Ruhu ilə göylərdə olan şair
Bu da ömrün 60 ili. Arxaya dönəndə çətinliklərlə, zəhmətlə dolu bir dünən qalıb. Qürur duyulası, fəxr ediləsi bir dünən. Doğru deyiblər ki, insanın ömür yolu da onunla birgə doğulur. Hər kəs anadan olduğu gündən öz ömür yolunun cığırına düşərək yol gedir. Bu yolun nə uzunluğu, nə də qısalığı Tanrıdan başqa kimsəyə bəlli olmaz. Amma keçilən yolun bütün çətinlikləri, sevinci, kədəri yolçunun yaddaşında yaşayar. Əməkdar İncəsənət xadimi Elman Həbib də Ulu Yaradanın ona qismət etdiyi bir yolla gedir. Artıq ömrünün 60 illik yoluna qədəm qoyub. Bu yolun hər daşı, hər cığırı ona əzizdir. Çünki bu yolda onun əziyyətləri, zəhməti, gecəli-gündüzlü çalışmaları var.
Hələ gəncliyindən qəlbindəki duyğularını sözün işığına tutub Elman Həbib. Hisslərini, sevinc və kədərini pıçıldadığı sözlər şeirlərə çevrilərək qəlblərə köçüb. Sonra bu şeirlərinin toplandığı kitablarla oxucularının görüşünə gəlib.
İlk kitabı 1981-ci ildə "Yazıçı" nəşriyyatı tərəfindən nəşr edilib. Sonrakı illərdə "Duzlu uşaqlar", "Yoluma çıx", "Nar və gilənar", "Ömrümün göy qurşağı", "Hərənin öz işi", "Sevən ömrü", "Sənli, sənsiz günlərim" kitabları dərc olunub. O, bütün əsərlərində novatorluğa can atıb, oxucuya yeni nəsə deməyə çalışıb və buna nail olub.
Oxucularına təqdim etdiyi bu kitablarda insan sevgisi, Vətənə, torpağa məhəbbət, dostluq, sədaqət və s. kimi gözəl hisslər toplanıb. Heç şübhəsiz, şairin həyata baxışının yeni bir mərhələsini əks etdirən bu əsərlər uzun illərin müşahidəsi nəticəsində xalqdan, həyatdan, mütaliə etdiyi kitablardan... damla-damla, zərrə-zərrə, özündən xəbərsiz toplanıb. Qəlbinin, yaddaşının dərinliklərinə hopub qalmış bu hisslər zaman-zaman ruhundan, canından maya tutaraq "doğum" vaxtını gözləyən fikir və düşüncələrə çevrilib və günlərin birində üzə çıxıb.
Elman Həbib duyğusal, kövrək qəlbli, poeziyanın vurğunu olan bir insandır. Sözlərin musiqisi adlandırılan poeziya onun üçün həm də ruhunun ehtiyacı, mənəviyyatının güzgüsüdür. Söz qədrini bilən, onu ucuzlaşmağa qoymayan şairlər kimi bu güzgüdə Elman Həbibin də əksi var. Bu olmasa, yazmaq mümkün deyil. Elman Həbib "Tərcümeyi-halım"da doğulub ölənə qədər diri qalacağını, öləndən sonra yaşayacağını, yaşamağa həvəsi olduğunu, insanları sevdiyini, dünyanın var-dövlətinin gözlərində bir qara qəpik də qiyməti olmadığını, ayaqlarının qoca yerdə, ruhu ilə göylərdə olduğunu yazır".
Heç kəsə sirr deyil ki, oxucu heç kimə söyləmək istəmədiyi duyğularını, sözə çevirə bilmədiyi hisslərini oxuduğu şeirlərdə tapa bilirsə, onları mütləq sevir və dönə-dönə oxuyub əzbərləyir. Şair Elman Həbibin bütün yaradıcılığı bu cür mərhəm, hər dərdbilməzlə bölünməyən duyğulara köklənib. Ona görə də şairin şeirlərini sevənlər çoxdur.
Elman Həbibin yaradıcılığının məhsuldar dövrü 2000-2009-cu illəri əhatə edir. Onu 15-ə yaxın şeirlər kitabı çapdan çıxıb. "Sahilsiz çaylar" dramı Naxçıvan Dövlət Musiqili Dram Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulub. Ümummilli liderimiz Heydər Əliyevə həsr etdiyi "Həqiqət günəşi", "Heydərnamə" şeirlər kitabının əsasında telefilm hazırlanıb. Şairin 100-ə yaxın publisistik yazıları bu və ya digər mətbu orqanlarda dərc olunub. Şair bu kitabların hamısını "hecaya, vəznə, qafiyəyə sığmayan könül duyğuları" adlandırıb.
Yazdıqlarının hamısında öz obrazını görən, qəhrəmanlarının ağrı-acısını, dərd-qəmini ürəyindən keçirən, onları yaşayaraq, duyaraq qələmə alan, kövrəkqəbli, duyğusal bir insandır Elman Həbib. Bu kövrəklik, bu insanpərvərlik onun irili-xırdalı bütün əsərlərində var. Yazdığı hər bir kitab, hətta kiçik bir şeir də mənəvi həyatının, məqsəd və amalının tərcümeyi-halıdır əslində.
Şair sevgi şeirlərində mərddir, sadiqdir, vəfalıdır:
Kimisinə xəyal olur bəlkə də,
Mənim üçün həqiqətdi bu sevgi,
Bəlkə uymaz bu yaşıma nə bilim?!
