Azərbaycanın bütün sahələrdə atdığı
sülhməramlı addımlar dünyada təqdir
olunur
Novruz bayramının YUNESKO səviyyəsində
tanıdılması birmənalı olaraq Azərbaycan mədəniyyətinin
böyük uğuru və qələbəsi kimi dəyərləndirilir
Ötən
yazımızda qeyd etdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyevin və
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
yüksək diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyətinin
tarixinə daha bir parlaq səhifə yazıldı. YUNESKO-nun Qeyri
maddi-mədəni irsin qorunması üzrə Komitəsinin sentyabrın
otuzunda Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində
keçirilən 4-cü sessiyasında qurumun yekun qərarına əsasən
Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri maddi-mədəni
irs siyahısına daxil edilib. Bu hadisə aşıq sənətinin Azərbaycan
mədəni irsinin ən qədim nümunələrindən biri
olduğunu beynəlxalq səviyyədə bir daha təsdiqləyir.
Bundan
başqa, sessiyada Novruz bayramı da YUNESKO-nun Qeyri maddi-mədəni irs
siyahısına daxil edilib. Novruz bayramının bir sıra dövlətlərdə
qeyd edildiyi nəzərə alınaraq təşkilatın tövsiyəsi ilə
beynəlmiləl qeyri maddi-mədəni irs nümunəsi kimi
YUNESKO-ya təqdim olunub. Bu uğur Azərbaycan prezidenti İlham Əliyevin
apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə
göstərdiyi yüksək qayğının nəticəsidir. Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın
Azərbaycanın qeyri maddi-mədəni irsinin, xüsusilə muğam və
aşıq sənətinin, milli adət-ənənələrimizin
dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər
bu uğurların qazanılmasında mühüm rol oynayıb.
Novruz
bayramının tarixi ilə bağlı zaman-zaman müəyyən fikirlər irəli
sürülsə də, bir sıra fərziyyələr mövcud olsa da, əslində,
min illərdir ki, bu bayramı böyük şadyanalıqla qeyd edən, onun yolunu
gözləyən insanlar üçün bunun o qədər də böyük önəmi
yoxdur. Amma tarixçilərin, folklorşünasların gəldiyi qənaət
bundan ibarətdir ki, elə bu bayramın tarixi dünyanın və insanın
yaranışından başlayır. Hələ ibtidai icma dövründən Novruz
bayramı adı ilə olmasa da, insanlar bu bayramı özlərinəməxsus
şəkildə qeyd ediblər. Soyuq qışın başa çatması, qarın, çovğunun
günəşlə, yaşılıqqlarla əvəz olunması o dövrdə yaşayan
insanları sevindirib. Onlar təbiətin oyanışını bayram ediblər.
Novruz təmizlik, paklıq, ruzi-bərəkət üzərində qərar
tutan, qışın yazla əvəz olunduğu, gecə ilə gündüzün bərabərləşdiyi
bir bayramdır. Öz gəlişi ilə hər şeyi yeniləşdirən və
gözəlləşdirən Novruz insanlar arasındakı münasibətlərin
də xoş bir məcraya düşməsinə yol açır, ötən ildə
baş verən bütün yamanlıqları, umu-küsüləri unudaraq, insanda yalnız
xoş hisslər oyadır. Ovqatımızın bahar havası kimi təmiz olmasını təlqin
edir bu bayram. Min illər yaşı olan Novruz özündə xalqımızın ən
qədim adət-ənənələrini, mənəvi dəyərlərini
əxz etdirir. Təsadüfi deyil ki, Azərbaycanda ta qədimdən
Novruzun gəlişinə böyük hazırlıq görülür. Bütün bu hazırlıqlar isə
təmizliyin, abadlığın, saflığın, xeyirxahlığın üzərində qurulur.
Bütün
müsəlmanların, xüsusilə də türklərin sevinclə qeyd
etdikləri Novruz bayramı sülh, əmniyyət, bərabərlik rəmzi
kimi də geniş bir coğrafiyanı əhatə edir. Bütün dünya
xalqlarının barış və hüzur içində yaşamasını istəyən türkün
qədim və zəngin mədəniyyətinin bir parçası olan
bu bayram şənlikləri ildən-ilə daha geniş vüsət alır. Ən
ağır dönəmlərdə də türk xalqı bu ənənələri
yaşadıb , bu coşqu və vüsəti azalmağa, varlığının göstəricilərindən
biri olan Novruzu itməyə, yox olmağa qoymayıb. Sovetlər Birliyi
dönəmində bu məkanda yaşayan türk xalqları, eləcə də
Azərbaycan Novruz bayramını qeydetmə hüququndan şüurlu şəkildə
məhrum edilsə də, heç bir idarəçilik üsulu xalqa bu bayramı
keçirməyi yasaq edə bilmədi. Ötən əsrin 60-cı illərində
Şıxəli Qurbanovun çox ciddi səyləri nəticəsində
ilk dəfə olaraq Azərbaycanda Novruz bayramının açıq şəkildə
keçirilməsinə nail olundu. Ötən illərin 70-ci illərində
isə ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən
sonra keçmiş SSRİ-nin bütün qadağalarına baxmayaraq, Novruz bayramı, belə
demək mümkünsə, uzun illərin yasağından sonra ev bayramından el
bayramına çevrildi. İnsanlar artıq Novruzu gizli deyil, açıq şəkildə,
böyük coşqu və sevinclə qeyd edirdilər. Məhz həmin illərdə
ilk dəfə olaraq, milli dəyərləri hər şeydən
uca tutan Heydər Əliyevin təşəbbüsü ilə böyük atəşfəşanlıqla
Novruz bayramı yaz bayramı adıyla qeyd olundu. Həmin mərasim ölkə
televiziyası ilə canlı yayımlandı.
