"Teatr üçün ən
əsas repertuar siyasətidir"
Yenidən əsaslı təmir və bərpa
olunmuş Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 82-ci dəfə
mövsümi fəaliyyətə başladı. Kollektiv yeni mövsümünü noyabr
ayının 12-də uşaq tamaşaları silsiləsi ilə açdı. Bir sıra klassik
səhnə əsərləri üzərində işləyən
yaradıcı heyət teatrsevərləri yeni premyeralarla da sevindirəcək.
Bununla yanaşı, teatr dekabr ayında özünün 80 illik yubileyini də təntənəli
şəkildə qeyd etməyə hazırlaşır.
Teatrın
direktoru, Əməkdar artist Mübariz Həmidovla söhbətimiz də
teatrın yeni mövsümdəki planları barədədir.
-
Gənc Tamaşaçılar Teatrının yeni mövsümünə hansı əhval-ruhiyyə
ilə başladınız?
-
Bu teatr mövsümü bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bildiyiniz
kimi, 2006-cı ildə ölkə başçısının müvafiq sərəncamı ilə
respublikanın bir sıra aparıcı teatrları, o cümlədən Gənc
Tamaşaçılar Teatrı əsaslı təmir və bərpa işləri üçün
dayandırılmışdı. Biz fəaliyyətimizi müxtəlif məkanlarda - Səttarxan
adına mədəniyyət və texnika sarayında, kinostudiyada davam
etdirmişik. Bir sıra xarici ölkələrdə qastrol səfərlərində
və festivallarda iştirak etmişik. Respublikamızın rayonlarını, demək
olar ki, qarış-qarış gəzmişik. Onu da deməliyəm ki, 18 il idi
ki, bizim teatr rayonlara səfərə çıxmırdı. Nəhayət, həmin
gün gəlib çatdı ki, teatrımızın bərpa və təmir işləri
yüksək səviyyədə başa çatdı. Artıq 82-ci mövsümün açılışına
və teatrın 80 illik yubileyinə çox ciddi hazırlaşırıq. Konkret olaraq
noyabrın 12-dən 17-dək ümumtəhsil məktəblərinin tətil
günlərini əhatə edən tamaşalar proqramı tərtib
etmişik. Eyni zamanda noyabrın 20-dən 29-dək yeni tamaşaların
premyeralarını təşkil edəcəyik. Bu sırada Cəfər
Cabbarlının "Aydın", Hüseyn Cavidin "Şeyx Sənan", Mirzə
Fətəli Axundovun "Hekayəti xırs quldurbasan", Əbdürrəhim
bəy Haqverdiyevin "Pəri cadu", C.Məmmədquluzadənin
"Məkkəyə gedən yol" əsərlərinin
ilk tamaşaları teatrsevərlərin ixtiyarına veriləcək. Bütün
bu tamaşalar klassik dramaturgiya nümunələridir. Biz həmin ərəfədə
klassik tamaşalar həftəsi aksiyası keçirmək niyyətindəyik.
Artıq bunun üçün son hazırlıq işləri gedir. Təbii ki, bütün teatr
ictimaiyyəti bu tamaşalarda iştirak edəcək. Bundan əlavə,
ilin sonunadək hazırlanacaq bir neçə tamaşamız, o cümlədən
gerçəkləşdirmək istədiyimiz bir neçə beynəlxalq
layihəmiz də var. Norveç səfirliyi ilə birgə məşhur
Norveç yazıçısı, Nobel mükafatı laureatı Knut Hamsunun "Viktoriya" əsərini
səhnələşdiririk. Bundan əlavə, Belarus Dövlət Gənc
Tamaşaçılar Teatrının baş rejissoru Natalya Barşova ilə teatrımızın
müqaviləsi var. O, bizim teatrda Hofmanın "Şelkunçik" əsərinə
quruluş verəcək. "Şelkunçik" ilk dəfə Azərbaycan
dilində səhnələşdiriləcək. Bu layihələri
ilin sonuna qədər həyata keçirəcəyik. Teatrın 80 illik
yubileyinin keçirilməsi də nəzərdə tutulur. Çalışacağıq
ki, ilin sonunadək yubileyi təntənəli surətdə
qeyd edək. 2010-cu ilin repertuar planı hələ təsdiqlənməyib.
Hər halda 8-10 əsərə quruluş veriləcək. Bundan əlavə,
bilirsiniz ki, Dövlət Gənclər Teatrı və Bakı Kamera Teatrı
Gənc Tamaşaçılar Teatrına birləşdirilib. Artıq bizim truppa xeyli
böyüyüb. Sadaladığım tamaşaların hamısında bu üç kollektivin vahid truppası məşğul
olacaq. İşimiz və arzularımız çoxdur. Məqsədimiz tamaşaçılara
yalnız sanballı, zövqlü tamaşalar təqdim etməkdir.
