Bu gün
dünyada yaşayan bütün türklər Mustafa Kamal Paşa
Atatürkü anır
On noyabr Türkiyə Cümhuriyyətinin
qurucusunun anım günüdür
1923-cü
il oktyabrın 29 -da qurulan Türkiyə Cümhuriyyətinin memarı Mustafa
Kamal Paşa Atatürk tarixin türk xalqına bir ərməğanıdır. İllərcə
sürən müharibədən sonra uçurumun kənarında olan bir ölkəyə,
olum, yoxsa ölümlə qalım dilemması qarşısında duran bir millətə
yenidən həyat verib. Atatürkün gerçəkləşdirdiyi islahatlar
Türkiyə Cümhuriyyətini çağdaş səviyyəyə
uyğunlaşdıraraq, bütün məzlum millətlər tərəfindən
izlənən bir model halına gətirdi. Bununla Atatürk çətin
durumda olan üçüncü dünya ölkələrinə də qurtuluş yolunu
göstərmiş oldu.
Türkiyə
Atatürkün liderliyi ilə Birinci Dünya müharibəsindən məğlub
çıxan ölkələr arasında özünə imzalatmaq istənilən
anlaşmanı qəbul etməyərək, mücadilə verən və
şərəfini qoruyan bir anlaşma imzalayan yeganə ölkə oldu. Səksən
altı ildir, bütün Türkiyə qurtuluş savaşını qələbə ilə
başa vuranlara və Cümhuriyyəti quran əcdadlarına, böyük öndər,
əvəzolunmaz sərkərdə Mustafa Kamal Paşa Atatürkə
şükranlıqlarını ifadə edir və onların yüksək mənəviyyatları
qarşısında baş əyir...
On
doqquzuncu əsr Osmanlı dövlətinin ən çətin, ən mürəkkəb
dövrü kimi xarakterizə olunur. Türklərə qarşı rus, fransız,
ingilis birliyi bütün Osmanlı dövlətini sarsıtmaq planları barədə
düşünürdü. Həmin birlik Avropada üsyan etmək üçün məqam gözləyən
xalqlara dəstək verməklə gözlənilən hadisələrin
vaxtını sürətləndirir və miqyasını genişləndirirdi. Eyni
zamanda ərəb ölkələrində də üsyanlar müşahidə
edilməkdə idi. 1839-cu ildə Türkiyədə Təzminat
islahatı və 1856-cı ildə İslahat fərmanı elan edilir. Bu
islahatların müəyyən maddələrinə görə Osmanlı
imperiyası xristian əhaliyə bir sıra güzəştlərə gedir,
onların müsəlmanlar kimi dövlətin siyasi həyatında iştirakını təmin
edir, vəzifə tutmaq hüquqlarını bərpa edir.
1869-cu
ildə Süveyş kanalı açılır. Avropa dövlətlərinin Şərqdəki
maraqlarının reallaşması yollarında mühüm addımlardan biri atılır. 1876-cı ildə
Əbdülhəmid taxta çıxır və ilk Osmanlı Konstitusiyasını elan
edir. Bu dövrdə Balkan xalqları kütləvi üsyanlar edirlər.
Osmanlı dövləti qarşılaşdığı real vəziyyətlə barışmasa da,
vəziyyətdən çıxa bilmir. Bir faktı da qeyd edək ki, Osmanlı
dövləti 1912-ci ildə Balkan müharibəsində 159 rayonu əhatə
edən 33 vilayəti itirir. Osmanlı dövləti öz tarixinin böhranlı
dövrünə qədəm qoyur. Bütün ömrünü Türkiyəyə həsr
edən, millətinin taleyini dəyişdirən Mustafa Kamal Atatürk
1881-ci ildə o zaman Osmanlı imperatorluğunun tərkibində olan
Balkanlardakı Rumeli vilayətində, Selanik şəhərinin -
indiki Yunanıstanın Saloniki şəhərinin Qocaqasım məhəlləsində
anadan olub. Onun dünyaya gəldiyi və uşaqlıq illərini keçirdiyi
ev hazırda Atatürkün xatirə muzeyidir. Saloniki bələdiyyəsi
hələ Atatürkün sağlığında Apostol Pavel küçəsi, 75 ünvanında
yerləşən bu evin muzeyə çevrilməsi barədə qərar
qəbul etmişdi.
