Rövşən Rzayev: "Azərbaycan bu gün Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmağa daha yaxındır"

 

Məlum olduğu kimi, Milli Məclisin Azərbaycan-Almaniya Parlamentlərarası Dostluq Qrupunun üzvləri bu günlərdə Almaniyaya səfərdən qayıdıblar. Azərbaycanlı parlamentarilər Almaniyaya səfərləri çərçivəsində Bundestaqda və digər siyasi çevrələrdə bir sıra görüşlər keçiriblər. Görüşlər zamanı isə əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan münaqişəsi olub. MM-in Azərbaycan-Almaniya Parlamentlərarası Dostluq Qrupunun üzvü, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədr müavini Rövşən Rzayevlə söhbətimiz də elə bu məsələlərlə bağlıdır.

- Almaniya Bundestaqının dəvətilə reallaşdırılan bu səfərdə Milli Məclisi yeddi millət vəkili və bir parlament əməkdaşı təmsil edirdi. Almaniya Bundestaqının üzvləri ilə Azərbaycan parlamenti deputatlarının Parlamentlərarası Dostluq Qrupu çərçivəsində və daha geniş çərçivədə əməkdaşlığı çox vacibdir. Xüsusilə də indiki müasir dövrdə və situasiyada. Bildiyiniz kimi, iyirmi ildən artıqdır Azərbaycanın böyük bir problemi - Qarabağ problemi mövcuddur. Bu problemin həlli yönündə də Milli Məclisin digər ölkələrin parlamentləri ilə dostluq qrupları, o cümlədən Azərbaycan-Almaniya Parlamentlərarası Dostluq Qrupu çox intensiv şəkildə fəaliyyət göstərməli, parlamentarilər bu prosesə öz töhfəsini verməyə çalışmalıdırlar.

Almaniya parlament respublikası olduğu üçün biz bu və digər məsələlərlə bağlı fikirlərimizi yalnız qarşılıqlı səfərlər, görüşlər vasitəsilə bildiririk. Bu səfər zamanı da məhz belə oldu. Biz bu səfər çərçivəsində almaniyalı həmkarlarımızla görüşümüzdə, eləcə də orada keçirilən digər görüşlərdə bir daha Qarabağ məsələsini dilə gətirdik, bu məsələdə Azərbaycan dövlətinin və dövlət başçısının birmənalı, qətiyyətli mövqeyini ortaya qoyduq. Bir məqamı da qeyd etmək istəyirəm ki, təcavüzkar dövlətin parlamentinin nümayəndələri də Almaniyada olur və belə demək mümkünsə, onları - alman ictimaiyyətini səhv yöndə məlumatlandırırlar. Biz də, təbii ki, bu cür səfərlərdən, görüşlərdən istifadə edərək, yararlanaraq erməni yalanlarını, eləcə də Azərbaycan həqiqətlərini almanların, almaniyalı həmkarlarımızın diqqətinə çatdırmağa çalışırıq. Bu isə heç şübhəsiz ki, öz müsbət nəticəsini verməyə bilməz. Bir sözlə hesab edirəm ki, Avropanın bu nüfuzlu ölkəsinə səfər və səfər çərçivəsində reallaşdırılan görüşlər çox əhəmiyyətli, faydalı oldu.

- Rövşən müəllim, istər Bundestaqda, istərsə də digər çevrələrdə keçirdiyiniz görüşlərdə Qarabağ məsələsinə, Azərbaycan həqiqətlərinə yanaşma, münasibət necə idi? Belə demək mümkünsə, Almaniyada Azərbaycana isti münasibət formalaşıbmı? Yoxsa, orada da bəzi Avropa ölkələrində olduğu kimi, xristian təəssübkeşliyi, erməni təəssübkeşliyi qalmaqdadır?

- Mən bu istiqamətdə fikrimi söyləmək istəməzdim, ancaq bir məsələni qeyd etmək istəyirəm ki, beynəlxalq hüquq çərçivəsində, beynəlxalq hüquqdan irəli gələn məqamlarda artıq Avropada, o cümlədən Almaniyada ölkəmizə qarşı bir istiləşmə hiss olunmaqdadır. Hiss edirəm ki, istər Avropanın digər ölkələrində, istərsə Almaniyada ədalət haqqında düşünən insanlar, ədaləti axtaranlar və bu baxımdan Qarabağ məsələsinin də ədalətli həllində, ədalətli qərarın qəbulunda maraqlı olanlar var. Qeyd edim ki, bu istiqamətdə də bir sıra ölkələrdə olduğu kimi, o cümlədən Almaniyada çox mühüm işlər görülür. Bu işdə də mən böyük məmnuniyyətlə Azərbaycanın Almaniyadakı səfirinin və diplomatik korpusumuzun digər əməkdaşlarının fəaliyyətini qeyd etmək istərdim.

