Şərqin ilk demokratik cümhuriyyəti

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının doxsan bir ili tamam olur

 

Birinci yazı

 

On doqquzuncu əsrin sonu, iyirminci əsrin əvvəlləri Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin mühüm dövrlərindən biridir. İslahatlardan sonrakı çar Rusiyasında baş verən əsaslı ictimai-siyasi və iqtisadi dəyişikliklər məcrasında Azərbaycanda əmələ gəlmiş sahibkarların görkəmli nümayəndələri , onların ideoloqları və ziyalılar bütün imkanlardan istifadə edərək xalqın milli mənlik şüurunun oyanması, maariflənməsi, siyasi mədəniyyət səviyyəsinin yüksəlməsi, vətəndaşlıq hüquqlarından tam həcmdə istifadə etməsi üçün mübarizəyə rəhbərlik ediblər. Hər cür çətinliklər, məhdudiyyətlər şəraitində deputat seçilmiş Azərbaycan nümayəndələri Rusiyanın ali qanunvericilik orqanı olan Dövlət Dumasının tribunasından xalqımızın haqq səsini bütün imperiyaya çatdırırdılar. Azərbaycan xalqı özünün çoxəsrlik azadlıq mübarizəsinin məntiqi nəticəsi kimi yalnız iyirminci yüzilliyin sonlarında dövlət müstəqilliyinə nail oldu. Məhz buna görə də xalqımızın suverenlik yolu ilə inamla addımladığı indiki zamanda ötən əsrin əvvəllərindən canlamağa başlamış milli azadlıq hərəkatının, müstəqilliyimizə aparan yolların tarixi təcrübəsinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.

Yuxarıda qeyd etdiyimiz kimi, iyirminci əsrin əvvəllərində Rusiyada baş vermiş sosial toqquşmalar cəmiyyətdə siyasi qüvvələrin bir-birindən aralanması prosesini sürətləndirdi, bütün ictimai qüvvələri hərəkətə gətirdi. Rus-yapon müharibəsində çarizmin məğlubiyyəti, 1905-ci ildə xalq kütlələrinin genişmiqyaslı çıxışları, cəmiyyətin sosial cəhətdən yuxarı təbəqələrində müxalifət əhval-ruhiyyəsinin artması sübut edirdi ki, mütləqiyyət rejiminin əvvəlki "xalis" şəkildə mövcudluğu artıq mümkün deyil. Bu zaman imperiyanın milli ucqarlarında, o cümlədən də Azərbaycanda azadlıq hərəkatı genişlənirdi. Hüquqsuzluq şəraiti yaratmış, hər cür azadfikirlilik və milli dirçəliş təzahürlərinə görə amansız təqiblər həyata keçirən çarizmin müstəmləkə siyasəti Azərbaycandakı böhranı dərinləşdirirdi. Azərbaycanın milli-azadlıq hərəkatının liderləri müstəmləkə əsarətinə qarşı çıxaraq milli bərabərsizliyin ləğvinə, Qafqazda federativ quruluşa çağırır, eyni zamanda hər bir regiona özünüidarəetmə hüququ verilməsi ideyasını müdafiə edirdilər. Onlar mədəni - maarif sahəsində müstəqillik tələb edir, ana dilinin sərbəst inkişafı, ana dilində təlim keçmək hüququ uğrunda mübarizə aparırdılar.

Çarizmin müstəmləkə siyasəti, Azərbaycan ziyalılarının məruz qaldıqları iqtisadi və siyasi məhdudiyyətlər onlarda müxalifət əhval-ruhiyyəsinin güclənməsi və ziyalıların öz millətindən olan zəhmətkeşlərlə birləşməsi üçün zəmin yaradırdı. Azərbaycan sahibkarları, onların ideoloqları çar mütləqiyyətinin vəd etdiyi islahatlar yolu ilə öz tələblərinin yerinə yetirilməsinə nail olmaq niyyətində idilər. Öz mənafelərinin qorunmasında siyasi cəhətdən formalaşmamış Azərbaycan sahibkarları on doqquzuncu əsrin axırlarında - iyirminci əsrin əvvəllərinin ilk illərində petisiyalar və ərizələr tərtib edib verməklə silk hüquqlarına, rus sahibkarları və mülkədarları ilə bərabər hüquqlara nail olmağa çalışırdılar.

Azərbaycan sahibkarlarının sosial proseslərin kəskinləşməsi dövründə formalaşmış siyasi əqidəsi siyasi partiyaların və təşkilatların proqram sənədlərində, 1917-ci ilin oktyabr inqilabından əvvəlki bütün dövr ərzində onların nümayəndələrinin və ideoloqlarının çıxışlarında öz əksini tapmış və Rusiyanın Dövlət Dumasında Azərbaycan deputatlarının fəaliyyətində xüsusilə açıq şəkildə nümayiş olunmuşdur. Azərbaycan deputatları çoxsaylı qanun layihələrinin, sorğuların hazırlanmasında və tərtibində, Dumada və onun komissiyalarında qaldırılan məsələlərin müzakirəsində iştirak edərək Rusiyada parlamentarizmin yaranmasına və inkişafına öz töhfələrini verirdilər.

