Qeyri-neft ixracında rekord göstərici qeydə alınıb

Xaricdə Azərbaycanın qeyri-neft mallarına tələb artır

 

2019-cu ildə Azərbaycanın qeyri-neft məhsullarının ixracında rekord göstərici qeydə alınıb. Rəsmi statistikaya əsasən, ötən il ölkəmizdən 1 milyard 954 milyon dollarlıq qeyri-neft malları ixrac edilib ki, bu da 2012-ci ildə qeydə alınan rekord göstəricidən yüksəkdir. 2012-ci ildə qeyri-neft ixracının həcmi 1,933 milyard dollar təşkil etmişdi. 2019-cu ildə ixracın həcmi ondan 21 milyon dollar artıqdır.

Azərbaycanda son illərdə dərinləşən islahatlar, qeyri-neft sektoruna verilən dəstək, ixracın təşviq edilməsi özünü ixrac həcminin artmasında göstərir. 2014-cü ildən sonra yaranmış əlverişsiz xarici vəziyyət Azərbaycanın ümumi ixracı ilə yanaşı qeyri-neft ixracının da azalmasına səbəb olmuşdu. Qeyri-neft ixracı 2014-cü ildə 1,632 milyard dollardan 2015-ci ildə 1,498 milyard dollara, 2016-cı ildə isə 1,16 milyard dollara geriləmişdi. 2016-cı ildə qeydə alınan nəticə son illərin ən pis göstəricisi idi. Amma qeyri-neft sektorunda aparılan islahatlar, eyni zamanda xarici iqtisadi vəziyyətin getdikcə əlverişli olması qeyri-neft ixracının artmasına imkan verdi. Bununla əlaqədar olaraq qeyri-neft ixracı 2017-ci ildə 1,473 milyard dollara, 2018-ci ildə 1,617 milyard dollara yüksəldi. Ötən il qeydə alınan nəticə 2016-cı ildəki nəticədən nominal qiymətlərlə ifadədə 794 milyon dollarya 68,4 faiz yaxşıdır. Məlumat üçün bildirək ki, qeyri-neft ixracı 2010-cu ildə 1,368 milyard dollar, 2011-ci ildə 1,623 milyard dollar, 2012-ci ildə 1,933 milyard dollar, 2013-cü ildə 1,773 milyard dollar olmuşdu.

Azərbaycandan qeyri-neft ixracının artması üçün imkanlar böyükdür. Verilən sifarişlər göstərir ki, Azərbaycanın qeyri-neft məhsullarına xarici bazarlarda tələb yüksəlir. Ölkəmizdə istehsal edilən məhsulların xaricdə tanıdılması, marketinq tədbirlərinin həyata keçirilməsi ixrac imkanlarının artırılmasına kömək edir. Tələbin artması fonunda gələcəkdə yerli istehsalın üzərinə düşən yükartacaq. İstehsalçı bir tərəfdən daxili tələbi ödəməlidir, digər tərəfdən ixrac tələbini təmin olunmalıdır. Bu, istehsalçıdan daha böyük həcmdə istehsal tələb edəcək.

Azexport.az portalına daxil olan sifarişlər də göstərir ki, qeyri-neft məhsullarına tələb artır. 2017-ci ildə portala 475 milyon dollar dəyərində ixrac sifarişi daxil olub. 2018-ci ildə sifarişlərin həcmi 514,1 milyon dollara, 2019-cu ildə 596 milyon dollara yüksəlib. 2019-cu ildə ixrac sifarişlərinin həcmi 2018-ci ildən 16 faiz çoxdur. Dinamika göstərir ki, 2020-ci ildə ixrac sifarişlərinin həcmi əvvəlki ildəki göstəricidən yüksək olacaq.

Ümumilikdə, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 dekabr tarixinə kimi Azexport.az portalına 1,585 milyard dollar dəyərində ixrac sifarişi verilib. Xaricdən ən çox maraq göstərilən mallar ərzaq məhsullarıdır. Onların arasında fındıq ləpəsi, yumurta, qənnadı məhsulları, xurma, toyuq əti, pambıq yağı, çay, alma, bal, meyvə şirəsi üstünlük təşkil edir. Ərzaq məhsulları ilə yanaşı qeyri-ərzaq mallarına da tələb artır. O cümlədən tütün, tikinti materialları, mühərrik yağı, kosmetika vasitələrinə tələb var.

Bu faktın özü Azərbaycanın qeyri-neft mallarına xaricdə marağın yüksəlməsinin göstəricisidir. Qeyri-neft mallarının ənənəvi alıcıları ilə yanaşı getdikdə başqa alıcılar da artır. Əvvəllər qeyri-neft mallarının əsas alıcıları keçmiş sovet respublikaları idi. Amma aparılan təbliğat reklam işləri, xarici sərgilərdə işitrak digər tədbirlər hesabına başqa ölkələr qeyri-neft malları ilə maraqlanır, sifariş verir. Belə ölkələrin sayı 135-i ötüb. Ötən il ərzində internet üzərindən verilən sifarişlərin 12,7 faizi Rusiyanın, 7,4 faizi Türkiyənin payına düşüb. Bu ölkələrlə bərabər ABŞ, İngiltərə, Səudiyyə Ərəbistanı, Hindistan, Avstraliya, Fransa, Birləşmiş Ərəb Əmirliyi böyük miqdarda sifariş verib.

Beləliklə, qeyri-ənənəvi bazarlara çıxış qeyri-neft mallarının ixrac dəyərini artıracaq. Azərbaycan hökumətinin proqnozuna əsasən 2023-cü ildə qeyri-neft mallarının ixrac dəyəri 3,3 milyard dollara yüksələ bilər.

Xaricdə Azərbaycan mallarına artan tələbi ödəmək məqsədilə yerli istehsal artırılmalıdır. Lakin bu zaman kəmiyyət dəyişikliyinə getməklə bərabər, keyfiyyət dəyişikliyinə nail olunmalıdır. Elə istehsal müəssisələri yaradılmalıdır ki, burada istehsal edilən məhsullar xarici tələbatı ödəyə bilsin. Bunun üçün həmin məhsulların qiyməti keyfiyyəti alıcını qane etməlidir.

Qeyri-neft məhsullarının istehsal potensialının artırılması üçün Azərbaycan sənayenin emal sektorunu daha da inkişaf etdirməlidir. Bu məqsədlə yerli şirkətlərin imkanlarından bəhrələnməklə bərabər iri investisiya qabiliyyətinə malik, böyük təcrübəsi olan xarici şirkətlərin imkanlarından faydalanmaq lazımdır.

Son bir neçə ildə Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Yüksək Texnologiyalar Parkı kimi nümunələrin yaradılması xarici investorlarla əməkdaşlıq üçün gözəl zəmin formalaşdırıb.

Böyük ixrac təcrübəsi olan ölkələrin inkişaf yoluna nəzər yetirdikdə görürük ki, onlar ixracı artırmaq, xarici tələbi ödəmək üçün tanınmış şirkətlərin investisiya imkanlarından istifadə ediblər. Böyük şirkətlərin yaratdığı müəssisələr həm texnoloji cəhətdən, həm məhsulun maya dəyərinin əlverişli olması baxımından daha rəqabətədavamlı olur.

 

Vasif CƏFƏROV

Mövqe.- 2020.- 31 yanvar. S. 5.