"Mən filmlərimi hissiyyatla çəkmişəm"

 

Deyir ki, azad adamdır. Həm həyatda, həm də peşəsində. Heç bir partiyanın, qurumun üzvü deyil. Hətta Kinematoqrafçılar İttifaqına da bağlılığı yoxdur. Onun fikrincə, kinoda ən yaxşı sözü də müstəqil fikir sahibləri deyir. Tanınmış kinorejissor Ziya Şıxlinski "Dairə", "Artilleriyanın allahı sayılırdı", "Bir həsrət nəğməsi", "Şopenin qayıtması", "Ayrılan yollar", "Səkkiz dəqiqə yarımlıq düşüncə" və b. sənədli filmlərində müstəqilliyə və azad düşüncəyə imza atıb.

- Siz sənədli filmlər rejissoru kimi tanınırsınız. Bir peşəkar kimi sənədli film sahəsindəki vəziyyəti necə qiymətləndirirsiniz?

- Azərbaycan kinosunun ümumi vəziyyəti necədirsə, sənədli film sahəsində də vəziyyət o cürdür. Təəssüf ki, peşəkarlar çox vaxt işləmir. Bizdə elə adlı-sanlı peşəkar rejissorlar var ki, onlar nə çəkiblərsə vaxtilə çəkiblər. İndisə istər bədii filmdə, istərsə də sənədli filmdə işləmirlər. Çünki artıq onların deməyə sözləri yoxdur. Dünyanın məşhur rejissorlarından olan Federiko Fellini 80-ci illərin sonlarında dedi ki, mənim tamaşaçım ölüb. Bizdə də elə yaşlı adamlar var ki, onların dünyagörüşü çox primitivdir. Elələri də var ki, onların, ümumiyyətlə, kinodan xəbərləri yoxdur - nə institut qurtarıblar, nə də diplomları var. İncəsənət İnstitutu peşəkar verə bilməz. Əvvəllər institutu qurtarıb gələnlər rejissor assisenti, rejissor köməkçisi və ya ikinci rejissor işləyirdilər. İndikilərsə bu məktəbi keçmək istəmirlər. Onlar birbaşa çəkmək istəyirlər. Ancaq onu da demək lazımdır ki, xüsusən sənədli film sahəsində müəyyən filmlər var ki, onların yaradıcıları İncəsənət İnstitutunu bitiriblər. Həmin filmlər festivallarda müəyyən uğurlar da qazanır.

- Yaşlı nəsil rejissorlar adətən film çəkə bilməmələrini maliyyə problemi ilə bağlayırlar. Digər tərəfdən, öz yerlərini cavan nəslə asanlıqla vermək istəmirlər.

- Bu, çox pisdir. Başda Anar olmaqla digər yazıçıların hamısı yaddan çıxarırlar ki, vaxtilə özləri də bu sözü deyiblər. Anar artıq çoxdan heç nə deyə bilmir. Məsələn, onun ssenarisi əsasında Hüseyn Cavid haqqında çəkilən "Cavid ömrü" filmi biabırçılıqdır. Bir peşəkar kimi deyirəm ki, həm ssenari, həm rejissor işi, həm də aktyor heyəti çox uğursuzdur. Mən böyük film çəkə bilməsəm də, yaxşı filmi pisdən ayıra bilirəm. Bundan sonra bu adamlar artıq kino çəkməməlidirlər. Düzdür, pulu az verirlər və heç bir ölkədə bu qədər pula kino çəkilmir. Eləcə də bizim maaşımız da o qədər yüksək deyil. Bəzən həmin pulu bir rejissora verirsən, o, yaxşı bir film ortaya çıxarır. Bəzən də ondan çox alan rejissor samballı bir film çəkə bilmir. Əlbəttə, pul vacib amildir. Ancaq pul texniki cəhətdən vacibdir, bədii yaradıcılığa təsir edə bilməz.

- Köhnə rejissorların çəkə bilməməsi prizmasından yanaşanda özünüz haqqında nə deyərdiniz: 20 il bundan əvvəl çəkdiyiniz kimi bu gün çəkə bilirsinizmi?

- Mən 80-ci ilin axırında Moskvadan gələndən sonra kinoda ilk addımımı atdım. Orada ali rejissorluq və ssenarist kursunu bitirdim. Ona görə sənədli film çəkdim ki, həmin vaxt 20 Yanvar faciəsi baş verdi. İlk filmim "Ruslar müharibə istəyirmi?" oldu. Bu, çox vacib və incə bir mövzudur. Elə bir açar tapmaq lazım idi ki, ona təkcə ölkəmizdə deyil, kənarda da baxılsın. Mənim filmimə də baxıldı. Əgər mən təkcə 20 Yanvar faciəsindən danışsaydım, bəlkə də bu, o qədər də təsir etməzdi. Ancaq mən 56-cı il Budapeşt, 68-ci il Praqa, 62-ci il Novıyçerkassk, daha sonra Alma-Atı hadisələri zamanı nələrin baş verdiyini də göstərdim. Kadrlarda heç bir söz yox idi. Ona görə elə bir yol tapmaq lazımdır ki, zalı ələ ala biləsən.

