Yeni Azərbaycan
Partiyası bu günün, sabahın və gələcəyin
partiyasıdır
Yeni
Azərbaycan Partiyası keçən əsrin 80-ci illərinin sonu 90-cı
illərin əvvəllərində ölkəmizdə meydana çıxan
mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanının
təxirəsalınmaz tələbindən və Azərbaycan
xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan
partiyadır. Belə bir siyasi qüvvənin yaranmasını tələb edən
tarixi zərurət mövcud zaman kəsiyində ölkəmizin
düşdüyü mürəkkəb, fəlakətli, ümidsiz vəziyyətdən
onu xilas etmək kimi misilsiz tarixi vəzifənin yerinə
yetirilməsi arzusu və istəyi ilə əlaqədar idi.
Həmin
illərdə Azərbaycanın düşdüyü ağır vəziyyəti tarixi
yaddaşımızın süzgəcindən keçirsək aşağıdakı mənzərə
canlanar. 1988-ci ildən başlanan iqtisadi, siyasi, xüsusilə dövlət
hakimiyyəti böhranı, həmin illərdə rəhbərliyə
gətirilən səriştəsiz, imperiya ağaları qarşısında əyilən,
milli maraqlarımızdan xəbərsiz olan dairələrin gündən-günə
güclənən erməni təcavüzünün qarşısını almaq, ordu yaratmaq,
xalqı səfərbər etmək, vətənin təhlükəsizliyini
və əhalinin rifahını təmin etmək əvəzinə öz
hakimiyyətləri hayına qalmaları ölkəmizdə vəziyyəti
daha da gərginləşdirmişdi. Azərbaycanın iqtisadiyyatı bərbad
hala salınmış, onilliklər ərzində yaradılmış iqtisadi potensial
dağıdılmış, respublika faktiki olaraq iqtisadi iflas vəziyyətinə
gəlib çıxmışdı. Ölkəni bürüyən total böhran AXC-Müsavat liderlərinin
bacarıqsızlığı, səriştəsizliyi, naşılığı ucbatından daha da dərinləşmişdi.
Populist şüarlarla hakimiyyətə gələn bu "siyasət
dəllallarının" birillik iqtidarı dövründə Azərbaycanın
olduqca ağır, fəlakətli, anarxiya vəziyyətinə
düşdüyünü təəssüf hissi ilə yadda saxlamalı və bu tarixdən
dərs almalıyıq.
Azərbaycanın
düçar ola biləcəyi fəlakətlərin qarşısını almaq məqsədilə
xalqın sağlam qüvvələrinin, geniş təbəqələrinin
böyük tarixi şəxsiyyət Heydər Əliyevə müraciəti,
oktyabrın 24-də ziyalıların müraciətinə cavab məktubunda
onun yaranmış vəziyyəti dərindən təhlil etməsi və
çıxış yolunu göstərməsi noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan
Partiyasının təsis edilməsi zərurətini reallaşdırdı. Məhz
həmin illərdə xalqın böyük əksəriyyətinin nicat
yolu axtararaq öz nəzərlərini Naxçıvana, Heydər Əliyev
şəxsiyyətinə, böyük inam və ümidlərlə yönəltməsi
təsadüfi deyildi. Cəmiyyətdə qəti bir inam, qənaət
yaranmışdı ki, ölkəni fəlakətli vəziyyətdən
yalnız Heydər Əliyev və onun ətrafında birləşən
qüvvə qurtara bilər. Xalqın Heydər Əliyev şəxsiyyətinə
olan bu inamı onun keçən əsrin 70-80-cı illərində Azərbaycana
rəhbərlik etdiyi zaman göstərdiyi xidmətlərin misilsizliyi,
gördüyü nəhəng işlərin miqyasının daim qədirbilən
xalqımız tərəfindən xatırlanması, keçmiş SSRİ kimi böyük bir
dövlətin ali rəhbərliyinə yüksəlməklə
qazandığı nüfuz, blokada şəraitində olan Naxçıvanda həyata
keçirdiyi uğurlu tədbirlər və fenomenal keyfiyyətləri
ilə şərtlənirdi. Məhz 1993 - cü ildə bu görkəmli
şəxsiyyətin böyük siyasətə möhtəşəm dönüşü, üzərinə
götürdüyü xilaskarlıq missiyası Azərbaycanı bir dövlət kimi yaşatdı,
onun müstəqilliyinin dönməzliyini təmin etdi.