-
Siz üç teatrın birləşməsi məsələsinə toxundunuz. Teatrların
birləşməsi haqqında əmr yeni veriləndə birmənalı
qarşılanmadı. Bəs bir rəhbər olaraq ayrı-ayrı estetikalı və
repertuar müxtəlifliyi olan üç kollektivin idarə olunması sizin üçün
çətin olmayacaq ki?
-
Təbii ki, başlanan hər yeni iş birmənalı qarşılanmır. Müəyyən
söz-söhbət, narazılıqlar olur. Düzdür, hər bir teatrın öz janrı var.
Ancaq söyləməzdim ki, kəskin şəkildə fərqlənən
janrlardır. Bunların hər üçündə həm uşaqlar, həm də
böyüklər üçün tamaşalar hazırlanır. Teatra Xalq artisti Cənnət Səlimova
baş rejissor təyin olunub. Dəfələrlə birləşmiş
truppa ilə söhbətlərimiz olub. Mənə elə gəlir
ki, heç bir problem yoxdur. Cənnət xanımın peşəkarlığı bu
truppaları vahid şəkildə birləşdirməyə imkan verir. Teatr
üçün ən əsas repertuar siyasətidir. Əgər aktyorlar
arasında rol bölgüsü düzgün aparılırsa, hesab etmirəm ki, sabah hansısa
problem ortaya çıxsın. Müəyyən narazılıqlar, söz-söhbətlər
haqqında məlumatım var. Ancaq hesab edirəm ki, bunlar müvəqqəti
xarakter daşıyır. Hazırda bu gün teatrda iş o qədər qızğın gedir ki,
nə aktyorların, nə də texniki işçilərin nədənsə
gileylənməyə vaxtları var. Bizim teatra birləşən hər
iki truppanın üzvlərini çox gözəl tanıyıram. Onların hansı potensiala
malik olduğunu da yaxşı bilirəm. Mən 6 il müddətində Mədəniyyət
və Turizm Nazirliyinin İncəsənət şöbəsində
çalışmışam. Buna görə də bütün teatrların yaradıcılığı mənə
bəllidir. O baxımdan həmin teatrların kollektivini doğma hesab edirəm
və burada heç bir problem də görmürəm. Artıq hamı bir-birinə
qaynayıb-qarışıb.
-
Siz repertuara toxundunuz. Cənnət xanım teatra baş rejissor təyin
olunandan sonra verdiyi müsahibələrin birində Gənc
Tamaşaçılar Teatrı və Gənclər Teatrının repertuarının çox zəif
olduğunu bildirib. Bu baxımdan da yeni repertuar formalaşdırdığını vurğulayıb.
Onda belə çıxır ki, 80 illik tarixi olan bir teatr repertuar siyasətinə
sıfırdan başlamalıdır?
-
Mən də, teatrın bütün kollektivi də həmin qəzet
materialı ilə tanışıq. Açığını deyim ki, bu, bizdə birmənalı
qarşılanmadı. Cənnət xanımla bu barədə söhbət oldu. O,
əslində, bu fikirdən çox uzaqdır. Ola bilməz ki, Cənnət
xanım bu fikri söyləsin. Əminəm ki, bu, texniki yanlışlıqdır.
Ola bilməz ki, 80 illik tarixi olan bir teatrın repertuarının üstündən
bir cümlə ilə xətt çəkilsin. Cənnət xanım qəti
şəkildə belə bir fikir söyləmədiyini bildirdi. Bu gün
bizim teatrın repertuarında olan tamaşalar 99 faiz yenə qüvvəsindədir.
Cənnət xanım təyin olunandan bir həftə sonra bütün
tamaşaları təşkil etdik və o, tanış olduqdan sonra hər bir
tamaşa haqqında mənə məlumat verərək razı qaldığını
bildirdi.
-
Bəs teatrın adının dəyişdirilməsi ilə bağlı səslənən
fikirlər nə qədər əsaslıdır? Müasir teatr, Yeni nəsil
teatrı və s.
-
Heç bir əsası yoxdur. Bu fikirlər bilmirəm haradan yaranır. 80 il bir adla fəaliyyət
göstərən teatrın adı niyə dəyişməlidir
ki? Dünyanın hər yerində, keçmiş sovet ölkələrində
Gənc Tamaşaçılar Teatrı var və
insanlar bu ada vərdiş ediblər. Öz tamaşaçılarımız bizi bu adla tanıyırlar.
