"Unudulan" unudulmaz sənətkar
Bizim bir "Ana
Kür"ümüz var... Zaman-zaman məcrasından çıxan, coşub-çağlayanda
yan-yörəsini, ətrafındakı bənd-bərəni, ev-eşikləri,
hətta insanları özü ilə birgə çəkib aparan Kürümüz. Ona çox vaxt "Dəli Kür" də deyirlər. Əgər
bu "Dəli Kür" olmasaydı, onda Gülağa Məmmədov da
olmazdı. Çünki bu filmdəki ifası ilə Gülağa Məmmədovun adı
Azərbaycan musiqi təqviminə əbədi yazıldı. O, ifasıyla
sanki coşub- çağlayan Kürü məcrasına qaytarır, həddini aşmağa
qoymurdu. Həlim səsiylə onu əzizləyir, nazənin
dilbər tək naz-qəmzəsini çəkir, şirin bir bala kimi
oxşayırdı. Elə bil bu səslə Kür səngiyir, rahatlıq
tapırdı... Bəlkə də çayın tez-tez coşub-çağladığı bir zamanda bu
mahnının təkcə bir dəfə səslənməsi kifayət
idi. Özü də Gülağa Məmmədovun ifasında.
Heç şübhəsiz, Azərbaycan
musiqisində mühüm yer tutan görkəmli sənətkarın zəngin
repertuarında bu mahnının ona gətirdiyi məşhurluğu heç nə ilə
müqayisə etmək olmaz. O, bu mahnıya zamanın poza
bilməyəcəyi möhürünü vurub. Həm də təkcə bu
mahnıya yox...
Üzeyir bəyin kəşfi
Gülağa Məmmədovun
istedadını Üzeyir Hacıbəyov üzə çıxarmışdı. Özfəaliyyətdə
çıxış etdiyi zaman günlərin birində müəllimi Üzeyir bəyə
zəng edib deyir ki, "kluba bir oğlan gəlir, çox yaxşı səsi
var. Bəlkə onu yoxlayasınız?" Üzeyir bəy də balaca
Gülağanı yanına çağırtdırır. 12 yaşlı oğlanın oxuduğu "Koroğlu"
ariyası onun çox xoşuna gəlir. Elə həmin il -
1938-ci ildə Moskvada keçirilən beynəlxalq festivalda Azərbaycanı
təmsil edəcək nümayəndələrin Filarmoniyada seçimi
keçirilir. Üzeyir Hacıbəyov, Bülbül, Səid Rüstəmov kimi sənətkarlardan
ibarət münsiflər heyəti festivala Şövkət Ələkbərova,
Fatma Mehrəliyeva və Gülağa Məmmədovu seçir. Beləliklə,
G.Məmmədov Moskva Akademik Böyük Teatrının səhnəsində
Niyazinin dirijorluğu ilə "Koroğlu" ariyasını oxuyur və
Bakıya gümüş medalla qayıdır. Demə, Gülağa artıq çoxdan
Üzeyir bəyin sevgisini qazanıbmış. Üzeyir bəy bu balaca oğlanın ailəsi,
yaşam tərzi haqqında bütün məlumatı da öyrənibmiş. Bakıda kiçik,
zirzəmiyə bənzər bir evdə ailəsi ilə birgə
yaşadığını bildikdən sonra Üzeyir bəy onun qayğısını çəkməyə
başlayır. Moskvadan qalibiyyətlə qayıtdığını eşidəndə isə
Gülağanı anasıyla birgə yanına çağırtdırır və tapşırır ki, ev seçmək
üçün xoşlarına gələn ünvanı göstərsinlər. Mirzəağa Əliyev
küçəsində yerləşən iki otaqlı ev onların xoşuna gəlir.
Beləliklə, Üzeyir bəyin köməyi ilə ailəsinə
iki otaqlı mənzil və Gülağaya 250 rubl təqaüd verilir. Bununla
da Gülağa ailəsinə xeyli yardım etmiş olur. Bəlkə elə
taleyin qəribə və xoş qismətiymiş ki, Gülağa ünvanlar içindən
məhz o ünvanı seçir və orada öz qismətiylə qarşılaşır. Həmin
həyətdə sevəcəyi, həyatını onunla bağlayacağı
Aliyə adlı qəşəng bir qız yaşayırdı. Hələ də gənclik
gözəlliyini itirməyən Aliyə Məmmədova üçün indi həmin
günlər xoş xatirəyə çevrilib:
- Gülağa ilə
uşaqlıqdan bir yerdə böyümüşük. Dostluq edəndə heç ağlımıza da gəlməzdi
ki, münasibətlərimiz nə vaxtsa sevgiyə çevriləcək.