Azadlıq hərəkatının böyük yüksəliş dövrü Azərbaycan xalqına istedadlı, yüksək peşəkar ictimai-siyasi xadimlərin parlaq bir dəstəsini bəxş etdi. Onların həyat amalı millətin mənafeyini, azadlığını və müstəqilliyini müdafiə etmək idi. Amansız siyasi və iqtisadi hüquqsuzluq şəraitində Rusiyanın ali nümayəndəli orqanının yüksək tribunasından ilk dəfə olaraq çıxış edib öz sözünü demək imkanı qazanmış Azərbaycan ideoloqları öz xalqının ehtiyac və ümidlərini ardıcıl surətdə və məqsədyönlü şəkildə imperiyanın hər bir sakininə çatdırmağa çalışırdılar. Bəzən hətta şəxsiyyəti alçaltma və təhqir forması alan heç bir əngəl, heç bir maneə onların qarşısını kəsə, onları tutduqları yoldan çəkindirə bilmirdi. Rusiyanın Dövlət Dumasındakı fəaliyyət prosesində Azərbaycan deputatlarının topladıqları təcrübə gələcəkdə onlara cəmiyyətin bütün mütərəqqi qüvvələrinin səylərini birləşdirərək Azərbaycan Xalq Cümhuriyyətini yaratmağa, milli hökumətin rəhbər orqanlarına başçılıq etməyə və müstəqil dövlətçiliyin yaradılmasına imkan verdi.

Yuxarıda qeyd etdiyimiz kimi, 1917-ci ilin fevral burjua-demokratik inqilabı nəticəsində çarizmin 300 illik hökmranlığına son qoyuldu. Bu hadisə Rusiya ərazisində yaşayan xalqların azadlıq hərəkatlarını daha da gücləndirdi. Zaqafqaziyada, o cümlədən Azərbaycanda da milli-demokratik hərəkat geniş vüsət aldı. Təbii ki, bu prosesdə milli burjuaziya, xalq ziyalıları fəal iştirak edirdilər. Həmin il noyabrın 22-də Sovet hökuməti "Rusiyanın və Şərqin bütün müsəlman əhalisinə" adlı müraciətində müsəlman zəhmətkeşlərinin hüquqlarını elan etdi. Həmin müraciətdə qeyd edilirdi ki, "bu gündən etibarən sizin adət və ənənələriniz, milli və mədəni müəssisələriniz azad və toxunulmaz elan edilir. Özünüz milli həyatınızı sərbəst və toxunulmaz şəkildə qurun. Buna sizin haqqınız var". Azərbaycan xalqının milli mənlik şüurunun oyandığı, keçmiş milli-müstəmləkəçilik əsarətinin bütün təzahürlərinə son qoymağa çalışdığı bir şəraitdə müstəqil Azərbaycan Respublikası elan etmək tələb olunurdu. Bu, uzun illər boyunca öz milli dövlətini yaratmaq arzusunda olan Azərbaycan xalqının istəyinə uyğun idi.

1918-ci ilin əvvəllərində Azərbaycanda müstəqil milli dövlət quruluşu yaratmaq hərəkatı geniş vüsət almışdı və onu həyata keçirmək üçün başlıca demokratik qüvvələr, partiyalar və qruplar geniş fəaliyyət göstərirdilər. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ondan əvvəl yaranan Zaqafqaziya miqyaslı demokratik dövlət quruculuğu ilə çox bağlı idi. Bu ərəfədə Azərbaycanda yeni hakimiyyət uğrunda mübarizə oktyabr çevrilişindən sonra iki istiqamətdə gedirdi. Yeni siyasi şəraitdə, tarixi dönüş dövründə çox şey Azərbaycan xalqının milli azadlıq hərəkatına hansı siyasi qüvvələrin rəhbərlik edəcəyindən və istiqamət verəcəyindən asılı idi. Azərbaycana muxtariyyət, müstəqillik verilməsi tələbini irəli sürən partiya Müsavat partiyası oldu. Bolşeviklər bu partiyanın proqram və tələbinə qarşı heç bir konkret alternativ proqram və şüar irəli sürə bilmədilər. Bununla da onlar Azərbaycanın milli-demokratik, müstəqillik əhval-ruhiyyəsi ərəfəsində öz nüfuzlarını itirdilər. 1918-ci il aprelin 9-da Azərbaycan fraksiyasının təzyiqi altında Zaqafqaziya Seymi istefa verdi.

