"Mən kinosuz yaşaya bilmirəm"
O, kinostudiyanın ən qocaman işçilərindən biri kimi milli kinomuza töhfələrini verənlərdəndir. Ömrünün 50 ilini kinoya həsr edib. İnzibati işlərdən tutmuş aktyorluğa qədər hər yükü daşıyıb. Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. Ancaq təqaüddə olmasına baxmayaraq, hələ də işləmək həvəsindən əl çəkməyib. Kinosuz yaşaya bilməməsi də təbiidir. 80 yaşlı Nəriman Axundov bunu həm də sənətə olan böyük sevgisi ilə əlaqələndirir:
- Bakıda
anadan olsam da, şəkili olmağımla fəxr edirəm. Orada bizim ailəmizi, nəsil-nəcabətimizi hamı
tanıyır. Atam
"bolşevik Qulam"
adı ilə məşhur idi. İndi onun adına Şəkidə küçə var. Atam
"Nuxa fəhləsi"
qəzetinin yaradıcısı
və ilk redaktoru olub. Xalq artisti,
Şərqin ilk opera yazan
qadını, tanınmış
bəstəkar Şəfiqə
xanım da mənim bacımdır. Orta məktəbi bitirib 17 yaşımda - Böyük Vətən müharibəsinin sonlarında
hərbi xidmətə
getmişəm. Bir vətənpərvər kimi
müharibəyə könüllü
yollanmışam. Hərbi
xidmətim Kiyev şəhərinin Vasilkov
əyalətində olub.
4-5 ay qulluq etdikdən
sonra sənədlərimi
yoxladıqda məlum oldu ki, yaşım
hərbi xidmətə
çatmır. Ona görə də məni yenidən hərbi komissarlığa
göndərdilər. 6-7 ay hərbi komissarlığın
sərəncamında olduqdan
sonra məni Moskva ətrafındakı,
Serpuxov şəhərində
2 saylı Aviasiya məktəbinə göndərdilər.
Bu məktəbi bitirdikdən
sonra məni aviatexnik kimi Çita şəhərinə
yolladılar və orada hərbi xidmətdə oldum. Oradan Saratova, sonra isə Bakıya gəldim. Bakıda xidmətim keçmiş Bağırov
körpüsü yaxınlığında
keçdi. Buradakı
təyyarələr ağır
bombardmançı təyyarələr
idi. Mən də aviatexnik kimi qulluq edirdim.
Bir neçə aydan sonra Müdafiə
Nazirliyinin əmri ilə ehtiyata buraxıldım. 1951-ci il idi, bir qədər
aviatexniki klubda işlədim. Sonra Rostov şəhərində mədəni-maarif
məktəbini bitirib
SSRİ-nin müxtəlif
şəhərlərində mədəniyyət sarayları
və evlərinin direktoru vəzifəsində
çalışdım. Ancaq
Azərbaycanla əlaqəmi
kəsmirdim.
Unudulmaz bəstəkarımız
Tofiq Quliyevlə tez-tez məktublaşırdım.
O, mənə öz mahnılarını göndərirdi.
Mən də özfəaliyyət kollektivlərinin
üzvləri ilə məşq edir və Azərbaycan mahnılarını, o cümlədən
Tofiq Quliyevin mahnılarını da orada təbliğ edirdim.
1957-ci ildə
qohumlarımın təkidi
ilə Azərbaycana qayıtdım. Həmin ildə "Azərbaycanfilm"də
adminstrator kimi işə başladım.
Bununla yanaşı, universitetin filologiya fakültəsinə qiyabi
qəbul olundum. Bir neçə aydan sonra kinostudiyanın
direktor müavini, bir-iki aydan sonra
isə kinofilmlərdə
direktor kimi fəaliyyət göstərdim.
Çoxları işimə
qısqanclıqla yanaşırdı.
Cavan bir oğlanın belə bir vəzifədə işləməsi ilə yaşlı film direktorları
barışmaq istəmirdi.
Amma mən işimlə özümü
doğruldurdum. 20-yə qədər
bədii filmin direktoru olmuşam.
- Kinostudiyaya
gəldiyiniz dövrü
necə xatırlayırsınız?
- Kinostudiyanın
ən qaynar çağları idi. İldə bir neçə film çəkilirdi.
Görkəmli rejissorların
hamısı sağ idi. Həsən Seydbəyli, Şamil Mahmudbəyov, Tofiq Tağızadə və başqa rejissorlar çalışırdı. Demək
olar ki, kinostudiyanın əksər
rejissorları ilə işləmişəm. Kinoda
ilk işim "Kölgələr
sürünür" filmində
oldu. Daha sonra "Koroğlu" filmində çalışdım.
Rejissorların hamısı
xətrimi çox istəyirdi. Bircə onu demək kifayət edər ki, Rüstəm İbrahimbəyov kimi sənətkar mənim haqqımda "Çalışqan
adam" filmini çəkib. Bu, film direktorları
haqqında çəkilən
yeganə filmdir. Çəkilişlərin əksəriyyəti
gizli kamera ilə aparılıb. Mənim üçün fəxrdir ki, film Amerikada və dünyanın bir çox ölkələrində
nümayiş etdirilib.