Uşaqlığımız müharibə dövrünə düşdü. Müharibə başlayanda 15
yaşımız vardı. Gülağagil ailədə 7 uşaq idilər. Həyət
uşaqları onu çox istəyirdi. Yadımdadır, güllü-çiçəkli həyətimiz
vardı. Axşamlar iri üzüm talvarının altına yığışardıq. O, bizimçün oxuyardı.
Qonşu həyətlərdə yaşayan adamlar da yığışıb gələrdi.
Müharibə illəri olmasına baxmayaraq, uşaqlığımız yaxşı keçib.
Gülağa 15 yaşında Səid
Rüstəmovun ansamblına daxil oldu. Sonra Konservatoriyada oxudu. O, 20 yaşından Musiqili Komediya Teatrında çalışmağa başladı.
"Arşın mal alan", "Beşmanatlıq gəlin" və digər
tamaşalarda baş rolları oynayırdı. Lakin bir neçə ildən sonra işlərinin
çoxluğu ilə əlaqədar teatrdan ayrıldı. Konservatoriyada oxuduğu
illərdə Gülağa vokal dərsini Bülbüldən, muğamın sirlərini
isə Sarabskidən öyrənmişdi. Oxuduğu mahnıların
çoxu isə Səid Rüstəmova məxsus olurdu. Çünki Səid Rüstəmov
mahnılarının əksəriyyətini xüsusi olaraq Gülağa üçün yazırdı.
Tofiq Quliyevin də, Cahangir Cahangirovun da əsərlərini ilk
səsləndirən məhz Gülağa Məmmədov olub. O, Səid Rüstəmovun ölümündən sonra da son illərə
qədər televiziyanın solisti kimi çalışdı. O vaxt müğənnilər
az idi. Şövkət, Gülağa, Fatma Mehrəliyeva və 3-4 nəfər
başqa yaxşı müğənnilər vardı. Ona görə Gülağa çox tez ad
qazandı. Üzeyir bəy tez-tez onu və Fatmanı evinə çağırardı.
Müharibə vaxtı Şövkətlə cəbhə bölgələrində
konsert verər, atışma gedə-gedə oxuyardılar.
"Dəli
Kür" mahnısı onu çox tez məşhurlaşdırdı. Filmin ilk təqdimatı
bulvardakı yay zalında keçirildi. Mahnı çox gözəl yazılmışdı. Ona görə
də məşhurlaşdı.
Gülağanın həmçinin
yaxşı muğamat oxumağı vardı. Ancaq efirdə oxumurdu. Bu barədə ona
sual verəndə "oxuyacağam" - deyə cavab verirdi.
Tez-tez qastrollara gedirdi. Ümumiyyətlə, çox ölkələrə
səfər etmişdi. Nədənsə Gürcüstan və İrəvanda
daha çox sevilirdi. Hətta İrəvanda konsert verən zaman qalmaqal
da əskik olmurdu. Belə ki, bütün biletlər satıldığından onun səsini
eşitmək istəyən camaat biletsiz içəri daxil olur, ya da
konsert salonunun qabağına toplaşırdı. Milislər onları uzaqlaşdırmağa
çalışanda isə böyük səs-küy qopurdu.
Gülağanın bir xasiyyəti
də varıydı ki, haqsızlığa, ədalətsizliyə dözmürdü. Hansısa
işi irəli getsin deyə, kiməsə yalvarmaq, minnətçi düşmək
istəmirdi. Düzgünlüyü sevirdi. 1942-ci ildən radionun Bədii
Şurasının üzvü idi. Şit, bayağı mahnı olanda öz fikrini qəti şəkildə
bildirirdi: "Efirə buraxmaq olmaz!" Şuranın digər üzvləri
də "baş üstə" deyib onun fikrilə razılaşırdılar. Lakin
bir az keçəndən sonra həmin mahnını eşidirdi. Bu cür hallar
tez-tez təkrarlandığından o, bu vəzifədən imtina etdi.
