Azərbaycanın müstəqilliyini
əbədi, dönməz
və sarsılmaz edən xilaskar
Dünya
tarixində 14 iyulda baş verən bir çox önəmli hadisələr
var. Azərbaycan üçünsə, təbii ki, 14 iyul 1969-cu il tariximizin
əbədi səhifələrindən biridir. Həmin gün Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev birinci dəfə ölkə
rəhbərliyinə gəldi. Millət vəkili Aydın Mirzəzadə
deyir ki, Heydər Əliyevi Azərbaycan xalqının bütün tarixi boyu ən
qüdrətli nümayəndəsi adlandırsaq, heç də səhv etmərik.
O, yalnız əsrlərlə yığılıb qalmış problemləri həll etmədi,
o, tək böyük işləri, nəhəng fəaliyyəti ilə
yadda qalmadı. Heydər Əliyev ilk azərbaycanlı oldu ki, apardığı
mübarizə qələbə ilə başa çatdı. Bu mübarizə isə
Azərbaycanın müstəqilliyinin təmin edilməsi, onun düşmənlərinin
neytrallaşdırılması və gələcək inkişaf xəttinin müəyyənləşdirilməsidir.
Prinsip
etibarı ilə Heydər Əliyevin gördüyü bütün işlərin kökündə
məhz bu məsələlər dayanırdı. Hətta hansısa bir
addımı zahirən başqa cür görünsə də, əslində, o addım
böyük və həcmli addımın ayrılmaz bir hissəsi idi. Heydər Əliyevin
böyük və qüdrətli Azərbaycan uğrunda mübarizəsi nə
müstəqil Azərbaycanın Prezidenti seçiləndən, nə də
uzaq 69-cu ildə Sovet Azərbaycanının birinci şəxsi təyin
edilməsi vaxtından deyil, əmək fəaliyyətinə
başladığı ilk günlərdən başlanır. Heydər Əliyev işlədiyi
bütün sahələrdə ədaləti hər şeydən üstün
tutmağı, insan olmağı və işə yaradıcı münasibət bəsləməyi
bacarırdı. Bunu hər addımının nəzarətdə olduğu və
ciddi ideoloji ehkamlar atmosferində etmək çox çətin idi. Bir
çox milli ruhlu, yenilik tərəfdarı olan şəxslər bu şəraitdə
strategiya ilə taktikanı uzlaşdıra bilmədiklərindən məğlubiyyətə
uğrayırdılar. Eyni zamanda mübarizə aparanların həmin sistemin rəhbərliyindəki
demokratik ruhlu şəxsləri görə bilməmələri də
məğlubiyyətdə az rol oynamamışdır. Gələcək
prezident isə sağlam məfkurəli insanları tapmağı və birləşdirməyi
həmişə fəaliyyətinin əsas məqsədlərindən
biri sayırdı.
Dövlət
təhlükəsizlik orqanlarında fəaliyyətində rəhbərlik
etdiyi sahələrə milli kadrların cəlbedilməsi və
sağlam mühitin yaradılmasına ciddi fikir verməsi Azərbaycan uğrunda fəaliyyətin
başlanğıcı idi. Adi əməliyyat müvəkilliyndən DTK sədrliyinə
qədər bütün pillələrdə o, sistemlə uyuşmayan
ziyalıları bacarıqla repressiya aparatından qurtara bildi. İndi milli
etirazımızın görkəmli nümayəndələri sayılan şəxslərin
etiraflarında məsələyə dair çoxsaylı misallar gətirilir.
Bununla da Heydər Əliyevin həm DTK-da işlədiyi, həm
respublikaya rəhbərlik etdiyi dövrdə heç bir sovet
respublikasında olmayan bir paradoks baş verirdi. Bir tərəfdən
Azərbaycanda milli oyanışa təkan verən güclü dissident hərəkatı
var idi, digər tərəfdən heç kim repressiya olunmurdu. Bunun
səbəbinin Heydər Əliyevdə olduğunu SSRİ-nin ortadoksal
rəhbərləri çox gec - 80-ci illərin ortalarında başa düşmüşlər.