"Çalışqan adam"
filminə görə
Avrasiya teleforumunda
"Qran pri" mükafatına layiq görülmüşəm. Moskvada
isə həmin filmə görə
"Dom Xonjonkova" tərəfindən
qramota almışam.
- Deyəsən,
həmçinin filmlərdə
aktyor kimi də çəkilmisiniz?
- "Çalışqan
adam", "Etimad telefonu", "Dostluq muzeyi", Elxan Qasımovun "Biz qayıdacağıq"
filmlərində, bir neçə özbək filmində və "Mozalan"da çəkilmişəm.
Rüstəm İbrahimbəyov
"Çalışqan adam"ı
çəkəndə xəbərim
yox idi. Ona görə də film çox təbii alınıb.
- Film direktorunun
missiyasını müasir
kinoda prodüserlərin
əvəz etməsinə
necə baxırsınız?
- İndi
hər adam "mən filmin direktoru olmaq istəyirəm" iddiası
ilə çıxış
edir. Amma bu, xüsusi məsuliyyət tələb
edən işdir. Yəni filmin bütün rəhbərliyi,
o cümlədən maliyyə
xərcləri onun əlində cəmləşir.
O, filmin smeta xərclərini müəyyənləşdirir.
Filmin direktoru çəkiliş qrupunun
rəhbəri kimi çalışır. Amma
filmə quruluşçu
rejissor cavabdehdir. Bizim işimiz çox çətindir. Müasir kinoda bu işi icraçı
prodüserlər yerinə
yetirir. Prodüser isə filmə sponsorluq edir, onun prokatını təşkil edir və s.
- İndiyə
qədər neçə
filmdə işləmisiniz?
- 20-yə yaxın
bədii və 90-a yaxın sənədli filmin direktoru olmuşam. 8 il Moskvada kino istehsalı
üzrə təşkilatçı
kimi Azərbaycanı təmsil etmişəm. O zaman "Qoskino"nun (Azərbaycan Dövlət Kinematoqrafiya İttifaqı
üzrə) kino ilə bağlı işlərini yerinə yetirirdim. Keçmiş sovetlər ölkəsində
keçirilən festivallarda
bir çox Azərbaycan filmləri də göstərilirdi. Bir sıra filmlərimiz
bu festivalların mükafatlarına layiq görülüb. Elə bu festivalların çoxunda da təşkilatçı kimi
fəaliyyətim olub.
1963-cü ildə
"Azərbaycanfilm" və
"Özbəkfilm"in birgə
istehsalı olan "Təyyarə enməyib"
filmində direktor vəzifəsində çalışmışam.
1971-ci ildə "Özbəkfilm"
kinostudiyasının rəhbərliyi
tərəfindən ikiseriyalı
"Şirəli və
Aybarçin" musiqili
filmində çəkiliş
qrupunun müdiri vəzifəsinə dəvət
olundum. Bu film üç
respublika - Azərbaycan,
Özbəkistan və
Tacikistan respublikalarının
birgə istehsalı idi. 1979-cu ildə Moskvada keçirilən -
"Sovet kinosunun 60 illiyi" sərgisinə respublikamız tərəfindən
direktor vəzifəsinə
təyin edildim. O zaman sərginin keçirilməsi bəzi
səbəblərə görə
baş tutmaya bilərdi. Kinostudiyanın
müdiriyyəti məni
təcili surətdə
Moskvaya ezam etdi. Böyük çətinliklə üzləşdikdən
və onları dəf etdikdən sonra sərginin baş tutmasına nail oldum. SSRİ respublikaları
arasında bu sərgi ən yaxşılardan biri kimi qeyd edildi.
Bakı şəhər
partiya komitəsi mənə təşəkkür
elan etdi. Sərgi o qədər valehedici idi ki, özbəklər, litvalılar və başqa millətlər bizim sərgini kino lentlərinə həkk edirdilər. Mənim fəaliyyətimə
o zaman ümummilli liderimiz Heydər Əliyev böyük qiymət verdi və mən indi də onun
sərəncamı ilə
verilən mənzildə
yaşayıram.
- 80 illik
yubileyiniz qeyd olundumu?
- Təəssüf
ki, nə uzun illər can qoyduğum kinostudiya, nə də kinoittifaq yubileyimi qeyd eləmədi. Nazirlik məni pulla mükafatlandırdı.
Amma mən materialist yox, moralistəm. Artıq 80-i haqlasam da, özümü bir çox cavanlardan gümrah hiss edirəm. İndi də bir çoxları
işdə onlara kömək etməyimi xahiş edirlər və mən də öz köməyimi əsirgəmirəm.
Yenə də işləmək istəyirəm.
Amma kinostudiyada mənə uyğun bir iş tapılmır
ki, tapılmır. Mən kinosuz yaşaya bilmirəm.
Təranə
Mövqe.- 2009.- 2-4 may.- S. 13.