının hər
görüşdə iqtisadiyyatımızın imkanları ilə
bağlı geniş məlumatlandırma aparması xarici
iqtisadi əlaqələrin, o cümlədən ixrac
potensialının artmasına böyük fayda verib.
İxracın
artırılması üçün ilkin şərt
investisiya qoyuluşuna nail olunmasıdır. Aparılan
görüşlərdə iri şirkətlərin rəhbərləri
Azərbaycanda həyata keçirilən islahatlar haqqında məlumatlı
olduqlarını, bu prosesi yaxından izlədiklərini ifadə
ediblər.
Məsələn,
Prezident İlham Əliyevlə Davosda görüşən
“Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel deyib
ki, son illərdə Azərbaycanda həyata keçirilən
islahatları, xüsusilə biznes sahəsində
mühasibatlılığın və şəffaflığın
artırılması, vergi və gömrük sahələrində
islahatların ümumi rəqabət mühitinə verdiyi
müsbət töhfəni yüksək qiymətləndirirlər.
O bildirib ki, bu, “Procter and Gamble Europe” şirkətinin ölkəmizdəki
fəaliyyətinin inkişafı üçün çox
önəmli amildir. Azərbaycanın bugünkü biznes
mühitinin bütün xarici investorların öz fəaliyyətlərini
genişləndirmələri üçün çox əlverişli
imkan yaratdığını deyən Loik Tassel rəhbəri
olduğu şirkətin ölkəmizdəki biznes və sosial
fəaliyyəti barədə danışdı.
Prezident
İlham Əliyev isə öz növbəsində qeyd edib ki,
Azərbaycanda xarici investorlar üçün biznes
mühitinin daha da yaxşılaşdırılması istiqamətində
tədbirləri görəcək.
Aparılan
islahatlar, xarici investorlara verilən mesaj onların Azərbaycana
sərmayə qoyuluşunu artırmağa həvəsləndirir.
Xarici investisiyaların artması isə ölkəmizə
idxalı azaltmaqla bərabər ixrac potensialını da
artırır.
Bu
tendensiya, əlaqə göstərir ki, Davos Forumu kimi
tanınmış beynəlxalq tədbirlərə
qatılmaq, burada aktiv iştirak əhəmiyyətlidir.
Ümumiyyətlə
hər nüfuzlu beynəlxalq tədbirə qatılmaq, orada məhsuldar
fəaliyyət ixrac potensialımızın güclənməsinə
töhfə verir. Buna görə də dövlət
başçısının dəstəyi ilə xarici
ölkələrə ixrac missiyaları təşkil olunr. Bu
missiyalar xarici bazarların araşdırılması və
marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin təşviqinə,
yerli şirkətlərin xaricdə sertifikat və patent
almasına şərait yaradır. Beynəlxalq tədbirlərə
qatılmaqla yeni bazarlara çıxış
imkanlarını aşkar etmək, mövcud bazarlarda yerli məhsulların
mövqeyini möhkəmlətmək və bu bazarlara yeni məhsullar
təqdim etmək imkanını qazanmış oluruq.
Azərbaycan
Prezidenti 2016-cı ilin 5 oktyabr tarixində yerli qeyri-neft məhsullarının
“Made in Azerbaijan” adı altında xarici bazarlarda
genişmiqyaslı təbliğini nəzərdə tutan Fərman
imzalayıb. Bu Fərman “Made in Azerbaijan” brendinin ölkə
xaricində tanıdılması və ixracın
stimullaşdırılması məqsədilə 10 fərqli
mexanizmi - dəstək tədbirini əhatə edir. Dəstək
tədbirlərindən biri də beynəlxalq tədbirlərə
qatılmaq, xarici iqtisadi əlaqələri gücləndirməyə
kömək etməkdir. Hər il Azərbaycan dövləti
çoxlu sayda yerli şirkətin təmsilçilərini
xarici tədbirlərə, sərgilərə, forumlara göndərir.
Davos İqtisadi Forumunda da Azərbaycanın şirkət təmsilçiləri
qatılır. Amma bu Forumun imkanlarından daha səmərəli
istifadə etmək üçün ölkəmizi daha
yüksək səlahiyyətli şəxslərin təmsil
etməsi xarici iqtisadi əlaqələrin genişlənməsi,
ixracın artırılması üçün böyük əhəmiyyətə
malikdir. Bu baxımdan dövlət
başçısının Forumda dünyanın bir neçə
aparıcı şirkətinin və bir neçə ölkənin
rəhbər şəxsləri ilə görüşməsi
xarici iqtisadi əlaqələrin inkişına daha
böyük töhfə verir. Prezident Davosda 10 böyük
şirkətin rəhbər şəxsləri ilə
görüş keçirib. Həmin görüşlərdə
Azərbaycanın iqtisadi imkanları, ölkəmizdə
iqtisadi sahədə aparılan islahatlarla bağlı məlumat
verilib. Bu cür görüşlər həmin şirkətlərdə
Azərbaycana investisiya qoyuluşu ilə bağlı əminliyin
daha da güclənməsinə səbəb olub. Buna görə
də Davos Forumundan sonra tədricən Azərbaycana investisiya
qoyuluşlarının artacağını və ixracın bir
qədər də genişlənəcəyini müşahidə
edəcəyik.
Vasif CƏFƏROV
Mövqe.- 2020.- 25 yanvar. S. 10.