Yarandığı
gündən Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev
tərəfindən müəyyənləşdirilən və uğurla
tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət
müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi
bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi
cəmiyyət qurulmasından (1995-ci ilin noyabrında ilk Konstitusiyanın qəbulu),
əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və
sosial yönümlü iqtisadiyyat yaratmaqdan (1994-cü ilin sentyabrında neft
strategiyasının əsasını qoyan "Əsrin müqaviləsi"nin
imzalanması) ibarət olmuş və bu on altı ildə öz proqram məqsədlərinə
(MÜSTƏQİL DÖVLƏTÇİLİK PRİNSİPİ, QANUNÇULUQ PRİNSİPİ, AZƏRBAYCANÇILIQ,
VƏTƏNÇİLİK PRİNSİPİ, VARİSLİK, YARADICI TƏKAMÜL PRİNSİPİ,
KONSTRUKTİV ƏMƏKDAŞLIQ, VƏTƏNDAŞ HƏMRƏYLİYİ
PRİNSİPİ, SOSİAL ƏDALƏT PRİNSİPİ) sadiq fəaliyyət göstərmişdir.
Məhz buna görə də xalqın partiyasına çevrilən, yüz minlərlə
üzvü birləşdirən YAP bu müddət ərzində ölkədə
keçirilən bütün səviyyələrdə - prezident, parlament və
bələdiyyə seçkilərində inamlı qələbələr
qazana bilmişdir. Ötən müddət ərzində YAP-ın keçirdiyi
qurultaylarda (1999, 2001, 2005, 2008) aldığı tarixi qərarlar ölkəmizin
gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi
baxımından mühüm rol oynamışdır. Yaxın tariximizə mərhələli
və təhlili şəkildə nəzər salsaq, aydın şəkildə
görərik ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən və
məqsədyönlü siyasəti nəticəsində Azərbaycan
böyük inkişaf yoluna daxil olmuş, böhran və xaos mərhələsini
arxada qoymuşdur. Ulu öndər Heydər Əliyevin hakimiyyətdə
olduğu 1993-2003-cü illər ərzində Azərbaycan öz dövlət
müstəqilliyinin dönməzliyini təmin etmiş, sosial-iqtisadi və
beynəlxalq sahədə mühüm nailiyyətlər qazanmışdır. Ermənistanın
Azərbaycana qarşı təcavüzünün qarşısı alınmış, Dağlıq Qarabağ münaqişəsinin
həlli yolunda, diplomatik cəbhədə düşmən üzərində
üstünlük əldə edilmişdir. Məlumdur ki, hər zamanın özünəməxsus
tələbi və vəzifələri vardır. Ümummilli liderimiz
Heydər Əliyev Azərbaycanın qarşısında duran vəzifələri
dəqiq göstərərək dövlətimizin söykəndiyi təməl
prinsipləri müəyyən etmişdir. Bu gün Azərbaycan, məhz
həmin prinsiplərə istinad edərək inkişaf edir. Təsadüfi
deyil ki, Heydər Əliyev yolunu rəhbər tutan YAP ölkəmizdə
keçirilən bütün səviyyədə seçkilərdə (1993, 1998,
2003, 2008 prezident, 1995, 2000, 2005 parlament, 1999, 2004 bələdiyyə)
parlaq qələbə qazanaraq, Ulu Öndərin əsasını qoyduğu
inkişaf strategiyasının geniş ümümxalq dəstəyinə malik yeganə
və alternativsiz tərəqqi yolu olduğunu sübut edib.
Ulu
öndərin müəyyən etdiyi təməl prinsiplərindən
biri siyasi varislikdir. Bu hər şeydən əvvəl müstəqil
dövlətimizin inkişafı üçün başlanan siyasətin davamlı olmasıdır. Məhz
bu ali məqsədin reallaşması naminə, ümummilli liderimiz Heydər
Əliyev böyük çətinliklərlə qurduğu dövlətə,
misilsiz fədakarlıqlar hesabına yaşatdığı xalqına rəhbərlik etmək
üçün namizədini elan etdi: "O, yüksək intellekti, praqmatik
düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl
bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir.Sizi
əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən
layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan
dövlətinin inkişafı və xalqımzın firavanlığı yolunda çox işlər
görəcək. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz
və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək.