"Ayrılığın möcüzəsi"
- Valideynlərim onunla ailə qurmağıma
razı deyildilər. Axır ki, Gülağanın dediyi oldu - deyə
Aliyə xanım danışır. - Onun musiqiyə, mənimsə rəssamlığa
həvəsim vardı. Elə bu sənətin dalınca getdim. 1947-ci
ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə
daxil oldum. Gülağa da sənətimi çox sevirdi. 1948-ci ildə evləndik.
Gülağa həm
yaxşı ailə başçısı, həm də gözəl ata idi. Qoymazdı ki, biz
nəyəsə ehtiyac hiss edək. Ailə qurduqdan 10 il sonra
qızımız Gülnarə doğuldu. Övladımız olanda çox sevinirdi. Hələ
uşaq dünyaya gəlməmişdən, qastrolda olduğu şəhərlərdən
uşaq üçün çoxlu "importnı" pal-paltar alıb gətirirdi. Gülağanın
çox yumşaq, həlim, şən xasiyyəti vardı. Evimizə qonaq gələn
kimi o, dərhal piano arxasına keçərdi. Evdə olan zaman daha çox
Səid Rüstəmovun "Bənövşəm" mahnısını, "Sənsiz",
"Sevgili canan" romanslarını zümzümə edərdi. Yeganə
övladı Gülarəyə isə həmişə Tofiq Quliyevin "Mənim
qızım" mahnısını oxuyurdu.
Hansı məclisdə
olurdusa, oranı zarafatları, duzlu-məzəli söhbətləri ilə
daha da şənləndirərdi. Gülağanın olduğu bütün
qonaqlıqlar, məclislər yaddaqalan keçirdi. Onun sözləri,
danışıqları xeyli müddət dillərdən düşməzdi. Xasiyyətindən
irəli gələn bir xüsusiyyət də ondan ibarət idi
ki, Gülağa hamıya yaxşılıq edirdi. Kömək üçün ona müraciət edən
dostlarından, qohumlarından yardımını əsirgəmirdi. Çünki bütün
qapılar üzünə açıq olurdu. Kimdən nə xahiş edirdisə, yerinə
yetirirdilər. Gülağanın konsertlərinin repertuarını mən tərtib
edirdim. Özü də mahnıların siyahısı yaxşı alınırdı. Ancaq onunla qastrol səfərlərinə
getmirdim. Evdə oturub qayıtmağını gözləyirdim. İkilikdə isə
çox ölkələri gəzmişik.
Bir dəfə
xalam qızının dəvəti ilə Almaniyaya getmişdik. Yaqub Zurufçu gəlməyimizi
eşidib yanımıza gəldi. Bir gün də xalam qızının evində qaldı.
Yaqub Gülağadan xahiş etdi ki, Bakıya qayıdanda onun üçün dəvətnamə
göndərsin. Biz onun kasetini gətirdik. O vaxta qədər
Zurufçunu heç kim tanımırdı. O vaxt televiziyada "Ayrılıq" verilişi
gedirdi. Gülağa da kaseti apardı ki, mahnı verilişdə səslənsin.
Mahnı lap yerinə düşdü. Bu mahnıdan sonra çox adamlar bizə zəng
vurub onunla maraqlanırdı. Gülağa Yaquba verdiyi sözü yerinə yetirib ona dəvətnamə
göndərdi. Yaqub Zurufçu ailəsi ilə Bakıya gəlib bir ay
burda qaldı. Bu müddətdə Gülağa ona xeyli köməklik göstərdi,
öz mahnılarını öyrətdi. Şövkət, Gülağa və Yaqub Zurufçu birlikdə
sarayda konsert verdilər. Ona görə də Yaqub Zurufçu hər
yerdə deyir ki, məni Azərbaycana tanıdan Gülağa olub.
Haqsızlıq
- Sənətinə
layiqli qiymət vermədilər. Bu laqeydlik ona çox toxundu- deyə
Aliyə xanım sözünə davam edir. - Ən böyük ədalətsizliklərdən
biri 60 illik yubileyi ərəfəsində oldu. Yubileyinin qeyd
olunması üçün xüsusi komissiya yaradılmışdı. Afişalar asılmış, dəvətnamələr
paylanmışdı. Oktyabrın 24-də Filarmoniyada keçiriləcək yubiley tədbirinə
digər respublikalardan da qonaqlar gələcəkdi. Lakin son
anda Mərkəzi Komitədən xəbər gəldi ki, tədbir
keçirilməsin. O zaman bunun səbəbini Gülağa Məmmədovun
Filarmoniyanın işçisi olmaması ilə əlaqələndirmişdilər.
