Azərbaycan üçün
çox önəmli tarixi şans yaranıb
Öz mövqelərini xeyli gücləndirən, fəal
geosiyasi oyunçuya çevrilən Azərbaycan diktə edən ölkəyə
çevrilir
Azərbaycanın
bölgə siyasətində ardıcıl mövqe tutması öz bəhrəsini
verməkdədir. Geosiyasi gedişlərin intensivləşməsi ölkəmizin
mövqeyinə müsbət təsir göstərir. Son proseslər də
bu istiqamətdə səylərin sürətləndiyini əks
etdirməkdədir. Bu mövzuda daha əhəmiyyətli görünən
məqamlar var ki, onlar hadisələrin gələcək
gedişatına ciddi təsir edə bilərlər.
Türkiyə,
Rusiya, İsrail, Polşa dövlət və hökumət başçılarının Azərbaycana
səfərləri, Minsk Qrupu üzvlərinin və beynəlxalq təşkilat
rəhbərlərinin ölkəmizə səfərlərinin
istensiv xarakter alması ölkəmizin beynəlxalq nüfuzunun artmasını
göstərən hadisələrdir. Azərbaycanın xarici siyasətinin
uğuru dövlətin imici və gələcəyini təmin etməkdədir.
Dağlıq Qarabağla bağlı yeridilən siyasətin ardıcıllığı bunun əlamətlərindən
biridir. İlk baxışdan sadə görünən bu məsələ əslində
dövlət siyasətinin dərin məntiqindən qaynaqlanır.
Ermənistan xarici siyasətində dəyişiklik
etməyə məcbur olur
Müasir
dünyada geosiyasi situasiya qısa müddətdə kəskin dəyişir. Xarici
siyasəti kənar diktələr üzərində qurulan ölkələr
bu dəyişikliklərə uyğun olaraq siyasətində ziddiyyətli
məqamlara düşürlər. Məsələn, konkret olaraq Ermənistanın
yeritdiyi işğal siyasəti ziddiyyətlərlə doludur. Keçən
əsrin 90-cı illərində Ermənistan kəskin olaraq Azərbaycan
ərazilərində müstəqil erməni dövləti qurmaq üzərində
dayanmaqla yanaşı Azərbaycanı Gəncəyə qədər
torpaqlarını zəbt etməklə hədələyirdi. Reallıqda
hər kəs bilirdi ki, əslində bu sözü Ermənistan yox,
Rusiya deyir. Rəsmi İrəvan faktiki olaraq Rusiya siyasi dairələrinin
iradəsini sözlə ifadə edirdi. Bu mövqe Robert Köçəryan adlı
terrorçunun hakimiyyətə gəlişi ilə daha da möhkəmləndi.
Ermənistan nəinki işğal faktını etiraf edirdi, hətta özlərini
Qafqazın hakimi-mütləqi kimi hiss edirdilər. Buna rəğmən Azərbaycanın
mövqeyi ərazi bütövlüyü və ermənilərə muxtariyyətin
verilməsinə razı olmaqdan ibarət idi. Azərbaycan Ermənistanın
nə deməsindən və hansı tələbləri irəli
sürməsindən asılı olmayaraq özünün təməl prinsiplərindən
bir an da olsun dönmədi. Bu qətiyyətlilik bütün siyasi güclərin
planlarını boşa çıxardı. Nəticədə Ermənistan xarici siyasətində
dəyişikliklər etdi. Vardan Oskanyan Azərbaycanı dövlət
terrorunda ittiham etdi. Bu artıq cəmi 3 il əvvələ təsadüf
edirdi.
Azərbaycan
buna rəğmən öncəki şərtlərini təkrarladı. İndi isə
həmin Vardan Oskanyan Azərbaycanın ərazi bütövlüyünü tanımaq şərtinin
vazkeçilməzliyini vurğulayır. Üstəlik, Serj Sarkisyan da bu məqamı
ayrıca qeyd edir. Sadə ermənilər bundan psixoloji şoka düşüblər.
Ermənistan xarici siyasəti isə dönüklük və ziddiyyətləri
bir-birinə calamaq mərhələsini yaşayır. İndiyə qədər
"antidemokratik", "terrorçu", qeyri-mədəni"
adlandırdıqları və ərazi bütövlüyünü tanımaqdan imtina etdikləri
Azərbaycan haqqında fərqli fikirlər söyləyirlər. Rəsmi
Bakı isə öz xarici siyasət prinsiplərini zərrə qədər
də dəyişmədən işinə davam edir.
Göründüyü
kimi, dövlətin simasını siyasətdəki ardıcıllıq böyük ölçüdə
müəyyən edir. İndi dünyada bir şeyi dəqiq anladılar ki, Azərbaycan
haqlı, Ermənistan haqsızdır. Paralel olaraq erməni işğalını dəstəkləyənlər
də haqsızdırlar. Azərbaycan öz xarici siyasətində qətiyyətli
və ardıcıl mövqeyi ilə maneələri bir-bir aşır. Xarici siyasət
yalnız daxili siyasət düzgün olanda dəyişməz qalır. Beləliklə,
Güney Qafqazda geosiyasi proseslərin intensivləşməsi Azərbaycanın
dövlət olaraq özünü daha aydın şəkildə təsdiqləməsini
göstərir. Dövlətçilik kursunun düzgün müəyyənləşməsi
və xarici siyasətin effektiv olaraq aparılması öz bəhrələrini
verməkdədir.
