"Peşəkarlaşdıqca
insanda özünə qarşı tələbkarlıq
artır"
80-ci illərdə
televiziya ekranlarında hamının məhəbbətlə
baxdığı "Retro" verilişi göründü. Hər
həftənin şənbə günü yorğun əhval-ruhiyyəmizi
xoş ovqata köklədi. Onda hələ ekranlara insanları
sarsıdan dəhşət, zorakı filmlər ayaq
açmamışdı. Elə həmin vaxt da Azərbaycanın
kino məkanında yeni bir ulduz parladı. Oynadığı
rolarla zövqləri oxşadı, könülləri fəth
etdi. Çəkildiyi filmlərlə yanaşı,
aparıcısı olduğu "Retro" verilişi ilə
o, hər evin, hər ailənin sevimli qonağı oldu. Hamı
bu gənc, gözəl və istedadlı xanımı sevdi.
İndi Həmidə Ömərovanın adını eşidəndə
istər-istəməz kino haqqında düşünürsən.
- Sizin Moskvada təhsil
aldığınız illər çox qabir dövrə təsadüf
etmişdi. Bəlkə də
yaşadığınız mühitə sığmayan
arzularla coşub çağlayırdınız. O arzular
gerçək həllini tapdımı, yoxsa bir xəyal
qırıqlığı idi?
- O vaxt Ümumittifaq Kinematoqrafiya
İnstitutu SSRİ üzrə yeganə kino institutu idi. Biz
birinci kursda oxuyanda hər birimiz özümüzü ən
azı Sofi Loren, oğlanlarımız isə özlərini
Belmando, Alen Delon hesab edirdi. Müəllimimiz Yevgeni Matveyev
özümüzü aparmağımıza baxıb dedi ki, bu,
Kino İnstitutuna daxil olanların ümumi xəstəliyidir:
birinci kursda hamı özünü dahi, ikinci kursda akademik,
üçüncü kursda professor sayır.
Dördüncü-buraxılış kursunda isə deyir ki, bəlkə
mən institutun qapılarını çaşmışam?
Sizin bu cahilliyinizi yavaş-yavaş başınızdan
çıxaracağıq. Təcrübə göstərdi
ki, institutun bizə verdiyi yaxşı bazis və nəzəriyyə
sonrakı təcrübəmizdə lazım oldu. Elə oldu
ki, institutu bitirəndən etibarən ildə ən azı 2-3
filmə çəkilirdim. Hər çəkiliş
meydançası təcrübə prosesidir. Təcrübə
çoxaldıqca insan peşəkarlaşır və tədricən
elə səviyyəyə çatır ki, paralel kino
istehsalı prosesində seçim qarşısında
qalır: hər təklif olunan obraza razılaşmaq, yoxsa
razılaşmamaq?! Hər filmdə çəkilmək istəyirsən,
hər rol sənə maraqlı görünür. Ancaq peşəkarlaşdıqca
insanda özünə qarşı tələbkarlıq da
artır.
- Sənət
seçimində təsadüfə, bəxtə, yoxsa
inadkarlığa daha çox inanırsınız?
- Həm təsadüfə,
həm bəxtə, həm də inadkarlığa. Yaş ötdükcə o qənaətə gəlirəm
ki, insan işgüzar, inadkar olmalı, çox səy göstərməlidir.
Əgər bir şeyi qarşına məqsəd qoymusansa,
çalışıb gec-tez o məqsədinə nail olursan.
Öz təcrübəmdən deyə bilərəm ki,
heç kəs əlimdən tutub mənə kömək
etməyib. Həyatda hər şeyi öz zəhmətimlə,
dişimlə-dırnağımla əldə etmişəm.
Kinoya gəlişimdə əltutanım təsadüf olub. Həyatda
irəliləyişimə səbəb isə zəhmətkeşliyimdir.
Hər hansı bir işi götürmüşəmsə, həmişə
yarımçıq qoymamağa, səviyyəli başa
çatdırmağa çalışmışam.
- İnsan həyatında
bəzi anlar ömürlük iz salır. Həyatınızın
belə anları hansılardır?
- Mən həmişə
küçədə, sərnişin nəqliyyatında
büzüşüb oturan köməksiz, qoca qarıları
görəndə nənəm yadıma düşür. Ağlım
kəsəndən başa düşürdüm ki, nənəm
dünya işığından məhrumdur. Sonra biz əməliyyat
elədik, onun gözü açıldı. Yadımdadır
ki, mən uşaq bağçasına gedəndə nənəm
divarları tuta-tuta yanıma gəlirdi. Həmişə də
deyirdi ki, ay Allah, elə elə ki, gözlərim
açılsın, mən nəvəmi görə bilim. Onda
mənim 7-8 yaşım vardı. Allah qismət elədi, onun
gözləri açıldı. Bu hadisə mənim həyatımda
dərin iz salıb. Ona görə də həmişə
tələbələrimi, gəncləri qocalara, köməksiz
insanlara hörmət etməyə çağırıram.