Bəlkə bir az qəbahətdi bu sevgi
- desə də, öz eşqinə haqq qazandırır. Bu eşq ona nə qədər əzab gətirsə belə saf, təmənnasız məhəbbətin ağrılarına da qürurla çiyin verir. Şairin qəhrəmanı sevgisində dönməzdir, vüqarlıdır:
Demə uymaz bu yaşıma, vaxtıma
Heç bilmədim hardan çıxdı baxtıma.
İndi dönüb müqəddəs paytaxtıma
Elman üçün var-dövlətdi bu sevgi.
Digər bir şeirində:
Leyliyə həsrət qalan
Məcnunam, bir dəliyəm.
Çoxunun gözlərində
bəlkə də gülməliyəm,
neyləsək bu dünyada bir əvvəli,
bir sonu var
bir gün doğulan mənəm,
bir gün də ölməliyəm,
baş əymərəm sevgidən başqa
heç nəyə bilin
Mübarizlik, cəsarət, istək və niyyətlərinə çatmaq yolunda dönmədən qarşılamaq arzusu insan üçün birinci olmalıdır, o, ümidini heç vaxt itirməməlidir - Elman Həbib bunları diktə edir oxucusuna.
Heç şübhəsiz, hər sənətkarın ən qiymətli xüsusiyyətlərindən biri onun səmimiliyidir. Elman Həbib üçün də səmimiyyət hər şeydən üstündür, önəmlidir. E.Həbib sevgi şeirlərində nə qədər kövrəkdirsə, vətənpərvərlik mövzusunda qələmə aldığı şeirlərində o qədər mübarizdir, o qədər cəsarətlidir, o qədər vüqarlıdır. Onun üçün Vətən sevgisi, Vətən məhəbbəti sevginin ən ucasıdır, zirvəsidir. Onun üçün Vətən müqəddəs anlayışdır.
Bu Vətəni əziz bildim,
əziz bildim canımdan.
Bir canım yox, min canım da
qurban olsun Vətənə.
Şairin Vətəninə, torpağına hürriyyət arzusu böyükdür. Vətənimizin başına gələn fəlakətləri yanğı ilə qələmə alan Elman Həbib mütləq o müqəddəs qələbənin qazanılacağı günə inanır və inandırır. Ən əsası isə o, qələbəyə səsləyir.
Elman Həbib, bu vətənin
vətəndaşı kimdi, kim?
Hər birimiz səngər üçün
doğulmuşuq axı biz.
Hər bir oğul səngərimdi,
hər bir oğul əsgərim,
Özümüzə yağı bizik, düşmənə
gözdağı bizik.
Başqa bir şeirində isə:
O səngəri ön cəbhəyə çəkməli
Koroğluya dönməlidir hər dəli.
Vətən oğlu, düşmən üstə irəli
Düşmənlə sülh dostla vuruş deməkdir
- deyə yazaraq insanlarda qələbəyə, qaçqın və köçkünlərimizin doğma yurd yerlərinə qayıdacaqlarına inam hissi aşılayıb.
"Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən" - E.Həbibin yaradıcılığı məhz bu fikirləri aşılayır oxucuya. Bütövlükdə isə onun yaradıcılığı sabahkı daha məzmunlu, daha gözəl əsərlərdən, daha böyük oxucu sevgisindən soraq verir.
Andına, eşqinə, bəslədim elin,
Xalq varsa, mən varam, xalqsız heç nəyəm.
Arxam da, gücüm də, güvəncim elin,
Haqqım çatmayırsa, haqsız heç nəyəm.
Lirika Elman Həbibin bütün kitablarında əsas xətti təşkil edir. Şairin lirik qəhrəmanları oxucuya çox yaxın, doğma, tanışdır. Lap elə ürəklərə yatıb, könüllərdə yer alan insanlar qədər. Çünki bu qəhrəmanlar birbaşa həyatdan gəlir, həyatın sevincli-kədərli, fərəhli, ağrılı anları köçüb bu şeirlərə. Bu obrazların keçirdiyi hiss və həyəcanları inanmıram, kimsə yaşamamış olsun. Eynən həyatın özü var Elman Həbibin şeirlərində. Üstəlik, müəllif yazdıqlarını ürəkdən, qəlbinin süzgəcindən keçirərək qələmə alır.
Elman Həbibin şeirləri fəlsəfi məzmunlu, insan ruhuna, insan mənəviyyatına sirayət edəndir. Bu şeirlər oxucuya mütləq yeni nəsə deyir. Ümumiyyətlə, insanpərvərlik, humanist duyğular şairin bütün əsərlərinin mayasını təşkil edir. Ona görə şeir şair düşüncəsinin, duyğusunun nəbzidir. Nəbzin döyüntülərindən ürəyin fəaliyyətinin səviyyəsini dərk etmək mümkün olduğu kimi şairin şeirindən də onun iç dünyasını dərk etmək çətin deyil" söyləyən şairdə oxucularını sabaha inandırmaq istəyi də çox güclüdür. "- deyən şair oxucularına həyatın şirinliyini təlqin edirsə, digər bir şeirində"- deyə sevginin əbədiliyindən danışır.
Bütövlükdə Elman Həbibin bugünkü yaradıcılığı sabahkı daha məzmunlu, daha gözəl əsərlərdən, daha böyük oxucu sevgisindən xəbər verir. Bu əsərlərin və sevginin yaranmasına isə şübhə yoxdur. Çünki poeziyanın beşiyi olan bir torpaqda yaşayır və hər şeydən əzəl olan sözün qiymətini çox yaxşı bilir.
Təranə
Mövqe.- 2009.- 23-25 may.- S. 4.