Azərbaycanın ərazi bütövlüyü sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinə alternativ yoxdur

 

Sentyabrın 15-də BMT Baş Məclisinin 64-cü sessiyası öz işinə başladı. Baş Məclisin sessiyasının gündəliyinə GUAM ərazisində dondurulmuş münaqişələr, onların regionda təhlükəsizliyə təsiri, Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətlə bağlı məsələlər daxil edilib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 64-cü sessiyasının ümumi müzakirələrində çıxış edib.

Elmar Məmmədyarov bəyan edib ki, iyirmi ildir davam edən, beynəlxalq və regional sülhə, təhlükəsizliyə ciddi təhlükə olan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsiplərinin kobud surətdə pozulmasının ən canlı nümunəsidir: "Ermənistan tərəfindən həyata keçirilən təcavüzün nəticəsi olaraq Azərbaycan ərazilərinin beşdə biri zəbt olunub, etnik təmizləməyə məruz qalmış təqribən bir milyon azərbaycanlı qacqın və məcburi köçkünə çevrilib, Azərbaycanın minlərlə tarixi-mədəni irsi dağıdılaraq qarət edilib. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə başqa bir dövlətin ərazisinin güc tətbiq etmək yolu ilə ələ keçirilməsinin yolverilməzliyi və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi vurğulanıb. Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi kimi tanınıb, zəbt olunmuş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin qeyd-şərtsiz çıxması çağırışı öz əksini tapıb.

BMT Baş Assambleyasının 14 mart 2008-ci il tarixli 62-243 saylı "İşğal olunmuş Azərbaycan torpaqlarında vəziyyətə dair" qətnaməsində Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək bir daha ifadə olunub. BMT Təhlükəsizlik ŞurasınınBaş Assambleyanın qətnamələrində əks olunmuş yanaşma Azərbaycanın tutduğu mövqe ilə tamamilə üst-üstə düşür. Azərbaycan ilk gündən münaqişənin mərhələli həllinin yeganə mümkün yol olduğunu deyib. İşğal olunmuş bütün ərazilərdən erməni silahlı qüvvələrinin çıxarılması, həmin ərazilərin bərpası və məcburi köçkünlərin doğma yurdlarına - Dağlıq Qarabağ ətraf rayonlara geri qayıtması, qarşılıqlı istifadə üçün bütün kommunikasiyaların açılması kimi bir sıra vacib işlər görülməlidir. Bu, müharibənin nəticələrini aradan qaldırmağa, regionun azərbaycanlı və erməni icmalarının qarşılıqlı razılığı nəzərə alınmaqla Azərbaycan daxilində Dağlıq Qarabağ regionunun hüquqi statusunun işlənib hazırlanmasına, regionda davamlı sülhünsabitliyin təşəkkül tapmasına zəmin yaradacaq".

Eyni zamanda Elmar Məmmədyarov bildirib ki, hazırkı danışıqlar prosesi münaqişənin həll olunmasında pat vəziyyətinin aradan qalxacağına ümidləri artırır: "2008-ci ilin noyabr ayında Azərbaycan, Ermənistan və Rusiya prezidentləri tərəfindən Moskvada imzalanmış birgə Bəyannamədə Ermənistan tərəfinin münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında mərhələli həllini qəbul etməsi yaxşı əlamətdir. Azərbaycan Cənubi Qafqaz ondan kənarda təhlükəsizlik və sabitlik naminə Ermənistan rəhbərliyi ilə danışıqları davam etdirməyə hazırdırbu da gələcəkdə geniş regional imkanları bütün tərəflərin faydası üçün istifadə etməyə şərait yaradacaq". Elmar Məmmədyarov çıxışında Azərbaycanın iqtisadi vəziyyəti haqqında da geniş məlumat verib. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərləri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi infrastruktur layihələrin uğurla həyata keçirilməsinin qonşu ölkələrin inkişafına zəmin yaratdığını vurğulayıb. Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolunun Xəzər dənizinin Azərbaycan hissəsində Ələt dəniz limanının tikintisinin başa çatması Azərbaycanın Asiya ilə Avropanı birləşdirən kommunikasiya mərkəzi kimi rolunu daha da artıracaq.

Onu da qeyd edək ki, Nyu-Yorkda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşüb. Konstruktiv şəraitdə keçən görüşdə Azərbaycan-ABŞ əməkdaşlığının bütün istiqamətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi digər regional məsələlər ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnun qaldıqlarını bildiriblər. Görüşdə əsas etibarilə Ermənistan-Azərbaycan, Dağlıq Qrabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub. Hillari Klinton azərbaycanlı həmkarı ilə cari ilin may ayında Vaşinqtonda keçirdiyi görüşdə olduğu kimi, bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı "status-kvo"nun yolverilməz olduğunu və ABŞ-ın yeni adminitrasiyasının sözügedən münaqişənin tezliklə nizamlanması ilə bağlı öhdəliyini təsdiq edib.