İnsanın uşaqlıqda, yeniyetməlikdə
aldığı mənəvi zərbələr də sonradan
onun həyatına təsir göstərir. Heç
yadımdan çıxmaz, müəllimim Yevgeni Matveyev
danışırdı: "Anam rəhmətə gedəndə
mən onun qarşısında diz çöküb
hönkür-hönkür ağlayırdım. Birdən
gördüm ki, bu, çox müdhiş bir andır. Birdən
hiss elədim ki, həyatımın bu faciəli anını
beynimdə, yaddaşımda saxlamağa
çalışıram ki, gələcəkdə mənə
aktyorluq işimdə lazım olar. Bir anlığa özümə
nifrət elədim. Ancaq bu, sonradan oynadığım obrazda mənə
lazım oldu". Əsl peşəsini sevən incəsənət
adamı elə olmalıdır. Hər bir sənətkarın
beynində yaddaş kitabçası var. Onları daxildən
keçirməsən, heç vaxt oynaya bilməzsən.
- Olsun ki, insan həyatının
olub-keçənləri daxildə yaşanıb sonra gözəl
obrazların yaranmasına kömək edir. Burada ancaq
yaşanmış günlər rol oynayır. Bəs bu
obrazların sonrakı həyatda, yaşanmamış günlərdə
rolu nə ola bilər?
- Obraz da insana təsir edir. Mən "Nizami" filmində Afaq rolunu oynayandan
sonra bir müddət özümü qeyri-adi, romantik obrazda
hiss edirdim. Həmişə Afaqın
ölüm səhnəsinə diqqətlə baxıram.
Elə bil ki, mən o obrazla vəhdətləşmişdim.
Yadıma gəlir ki, film qurtarandan sonra
uzun-uzadı filmin mahnısını zümzümə edirdim.
Əlbəttə, obrazın təsiri
ölmür. Ancaq bu o demək deyil ki, obraz
insanı daxilən dəyişdirir. Sadəcə,
insanın qəlbində iz buraxır. Hər
bir obraz, sadə dillə desək, mütənasib bədənə
ölçülmüş paltardır.
- İndiki
yaşınız və təcrübənizlə ötən
illərdəki kimi qonorar xatirinə təsadüfi bir filmə
çəkilərsiniz?
- Ötən illərdə
"xaltura" edib pul xatirinə çəkilmişəm. Baxmayaraq ki, maddi durumum çox da yaxşı deyil.
Yəni kino ulduzu səviyyəsindən
çox-çox uzaqdır. Amma hansısa
rol həqiqətən çox xoşuma gəlsə, lap pulsuz
da çəkilərəm. Mən bu
sözü çox demirəm ki, sonra rejissorlar əsas
götürərlər.
- Artıq bu gün
ölkəmizdə filmlərin çəkilişinə vəsait
ayrılır və onların sayı çoxalıb. Sizcə,
bu gün çəkilib populyarlıq qazanmaq asandır, yoxsa
onda asan idi?
- Bu, çox mürəkkəb
sualdır. Mənə elə gəlir ki, istedadlı adam istənilən vaxt populyarlıq qazana bilər.
Düzdür, bu proses çətinləşib. Mən bir ildə 4 filmdə çəkilirdimsə,
hamısının səviyyəsi eyni deyildi. Birində aktyor oyunu, digərində rejissor işi zəif
idi. O vaxt seçim imkanı vardı və aktyorun öz
istedadını göstərmək diapazonu da geniş idi. İndi bir filmdə çəkilməyə
şansın var, o filmin ssenarisi zəifdir, rejissoru da tutaq ki,
Federiko Fellini deyil. Təbii ki, aktyorun həmin
filmdə populyarlıq qazanmaq şansı azdır.
- İnstitutu qurtarandan
sonra real kino həyatımızla qarşılaşanda Sofi
Loren olmamağınız sizi təsirləndirdimi?
- I kursda oxuyanda italiyalı aktrisa Anna Manyaniyə pərəstiş
edirdim. O, zahirən gözəl olmasa da, daxilən çox
güclü aktrisa olub. Yevgeni Matveyev mənə
müsbət qəhrəmanları verərdi.
İnstitutu qurtaranda o mənə qırmızı diplom verərkən
dedi ki, "Həmidə, mən səndə necə
yanılmışam. Bunun da xüsusi səbəbi
sənin zahiri gözəlliyin olub. Sən
çox xarakter aktrisasan. Sən Karmeni, mehmanxana sahibəsini,
faciə və komik qəhrəmanları necə də gözəl
yarada bilərsən! Sənin imkanların
çox genişdir". Böyük səslənməsin,
istərdim ki, xalqım üçün Anna Manyani səviyyəli
bir aktrisa olum. Amma heç də ona bənzəmədən
kinomuzun Həmidə Ömərovası olaraq qalım.