Sonra qərara gəldilər ki, tədbiri Aktyorlar evində
keçirsinlər. Oranın da pərdələri cırıq, oturacaqları sınıq
idi. Gülağa buna razı olmadı. Dedi, əgər məni Filarmoniyaya
layiq bilmirlərsə, qoy, ümumiyyətlə, tədbir keçirilməsin.
"Məgər mən ölmüşəm? Ölənlri Aktyorlar evindən
götürürlər" - dedi. Bu haqsızlıq ona çox pis təsir elədi.
Dedi ki, mən Filarmoniyada o qədər zəhmət çəkmişəm.
Bircə gün mənə vaxt sərf oluna bilməz? Gülağa da əsəbiləşib
gecə ilə bütün afişaları çıxardı. O biri respublikalara da teleqram
vurdu ki, qonaqlar gəlməsin.
Sağlığında bircə
dəfə də yubileyi keçirilmədi. Öləndən sonra isə
bir dəfə Muğam Teatrında xatirə gecəsini təşkil ediblər.
Gülağanın üç il bundan qabaq keçirilməli olan 80 illik
yubileyi nə Mədəniyyət Nazirliyinin, nə uzun illər
səhnəsində can qoyduğu Filarmoniyanın, nə də aktyor
kimi çalışdığı Musiqili Komediya Teatrının keçmiş rəhbərliyinin
yadına düşmədi. Yaddan çıxarmasaydılar, yubileyini dar çərçivədə
də olsa qeyd edərdilər.
Gördüyü diqqətsizlik
Gülağa üçün ağır zərbə oldu. O, bu haqsızlıqlara dözə bilməyib
şəkər xəstəliyinə tutuldu. Xəstəliyinə
baxmayaraq, son günə qədər yeni mahnılar üzərində
çalışırdı. Rəhmətə gedən günə qədər orkestrlə
mahnı yazdırmağa gedirdi.
Bir gün isə -
iyunun 7-də səhər yeməyini yedikdən sonra halı pisləşdi. Ancaq
təkidimə baxmayaraq, işə getdi. Çünki orkestrin 60 nəfərlik
kollektivi onu gözləyirdi. Yeni mahnıların məşqini etməliydilər.
Həyətə təzə düşmüşdü ki, evə zəng gəldi...
Gülağanı təcili xəstəxanaya aparmışdılar. İnfarkt olmuşdu. 5 dəqiqədən
sonra isə onun dünyadan köçməsi haqqında xəbər yayıldı.
Gülağanın ürəyi haqsızlıqlara, laqeydliklərə tab gətirmədi...
Səssiz ötüşən yubiley
Sağlığında gördüyü
haqsızlıqlar ölümündən sonra da davam edir. Aliyə
xanım bu günə qədər G.Məmmədovun adının əbədiləşdirilməməsindən
şikayətçidir. Deyir ki, yaşadığı binaya adicə bir xatirə lövhəsi
də vurulmayıb. Nə adına bir musiqi məktəbi, nə də
başqa ünvanlar var:
- Mən bununla
bağlı heç kimə müraciət etmirəm. Çünki Gülağa sağlığında belə
şeyləri sevmirdi. O, sağlığında heç kəsin qarşısında əyilməzdi.
Düzdür, qabaqkı yubileylərin birində müraciət etmişdim. Ancaq məhəl
qoymadılar. Ona görə də 80 illik yubileyinin keçirilməsi ilə
bağlı heç kəsə müraciət etmədim. Heç maraqlanan da olmadı.
Elə bir sənətkarı yada salmaq üçün ailəsi müraciət etməməlidir.
Onu səlahiyyətli təşkilatlar özləri xatırlamalı, xatirəsinin
əbədiləşdirilməsinin qayğısına qalmalıdırlar. Görünür,
lazım deyilmiş...
Təranə
Movqe.- 2009.- 13-17 iyun.- S. 13.