Rüstəm bəy, Ağabala, Əliqulu...
Azərbaycan teatr və
kino sənəti görkəmli aktyor Ağasadıq Gəraybəylinin
şəxsində ən istedadlı, ən qabil aktyora malik
idi. Sonrakı aktyor nəslinin yaranması və
inkişafında onun böyük xidmətləri olmuşdu. Bu
heç də təsadüfi deyildi. Zəhmətsevərlik və
yaradıcılıq axtarışları ilə birləşmiş
istedadı Azərbaycan səhnəsinin bəzəyi idi. Onun
yaratdığı rollar əsl sənətkarlıq məhsulu
idi. Bu surətlərin hər birində tamaşaçı
aktyorun qəlbini duyurdu. Ağasadıq Gəraybəyli səhnədə
canlı sənət əsəri yaradırdı. Onu səhnədə
görənlər bu gün də yüksək aktyorluq məharətini,
çoxlarına örnək olan ömür yolunu heyrətlə
xatırlayırlar (15 mart Ağasadıq Gəraybəylinin
doğum günüdür).
Balaca
aktyor
Şamaxıda dünyaya göz açan Ağasadığın uşaqlığının dərdli üzü öndə dayanır. Şamaxı zəlzələsindən sonra ailələri Bakıya köçəndə onun iki yaşı varmış. Jandarm işləyən atası 10 baş ailəni çətinliklə dolandırırmış. Balaca Ağasadıq həyatı ilk olaraq ölümlərlə, ayrılıqlarla tanıyıb. Anası Güllibəyimin erkən vəfat etməsinə uzun zaman alışa, öyrəşə bilməyib. Onun qayıdacağına inana-inana yaşayıb. Ancaq atasının danışdığı nağıllar kimi onun qayıtması da gerçək olmayıb. 8 uşağın qayğısını tək çəkə bilməyən atası Ağəli kişi ikinci dəfə evlənib. Analıq nəinki Güllibəyimi əvəz edə bilib, uşaqlara göz verib, işıq verməyib. Ancaq uşaqlar zülmə alışa-alışa böyüyüblər.
Aktyorun qızı Zemfira xanım atasının səhnəyə bağlandığı günləri belə xatırlayır:
- O vaxtlar teatrda qadın rollarını kişilər oynayırdı. Bir gün qadın rolunun ifaçısı xəstələnir və əvəz etməyə adam axtarırlar. Onda əmim Ağalar deyir ki, mənim bir qardaşım var, özü də yaraşıqlıdır, gedib evdə danışıb razı salaram. Atam əvvəlcə qadın rolunda oynamağa razı olmur, lakin əmim onu bir təhər razı salır. Əmim Ağalar Hüseyn Ərəblinski ilə Qori seminariyasında bir yerdə oxumuşdu. Atam isə C.Cabbarlı ilə tələbə yoldaşı olmuşdu. Babam elə bir mühitdə böyümüşdü ki, incəsənəti sevməməyə bilməzdi. Məşhur aktyor Hüseyn Ərəblinski atamgillə bir məhəllədə yaşayır, onların evinə gedib-gəlirmiş. Hətta bəzən teatr tamaşalarını da onların evində məşq edərmişlər. Həmin vaxtlar H.Ərəblinski ilk Azərbaycan kinofilmi olan "Neft və milyonlar səltənətində" çəkilir və atamgilin ailəsini filmin ilk baxışına dəvət edir. Az sonra Ərəblinski teatrda atamın ilk rejissorlarından biri olur. Atam sonralar səhnəyə ilk çıxışını belə xatırlayırdı: "Hüseyn Ərəblinskinin oyunu məni necə ovsunladısa, başladım titrəməyə. Səhnə çox təsirli idi. Bir də onu gördüm ki, gözlərimdən yaş gəlir. Ərəblinski də başımı sığallayıb gülür. Bura səhnənin arxası idi. Sən demə, mən səhnədə Ərəblinskini ağlayan görüb, hönkürə-hönkürə ona tərəf qaçmışam, ağlaya-ağlaya da səhnədən çıxmışam. Bu mənim səhnəyə ilk gəlişim oldu".
Atam ilk gündən səhnəyə bağlanır. Bir qədər keçəndən sonra özü üçün truppa da yaradır. Böyük xeyriyyəçi H.Z.Tağıyev truppanın fəaliyyətini o qədər bəyənir ki, aktyorları yanına çağırıb hər birinə bir qızıl onluq verir.