Anası
Zübeydə xanımın xatırladığına görə, oğlu Mustafa qış vaxtı, təxminən
yanvarın dördündə dünyaya gəlib. Lakin bu barədə heç bir rəsmi
sənəd yoxdur. Atatürkün ata-anasının vaxtilə Anadoludan Rumelinə
köçmüş qızıl-oğuz türkmənləri soyundan olduğu bildirilir. Atası Əli
Rza Əfəndi və anası Zübeydə xanım 1876-cı ildə ailə
qurublar. Atası Selanik şəhərinin gömrük idarəsində kiçik məmur
olub. Mustafadan başqa ailədə daha beş uşaq - üç qız, iki oğlan
dünyaya gəlsə də, onlar kiçik yaşlarında vəfat ediblər.
Atatürkün yalnız Məklubə adlı bir bacısı qalıb. Mustafa məktəb
yaşına çatanda anası onun dini təmayüllü məktəbdə təhsil
almasını, atası isə müasir təhsil verən ibtidai məktəbə
getməsini istəyir. Atasının istədiyi kimi olur və Mustafa
1887-ci ildə Selanikdəki Şəmsi Əfəndi ibtidai məktəbinə
gedir. 1890-cı ildə atasının vəfatından sonra o, məktəbdən
ayrılmalı olur. Bir müddət təhsildən kənarda qalan Mustafa
hərbçi olmaq arzusuna düşür. Anasının etirazına rəğmən Selanik hərbi
təmayüllü məktəbinə imtahan verir və oraya qəbul
olunur. Hərbi məktəbdə onun ilk dünyagörüşü formalaşır.
Riyaziyyat müəllimi Mustafa Səbri onun zəkalı bir yeniyetmə
olduğunu görərək, bir dəfə yarızarafatla ona "Gəl,
sənin adının yanına bir də Kamal adını qoyaq ki, bizim adlarımızı
bir-biri ilə səhv salmasınlar" - deyir. Mustafa da razılaşır və
o, Mustafa Kamal olur.
1898-ci
ildə Mustafa Kamal Selanikdəki məktəbi bitirir və
İstanbul hərbi məktəbinə daxil olur. Burada hərbi
biliklərə dərindən yiyələnir, siyasi dünyagörüşü
formalaşır. 1902-ci ildə hərbi məktəbi leytnant rütbəsi
ilə uğurla başa vurur. Sonra hərbi təhsilini İstanbul Hərbi
Akademiyasında davam etdirir. 1905-ci ilin fevralında tam hərbi təhsilini
başa vuraraq ilk hərbi təyinatını alır, imperatorluğun cənubuna
- Suriyanın paytaxtı Dəməşqə göndərilir. Buradakı xidməti
dövründə o, Osmanlının ağır durumunu bir daha dərk edir.
İmperatorluğun bir çox müstəmləkələrində olduğu kimi,
burada da dövlət məmurları arasında rüşvətxorluq, dövləti
işlərə laqeydlik baş alıb gedirdi. Nəhəng imperatorluğun
belə bir vəziyyətdə idarə olunması onun şüurunda acı
izlər buraxır.
1914-cü
ildə Birinci Dünya müharibəsi başlayır. O dövrü araşdıran tarixçilər
Türkiyənin həmin illərdə düşdüyü vəziyyəti
"xəstə adamla" müqayisə edirdilər. Türkiyə
Almaniya ilə ittifaqa girsə də, müharibədə məğlub
olur. Qeyd etmək lazımdır ki, bilavasitə ordu rəhbərliyində
təmsil olunmayan Mustafa Kamal da Osmanlının dünya savaşına Almaniya ilə
yanaşı girməsinə mənfi baxırdı. Eyni zamanda o görürdü ki,
Osmanlı ordusunun rəhbərliyində yer alan alman məsləhətçiləri
də bütövlükdə bu dövləti məhvə təhrik edirlər.
