Qurtuluş Günündən başlanan dövlətçilik günün
mübarək, Azərbaycan xalqı!
1991-ci ilin 18 oktyabrında
Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən
sonra siyasi mübarizənin yeni dövrünə - Azərbaycanın müstəqilliyini
qoruyub saxlamaq və möhkəmləndirmək uğrunda mübarizə
dövrünə qədəm qoydu. Ancaq təəssüf
ki, ilk illər Azərbaycanın müstəqilliyinin qorunub
saxlanmasından, möhkəmləndirilməsindən söhbət belə
gedə bilməzdi. Əksinə, müstəqilliyini yenicə
qazanmış millət elə ilk günlərdən onu itirmək təhlükəsi
ilə üzləşdi və bu təhlükə onu hər an gözləyirdi.
1992-ci ilin may- iyun aylarında təxribatla, zorakı vasitələrlə hakimiyyətə gələn cəbhə-müsavat cütlüyü Azərbaycanı böyük bəlalara sürüklədi. Onlar üçün millətin, xalqın mənafelərindən,
Milli maraqlardan öncə qrup maraqları, şəxsi ambisiyalar vardı. O illər
Azərbaycanın çox ağır, mürəkkəb və ziddiyyətli bir
dövrü idi. Ölkədə dərəbəylik hökm sürürdü,
özbaşınalıq, hərc-mərclik, satqınlıq baş alıb gedirdi. Bir-birinin ardınca baş verən hakimiyyət dəyişmələri,
təsadüfi, heç bir idarəçilik təcrübəsi olmayan quldur dəstə
başçılarının hakimiyyətə yiyələnmələri, sonradan
dövlət çevrilişləri etmək cəhdləri, vəzifələrindən
sui-istifadə edərək, reket, qaçaqmalçılıq, terror, adam
oğurluğu və s. kimi cinayətlər ölkədə adi hala
çevrilmişdi. Qısa bir müddət ərzində ölkənin varidatı
amansız sürətlə talan edilirdi. Torpaqlarımız hərraca qoyulur,
satqınların xəyanəti nəticəsində işğalçıların əlinə
keçirdi. O zaman hakimiyyətdə olanların "xidmətlərindən"
biri də o idi ki, təxminən bir ilin içərisində ölkəni
çoxsaylı quldur cəbbəxanasına çevirmiş, müxtəlif silahlı, bandit
dəstələrinə xüsusi səlahiyyətlər vermiş,
bununla da xalqı, milləti, doğma yurd-yuvalarımızı əllərində
oyuncağa çevirən qaraguruhçu rejimin idarə etdiyi dözülməz
bir vəziyyət yaratmışdı. Ümumiyyətlə, həmin dövrdə,
cəmi bir ilin içərisində Azərbaycan on illərlə
geri düşdü.
Xalq Cəbhəsinin daxilində keçmiş "silahdaşlar" arasında baş verən qarşıdurmalar 1993-cü ilin iyununda Gəncədə
baş verən hadisələrlə nəticələndi. Ölkədə mövcud olan dərin
siyasi, iqtisadi və sosial böhran hakimiyyəti iflic vəziyyətinə
gətirib çıxardı. Baş nazir, Milli Məclisin sədri, bütün güc
nazirliklərinin rəhbərləri istefaya göndərildi, ölkə
heç bir qurum və şəxs tərəfindən idarə olunmurdu.
Tam hakimiyyətsizlik şəraiti yaranmışdı. Ümumiyyətlə, o
zamankı iqtidarın apardığı bütün tədbirlər cəmiyyəti görünməyən
uçurum qarşısında qoymuşdu. Onların ölkədə
yaratdıqları xaos, anarxiya, zorakılıq və s. nəticə etibarilə
vətəndaş qarşıdurmsının reallaşmasına, Azərbaycanın Ermənistan
təcavüzkarlarına qarşı apardığı ədalətli müharibədə məğlubiyyətə
uğramasına, hakimiyyəti tam ihlasa gətirib çıxarmışdı.
