Elsevər Ağayev:
"Respublikamız səhiyyəyə
ayrılan vəsaitin artım tempinə görə dünyanın əksər ölkələrindən
yüksəkdə durur"
Son
illər səhiyyə sahəsində ciddi uğurlar qazanılmaqdadır.
Bu sahənin dünya standartlarına cavab verməsi üçün sistemli iş
aparılmaqdadır. Səhiyyə nazirinin müavini Elsevər Ağayevin sözlərinə
görə, əsas məqsəd insanların sağlamlığını yüksək səviyyədə
qorumaqdır.
-
Hazırda Azərbaycan səhiyyəsi yeni inkişaf mərhələsinə
qədəm qoyub. Prezident İlham Əliyevin səhiyyəyə
göstərdiyi xüsusi diqqət bu sahədə xeyli irəliləyişlərə
səbəb olub. Onun müəyyən etdiyi proqramlar tibb müəssisələrinin
təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin
olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və
preparatlarla təzhiz olunmasını, müalicəsini, regionlarda diaqnostika
mərkəzlərinin tikilərək istifadəyə verilməsini,
xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək
səviyyədə əhatə olunmasını və səhiyyə
sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil
edir.
Həmin
tədbirlər planına əsasən, tibb müəssisələrinin
maddi- texniki bazasının gücləndirilməsi, onların müasir tibb
avadanlığı, dərman, sarğı materialları və ərzaqla təminatının
yaxşılaşdırılması və idarəetmə sisteminin təkmilləşdirilməsi
nəticəsində xəstəxana çarpayılarının işinin səmərəsi
artıb. Əgər 2003-ci ildə hər
çarpayı il ərzində 82 gün işləmişdirsə, 2008-ci ildə
bu rəqəm 172.2 -yə bərabər olub. Bununla bərabər, 2003-cü illə müqayisədə
2008-ci ildə xəstəxanalarda
müalicə olunan xəstələrin sayı 32
faiz, təcili tibbi yardım göstərilən
xəstələrin sayı
29 faiz, ambulator müəssisələrə müraciət
edənlərin sayı 17
faiz artıb. Tibb müəssisələrinin dərman
preparatları ilə təminatı da əhəmiyyətli dərəcədə
yaxşılaşıb. 2007-ci illə
müqayisədə 2009-ci ildə
dərman xərclərinə
ayrılan vəsait 40 faiz artırılıb. Əhaliyə pulsuz verilən 60 adda ən vacib dərman
preparatlarının siyahısına
müasir praktikada işlədilən daha 50 preparat əlavə edilib.
-
Son illər nə qədər səhiyyə obyekti tikilib
istifadəyə verilib?
-
Səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri
və yenidənqurması sahəsində də böyük işlər həyata
keçirilib. Son 5 il ərzində
ölkədə 254 tibb müəssisəsinin tikintisi
və əsaslı təmiri aparılıb. Onlar tam təchiz
edilərək açılıb və əhalinin istifadəsinə verilib. Bu ilin ötən
dövründə isə 34 tibb müəssisəsinin açılışı olub. Bu
müəssisələr şəhərlərlə
yanaşı bölgələri də əhatə edir. Son illərdə Səhiyyə
Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının
12 regional məntəqəsi
yaradılıb və bu, əhaliyə göstərilən tibbi yardımın müddətinin bir neçə dəfə
qısalmasına səbəb
olub. Tibbi yardımın keyfiyyətinin və səmərəliliyinin
artırılması məqsədi
ilə Prezidentin
2007-2009-cu il tarixli Sərəncamları ilə bu xidmətə 21 milyon manat vəsait
ayrılıb. Həmin vəsait hesabına
müasir tibb avadanlıqları ilə təchiz olunmuş 215 ədəd "Mercedes"
markalı avtomaşın alınıb, Bakı, Naxçıvan
və respublikanın digər iri şəhərləri də bu növ avtomaşınlarla
təmin olunub, bu il ayrılmış
3 milyon manat vəsait hesabına alınacaq avtomaşınlar da regionlar
üçün nəzərdə
tutulub. Prezident İlham Əliyevin
30 dekabr 2007-ci il tarixli Sərəncamına əsasən, təcili və təxirəsalınmaz tibbi yardım xidmətində
çalışan işçilərin vəzifə maaşları 2 dəfə artırılıb. Əhalinin səhiyyə xidmətləri ilə təmin olunması üçün rayonlarda həyata keçirilən tədbirlər də mühüm yer
tutur. Naxçıvan, Gəncə, Şirvan, Lənkəran, Qazax, Zaqatala və Qəbələ şəhərlərində
fəaliyyətə başlamış
Regional Müalicə-Diaqnostika Mərkəzlərində
hemodializ mərkəzləri
istifadəyə verilib.
Yaxın vaxtlarda Sumqayıt, Şamaxı, Bərdə, Tovuz, Quba, Cəlilabad şəhərlərində belə
Mərkəzlərin istifadəyə
verilməsi nəzərdə
tutulur.
-
Son illərə kimi respublikamızda əsas problemlərdən
biri böyrək çatışmazlığından əziyyət çəkən insanların
müalicəsi ilə bağlı idi. Bu sahədə hansı
addımlar atılıb?
-
Bu xəstəlikdən əziyyət çəkən insanların əksəriyyəti
son illərə qədər, demək olar ki, ölümə məhkum
xəstələr idi. Artıq bu sahədə də əhəmiyyətli
dərəcədə mühüm
nailiyyətlərə nail
olmuşuq. Hazırda Respublikada 16 dializ mərkəzi fəaliyyət
göstərir. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən
1200-ə yaxın xəstə dövlət hesabına hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur. Həmin problemin ən müasir səviyyədə həlli üçün Prezidentin Ehtiyat Fondundan Respublika Uroloji Xəstəxanasına
15,7 milyon manat vəsait ayrılıb. Xəstəxananın əsaslı
təmiri və lazımi tibbi cihazlarla
təchizatı başa çatdıqdan sonra artıq Azərbaycanda da Böyrəkköçürmə Mərkəzi fəaliyyətə
başlayacaq. Bundan başqa, bu xəstələrin 95 faizə
qədərinin hemodializlə
bağlı bütün xərclərini regionlarda yaradılan 16 ən müasir müalicə-diaqnostika mərkəzləri
ödəyəcək, onların
hər birində hemodializ müalicəsi nəzərdə tutulub, mərkəzlər istifadəyə
verildikdən sonra həmin müəssisələrdə də
xəstələr dövlət
hesabına müalicə olunacaqlar. Hal-hazırda mərkəzlərin
8-i artıq fəaliyyətdədir
və ölkənin o regionlarından insanlar müalicə üçün Bakıya gəlmək
məcburiyyətindən azad
olublar. Bundan başqa, ölkə səhiyyəsinin diqqət
mərkəzində olan
ən geniş yayılmış xəstəliklərdən
biri də şəkərli diabetdir. Hal-hazırda belə
xəstələr lazım
olan dərmanlarla pulsuz təmin olunurlar.
Ağanisə
Mövqe.- 2009.- 7-8 iyul.- S. 4.