"Əsrin müqaviləsi" Azərbaycanı bütün dünyaya tanıtdı
İkinci yazı
Sentyabrın
15-də "Buta" sarayında "Əsrin müqaviləsi"nin
15-ci ildönümünə həsr olunmuş mərasim keçirilib. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva
da mərasimdə iştirak ediblər.
Prezident
İlham Əliyev mərasimdə çıxış edərək bildirmişdir ki,
15 il bundan əvvəl müstəqil Azərbaycanın həyatında çox
əlamətdar və son dərəcə həlledici hadisə
baş vermişdir. Müstəqilliyin ilk illərinin Azərbaycan üçün çox
ağır keçdiyini xatırladan dövlətimizin başçısı, "Əsrin müqaviləsi"nin
imzalanmasının ölkəmizin qarşısında yeni imkanlar açdığını diqqətə
çatdırmışdır. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi
ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda vəziyyət
sabitləşməyə başlamış, xoşagəlməz halların qarşısı
alınmış və ölkəmiz uğurlu inkişaf yoluna qədəm qoymuşdur. "Əsrin
müqaviləsi" ölkəmizin uzunmüddətli inkişafını sürətləndirmişdir.
İlk dəfə böyük transmilli konsorsiumun yaradıldığını diqqətə
çatdıran Prezident İlham Əliyev bildirmişdir ki, konsorsiuma daxil olan
dünyanın nüfuzlu şirkətləri, habelə Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti (ARDNŞ) uğurlu işbirliyinə başlamış, Xəzər
dənizi beynəlxalq əməkdaşlığa açılmışdır. Bundan başqa,
müqavilə ilk dəfə Xəzərin karbohidrogen ehtiyatlarının
beynəlxalq bazarlara çıxarılmasına imkan vermişdir. Sənədin çox
böyük siyasi əhəmiyyəti olduğunu vurğulayan dövlətimizin
başçısı demişdir ki, "Əsrin müqaviləsi"nin imzalanması ilə
Azərbaycana böyük investisiya axını başlamışdır. Bu investisiyalar Azərbaycanda
neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişafına imkan
yaratmışdır.
"Əsrin
müqaviləsi" imzalanarkən Azərbaycanın milli maraqlarının
tam təmin olunduğunu vurğulayan prezident İlham Əliyev demişdir ki,
ölkəmiz bu müqavilənin həyata keçirilməsi ilə uğurlu
inkişaf yoluna qədəm qoymuşdur. Azərbaycanın müstəqil ölkə
kimi dünya birliyinə inteqrasiyası böyük dərəcədə
"Əsrin müqaviləsi"nin imzalanması ilə bağlıdır. Müqavilənin
çox sürətlə həyata keçirildiyini xatırladan prezident İlham Əliyev
demişdir ki, dünya bazarlarına birbaşa çıxışı olmayan Azərbaycan neft-qaz
kəmərlərinin tikintisini də uğurla həyata keçirmişdir.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi ikinci
tarixi hadisə olmuşdur. Bu, təkcə Azərbaycan üçün deyil,
eyni zamanda region ölkələri üçün də böyük əhəmiyyət
daşıyır. Hazırda bu kəmərin əhəmiyyəti daha da artmış,
Azərbaycan tranzit ölkəyə çevrilmişdir. Azərbaycanın enerji
təhlükəsizliyinin tam təmin olunduğunu diqqətə
çatdıran dövlətimizin başçısı bildirmişdir ki, ölkəmizin enerji
resursları dünya bazarına çoxşaxəli yollarla nəql edilir. Bu il Azərbaycanda
neft hasilatının 45 milyon tondan çox, qaz hasilatının 30 milyard kubmetrə
yaxın olacağını diqqətə çatdıran prezident İlham Əliyev demişdir
ki, gələcəkdə bu rəqəmlər artacaqdır. Bu gün
Azərbaycanın enerji siyasəti regional müstəvidən çıxmış,
qlobal müstəviyə daxil olmuşdur. Azərbaycan neft-qaz ixrac edən
etibarlı ölkə kimi dünya birliyi üçün daha önəmli olmuşdur. Biz
enerji təhlükəsizliyi məsələlərində çox fəal
iştirak edirik. Dövlətimizin başçısı bildirmişdir ki, Azərbaycan
hazırda sürətli inkişaf dövrünü yaşayır. Azərbaycanın valyuta
ehtiyatları 18 milyard dollardan çoxdur. Son beş ildə Azərbaycanın
dövlət büdcəsi 10 dəfədən çox artmış, 2003-2008-ci illərdə
ümumi daxili məhsul (ÜDM) 2,6 dəfə çoxalmış, 800 minə yaxın
yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə
enmişdir.