"Atam iliyinədək sənət adamıydı"-deyə Zemfira xanım danışır: "O olmasın, bu olsun" filminie çəkilişləri zamanı kasanı yerə çırpanada əlini kəsmişdi. Sonra da Sənəmin ardınca qaçanda yerə yıxılması səhnəsi də ssenaridə yox idi. Orada atam doğrudan yıxılmışdı. Rola elə aludə olurdu ki, aldığı zədəni hiss eləmirdi. Həmişə onu öz işinə məsuliyyətlə yanaşan görmüşdüm. Sənətinə çox bağlı adam idi. Səhnədə bir-birindən gözəl obrazlar yaratmasına baxmayaraq, hər dəfə səhnəyə ilk dəfə olduğu kimi çıxırdı. Premyeralar qabağı bərk həyəcan keçirər, rolunu dönə-dönə təkrar edərdi. Hətta bir dəfə sonuncu tamaşalarından birinə hazırlaşarkən hamı yatdıqdan sonra gecə paltarında evdə var-gəl edir, öz monoloqunu təkrarlayırmış. Bu səhnənin şahidi olan qulluqçu qadın həyəcana düşərək anamı oyatmış: "Xozyayin suma soşyol" demişdi.
Çox adam bilmirdi ki, o, sonuncu obrazı olan "Xurşudbanu Natəvan" pyesində səhnəyə çıxanda gözləri görmürdü. Rolunu elə oynamışdı ki, tamaşaçılar bunu hiss etməmişdi. Bu, əsl möcüzə idi. Onda atamın 92 yaşı vardı. Çətini teatra qədəm qoyana qədər idi. Sonradan öz intuisiyasının gücü ilə hər yeri tanıyır, harada pillələr olduğunu da bilirdi... Bu, atamın sənətə bağlılığı idi. O, əsl sənət fədaisi idi. Son gününədək xəstəliyin nə olduğunu bilmədi.
Yadımdadır ki, həvəslə oynadığı rollardan danışardı. Baxmayaraq ki, "Məşədi İbad" kimi bir filmdə Rüstəm bəy obrazını yaratmışdı, nədənsə "Bəxtiyar" filmi haqqında xüsusi danışar, Ağabala rolunu çox sevərdi.
Aktyorun "Xatirələri"ndən:
- "Kinostudiyada "Bəxtiyar"
kinofilminin çəkilişləri gedirdi. Filmin kadrlarında
yay ayı təsvir olunsa da, qış fəsli idi. Hadisələr
oynadığım klub müdiri Ağabalanın kabinetində
cərəyan edir. Klubun fəaliyyətini yoxlamaq
üçün komissiyanın gəlişi gözlənilirdi.
Klub müdiri kimi yoxlama qabağı hər kəsə öz
vəzifəsini başa salmaq üçün monoloq söyləyirdim.
Kinostudiya çox soyuq idi, otaqda isə yay vaxtı olduğunu
göstərmək üçün çərpələng
qoyulmuşdu. Çox nazik paltar geyindiyimdən soyuqdan əssəm
də, canımı dişimə tutub birtəhər
dözürdüm. Kadrın çəkilişi də bir
neçə dəfə təkrar olunurdu. Nəhayət, sonuncu
kadrda dözməyərək hirslənib əlimlə çərpələngə
bir qapaz vurdum. Bu səhnə rejissorun
tapşırığı olmadan edilmişdi. Amma buna
baxmayaraq, hirsimi, hikkəmi göstərmək
üçün bu hadisə sonuncu kadr kimi dublyaj olundu.
"Gənclik məni tərk etməyib"
Ağasadıq Gəraybəylinin həyat eşqi çox güclü idi. Bir dəfə ondan "Siz uzun bir həyat yaşamısınız, öz dövrünüzdə çox şeylər görmüsünüz. Bilə bilmisinizmi, insanı nə xoşbəxt edir?" - deyə soruşduqda görkəmli aktyor: "Gənclik" - deyə cavab vermişdi. "Siz xoşbəxtsizmi?" sualına isə "Hə, ona görə ki, gənclik məni heç zaman tərk etməyib. O mənim evimdədir. Mənim nəvələrimdə, şagirdlərimdədir. Ona görə ki, incəsənətin dinləyiciləri qocalsa da, özü həmişə gənc qalır" - demişdi.