- Sizə şöhrət
gətirən filmlər indi sizinçün nə deməkdir?
- Məndə çox
böyük nostalji hissi var. Günlərin birində
gördüm ki, saçlarım ağarmağa
başlayır. İki əlimlə başımdan tutdum:
"İlahi, axı mən yaşa doluram. Kinomuzun
gələcəyi parlaqdır. Ancaq Həmidə həmişə
gənc və parlaq qalmayacaq!.." Mən bu barədə ciddi düşünməyə
başladım. Biz axı sizin kino aktyorlarınızıq.
Bu, reallıqdır. Bir neçə il bundan qabaq Həsən Məmmədov rəhmətə
getdi. Sayımız daha da azaldı. İndi əsl kino artistlərindən kimlərin
qaldığını barmaqla saya bilərik. Üç-dörd belə aktyor saymaq olar. Onlardan da biri - muzey arxivi kimi mən qalmışam.
Mən muzey arxivi olmaq istəmirəm. Mən ölənə qədər kinoda işləmək
istəyirəm.
- Fikirlər var ki,
aktrisaların xoşbəxt ailəlik həyatı ilə sənət
uğurları bir araya sığmır.
- Bu fikir bir az
köhnəlib. Bilirsinizmi, vəziyyət də,
baxışlar da dəyişib. Əvvəllər
heç kəs qızının aktrisa olmasını istəməzdi.
İndi bu instituta nə qədər qızlar,
oğlanlar gəlir. Daxil olmayanda da
institutun qapısı ağzında dayanıb elə
ağlayırlar ki. Ailədə məhəbbət
varsa, qarşılıqlı anlaşma prosesi də var. Ərə
gedəndə mənim yoldaşım bilirdi ki, aktrisa ilə
evlənir və müəyyən güzəştlərə
getməlidir. Amma onun bəxti onda gətirdi ki, filmlər
az çəkilməyə başladı. Buna baxmayaraq, mən yenə çəkilirdim. Ondan sonra İranda, Moskvada,
- Sizcə, insan həyatının
harmoniyasını nə təşkil edir?
-
İnsanın öz-özüylə dil tapması,
öz-özüylə razılaşmağı bacarması. Çünki
çox nadir hallarda biz özümüzlə dil tapa bilirik.
Bu bizə rahatlıq vermir. Harmoniya
rahatlıqdır.
- Çətin məqamlarınızda
kimin köməyinə ehtiyac duyursunuz?
- Anam amneziya xəstəliyinə
tutulmamışdan qabaq mənəvi cəhətdən
dayağım idi. İndi o, mənimlə
yaşayır, amma yaddaşını itirib. Məsləhət verməyə yox, qayğıya
ehtiyacı var. Oğlum Rəhim azyaşlı olduğuna
görə dərdləşə bilmirik.
Yoldaşıma gəlincə isə mən kişi
ilə qadın aləmini başqa-başqa qütb
adlandırıram. Ən son halda belə mən
özümdə güc tapıb, öz gücümə
arxalanmağı öyrəndim. Çox vaxt da
etiraflarımı, xatirələrimi ağ
kağıza boşaldıram.
- Ailənizin
rahatlığı üçün karyeranızı ikinci
plana keçirdiyiniz vaxtlar olubmu?
- Heç vaxt. Mən İranda çəkilişlərdə olanda
anam bərk xəstələnmişdi. Mənim
də çəkiləcəyim epizodlar dörd aya
qurtarmalı idi. Bakıdan gələn zənglərdən
sonra filmin mənə aid olan hissələri 2 ay 15 günə
başa çatdı və mən bundan sonra evə qayıda
bildim.
- Xaricdə aktrisalar
çox vaxt yaşa dolandan sonra ekranda görünməyi
xoşlamırlar. İstəmirlər ki,
tamaşaçılar onları qocalmış görsün. Siz də bu
fikirdəsiniz?
- Sifət cizgilərində
illərin izi mütləq görünür. Mən
bu izi qrimlə örtürəm. İstər-istəməz
yaş öz işini görür. Lakin hər
yaşın öz gözəlliyi var. Mən daxili gözəlliyə
üstünlük verirəm. Çünki
yaşlandıqca qəlbinin nuru üzünə
çıxır. Mən qocalmaqdan da
qorxmuram. Əksinə, yaşlı, nurani
Azərbaycan qadınının tipik xüsusiyyətlərini
ekranda yaratmağa can atıram. Düzdür,
hələlik elə bir rola dəvət almamışam, amma
bu mənim arzumdur.
- Sizinlə müsahibəmiz
Qadınlar bayramı ərəfəsinə təsadüf
etdi. Qadınlara nə arzulayardınız?
- Bütün qadınlara
xoşbəxtlik və cansağlığı arzulayıram!
Təranə
Mövqe.- 2009.- 7-11 mart.- S. 13.