Azərbaycanın iqtisadi
inkişafı həyatımızın bütün sahələrini əhatə edir
Prezident İlham Əliyev "Dövlət və bələdiyyə əmlakının
və vəsaitlərinin
idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi
haqqında" fərman imzalayıb. Fərmanda qeyd olunur ki,
son illər ölkədə
aparılan ardıcıl islahatlar nəticəsində
iqtisadi inkişaf həyatımızın bütün sahələrini əhatə
etmiş, iqtisadi potensial güclənmiş, dövlət büdcəsi artmış, sosial sahənin və infrastrukturun inkişaf etdirilməsi istiqamətlərində
büdcə vəsaitləri
hesabına müəyyənləşdirilən
dövlət proqramlarının və onlara sərf olunan vəsaitin həcmi əhəmiyyətli dərəcədə
artıb. Ölkənin iqtisadi cəhətdən
qüdrətlənməsi artan
maliyyə vəsaitlərinin
səmərəli xərclənməsinə
ciddi nəzarətin həyata keçirilməsini zəruri edir. Eyni zamanda fərmanda
qeyd olunur ki, vətəndaşlardan daxil olan müraciətlərin
ümumiləşdirilməsi göstərir
ki, bəzi hallarda dövlət və bələdiyyə vəsaitləri, o cümlədən
dövlət büdcəsi hesabına maliyyələşdirilməsi
nəzərdə tutulan
dövlət proqramları çərçivəsində ayrılan
vəsaitlər təyinatı
üzrə xərclənmir,
dövlət və bələdiyyə əmlakının
və maliyyə vəsaitlərinin idarə
olunmasında nöqsanlar nəzərə çarpır, vəsaitlərin istifadə
olunmasına, tənzimləyici
və nəzarət funksiyalarının yerinə yetirilməsinə cavabdeh olan vəzifəli şəxslərin fəaliyyətində
korrupsiya halları müşahidə olunur.
Ötən dövr
ərzində ölkəmizdə
korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi
məqsədilə qəbul
edilən dövlət proqramlarına müvafiq olaraq kompleks tədbirlər həyata keçirilib, normativ-hüquqi baza təkmilləşdirilib, vəzifəli şəxslər
tərəfindən qulluq
mövqeyindən sui-istifadə
etməklə törədilən
hüquqpozmaların qarşısının alınması məqsədilə
dövlət nəzarət
mexanizmləri inkişaf etdirilib, korrupsiya cinayətlərinə qarşı
cinayət təqibinin
səmərəliliyini artırmaq
üçün bu sahədə
ixtisaslaşmış qurum yaradılıb. Lakin görülən tədbirlərlə
kifayətlənməyərək ümumbəşəri sosial bəla olan korrupsiyanın tam aradan qaldırılması üçün daha sərt və qətiyyətli addımların atılması tələb olunur. Dövlət başçısı İlham Əliyev
bu məqsədlə Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları qarşısında bir sıra tapşırıqlar
qoyub. Bu tapşırıqlara əsasən, dövlətin büdcə və digər maliyyə vəsaitlərinin,
həmçinin bələdiyyələrin
vəsaitlərinin istifadə
olunması, dövlət və bələdiyyə əmlakına sahiblik, istifadə və nəzarətinin səmərəliliyinin
artırılması və bu sahədə korrupsiya ilə əlaqədar hüquqpozmalara
qarşı mübarizənin gücləndirilməsi istiqamətində
zəruri tədbirlərin
görülməsi təmin edilməlidir.
Prezident İlham Əliyev fərmana uyğun olaraq aidiyyatı qurumlar, nazirliklər, komitələr, hüquq-mühafizə
orqanları qarşısında tapşırıqlar qoymaqla bərabər tövsiyələr
də verib. Nazirlər Kabineti
və müvafiq mərkəzi icra hakimiyyəti orqanları normativ hüquqi aktların bu fərmana
uyğunlaşdırılmasını təmin
etməli və bu barədə prezidentə məlumat verməlidirlər. Eyni
zamanda sənəddə
qeyd olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində
dövlət büdcəsinin
formalaşdırılmasına və
dövlət büdcəsindən
ayrılan vəsaitlərin
təyinatı üzrə istifadə olunmasına, dövlət əmlakının və vəsaitlərinin idarə olunmasına dövlət nəzarətinin
gücləndirilməsi və
nəzarət mexanizmlərinin
təkmilləşdirilməsi, bu sahələrdə şəffaflığın artırılması məqsədilə qanunvericilik
aktlarına müvafiq əlavə və dəyişikliklərin edilməsi
barədə təkliflərini,
habelə qüvvədə
olan qanunvericilik aktlarının bu fərmana
uyğunlaşdırılması barədə
təkliflərini Prezidentə
təqdim etməlidirlər.
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılması təmin edilməli və bu barədə dövlət başçısına məlumat verilməlidir. Öz səlahiyyətləri
daxilində fərmandan
irəli gələn digər məsələlər
həll edilməlidir.
Prezident Administrasiyası bir ay müddətində korrupsiyaya
qarşı mübarizə ilə əlaqədar normativ hüquqi aktların ekspertizasının aparılması qaydası haqqında müvafiq layihəni təqdim etməlidir.
A.
Mənsumə
Mövqe.- 2009.- 7-8 iyul.- S. 4.