- Nikita Mixalkov müsahibələrinin birində deyib ki, müharibə haqqında ən yaxşı film yalnız müharibədən bir neçə il sonra çəkilə bilər. 20 Yanvar faciəsini lentə almağınız baxımından bu fikirlər nə qədər tutarlı səslənir?

- Düzdür. Nikita Mixalkov həmçinin deyib ki, rejissorluq insanın xasiyyətinin bir hissəsidir. Əmim İsmayıl Şıxlı yaxşı yazıçı və müəllim idi. Amma o, xasiyyətcə daha çox müəllim idi. Eləcə də Mircəlal Paşayev yaxşı yazıçı və müəllim olmaqla bərabər xasiyyətcə müəllim idi. Xasiyyətcə yazıçı olan ən çox İsa Hüseynovdur. Birdən Maqsud İbrahimbəyov daxil olmaqla bəzi yazıçılar rejissor oldular. Anar, Rüstəm İbrahimbəyov xasiyyətcə necə yazıçı idilərsə, eləcə də qaldılar. Rejissorluq başqa bir sənətdir. Rejissorluqda biri istedadı, biri intellekti, biri peşəkarlığı ilə çəkir. Əgər məndən soruşsalar ki, Azərbaycanda ən yaxşı ssenarist kimdir? Mən Yusif Səmədoğlunun adını çəkərəm. Ona görə də yazıçılıq, rejissorluq, ssenaristlik tamam başqa peşələrdir. "Babək", "Leyli və Məcnun", "Yeddi oğul istərəm" filmlərinin çox gözəl ssenarisi var. Mən filmlərimi hissiyyatla çəkmişəm. Ancaq filmlərimin birində hissiyyat güclü, digərlərində nisbətən zəif olub.

 - Dediniz ki, rejissor kimi filmi çəkməyə mərhələlərlə qədəm qoymaq lazımdır. Siz necə başladınız?

- 1973-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirəndən sonra kinostudiyaya gəldim. Tofiq Tağızadə, Həsən Seyidbəyli, Şamil Mahmudbəyov, Arif Babayev kimi rejissorların yanında assisent işlədim. Sonra xronikaya keçib jurnallar üzərində işləməyə başladım. Bu sahədə peşəkarlığımı artırmağa çalışırdım. Sonra da Moskvaya yollanıb orada iki il oxudum. Eyni zamanda, bədii film sahəsində də çox işləmişəm. 20 ildən artıqdır ki, sənədli film çəkirəm.

- Adətən, böyük kinoya gələnlər tammetrajlı filmlər çəkmək, daha çox bu sahədə tanınmaq istəyir. Siz nə üçün özünüzü sənədli filmə həsr etdiniz? Yoxsa sizə imkan yaratmadılar?

- O vaxt diplom lazım idi. Bayaq qeyd etdiyim kimi, mən Moskvadan Bakıya qayıdan ərəfədə 20 Yanvar hadisələri başladı. Bu hadisələr həyatımı bir qədər dəyişdi. Əgər o hadisələr olmasaydı, bəlkə də sənədli film sahəsinə getməzdim. Sonra Ukraynada yaşayan dayım oğlu mənə sponsorluq etdi və mən Əliağa Şıxlınski haqqında "Artilleriyanın allahı sayılırdı", almanların Azərbaycanda yaşaması haqqında "Bir həsrət nəğməsi", daha sonra "Şopenin qayıtması", "Səkkiz dəqiqə yarımlıq düşüncə" və b. filmləri çəkdim. İlk dəfə İçərişəhərin dağılması haqqında 8 dəqiqə yarımlıq filmi mən çəkdim. Mən sənədli filmdə öz yerimi tapmışam. Ancaq bədii film çəkmək planım da var. Mövzu isə havadan götürülmüş olmayacaq. Gözümün qarşısında baş verən hadisələr haqqındadır. Nə vaxt olacağını isə deyə bilmərəm. Mən istəyirəm ki, çəkəcəyim filmi təkcə Bakıda deyil, rayonlarda da göstərə bilim.

- Ali rejissorluq və ssenarist kursunun məzunu kimi rejissorluq sahəsində işləriniz məlumdur. Bəs ssenarist kimi nə yazmısınız?