1918-1920-ci illər Azərbaycan adlı bir məmləkətin tarixinin maraqlı, eyni zamanda mürəkkəb və ziddiyyətli dövrlərindən birini əhatə edir. Təbii ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini elan etməsi Azərbaycan xalqının tarixində və taleyində çox böyük bir hadisə idi. 1918-ci ilin may ayında Zaqafqaziya Seymi dağılanda Azərbaycan, Gürcüstan və Ermənistan hər biri ayrıca dövlət oldu. May ayının 28-də Tiflis şəhərində Azərbaycan Demokratik Cümhuriyyətinin yarandığı elan edildi. Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı isə müvəqqəti olaraq Gəncə şəhəri seçildi. May ayının 30-da Nazirlər Şurasının sədri Fətəlixan Xoyski dünyanın siyasi mərkəzlərinə radioqramlar ünvanladı: "... Mənim hökumətimin müvəqqəti məskəni Yelizavetpol şəhəridir".

1918-ci il iyunun 16-da yeni hökumət Gəncəyə köçdü. Yeni hökumətin burada qərar tutması ilə qədim Gəncənin 1804-cü ildən Yelizavetpol olmuş tarixi adı özünə qaytarıldı. Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq ömrünün düz üç ayı Gəncə ilə bağlıdır.

1918-ci ilin may ayının 28-də İstiqlal bəyannaməsi ilə Şərqdə ilk dəfə olaraq Azərbaycan Milli Şurası müstəqil Azərbaycan Demokratik Cümhuriyyətinin yarandığını dünyaya bəyan etdi. İstiqlal bəyannaməsinin sonuncu maddəsinə əsasən, Müəssislər Məclisi çağırılana qədər, bütün Azərbaycanın idarəsi başında Milli Şuranın durduğu, müvəqqəti hökumətin onun qarşısında məsuliyyət daşıdığı göstərilirdi.

Azərbaycan Milli Şurası və Fətəlixan Xoyskinin rəhbərlik etdiyi müvəqqəti hökumətin Gəncəyə köçməsi ilə ölkədəki siyasi qüvvələr arasında mübarizə qızışdı. Millətin fiziki varlığını qorumaq və milli hökumətin bütün Azərbaycan ərazisində hakimiyyətini bərqərar etmək üçün çağırılmış Türkiyə hərbi hissələrindən müxtəlif cərəyanlar öz xeyirlərinə istifadə etməyə çalışırdılar. Bəziləri ziyalıları Osmanlı qoşun hissələrinin Azərbaycana çağırılmasına mane olmaqda ittiham edirdilər. Türkiyə hissələrinin komandanı Nuru paşa ondan öz məqsədləri üçün istifadə etməsinə etiraz edib, yalnız əsgər olduğunu və siyasətə qarışmayacağını bildirmişdi. Nuru paşanın siyasi müşaviri Əhməd bəy Ağaoğlunun fəal iştirakı ilə bütün hakimiyyətin Fətəlixan Xoyski hökumətinin əlində cəmləşməsi haqqında kompromis qərar qəbul edildi. 1918-ci ilin 17 iyun tarixli qərarı ilə Azərbaycan Milli Şurası özünü buraxılmış elan etdi. Bununla belə qərara alındı ki, lazımi hazırlıq işləri aparılandan sonra Azərbaycan Müəssislər Məclisinə 6 ay müddətində seçkilər keçiriləcək. Sentyabrın 14-də hökumətin qərarı ilə Müəssislər Məclisində seçkilər üzrə Nazirlər Şurasının sədri, daxili işlər naziri və xalq maarif nazirlərinə komissiya yaratmaq tapşırıldı. Lakin noyabr ayında Azərbaycanın beynəlxalq vəziyyəti yenidən kəskin şəkildə dəyişdi. Mudros barışıq müqaviləsinə əsasən müharibədə məğlub olmuş Mudros qoşunları Azərbaycandan getməli, Bakını Antanta adından ingilislər işğal etməli idilər. Öz tabeliyində az-çox dərəcədə qoşun hissələri olmayan Azərbaycan hökuməti və yenidən toplanmış Azərbaycan Milli Şurası istiqlal prinsipindən geri çəkilməmək şərti ilə Bakıya gələcək ingilis generalı Tomsonla dil tapmaq siyasəti yeritmək məcburiyyətində qaldı. Denikin Rusiyasının müttəfiqi kimi ingilis generalı nəinki Azərbaycanın istiqlalı prinsipini qəbul etmir, hətta "Azərbaycan xalqının ümumi səsverməsinə əsaslanan respublikanın yoxluğunu və onun türk komandanlığının intiriqası ilə yaranmış bir hökumət olduğunu" iddia edirdi.

  

 

A.Sultanova

 

Mövqe.- 2009.- 23-25 may.- S. 4.