Teatrın adının dəyişdirilməsi ilə
bağlı heç bir fikir ola
bilməz.
-
80 illik tarixi olan bir teatrda zaman-zaman fədailər çalışıb və
onlar artıq öz missiyalarını başa vuraraq yerlərini gənc nəslə
veriblər. Ancaq sizə elə gəlmirmi ki, bu gün
həmin gənclərin
bəxti bir az gətirib. O mənada ki, onların sırasından nə Sidqi Ruhulla,
nə Ələsgər
Ələkbərov çıxır.
- Bu gün bizdə çox istedadlı gənclər çalışır. Ancaq deyərdim ki, onların bəxti gətirib. Müasir, bütün şəraiti olan binada onlara
yalnız məsuliyyətlə
işləmək qalır. Bu
məsuliyyəti dərk
edən gənclər
bizdə çoxdur. Amma gələcəkdə
onlardan Sidqi Ruhulla və ya Ələsgər Ələkbərov çıxıb-çıxmayacağını
zaman göstərəcək.
-
Teatrın müasir, yüksək şəraitli olması çox gözəldir. Ancaq əminsinizmi,
bu gün hazırlanacaq tamaşalarla teatrdan bir qədər perik düşən
tamaşaçını geri qaytarmaq olacaq?
- Güman edirəm ki, bu, mümkün olacaq.
Biz bu gün bu məsələ üzərində işləyirik.
Tamaşaların bədii keyfiyyəti, sanbalı öz yerində, ancaq tamaşalar yüksək zövqlə reklam olunmalıdır. Bu mənada bizə televiziya kanalları dəstək olurlar və mən onlara öz təşəkkürümü
bildirirəm! Hesab edirəm ki, tamaşaçının cəlb olunmasında reklamın çox böyük rolu
var. Hazırda reklam çarxları hazırlanır və kanallara təqdim olunacaq. Onu da bilirsiniz
ki, bu gün
Bakıda fəaliyyət göstərən bütün teatr və konsert
müəssisələrinin bilet
satışı mərkəzləşdirilmiş
kassa sistemi ilə həyata keçirilir. Şəhərin bir neçə nöqtəsində
xüsusi köşklər quraşdırılıb ki, oradan istənilən teatra və ya konsert müəssisəsinə
bilet əldə etmək mümkündür. Bu, bir növ tamaşaçıların
rahatlığı üçündür. Bizim bəlli tamaşçımız var. Daimi tamaşaçılarımız tərəfindən
bizə çoxlu müraciət olur. Mən çox nikbinəm,
ümidvaram ki, perik düşən tamaşaçı yenidən teatra qayıdacaq.
-
Tamaşaçıları maraqlandıran bir sual verim: biletlərin qiymətində
dəyişiklik gözlənilmir ki?
-
Bütün şəraiti, tamaşalara xərclənən vəsaiti nəzərdən
keçirib belə bir qərara gəlindi ki, gündüz tamaşaları 3, axşam
tamaşaları 5 manat civarında olsun. Hesab edirəm
ki, normal məbləğdir.
Bu gün teatrın saxlanılması çox böyük vəsait tələb edir. Biz dövlətdən yalnız əməkhaqqı qismində
dotasiya alırıq, qalan bütün xərcləri
teatr özü ödəməlidir. Teatr yeni tamaşaları da qazandığı vəsait
hesabına hazırlamalıdır. Ancaq bizim binamız
istismara yeni buraxıldığına görə Mədəniyyət və
Turizm Nazirliyi bizə 4-5 tamaşaya dövlət sifarişi verərək vəsait ayırıb. Qalan xərcləri
isə özümüz çəkməliyik. - Siz respublikanın Əməkdar artistisiniz. Bu fəxri ada görə səhnəyə,
yoxsa məmurluğunuza minnətdarsınız?
- Təbii ki, səhnəyə. Mən bu fəxri
adı səhnə fəaliyyətimə görə
almışam. 20 il teatrda aktyor kimi fəaliyyət göstərmişəm. Mədəniyyət
və Turizm Nazirliyində çalışmağa gedəndə artıq bu fəxri adı
daşıyırdım.
-
Bəs bu gün səhnə üçün darıxmırsınız?
- Təbii ki, ürəkdə qalır. Allah qoysa, işləri yoluna qoyum, gələcəkdə
rejissorlarımız hansı rolu məsləhət bilsələr, ifa etməyə çalışacağam.
Təranə
Mövqe.- 2009.- 21-23 noyabr.- S. 13.