Nəticədə
1993-cü ilin iyununda Azərbaycan dövlətçiliyi ən ağır böhran və
dağılma təhlükəsi ilə
üzləşdi, ölkə vətəndaş müharibəsi və
parçalanma həddinə çatdırıldı. Azərbaycan "olum və
ölüm" dilemması qarşısında qaldı. Artıq Azərbaycan adlı bir dövlət
faktiki olaraq dünya xəritəsindən silinmək təhlükəsi
ilə üz-üzə idi. Çətin durumda olan Azərbaycan insanlarının
bütün ümidləri yalnız Naxçıvanda yaşayan, bu xalqın xilaskar oğlu
Heydər Əliyevə idi. Milyonlarla azərbaycanlı inanırdı ki,
xalqı düşdüyü bu ağır, son dərəcə təhlükəli vəziyyətdən
yalnız və yalnız o böyük insan çıxara bilər. Xalqın təkidli tələbi
ilə ölkədə hakimiyyət dəyişikliyi baş verdi. Xalqının səsinə səs verib 1993-cü il iyunun 9-da
Bakıya qayıdan ümummilli lider Heydər Əliyev iyunun 15-də Azərbaycan
Ali Sovetinin (Milli Məclis) sədri seçildi. İyunun 23-də isə
bu görkəmli şəxsiyyət ölkə prezidentinin səlahiyyətlərini
həyata keçirməyə başladı. Beləliklə, xalqın istəyi,
təkidi və tələbi ilə Heydər Əliyev Azərbaycanda
yenidən hakimiyyətə gəldi. Gəldi və bu milləti,
bu xalqı özünə qaytardı. Azərbaycan adlı dövləti yoxdan var
etdi. Allahın bu millətə nicat göndərdiyi Heydər
Əliyevin yenidən hakimiyyətə gəlişi ilə Azərbaycan
tarixinin işıqlı və yeni-yeni səhifələri yazılmağa başladı.
Ona görə də 15 iyun xalqın xilaskar oğlunun Azərbaycanda yenidən
hakimiyyətə qayıtdığı gün Qurtuluş Günü elan olundu. Və
bu gün Azərbaycanın tarixində xüsusi bir səhifə kimi tarixə
çevrildi. Bu Qurtuluş Günü həm də Azərbaycanın
böyük bir təhlükədən - dövlətçiliyini itirmək, dünya xəritəsindən
silinmək təhlükəsindən qurtulduğu gün, Azərbaycan dövlətçiliyinin
sübutu günü idi. Xalq isə bu tarixi günə görə öz böyük
oğluna, xilaskarına - Heydər Əliyevə minnətdar idi. O böyük
lider, o oğul ki, qısa zaman kəsiyində Azərbaycanı bütün bəlalardan
xilas etdi.
Məhz o zaman 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyində həlledici dönüş baş verdi. Heydər Əliyev hakimiyyətə gələndən
dərhal sonra ağır vəziyyətdə olan ölkənin qarşısında
duran problemlər mərhələ-mərhələ həll
olunmağa başladı. Gəncədəki hadisələr Heydər Əliyevin
müdrikliyi ilə dinc yolla nizamlama axarına düşdü. Əlikram Hümbətovun
elan etdiyi qondarma "Talış- Muğan Respublikası" Heydər Əliyevin
xalqa müraciəti və bölgədə yaşayan insanların təzyiqi
ilə ləğv olundu. "Sadval"çıların
separatçı hərəkətlərinin və qondarma Car-Balakən
Respublikası yaratmaq cəhdlərinin qarşısı alındı. Ayrı-ayrı şəxslərə
və silahlı qruplaşmalara xidmət edən silahlı birləşmələr
zərərsizləşdirilməyə başlandı. Cinayətkarlar cəmiyyətdən
təcrid edildi və cəzalandırıldılar. Ölkədə
əmin-əmanlıq, sabitlik yarandı. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan
müharibəsində ölkəmiz üçün həyati əhəmiyyət
kəsb edən atəşkəsə nail olundu. İnfilyasiya
dayandırıldı, aqrar sahədə islahatlara başlandı. Azad bazar
iqtisadiyyatına keçidlə əlaqədar özəlləşdirməyə