Mən ona özüm qədər inanıram və gələcəyinə
böyük ümüdlər bəsləyirəm."Bu fikirlərin məntiqi
nəticəsi cənab İlham Əliyevin 2003-cü ilin 15 oktyabrında
xalqın mütləq əksəriyyətinin etimadını qazanması oldu. Xalq
liderinin sözünə güvənərək , öz tarixi seçimini etdi.
Cənab
İlham Əliyevin ötən dövr ərzində prezident kimi fəaliyyəti
ulu öndərimizin sözlərinin doğrulduğu məqam kimi yaddaşlara və
tarixə həkk edildi. Dövlət başçısının istər daxili, istərsə
də xarici siyasət sahəsində qazandığı uğurlar xalqımızın öz
tarixi seçimində yanılmadığını sübut etdi. Prezident İlham Əliyev həm
seçki kampaniyası dövründə, həm də andiçmə mərasimində
xalqımız qarşısında verdiyi bütün sözləri yerinə yetirmək
istiqamətində mühüm addımlar atdı və sözlə əməlin
üzvi vəhdətinə söykənən lider imici ilə həm
də gələcək nəsillər üçün mükəmməl nümunə
yaratdı. Əsl siyasətin məhz real iş və konkret fəaliyyət
olduğunu prioritet prinsip kimi qəbul edən dövlət başçımız
demişdir: " Bizdə bütün imkanlar - təbii sərvətlər,
insan potensialı və ən önəmlisi, xalqın iradəsi vardır. Biz
hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı
zəngin, qüdrətli dövlətə çevirəcəyik. Əhalinin
sosial müdafiəsi yüksək səviyyədə təmin
olunacaq."
Daxili
siyasət sahəsində ötən dövr ərzində mühüm
addımlar atılmışdır. Azərbaycanda sivil, demokratik,hüquqi dövlət
quruluşu möhkəmlənmiş, insan hüquq və azadlıqlarına hörmət
edən, dini-siyasi tolerantlığa əsaslanan vətəndaş cəmiyyətinin
bütün zəruri atributlarının formalaşma prosesi sürətlənmişdir. Ölkədə
qanunvericilik sahəsindəki islahatlar geniş vüsət almış, məhkəmə
hüquq islahatları sayəsində bu sahədə mövcud olan normativ
aktlar tamamilə Avropa standartlarına uyğunlaşdırılmış, bazar
iqtisadiyyatının hüquqi bazası daha da möhkəmləndirilmişdir.
Bu
gün artıq dövlət büdcəsi 15 milyard ABŞ dollarına çatan Azərbaycanda
qanunvericilik sahəsində əldə edilən uğurlar həm
də iqtisadi islahatlar üçün möhkəm hüquqi baza yaratmışdır. Ümummilli
liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan
və bu gün möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən
uğurla həyata keçirilən neft strategiyasının böyük əhəmiyyəti
vardır. 1994-cü ilin sentiyabrında Azərbaycan hökuməti ilə
dünyanın aparıcı neft şirkətləri arasında imzalanan "Əsrin
Müqaviləsi" bu gün öz real nəticələrini verməkdə
və ölkə iqtisadiyyatının digər sahələri üçün lokomotiv
rolunu oynamaqdadır. Yalnız iqtisadi deyil, həmçinin çox böyük geopolitik əhəmiyyət
daşıyan, region ölkələrinin gələcək ictimai - siyasi və
iqtisadi həyatında ciddi dəyişikliklərə yol açan
Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin
istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin
çəkilməsi istiqamətində ötən dövr ərzində
görülmüş böyük işlər, müstəqil Azərbaycanın möhkəm iqtisadi
əsaslarını yaratmışdır. Gələcək nəsillərin maddi
rifahının başlıca təminatlarından olan "Neft Fondunun" vəsaiti
durmadan artmaqdadır. Fondun fəaliyyəti tamamilə şəffaf və
cəmiyyətə açıq zəmin üzərində qurulmuşdur. "Neft
Fondunun" vəsaitindən daha çox qeyri - neft sektorunun
inkişafında və qaçqın və məcburi köçkünlərin sosial - məişət
şəraitinin yaxşılaşdırılması istiqamətində istifadə olunur.