- Əvvəla, yaddan çıxarmayın ki, mən filologiya fakültəsini bitirmişəm. Xarici ədəbiyyat müəllimim Əkbər Ağayev institutda qalmağımı, aspiranturada oxumağımı istəyirdi. Ancaq mən qalmadım. Bu baxımdan yazıb-poza bilirəm. Amma məndən də yaxşı yazan adamlar var. Elə olub ki, öz filmlərimdə ssenarini özüm yazmışam, mətnini Toğrul Cuvarlı, İntiqam Qasımzadə yazıb. Çünki onlar daha peşəkardırlar. Sənədli film sahəsində özümdən üstün rejissor görmürəm. Ancaq bədii filmə hələ əl atmamışam. Nə zaman çəkməyə başlasam, onu da həyat göstərər.

- Kinomuzun bugünkü ssenari problemi barədə fikirləriniz necədir?

- Çox ağır vəziyyətdədir. İndi çoxu rayon və Qarabağ mövzusunda yazır. Ancaq həmişə demişəm ki, bütün rejissorları bir tərəfə qoyun, məni də bir tərəfə. Məndən çox qaynar nöqtələrdə olan olmayıb. Ancaq o mövzuya hələ əl atmıram. Bu, çox məsuliyyətli bir işdir. Çəkilənlərin hamısına baxırsan, kadrlarda müəyyən oğurluq var. Konyuktura ilə məşğuldurlar. Bu isə həyatı, mövzunu bilməməməkdən irəli gəlir.

- Filmləriniz müxtəlif festivallarda iştirak edərək mükafatlar da qazanıb. Bu festivallarda iştirak sizə nə verib?

- Moskvada təhsil almağım mənə çox kömək olub. Müxtəlif ölkələrin rejissorları, kinematoqrafları ilə əlaqələrim yaranıb. Festivallara gedəndə kiminləsə tanış olursan, münasibət yaradırsan. Yalnız bunlardan sonra internet vasitəsilə məktublar alırsan. Öz problemini, fikrini çatdıra bilirsən. Məsələn, Xocalı faciəsi haqqındakı "Dua" filminin Qırğızıstanda keçirilən festivalın proqramına daxil edilməsi böyük hadisə idi. Mən həmin filmi aparıb Moskvada Kino evində, Kino Mərkəzində göstərdim. Bir yerdə oturmaq lazım deyil. Festivalların belə bir üstünlüyü də var. Ən əsası, gedirsənsə, qələbə çalmaq lazımdır. Mən Türkmənistandakı festivalda iştirak edərkən 20 Yanvar, "Dua" filmlərinin disklərini bağışladım ki, qoy tanış olsunlar.

- Bu gün sənədli film çəkməyin hansı çətinlikləri var?

- Mövzu problemi var. 2002-ci ildə "Nuru Paşa" ssenarisini Mədəniyyət və Turizm Nazirliyinə təqdim etdim. Bu filmi çəkəndən sonra Moskvada, Rusiyanın Mərkəzi Kino Evində göstərəcəkdim. Ancaq o mövzuya dəstək vermədilər. Bir də diqqət lazımdır. Düzdür, mən indiyə qədər bədii film çəkməyim haqqında nazirliyə müraciət etməmişəm. Etsəm, inanmıram ki, cavabsız qalsın. İndi heç bir diplomu olmayanlar çəkir, mən isə peşəkaram. Ancaq orta səviyyədə çəkilən bədii filmlərə ayrılan pulları sənədli filmə versələr, 2-3 yaxşı sənədli film ortaya çıxarmaq olar.

- Söhbətimizin əvvəlində dediniz ki, sənədli film sahəsindəki vəziyyət ümumi kinomuzun vəziyyətindən qaynaqlanır. Amma kinomuzun vəziyyətinə ətraflı şərh vermədiniz.

- Özünüz vəziyyəti yaxşı bilirsiniz. Kinomuz zəif inkişaf edir. Ancaq deyəndə, bu, çoxunun xoşuna gəlmir. Kinonun öz nüansları var. Bu gün isə ən əsası peşəkarlıq çatışmır.

- Hansı filmlər üzərində işləməyi düşünürsünüz?

- Mən film portretlər üzərində işləyirəm və hissiyyatla bağlı filmləri çox sevirəm. İmran Qasımov haqqında filmin çəkilişlərini bitirmişəm. Bu günlərdə Tahir Salahovla görüşəcəyəm. Onun haqqında hələ film çəkilməyib. Bu böyük sənətkar haqqında kino çəkmək fikrindəyəm. Eləcə də Əliş Ləmbəranski haqqında film çəkmək istəyirəm. Məni indi bir mövzu daha çox narahat edir - insanların soyuqluğu, uzaqlığı, qəribliyi. Bu problem dünyanın hər yerində var, burda günahkar axtarmaq lazım deyil. Ona görə insanlar çox asanlıqla burdan ora, ordan bura köçürlər. Bu problemi də ekranlaşdırmaq istəyirəm.

 

 

Təranə

 

Movqe.- 2009.- 14-16 noyabr.- S. 13.