"Kinoya yaradıcılıq tərəfdən baxmaq düzgün deyil"

 

Rejissorluq onun uşaqlıq arzusu olub. Bu arzusuna çatmaq üçün uzun illər yol gəlib. Üç il Mədəniyyət və İncəsənət Universitetində təhsil aldıqdan sonra Türkiyəyə yollanıb. Orada turizm sahəsi üzrə ixtisaslaşaraq elə bu sahə üzrə də çalışıb. 10 ildən sonra isə yenidən vətənə dönüb. Hazırda Samir Kərimoğlu "Azərbaycanfilm"in gənc rejissoru kimi artıq iki film ekranlaşdırıb.

   - Bildiyimə görə, siz rejissorluq üzrə təhsil almamısınız. Rejissor olmaya-olmaya film çəkməyin hansı çətinliklərini hiss edirsiniz?

   - Mən rejissorluq haqda çoxlu mütaliə edirəm. Hal-hazırda Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Beynəlxalq Kino Məktəbində bu ixtisas üzrə təhsil alıram. 10 il müddətində praktiki olaraq rejissorluqla məşğul olmuşam. Hər kəsin bir uşaqlıq arzusu olduğu kimi, kino çəkmək də mənim uşaqlıq arzum olub. Allah bunu mənə qismət elədi. 10 il Türkiyədə yaşadıqdan sonra Azərbaycana qayıdaraq bu arzuma çatdım. Mən Türkiyədə turizm sahəsi üzrə məşğul olurdum. Düzdür, tamamilə fərqli sahələr olsa da, ora da mənə müəyyən təcrübə verdi. İnsanlarla ünsiyyətdə olmaq, onların psixologiyasına yaxından bələdçilik bu gün rejissor kimi işimdə köməyimə çatır. Həm də filmlərimdə montajı özüm edirəm. Mən professional dərəcədə montajla da məşğul olmuşam. Montaj prosesi filmin əsas mərhələlərindən biridir.

   - Bəs rejissor kimi çalışmaq arzunuzu niyə Türkiyədə reallaşdırmaq istəmədiniz? Orada bu arzuya çatmaq çətin idimi?

   - Əslində, mən Türkiyədə olanda Azərbaycana qayıdıb rejissor kimi çalışacağımı bilmirdim. Vətənpərvərlik hisslərim mənə orada qalmağa imkan vermədi. Əlbəttə, işə başlamamışdan fikirləşəndə çətin olur. Proses başlayandan sonra hər şey öz axarına düşür. Bir də görürsən ki, filmi çəkib başa çatdırmısan.

   - Ekranlaşdırmağa başladığınız "Niyyət" filminin istehsalını nə vaxt başa çatdıracaqsınız?

   - Bu film Yavər Rzayevin "Həcc" ssenarisi əsasında çəkilir. Filmin adı "Niyyət" olacaq. Filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında çəkirik. Mövzusu Həcc ziyarətinə gedən zəvvarlarla bağlıdır. Çəkilişin bir hissəsi aparılıb. Yanvar ayından etibarən çəkilişləri davam etdirəcəyik. Filmin çəkilişlərini Məkkədə başa çatdıracağıq.

   - Debütünüz olan "Sirat körpüsü"ndən sonra hesab elədiniz ki, artıq rejissorsunuz?

   - "Sirat körpüsü" filmi "Butafilm"in texniki dəstəyi ilə çəkildi. Film uğurlu alındı. Çoxları bu nəticəni gözləmirdi. Heç kəs inanmırdı ki, bu cür azbüdcəli bir filmi yaxşı nəticə ilə ortaya çıxarmaq olar. Sözsüz ki, çatışmayan cəhətlər də var idi. Bunlar isə əsasən texniki imkanlarla bağlı idi. Filmdə cəmi 3 peşəkar aktyor oynayırdı, qalanları isə qeyri-peşəkarlar idi. Bu, maliyyə çətinliyi ilə bağlı idi. Əlbəttə, əgər filmi yenidən çəksəydim, təbii ki, başqa cür alınardı. Bu filmlə qazandığım təcrübənin köməyi ilə "Bu meydan, bu ekran" layihəsində uğur qazandım. Orxan Fikrətoğlunun "Qanadlarıma sığal çək" ssenarisini oxuyandan sonra Orxan müəllimdən dəyişiklik aparmaq haqqında razılıq aldım. Ssenari müsabiqədə qalib gəldi. Beş film çəkildi və mənim filmim də qaliblər siyahısında oldu. Filmi Cavid İmamverdiyevin prodüseri olduğu "Ratio TV" prodüser mərkəzində istehsal etdik.

   - Artıq bir neçə film çəkmisiniz. Peşəkar rejissorların hansısa iradları ilə qarşılaşmısınızmı?

   - Peşəkarların fikirləri mənə qarşı müsbət olub. Rüstəm İbrahimbəyov və Yavər Rzayev "Qanadlarıma sığal çək" filmimə baxandan sonra mənimlə işləməyə razı olublar. Bu gün bununla fəxr duyuram.

   - Sizcə, bu gün köhnə nəsil rejissorlarla gənclər arasında hansı fikir toqquşması var?

   - Hər kəsin öz filmi və zövqü var. Bu, fərdi bir sənətdir, daha çox rəssam işinə bənzəyir. Bəzən bir mövzu olsa belə, hərəsi onu bir cür çəkir. Ayrı-ayrı düşüncə tərzi olsa da, əslində anlaşırıq.

   - Siz kinoda öz düşüncə tərzinizi, stilinizi necə xarakterizə edərdiniz?