Prezident
İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun
bütün sahələrdə olduğu kimi elm, mədəniyyət, incəsənət,
ədəbiyyat sferalarında, həmçinin milli - mənəvi, dini
dəyərlərin qorunması və möhkəmləndirilməsi
istiqamətində də davam etdirmişdir.
Bu
gün YAP ölkəmizdə ən mütəşəkkil və kütləvi
siyasi təşkilatdır. Cəmiyyətin ən müxtəlif sosial təbəqələrini
sıralarında birləşdirən partiyanın ictimai - siyasi proseslərə
təsir imkanları ildən ilə genişlənir, beynəlxalq
nüfuzu artır. Partiya üzvlərinin təxminən 40 faizinin gənclərdən
ibarət olması onun böyük siyasi gələcəyindən və
inkişaf potensialından xəbər verir. YAP Azərbaycanın siyasi
partiyaları tarixində ilk dəfə beynəlxalq miqyasda
konfranslar keçirməklə ("Sivilizasiyaların dialoqunda siyasi
partiyaların rolu" - 27 sentyabr 2007 - ci il, "Demokratiya və
sabitlik naminə: əməkdaşlığın yeni imkanları" - 7 may
2008-ci il) yalnız ölkə miqyasında deyil, regionun ən qüdrətli
partiyası olduğunu təsdiqləmişdir.
Partiya fəaliyyətinin ən
konkret və dərin məzmunlu yekununu möhtərəm prezident
İlham Əliyev dəyərləndirmiş və YAP-ın 15 illik yubiley
mərasimində gələcək hədəfləri müəyyənləşdirərək
demişdir: "Bizim hakimiyyətin yeganə mənbəyi xalqdır. Azərbaycan
xalqından bizə verilən dəstək bizi gücləndirir və
bizim məsuliyyətimizi də artırır. Biz bu məsuliyyətə
hazırıq. Bu məsuliyyəti öz üzərimizə götürmüşük. Azərbaycan
xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Nəsillər
gəlirdi, gedirdi, ölkəmiz müstəqil deyildi. Başqa ölkələrin
tərkibində yaşayırdı. Böyük sərvətdir, böyük xoşbəxtlikdir
ki, biz, indiki nəsil bu müstəqilliyi görürük. Azərbaycan xalqı
azaddır. Azərbaycan bayrağı bütün beynəlxalq tədbirlərdə,
beynəlxalq təşkilatlarda dalğalanır. Biz azadıq, biz müstəqilik,
biz güclü Azərbaycan yaradırıq, güclü dövlət qururuq. Mən bu
dövlət quruculuğunda Yeni Azərbaycan Partiyasının rolunu çox yüksək
qiymətləndirirəm. Əlbəttə ki, Yeni Azərbaycan
Partiyası Azərbaycan xalqının bir parçasıdır. Bütün Azərbaycan
xalqının xoşbəxt gələcəyi üçün bizim partiyamız əlindən
gələni əsirgəmir və biz bundan sonra da bunu edəcəyik.
İndi biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, səma
aydındır, üfüqlər açıqdır və biz irəli gedirik. Bu yolda sizə,
Yeni Azərbaycan Partiyasının fəallarına, bütün üzvlərinə
uğurlar arzu edirəm".
Əldə
edilən bu uğurlar qətiyyətlə deməyə imkan verir
ki, Ümummilli Liderimizin müstəqil Azərbaycana rəhbərlik
etdiyi illərdə ölkəmiz xaosdan sabitliyə, inkişafa qədəm
qoymuş və bu siyasəti uğurla davam etdirən Prezidentimiz İlham Əliyev
Azərbaycanı bölgənin güclü, qüdrətli, zəngin ölkəsinə
çevirməklə rifaha doğru inamla aparmaqdadır. Məhz bunun nəticəsidir
ki, bu gün hakimiyyətlə xalqın vəhdəti yaranmışdır və
YAP bu birliyin parlaq ifadəsidir.
A.Mənsumə
Mövqe.- 2009.- 21-23 noyabr.- S. 4.