Ümummilli
lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından
sonra isə Novruz bayramı rəsmi dövlət bayramı kimi qeyd olunmağa
başladı. Artıq neçə illərdir ki, Prezident İlham Əliyevin rəhbərliyi
ilə Novruz bayramı əsil milli, xalq bayramı kimi xüsusi qeyd olunur. Dövlət
başçısının qərarı ilə bayram günləri əhali üçün böyük şərait
yaradılaraq istirahət günlərinin sayı artırılıb. Azərbaycan vətəndaşlarının
Novruzu böyük bayram əhval-ruhiyyəsi ilə keçirməsi üçün
dövlət tərəfindən lazımi diqqət ayrılıb. Həmsöhbət
olduğumuz şəhər sakinləri də paytaxtda, eləcə də
regionlarda böyük bayram əhval-ruhiyyəsinin yaşandığını vurğuladılar.
Buna görə də onların hər biri dövlət başçısı İlham Əliyevə
minnətdarlıqlarını bildirdilər. Bu gün Novruz Azərbaycanın hər
qarışında böyük şadyanalıqla qeyd olunur. Onu da deyək ki, təkcə
Azərbaycanda deyil, soydaşlarımızın yaşadıqları dünyanın müxtəlif ölkələrində
Novruz bayramı, Azərbaycan adına süfrələr açılır, şamlar
yandırılır, tonqallar qalanır.
Azərbaycanla
birlikdə Novruz bayramını bir sıra şərq xalqları da bayram edirlər.
Qardaş Türkiyədə də bu bayram yüksək səviyyədə
qeyd olunur. Təsadüfi deyil ki, türklər üçün Novruzda onlara uğur gətirən
bir tarixi fakt çox önəmlidir. Hansı ki, Birinci Dünya savaşı zamanı məhz
Novruz bayramı günlərində Çanaqqala Boğazında türk donanması Antanta
hərbi birlikləri üzərində zəfər qazandı. Vətən
və millət uğrunda savaşan türk ordusunun bu qələbəsi
bütöv türk dünyasına bir bayram töhfəsi oldu. Anadolu "Milli Mücadilə"si
illərində də Novruz bayramı heç unudulmayacaq tarixi bir hadisə
ilə yaddaqalan oldu. Sakariya səfərindən dərhal sonra
Mustafa Kamal Paşa Atatürk cəbhəyə gəlib son hazırlıqları
yoxlayır.10 mart günündə Ankaradakı bütün məktəblərə
Novruzun yüksək səviyyədə qarşılanması üçün imkan verilir. Azərbaycanda
olduğu kimi, Türkiyədə də deyirlər ki, Novruz bayramı
yalnız uğur, qələbə, sevinc, ruzi və bərəkət
gətirir.
Bu
gün Azərbaycandakı kimi Türkiyənin də hər yerində
Novruz bayramı yüksək səviyyədə qeyd olunur, bayram şənlikləri
keçirilir. Adətən böyük şəhərlərdə yaşayan, işləyən
insanlar, xüsusən də gənclər Novruz bayramında mütləq əyalətlərdə,
kənd yerlərində yaşayan ata-analarının, doğmalarının böyüklərinin
yanına yollanıb, onları təbrik edir, bayramı birlikdə qarşılayırlar. Özbəkistanda
isə Azərbaycanda olduğu kimi deyirlər ki, kim Novruz bayramını
öz evində keçirmirsə, o zaman həmin adam yeddi il bayramı yad
yerdə qarşılayacaq. Ona görə özbəklər də bizim kimi
bayramı öz evlərində keçirməyə üstünlük verirlər. Novruzun
şahı isə təbii ki, özbək plovu olur. Eyni zamanda Özbəkistanda
da bayram süfrələri müxtəlif şirniyyatlarla, çərəzlərlə,
boyanmış yumurtalarla bəzədilir.
İran
İslam Respublikasında da Novruz bayramı geniş miqyasda rəsmi dövlət
bayramı kimi qeyd olunur. Dövlət səviyyəsində müxtəlif
tədbirlər keçirilir. Burada da ilk olaraq böyüklərlə
bayramlaşırlar. Eyni zamanda hamı bir-birinin bayramını təbrik edir, ən
yaxşı arzularını bildirirlər. Bütün evlərdə bayrama xüsusi
hazırlıq görülür və Novruz bir neçə gün qeyd olunur. Hər kəs
bayram axşamı və bayram günlərində təzə paltar geyinir,
uşaqlara şirni paylanır. İranda deyirlər ki, Novruz bayramında hər kəs
xoş ovqatda olmalı, yalnız yaxşı sözlər deməli, öz imkanı daxilində
xeyirxahlıq göstərib, kimsəszləri, ehtiyacı olanları sevindirməlidir.
Eyni zamanda bayram günlərində dünyadan köçən yaxınlarının məzarını
ziyarət edib, şam yandırmaq, onların ruhuna yasin oxutdurmaq da bir ənənədir.
Novruz bayramı sözügedən ölkələrlə birlikdə Əfqanıstanda,
Pakistanın bəzi yerlərində, Qazaxıstanda, Qırğızıstanda, Şimali
Kipr Türk Cümhuriyyətində, İraqda, xüsusilə də Kərkükdə,
türkmənlərin daha sıx yaşadıqları yerlərdə və digər
şərq ölkələrində də qeyd olunur. Azərbaycan
prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı
sayəsində Novruzun da belə yüksək səviyyədə
tanıdılması birmənalı olaraq Azərbaycan mədəniyyətinin
böyük uğuru və qələbəsi kimi dəyərləndirilir.
A.Sultanova
Movqe.- 2009.- 8-9 oktyabr.- S. 4.