geniş meydan verildi. Xarici siyasətdə mühüm nailiyyətlər
əldə edildi. Beynəlxalq maliyyə mərkəzləri,
dünyanın iri şirkətləri Azərbaycana böyük miqdarda kredit verməyə,
investisiya qoymağa başladılar. 1994-cü ilin sentyabrında Azərbaycanda
yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə
artan inam və maraqdan istifadə edərək Bakıda "Əsrin
müqaviləsi" adlandırılan ilk neft kontraktları imzalandı. Ancaq yaranan sabitlik, əldə
edilən nailiyyətlər Azərbaycanın beynəlxalq aləmdə
artan nüfuzu hakimiyyət hərisi olan müəyyən qüvvələri
ciddi narahat edirdi. Onlar hakimiyyəti ələ
keçirmək üçün hər cür çirkin vasitələrə - qeyri-qanuni
yollara, zorakılığa əl atırdılar. 1994-cü il oktyabrın 4-də
respublikanın o zamankı baş naziri Surət Hüseynovla xüsusi təyinatlı
polis dəstəsinin başçısı Rövşən Cavadovun birgə iştirakı ilə
dövlət çevrilişi cəhdi baş verdi. Məhz
Heydər Əliyevin qətiyyəti, dərin düşünülmüş tədbirlərinin
nəticəsində və xalqın köməyi ilə dövlət
çevrilişi məqsədi güdən qəsdin qarşısı məharətlə
alındı. Qanuni dövlət orqanlarını devirməyə, siyasi hakimiyyəti
zorakılıqla dəyişdirməyə yönələn növbəti cəhd
isə 1995-ci ilin martında baş verdi. Daxili İşlər Nazirliyinin xüsusi
təyinatlı polis dəstəsinə rəhbərlik edən
Rövşən Cavadov və onun qardaşı Mahir Cavadov silahlı dövlət çevrilişinə
cəhd etdilər. Belə təhlükəli, xalqa
düşmən qüvvələr yenə də böyük dövlət xadimi,
bütün ömrünü Azərbaycan xalqının təhlükəsizliyinə və
firavanlığına həsr edən Heydər Əliyevin yenilməz iradəsi
ilə tərk-silah edildi. Xalqının böyük sərkərdəsi
olan Heydər Əliyevin rəhbərliyi ilə qanunsuz silahlı dəstələr,
cinayətkar qruplar, xaricdən və daxildən müdafiə
olunan qüvvələr, Azərbaycan dövlətini silah gücü ilə
devirməyə cəhd göstərən qəsdçilər
qanuni orqanların gücü ilə tamamilə darmadağın edildilər. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan
dövləti özünün möhkəmliyini, etibarlılığını, qanunçuluğu və vətəndaşların
təhlükəsizliyini hər şeydən yüksək tutduğunu bütün
dünyaya nümayiş etdirdi.
Azərbaycanda hakimiyyətə gəlmək üçün silahlı dəstələrdən, qeyri-qanuni yollardan, zorakılıqdan istifadə etmək ənənəsinə son qoyuldu. Ölkəmiz dinc və sabitlik şəraitində
öz müstəqil dövlətini qurmaq və inkişaf etdirmək imkanı
qazandı. Ölkə demokratik, hüquqi, dünyəvi dövlət yaratmaq naminə
geniş islahatlar dövrünə qədəm qoydu. Yuxarıda qeyd etdiyimiz
kimi ümummilli lider Heydər Əliyev qısa zaman kəsiyində Azərbaycanı
bir dünya dövlətinə çevirdi. Onun öz sözləri ilə desək,
Azərbaycanın müstəqilliyini əbədi, dönməz və
sarsılmaz etdi. Bu gün isə onun müqəddəs yolunu prezident İlham Əliyev
ləyaqətlə davam etdirir. Hər ötən gün Azərbaycan
qüdrətlənir, güclənir, inkişaf edir, söz və nüfuz sahibinə
çevrilir. Bu gün bütün xalqımız o nicat və xilas gününü böyük sevinc və
fərəh hissi ilə qeyd edir. Qurtuluş Günündən başlanan dövlətçilik
günün mübarək, Azərbaycan xalqı!
A.Mənsumə
Mövqe.- 2009.- 13-17 iyun.- S. 4.