- Qarabağ münaqişəsi başlayandan bu yana Azərbaycan ictimaiyyətində bir qrup insanlar konfliktin hərbi, bir qrup insanlar hərbi-siyasi, digər bir qrup insanlar isə yalnız siyasi yolla həllini məqbul saydıqlarını bildirirlər. Siz bir millət vəkili olaraq bu variantlardan hansını düzgün və məqbul hesab edirsiniz?

- Əvvəla, mən ümummilli lider Heydər Əliyevin siyasətinə inanıram və onu ürəkdən dəstəkləyirəm. Heydər Əliyev mənim siyasi liderimdir. Və onun siyasəti bu gün də uğurla davam etdirilir. Eyni zamanda ümummilli liderin siyasətinin ən layiqli davamçısı, təbii ki, ölkə prezidenti cənab İlham Əliyevdir. Mən inanıram ki, bu siyasətin davamçısı İlham Əliyevdirsə, o zaman bu siyasət Azərbaycanı axırda öz ərazi bütövlüyünü bərpa, təmin etməyə gətirib çıxaracaq. Bu fikirləri bir daha bu siyasətə və onun davamçısına inandığım üçün dilə gətirirəm. Birmənalı olaraq onu da bildirirəm ki, Azərbaycan bu gün Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmağa daha yaxındır. Bu gün bütün arqumentlər və proseslər Azərbaycanın lehinədir, xeyrinə işləyir. Bu gün əksər dövlətlər bu məsələdə Azərbaycanın mövqeyini daha üstün, daha ədalətli hesab edirlər, eyni zamanda sevindirici məqam odur ki, həmin dövlətlər, onların rəhbərləri Azərbaycanın indiki dövlət başçısının nüfuzunu, çəkisini, üstünlüyünü birmənalı olaraq qəbul edirlər. Ona görə inanıram ki, son söz və ədalətli qərar Azərbaycanın xeyrinə olacaq. Bundan başqa, 2008-ci ilin avqustunda bölgədə yaşanan proseslər bir daha ona göstərdi ki, biz Qarabağ məsələsində daha düzgün yoldayıq. Bu gün də təcavüzkar Ermənistan dövləti öz hiyləgər siyasətini həyata keçirməkdədir və onun bir çox maraqlı dövlətlərlə əlaqəsi həmin ölkələrdəki lobbilərinin, diasporlarının hesabına güclüdür. Yəni onlar həmin lobbilərin, diasporların vasitəsilə müəyyən proseslərə təsir göstərə bilirlər.

Bu gün Azərbaycan hərbi cəhətdən güclü, qüdrətli bir ölkəyə çevrilib. Amma biz məsələlərə real yanaşmalı olsaq, o zaman görərik ki, müharibə variantı, hərbi yol bu gün ümumiyyətlə, bizə heç bir xeyir gətirməz. Bir halda ki, bu problemi beynəlxalq hüquq çərçivəsində həll edə bilərik və bu gün də buna çox yaxınıq, o zaman biz hələlik başqa yol seçməməliyik.

- 2008-ci ilin sonlarından etibarən istər ATƏT-in Minsk qrupunun həmsədrləri, istər Rusiyanın xarici işlər naziri, istər Fransanın dövlət başçısı, istərsə ATƏT Parlament Assambleyası sədrinin səlahiyyətli nümayəndəsi Qoran Lenmarker tərəfindən belə optimist ruhlu bəyanatlar səsləndirilir ki, 2009-cu il Qarabağ münaqişəsinin həllində həlledici dönüş ili olacaq. Sizcə, bunlar nə qədər həqiqətə uyğundur? Eyni zamanda, bu bəyanatlarda bir təzyiq tonu hiss olunmur ki?

- Qarabağ məsələsində Azərbaycan dövlətinin və dövlət başçısının mövqeyi hamıya bəllidir. Azərbaycan heç zaman bir qarış torpağını ermənilərə, ümumiyyətlə, heç kimsəyə bağışlamayacaq. Eyni zamanda, Azərbaycan dövləti heç zaman ölkəmizin maraqlarına uyğun olmayan hər hansı bir sazişə imza atmayacaq. Buna birmənalı əmin olmaq lazımdır. Bununla yanaşı, əgər istər ATƏT-in Minsk qrupu həmsədrləri, istərsə də digər dövlətlərin və təşkilatların rəsmləri tərəfindən bu cür optimist fikirlər səsləndirilirsə, deməli, bu fikirlər də əsassız sayıla bilməz...

- Yəni siz inanırsınız ki, 2009-cu ildə və yaxud yaxın illərdə münaqişənin ədalətli həlli mümkündür və gözləniləndir...

- Şəxsən mənə qalsa, çox istərdim ki, münaqişə yaxın bir həftə ərzində öz həllini tapsın. Amma hər bir məsələyə real baxmaq lazımdır. Yəni bu problem konkret nə vaxt həll olunacaq, bunun üçün bir az da səbr etmək lazımdır.

  

    

A.Mənsumə

 

Mövqe.- 2009.- 21-22 aprel.- S. 4.