1969-cu
ildə Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik
etmək üçün ən layiqli namizəd idi. Ancaq rəsmi Moskvaya o,
Azərbaycanı qüdrətli etmək üçün yox, ölkənin zəif
Qafqaz cinahını möhkəmləndirmək üçün lazım idi. Onun müstəqil
düşünmək bacarığı, milli köklərə meylliyi məlum olsa da,
liderliyinə və işgüzarlığına böyük ehtiyac yaranmışdı. Birinci katib
postunda və sonradan Moskvada yüksək postda Heydər Əliyev
Azərbaycanın qüdrətlənməsi və xalqın inamının özünə
qaytarılması və dirçəldilməsi üçün bütün imkanlardan istifadə
edə bildi. Cəmiyyətin elə bir sahəsi yox idi ki, orada
inkişaf, müasirləşmə, yeni kadrların hazırlanması prosesi baş verməsin.
Respublika aqrar-sənaye regionundan qabaqcıl sənaye aqrar regionuna
çevrildi, azərbaycanlı gənclərin SSRİ-nin aparıcı universitetlərinə,
ali hərbi məktəblərinə göndərilməsi geniş
vüsət aldı, ədəbiyyat, elm və mədəniyyətin
inkişafına şərait yaradıldı. Görülmüş işlər nəticəsində
tək 1969-1982-ci illərdə respublikanın mənzil fondu, düz,
iki dəfə artmış oldu. Prinsip etibarı ilə onun birinci hakimiyyəti
dövründə gördüyü işləri Azərbaycanın müstəqillik dövrü üçün
ciddi hazırlıq saymaq olar. Heydər Əliyevin birinci siyasi hakimiyyəti
dövründə gördüyü işlər müstəqillik dövründə yaxşı bünövrə
rolunu oynadı.
Heydər
Əliyev faktoru geridə qalmış sovet Azərbaycanının inkişafında
olduğu kimi, müstəqilliyin möhkəmləndirilməsində də
olduqca böyük rol oynadı. Çox təəssüf ki, müstəqilliyin iki ili
cəmiyyətin inkişaf qanunları və idarəçilik haqqında bəsit
təsəvvürləri olanların günahı ucbatından Azərbaycan üçün
itirilmiş oldu. Daha doğrusu,o qruplar ölkəmizin güclənməsini
istəməyən xarici qüvvələrin dəstəyəi ilə
bir müddət hakimiyyətdə qala bildilər. Tarixin ayrı-ayrı
dövrlərində xalqımızın başına gətirilənlər yeniləşmiş
formada yenidən həyata keçirildi.
Millət
vəkili Eldar İbrahimovun sözlərinə görə, nadir tarixi şəxsiyyət
olan Heydər Əliyev Azərbaycana ilk dəfə başçılıq
etdiyi 1969-1982-ci illərdə maddi nemətlər bölgüsünün
Moskvada mərkəzləşdirilmiş qaydada aparıldığı Sovetlər
İttifaqı dövründə Azərbaycan iqtisadiyyatının tərəqqisində
misilsiz xidmətlər göstərmişdir. O, Azərbaycan kəndlisini
darısqal komalardan ikimərtəbəli yaraşıqlı evlərə
köçürmüş, qapısını bağlı-bağçalı, mal-qaralı və maşınlı, mənzilini
cah-cəlallı etmiş, palçıq və çirkab içində olan kənd və
qəsəbələrin, şəhərlərin simasını dəyişdirmişdir.