İngilis və fransız birliyi qüvvələri İstanbulu işğal edirlər.
Türk xalqı öz tarixində ən ağır, ən çətin günlərini
yaşayırdı. Hətta dünya xəritəsindən silinmək kimi bir
təhlükə ilə üzləşmişdi.
Tarixçilərin
də gəldiyi nəticə ondan ibarətdir ki, Çanaqqala,
Sakariya və "Baş Kommutan" savaşlarından sonra Türkiyə
tarixə öz damğasını vurdu. Atatürkün inqilabi ruhu, inqilabi iradəsi
bütün bu müharibələrdə hər şeydən ucada dayanırdı.
1915-ci ilin yazında Çanaqqala döyüşlərinin ilk mərhələsində
mayor Mustafa Kamalın 19-cu diviziyası misilsiz qəhrəmanlıq göstərir
və ona polkovnik rütbəsi verilir. 1916-cı ildə Çanaqqala zəfərinin
ardından onu Diyarbəkirdəki ordu komandanlığına, Rusiya ilə
savaş cəbhəsinə göndərirlər. Mustafa Kamal hələ yolda ikən ona general - paşa rütbəsinin verildiyini eşidir. Bütün ümidlər Allaha,
bir də Mustafa Kamal Paşaya bağlanmışdı.
O, İzmir işğal olunan gün gəmi
ilə İstanbuldan Samsuna yola düşür.
1919-cu ilin 19 mayında
Samsuna çatır və gizli fəaliyyətə
başlayır.
1919-cu
ilin 19 mayı həm də tarixi milli mübarizənin böyük və əvəzedilməz
yolçuluğunun başlanğıcı idi. "Hansı gündə anadan olmusunuz?" - sualına
Mustafa Kamal "19 mayda"
cavabını vermişdi. Türkiyədə milli azadlıq hərəkatının başlandığı günü Mustafa Kamal təsadüfən öz doğum günü kimi
seçməmişdi. Əslində onun doğulduğu gün dəqiq bəlli deyil. "19 may" cavabını verməklə o, Mustafanın deyil, Atatürkün doğum gününü nəzərdə
tutmuşdu. Türkiyənin "olum və ölüm"
dilemması ilə üzləşdiyi bir zamanda Allahın türk xalqına xilaskar
kimi göndərdiyi Atatürk məhz 19 mayda doğuldu.
1921-ci
ilin 23 avqustunda yunan ordusu ilə türk ordusu arasında "Sakariya
meydan müharibəsi" başlayır. Türk mövqelərinin bir çox yerlərdə yarılmasına baxmayaraq, hər qarış torpaq inadla müdafiə
edilir, itirilən hər bir xəttin
arxasında yeni bir müdafiə xətti təşkil olunur, bu yolla
düşmənin irəliləməsinə
imkan verilmirdi. "Sakariya meydan müharibəsi" adını alan böyük
və qanlı müharibə 22 gün 22 gecə davam etdi və nəhayət
ki, türk qoşunları 1921-ci ilin 13 sentyabrında onları Sakariya çayının şərqində tamamilə məhv edərək böyük bir zəfər
qazandı. Bu önəmli
və böyük uğurla əlaqədar 1921-ci
ilin 19 sentyabrında Türkiyə Böyük Millət Məclisi tərəfindən baş komandan Mustafa Kamal Paşaya qanunla "Qazi" adı verildi. Sakariya zəfərinin nəticələri
siyasi sahədə də özünü göstərdi.