Azərbaycanın mövqeyi qətiyyətli,
siyasəti dönməzdir
Ermənistanın
daxili siyasi iqtisadi və sosial durumu getdikcə gərginləşir.
Bunun fonunda rəsmi İrəvan da müəyyən təbliğati gedişlər
edir. Ermənilər Qarabağ məsələsi üzərində
daha çox spekulyasiyalar etməkdədirlər. Onlar yenə də
Qarabağdakı separatçı reyimin müstəqilliyindən dəm vururlar. Rəsmi
Bakının buna cavabı isə qətidir. Prezident İlham Əliyev bütün
çıxışlarında açıq şəkildə Azərbaycanın öz torpaqlarını istənilən
yolla azad etməyə hazır olduğunu ifadə edir. Dağlıq Qarabağın Azərbaycanın
tərkibində qalmasından başqa variantın müzakirə edilə bilməyəcəyini
önə çəkən dövlət başçısı bir daha Ermənistan rəhbərliyini
düşünməyə dəvət etdi. Bununla da son vaxtlar danışıqlar ətrafında
müəyyən diplomatik spekulyasiyalar edən erməni rəsmilərinə
növbəti dəfə xəbərdarlıq edildi. Bu xəbərdarlığın
da iki tərəfi var. Birinci tərəf odur ki, Azərbaycan
dövlət olaraq bölgədə getdikcə daha möhkəm mövqeyə
malik olur. Onun beynəlxalq nüfuzu möhkəmlənir. Dünya başa düşür
ki, Azərbaycan dövlət olaraq daha sivil və demokratik yol tutub.
Ölkənin iqtisadi qüdrətinin artması ilə yanaşı olaraq geosiyasi əhəmiyyəti
də yüksəlir. Xüsusilə Orta Şərqdə baş verənlər
Azərbaycanın vacibliyini önə çəkir. Orta Asiyaya gedən yol
da Azərbaycandan keçir. Bunlar, təbii ki, ölkəmizin geosiyasi çəkisini
artırır və həm də Qarabağ məsələsində onun
sözünün yükü artır.
Xəbərdarlığın
ikinci tərəfi Qərbin mövqeyinə aydınlıq gətirməsi
vaxtının çatmasını ifadə edir. Məsələ ondan ibarətdir
ki, Azərbaycana müharibə etməyi məsləhət bilməyənlər
ermənilərin təcavüzkarlığının da qarşısını almırlar. Onlar Azərbaycanı
savaşdan çəkindirməklə yanaşı Ermənistanın ağlını başına
toplamasını da tələb etməlidirlər. Bu olmadıqda isə Azərbaycan
müharibə variantına əl atmaq hüququna malikdir. Bir çox ekspertlər
hesab edirlər ki, Azərbaycanı müharibədən çəkindirənlər
onun başlayacağı təqdirdə ölkəmizi müdafiə edəcəklər.
Çünki Qərb bölgəyə külli miqdarda sərmayə qoyub və
həm də Azərbaycanın haqlı olduğunu bilir. Rusiya, İsrail və
digər dövlət başçılarının Bakıda verdikləri bəyanatlarında
bu aydın göründü. Odur ki, siyasi bəyanatlardan konkret hərəkətə
keçmək zamanı yetişə bilər. Bu baxımdan Azərbaycan rəhbərliyinin
hərbi əməliyyatlar haqqında fikirləri real faktlara söykənir.Azərbaycanın
xarici siyasətdə nümayiş etdirdiyi qətiyyətin təməlində
daxili sosial-iqtisadi sabitliyin mövcudluğu əsas rol oynayır. Ölkənin
bütün sahələrinin inkişafı cəmiyyəti motivasiya edir və
ölkə rəhbərliyinin aktiv surətdə xarici siyasət
yeritməsinə şərait yaradır. Azərbaycan prezidentinin çox fəal
xarici siyasəti buna əsaslanır. Postsovet məkanında xarici siyasətdə
onun qədər fəal olanı yoxdur. Azərbaycan prezidentinin bu fəal
xarici siyasəti ölkənin sosial-iqtisadi inkişafının yüksək tempi
ilə müşayiət olunub və bu temp Azərbaycanı dünyada liderə
çevirib. Deməli, konkret olaraq xarici siyasətin təməlində
daxili siyasətin uğuru durur. Azərbaycan dövlət quruculuğunda
yeni şəraitə qədəm qoydu. Bunun bəhrələri isə
aydınlığı ilə görünməkdədir.
İ. Ələsgərov
Mövqe.- 2009.- 7-8 iyul.- S. 9.