Həmin
dövrdə Azərbaycanın xalq təsərrüfatında qazanılan ən
böyük uğurlardan biri də aqrar bölmənin payına düşür. Bu müddət ərzində
respublikamızda mütərəqqi texnologiyaya malik iri heyvandarlıq
kompleksləri, quşçuluq fabrikləri, yeni sexlər tikilmiş,
çoxsaylı yeni pambıq zavodları, şərab və konserv zavodları, ət və
süd emalı müəssisələri tikilərək fəaliyyətə
başlamışdır. Bu illərdə Azərbaycanın kənd təsərrüfatı
sənaye əsasında inkişaf etdirilmiş, kənd təsərrüfatı məhsulları
istehsalı ilə məşğul olan təsərrüfatların maddi-texniki
bazası müasir texnika və avadanlıqlarla möhkəmləndirilmiş və
yeniləşdirilmişdir. Azərbaycan kəndinin və kənd təsərrüfatının
sürətli və intensiv inkişafı bu dövrdə əldə edilmiş,
respublikamızda Sovetlər İttifaqında qabaqcıl təcrübə məktəbinə
və başqaları üçün örnək, nümunə obyektinə çevrilmişdir. Təsadüfi
deyil ki, həmin vaxtlar kənd təsərrüfatı məsələləri
ilə bağlı İttifaq miqyaslı bir çox seminarlar, konfranslar və görüşlər
keçirmək üçün ölkənin hər yerindən mütəxəssislər
və rəhbər işçilər gəlir, burada əldə edilmiş
nailiyyətlərlə tanış olurdular.
Məhz
Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik
etdiyi dövrdə onun apardığı genişmiqyaslı və uzaqgörən siyasət
nəticəsində respublikamızın kənd təsərrüfatı son
100 ildə ən yüksək göstəricilərə nail olmuş, o
cümlədən məhsul istehsalında Sovetlər İttifaqında birinci
sırada olmuşdur. Həmin dövrdə Azərbaycan Respublikasında taxıl
istehsalı 1,3 milyon tona, pambıq istehsalı 1,0 milyon tona, üzüm istehsalı 2,0
milyon tona, tərəvəz istehsalı 875 min tona, ət istehsalı
260 min tona, süd istehsalı 900 min tona, yumurta istehsalı 875 milyon ədədə
çatmış və daha böyük artım əldə edilməsi üçün möhkəm təməl
yaranmışdı.
Azərbaycana
rəhbərlik etdiyi bu müddət ərzində özünün yüksək
intellekti, təşkilatçılıq qabiliyyəti, tələbkarlığı və
işgüzarlığı sayəsində Heydər Əliyev ittifaqda hamıya əyani
surətdə sübut etdi ki, Azərbaycanda kənd təsərrüfatını
yüksək sürətlə və intensiv yolla inkişaf etdirmək
mümkündür və Azərbaycan İttifaq miqyasında geridə qalan bir
respublikadan çox qısa müddətdə öndə olan respublikaya çevrildi.
Bu isə öz növbəsində Azərbaycan kəndinin sosial
simasının kökündən dəyişdirilməsində - kəndlərin
qazlaşdırılması, yolların sahmana salınması, elektrikləşdirmənin başa
çatması, yeni müasir sosial, mədəni-məişət obyektlərinin
tikintisinin genişlənməsi və kənd əhalisinin rifahının
yüksəlməsinə səbəb oldu.
Bəli,
1969-cu ilin 14 iyulunda Azərbaycanda hakimiyyətə gələn
Heydər Əliyev qısa zaman kəsiyində ölkənin bütün sahələrində
uğurlu inkişafa nail oldu. SSRİ-nin ən geridə qalmış
respublikalarından biri olan Azərbaycan Heydər Əliyevin misilsiz
fəaliyyəti nəticəsində İttifaqın ən öndə
olan respublikaları sırasında yer aldı. Xalqımızın xilaskar oğlu Heydər Əliyevin
ilk hakimiyyəti dövründə də bütün fəaliyyəti Azərbaycanın
gələcək müstəqilliyinə hesablanmışdı. Müstəqil Azərbaycanın
memarı və qurucusu olan Heydər Əliyev misilsiz təkrarolunmaz
fəaliyyəti ilə onun müstəqilliyini də əbədi,
dönməz və sarsılmaz etdi.
Ağanisə Sultanova
Movqe.- 2009.- 23-24 iyun.- S. 4.