"Atam ailəsinə sadiq adam idi. Çox dostlarından ailələrinə xəyanət
üstündə ayrılmışdı. O dövrdə
atam Dram Teatrda bəlkə də yeganə kişiydi ki, iki
arvadı yox idi. Heç şübhəsiz, evlənənə
qədər onun da həyatında başqa qadınlar
olmuşdu. Ailə qurandan sonra isə ancaq
anamı sevirdi. Atam çox ürəyiyumşaq adam idi. Ona pislik edənlərə
qarşı heç vaxt kin saxlamazdı. Ona
görə də onu hamı sevirdi.
Evdə çox ciddi idi. Nəvələri
rus dilində təhsil alsalar da, onları evdə rusca
danışmağa qoymazdı: "Bəsdirin, köpək
uşaqları, öz dilinizdə danışın!" - deyərdi. Hətta televiziyada rus
dilində hər hansı verilişə baxanda tez kanalı dəyişər,
uşaqları ana dilimizdə olan verilişlərə
baxmağa məcbur edərdi. Bir dəfə
Pirşağıda bağımızda o, uşaqların rus
dilində danışdığını görüb
hamısını çağırdı və cibindən
"Ədəbiyyat və incəsənət" qəzetini
çıxararaq oradakı "Dəvə" adlı məqaləni
abzasla hər birinə oxutdurdu. Uşaqlar
çox çətinlik çəksələr də,
onları məcbur elədi. Nəhayət,
uşaqlar kiçik bir məqaləni 3 saat ərzində
oxuyub qurtardılar. O, həmişə uşaqlara "Azərbaycan
dili sizin doğma dilinizdir. Bu dildə rəvan
danışmağı bacarmalı, sonra başqa dilləri
öyrənməlisiniz"- deyirdi.
Baryamlarda evdə səhnəciklər
düzəldər, hərəmizə bir rol paylayardı.
Sonra da hansımız yaxşı oynasaydıq,
mükafatlandırardı. Təəssüf
ki, ailəmizdə onun sənətinin davamçısı
olmadı.
Bir dəfə Lətif Səfərov məni
kinoya çəkmək istədi. Atam bir
oyun çıxardı ki, gəl görəsən. Lətiflə
yaxın dost idilər. Onun incidiyini görüb özü də
bütün çəkilişlərdə iştirak etmək
şərtilə razılıq verdi.
Məğrur aktyor
Ağasadıq Gəraybəyli bir çox
aktyorlardan fərqli olaraq fəxri ad üçün
qapılar döyməyi xoşlamayıb. Ümummilli
lider Heydər Əliyev onun sənətini yüksək qiymətləndirib.
"Yoldaş Gəraybəyli, siz mənim ən istəkli
aktyorumsunuz. Tamaşalarınıza bir dəfə
yox, bir neçə dəfə gəlirdim. Əliqulunu sizin kimi oynayan olmayıb. Bəs nə əcəb heç nə tələb
etmirsiniz? Adınızı siyahıda
görməyəndə pis oldum. Aktyorların əksəriyyəti
az qala hər gün nazirin
qapısını döyür. Sizə
"Aynur" məişət evinin üstündə
üçotaqlı mənzil hədiyyə etmək istəyirəm.
Hələ sizə SSRİ Xalq artisti adı da
verəcəyik. Daha məndən nə istəyirsiniz?"-
deyə soruşub. Aktyor da
uşaqlarının təkidi ilə utana-utana
"Maşınım köhnəlib, "Volqa"
maşını istəyirəm"-deyib. Heydər Əliyev "baş üstə" deyərək,
səhəri gün mənzilin və "Volqa"
maşının açarlarını göndərib.
Az keçməmiş Heydər Əliyev
Moskvaya- yüksək vəzifəyə getdiyi
üçün Ağasadıq Gəraybəyliyə fəxri
adın verilməsi qalıb.
Bir neçə il bundan qabaq Heydər
Əliyevin sərəncamı ilə aktyorun 100 illik yubileyi
böyük təntənə ilə qeyd olunub. Teatr
ictimaiyyətinin bayramı olan həmin gün səhnəyə
aktyorun adını daşıyan 5 yaşlı nəticəsi
- Ağasadıq Gəraybəyli çıxıb. Hamı sevinib ki, böyük aktyorun adını
yaşadan var. Bəs bu körpə uşaq onun sənətini
necə, yaşadacaqmı? Bəlkə zaman gələcək,
bu körpə uşaq böyüyüb yaşa dolduqdan sonra
xatirələrini çözələyib "Səhnəyə
ilk gəlişim ulu babamın 100 illik yubileyi gününə
təsadüf etdi"-deyəcək...
Təranə
Mövqe.- 2009.- 14-16 mart.- S. 13.