Azərbaycanda
şəffaflığın təmin olunduğunu qeyd edən prezident İlham Əliyev
diqqətə çatdırmışdır ki, 1999-cu ildə yaradılan Dövlət Neft
Fondu BMT-nin şəffaflıq mükafatına layiq görülmüşdür. Ölkəmizdə
aparılan islahatların beynəlxalq qurumların hesabatlarında əksini
tapdığını xatırladan dövlətimizin başçısı bildirmişdir ki, Dünya Bankı
2008-ci ildə Azərbaycanı bir nömrəli islahatçı ölkə elan
etmişdir. Bizim məqsədimiz inkişaf etmiş ölkələrin sırasına
daxil olmaqdır. Buna nail olmaq üçün islahatlar davam etdirilməlidir. Neftdən
əldə olunan gəlirlər təhsilə, səhiyyəyə,
qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılmasına sərf olunur, yeni, müasir infrastruktur yaradılır. Dünyada
maliyyə böhranının hökm sürməsinə baxmayaraq, bu ilin səkkiz
ayında Azərbaycan iqtisadiyyatı 5 faiz artmışdır. Azərbaycan müasir,
sabit, güclü iqtisadiyyata malik ölkədir. Çıxışının sonunda prezident
İlham Əliyev vurğulamışdır ki, qədim neft ölkəsi olan Azərbaycanda
neftçilərin peşə bayramı da məhz "Əsrin müqaviləsi"nin
imzalandığı gün - sentyabrın 20-də qeyd olunur. Bu, dövlət tərəfindən
"Əsrin müqaviləsi"nə verilən qiymətdir.
"Əsrin
müqaviləsi"nin Azərbaycan neft-qaz sektorunun inkişafına verdiyi
töhfələrdən danışan ARDNŞ-in prezidenti Rövnəq Abdullayev
bildirmişdir ki, məhz bu hadisədən sonra Azərbaycanda neft
hasilatı artmış, ölkəmiz nəhəng neft-qaz kəmərlərinin
çəkilməsini reallığa çevirmişdir. "bp-Azərbaycan" şirkətinin
prezidenti Rəşid Cavanşir böyük siyasi və iqtisadi əhəmiyyətə
malik "Əsrin müqaviləsi"nin ölkəmizin müstəqilliyinin
möhkəmlənməsindəki əhəmiyyətindən bəhs
etmişdir. ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri
üzrə xüsusi nümayəndəsinin müavini Daniel Ştayn Birləşmiş
Ştatların dövlət katibi Hillari Klintonun təbrik məktubunu
oxumuşdur. Daniel Ştayn demişdir ki, Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır
və nəql marşrutlarının həyata keçirilməsi ilə bağlı
ideyaları dəstəkləyir. "Əsrin müqaviləsi"nin
Azərbaycan üçün yeni imkanlar açdığını diqqətə çatdıran Avropa
İttifaqının enerji məsələləri üzrə komissarı Andris
Piebalqs bildirmişdir ki, Heydər Əliyevin uzaqgörənliyi Azərbaycanın
iqtisadi inkişafını təmin etmişdir.
A.Mənsumə
Mövqe.- 2009.- 24-25 sentyabr.- S. 4.