1921-ci ilin 13 oktyabrında
Qafqaz respublikaları ilə Qars müqaviləsi,
bunun ardınca elə həmin ildə
"Baş
Kommutan" savaşı da Türkiyənin tarixində və taleyində
çox mühüm rol oynadı. 1922-ci ilin 11 oktyabrında Antanta dövlətləri ilə imzalanan Mudaniya müqaviləsi ilə sülh şəraitinə keçildi, türk və
yunan qüvvələri arasında savaşa son qoyuldu. Həmin ilin 1 noyabrında
Türkiyə Böyük Millət Məclisinin qərarı ilə səltənət və xilafət bir-birindən ayrıldı və səltənət ləğv
edildi.
Artıq növbə sülh haqqında görüşlərə gəlmişdi. Lozan sülh konfransı
20 noyabr 1922-ci ildə
başladı. Aylarla davam edən,
bəzən çox çətinləşən bu görüşlərdə Türkiyə
Böyük Millət Məclisi hökumətini - Mudaniya görüşlərində olduğu kimi İsmət
paşa təmsil edirdi. Nəhayət, 1923-cü ilin 24 iyulunda
müqavilə imzalandı.
Bu müqavilə ilə yeni Türkiyə
dövlətinin istiqlaliyyəti
bütün dünya tərəfindən təsdiq
edilir, dövlətin milli sərhədləri müəyyənləşdirilir, iqtisadi
sahədə Osmanlı dövlətindən qalma köhnə nöqsanlar təmizlənərək, kapitulyasiya
rejimi ləğv edilirdi. 1923-cü ilin 29 oktyabrında Türkiyə Cümhuriyyəti elan olundu.
"Mən
türk üfüqlərindən bir gün mütləq bir Günəş doğacağına o qədər
əmin idim ki, bunu, adəta, gözlərimlə görürdüm" - söyləyən
Qazi Mustafa Kamal Atatürkün qurduğu qüdrətli Türkiyə Cümhuriyyəti,
düz, 84 ildir ki, ayaqdadır. 1934-cü ildə
Türkiyə Böyük Millət Məclisinin xüsusi qərarı ilə Qazi Mustafa Kamal Paşaya rəsmən
"Atatürk" soyadı verildi. Ümummilli lider Heydər
Əliyev Türkiyə Cümhuriyyətinin qurulmasını iyirminci əsrin ən böyük tarixi
hadisələrindən biri
adlandırmışdı. Türkiyə Cümhuriyyəti
iki qitənin - Asiya ilə Avropanın qovuşduğu nöqtədə, fərqli mədəniyyətlərin bir
araya gəldiyi ərazidə yerləşir.
Bu, Türkiyəyə bir zənginlik gətirir. Türkiyə Avropa ölkəsi
olmaqla bərabər, Qafqaz, Qara dəniz
hövzəsi, Balkan, Aralıq
dənizi və Yaxın Şərq ölkəsidir.
Bu
özəllik Türkiyənin çoxistiqamətli xarici siyasət aparmasını
da zəruri edir. Bütün ölkələrlə dostluq əlaqələri qurmaq,
regional və beynəlxalq
işbirliyində iştirak etmək, problemlərin sülh yolu ilə
çözülməsinə tərəfdar
olmaq Türkiyə xarici siyasətinin ən önəmli istiqamətidir. Atatürkün qurduğu Türkiyə
Cümhuriyyətində respublikaçılıq,
millətçilik, xalqçılıq,
dövlətçilik, dünyəvilik
və inqilabçılıq Türkiyə siyasətinin əsas prinsipləri kimi qəbul edilmişdi. 1938-ci ilin 10 noyabrında türk xalqının böyük
oğlu Mustafa Kamal Paşa Atatürk Dolmabağça
sarayında dünyasını dəyişdi. Sadəcə, dünyasını dəyişdi.
Ən azı, ona görə
ki, əməlləri,
bütün varlığı, həyatı ilə əbədi yaşamaq, ölümsüzlük haqqı qazandı.
Ağanisə Sultanova
Mövqe.- 2009.- 10-11 noyabr.-S. 4.