   - Bu, mövzudan asılıdır. Məsələn, beş ayrı-ayrı mövzu ola bilər və onların hər birinə ayrı-ayrılıqda fərdi olaraq yanaşılmalıdır.

   - Hansısa tanınmış rejissorlardan biri: "Mən dünya rejissorlarının hər birindən nəsə oğurlayıram" - deyə etiraf edib. Bu fikrə münasibətiniz necədir?

   - Klassika deyilən bir şey var. Hamımızın tanıdığımız Tarantino xoşu gələn şeyi götürür və öz işində dəyişdirib istifadə edir. Bu, oğurlamaq deyil. Baxırsan ki, bu filmlər bir-birinə oxşayır, amma tamam başqa şeydir. İdeya kimi oğurlayanda isə bu artıq plagiatlıqdır.

   - Həm montajçı, həm də rejissor kimi çalışdığınızı dediniz. Bəs öz ssenariniz əsasında film çəkmək fikriniz yoxdurmu?

   - "Sirat körpüsü"nü öz ssenarim əsasında çəkmişəm. Hal-hazırda "Dirijor" adlı ssenarim və Elxan Zeynallının "A" əsəri üzərində işləyirəm. "A" əsəri 2008-ci ilin ən çox satılan əsəri olub. Bu ssenarilərin hansı qəbul olunarsa, onu ekranlaşdıracağam. Onu da deyim ki, bizdə yaxşı şeyi qəbul etdirmək asandır. Çünki bu, bir nəfərin süzgəcindən keçmir.

   - Filmlərinizin gələcək taleyi haqqında nə fikirləşirsiniz? Məsələn, hansısa festivalda iştirak etmək problemini necə həll edirsiniz?

   - Hal-hazırda bu işlə nazirlik səviyyəsində çox ciddi məşğul olurlar. Qısametrajlı filmləri bir neçə müsabiqəyə göndərdilər. Mənim də filmim onların arasında idi. Bəlkə qalib olanlar da oldu. Doğrusu, başım film çəkilişinə qarışdığından nəticə ilə maraqlana bilməmişəm.

   - Tanınmış rejissorlardan biri mənə müsahibəsində: "Aktyorlar yaxşı mənada mənim üçün alətdir" demişdi. İş prosesində aktyorlar sizin üçün kimdir?

   - Kino çəkilişində yaradıcı heyətin hər birinin öz yeri və missiyası var. Aktyor alət ola bilməz. Onun öz şəxsiyyəti və öz yaradıcılığı var. Alət bir qədər kobud səslənir. Aktyor kimin üçünsə plastilin ola bilər. Ola bilər ki, onu istədiyin formaya sala bilirsən.

   - Hər hansı prodüser mərkəzində işləyərkən prodüserlə dil tapmağınız çətin olmur ki?

   - Prodüser kinonun biznes müəllifidir. O, tamaşaçıya nə lazım olduğunu gözəl bilir. Prokatı, festivalları - bir sözlə, filmin gələcək taleyini o müəyyən edir. Xaricdə prodüser bir nömrəli adamdır. Bizdə isə bu peşə hələ tam mənada işlənmir.

   - Gənc rejissor kimi milli kinomuzun bugünkü aləminə baxışın maraqlıdır.

   - Mən bir az optimist adamam. Bu templə davam eləsə, inanıram ki, uğurlar olacaq.

   - Hansı bir hadisəni kinoya gətirmək istərdiniz?

   - İstərdim ki, kinoya bir industriya kimi baxılsın. Bu da kinoya biznes kimi baxmağımızdan asılıdır. Yüz filmdən beşi müəllif filmi olarsa, doxsan beşi pul qazanmaq məqsədi ilə çəkilməlidir. Kinoya yaradıcılıq tərəfdən baxmaq düzgün deyil. Əvvəllər hamı kinoya yaradıcı nəzərdən baxır və pul qazanmaq istəmirdi. Kinoya "yaxşı" və "pis" adını qoyub arxivə atırdılar. Ancaq yaxşı və pis çəkilməsindən asılı olmayaraq, filmi satmaq haqqında düşünmək lazımdır. Bu gün heç kəs inanmır ki, kinoya pul qoysa, qazana bilər.

   - Bəlkə həm də yaxşı film çəkmək lazımdır?

   - Bunun üçün vəsait qoyulmalı, riskə getməlidirlər. Rejissorlar yetişdirilməli, prodüser olmalıdır. Yaxşı kinonu çəkəndən sonra bilmək olur. Azərbaycan kinosunu bütün dünyada tanıtmaq üçün çalışmaq lazımdır, necə ki, gürcü kinosunu tanıyırlar. Bir filmlə də dünyada brend olmaq olar. Təki yaxşı film olsun! Bizim kinomuzun inkişaf mərhələləri olub. 80-ci illərdə "Yarasa", "Sarı gəlin", "Hər şey yaxşılığa doğru" və "Özgə həyat" filmləri çəkilmişdi. Bu filmlər festivallarda böyük uğurlar qazandılar. Onların hər biri öz sözünü deməyi bacardı. Bundan sonra kinomuzda bir az durğunluq yarandı. İndi yenə canlanma başlayıb. Həmin nəsil rejissorlar yenə də çəkir və yeni gənclər gəlir. Əgər məqsəd varsa, getdiyin yol bəllidir. Əsas məqsəd Avropaya çıxmaqdır. Bütün gənc rejissorlar Azərbaycan kinosunu beynəlxalq aləmdə tanıtmaq haqqında düşünməlidirlər.

 

 

Təranə

 

Mövqe.- 2009.- 14-16 fevral.- S. 13.