ABŞ administrasiyasının məsələyə göstərdiyi diqqətə görə təşəkkür edən Elmar Məmmədyarov münaqişənin yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində nizamlanması şəraitində Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin edilməsinin mümkünlüyünü bildirib. Görüşdə ABŞ-la Azərbaycan arasında enerji sahəsində əməkdaşlıqdan məmnunluq ifadə edilib, regional enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın dünya bazarlarına enerjidaşıyıcıların təchizatındakı əhəmiyyətli rola malik olması vurğulanıb. Tərəflər iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq, Azadlığa Dəstək Aktına "907-ci düzəliş"in ləğvi, regional məsələlər, demokratiya insan hüquqları digər birgə maraq kəsb edən mövzuları da müzakirə ediblər. "Cənubi Qafqazdakı münaqişələrin ölkələrin ərazi bütövlüyünün bərpası əsasında nizama salınmasının vaxtı çatıb". Bu sözləri isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 64-cü sessiyasının ikinci günü çıxış edərkən bildirib. O, Cənubi Qafqaz bölgəsində münaqişələrin bütün dünya üçün təhlükəli olduğunu deyib. Türkiyənin baş naziri rəsmi Ankaranın irəli sürdüyü Cənubi Qafqazda Sabitlik Əməkdaşlıq Platforması təklifini bu istiqamətdəki səylərdən biri kimi qiymətləndirib.

Onu da qeyd edək ki, iyirmilərin sammitinin keçirildiyi ABŞ-ın Pittsburq şəhərində ABŞ prezidenti Barak Obama ilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. "Anadolu" agentliyinin məlumatına görə, on beş dəqiqə davam edən görüşdə əsasən Yaxın Şərqdəki vəziyyət və Türkiyə-Ermənistan-Azərbaycan üçbucağında baş verən proseslər müzakirə edilib. Barak Obama son vaxtlar Türkiyə-Ermənistan münasibətlərində müşahidə olunan yaxınlaşmanı müsbət qiymətləndirib və iki ölkə arasında əlaqələrin inkişafının bölgənin gələcəyi baxımından da əhəmiyyət daşıdığını deyib. O, Dağlıq Qarabağ məsələsinin bölgədəki problemlərin həlli baxımından kritik önəmini bildiyini vurğulayıb. Rəcəb Tayyib Ərdoğan isə bəyan edib ki, ABŞ, Rusiya Fransadan ibarət ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həlli istiqamətində fəallığını artırmalıdır.

Yeri gəlmişkən, bu arada Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev qurumun baş katibi Pan Gi Muna rəsmi etiraz məktubu göndərib. Məktubda əsas diqqət sentyabrın əvvəllərində Ermənistan prezidenti Serj Sərkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri, orada qondarma rejimin "müstəqillik gününə" həsr olunan tədbirlərə qatılması və Xankəndində verdiyi bəyanatlara yönəlib. Məktubda eyni zamanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın onu müşayiət edən yüksək rütbəli diplomatların işğal olunmuş ərazilərdə diplomatların ənənəvi müşavirəsini keçirdiyi qeyd olunub. Aqşin Mehdiyev müraciətində bildirib ki, "Mənim təmsil etdiyim hökumət işğal olunmuş ərazilərə yuxarıda qeyd etdiyim səfərləriorada səsləndirilən hərbi ritorikanı Ermənistanla Azərbaycan arasında münaqişənin tez bir zamanda siyasi yolla həllinə açıq maneə kimi qiymətləndirir. Reallıqda Ermənistan bir daha öz anneksiya siyasətinə bəraət qazandırmağa və faktların kobud formada təhrif olunması yolu ilə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışıb. Halbuki, etnik mənsubiyyət əsasında qurulan marionet separatist rejimi dünya ölkələri tanımaqdan imtina edirlər".

Aqşin Mehdiyev onu da qeyd edib ki, minlərlə insanın həyatına son qoyan, yüz minlərlə Azərbaycanlını öz yurdlarından didərgin salan, iki dövlət arasında genişmiqyaslı müharibəyə səbəb olan bir hadisənin "yubileyi" münasibəti ilə mərasimlərə qatılan Ermənistan rəhbərliyi gözlənilməz nəticələr verə biləcək eskalasiya siyasətinə üstünlük verir. Daimi nümayəndəliyin rəhbərliyi BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyanın 2008-ci il 14 martda "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" qəbul etdiyi qətnamədə Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq və şərtsiz tanıdığını, münaqişənin həll olunmasında bu prinsiplərin toxunulmaz olduğunu bildirib. Baş katibə müraciətinin sonunda səfir Aqşin Mehdiyev qeyd edib ki, "Ermənistan Respublikası başa düşməlidir ki, onun öz maraqları üçün, regionda sülhün, əmin-əmanlığın, qarşılıqlı əməkdaşlığın təmin olunması üçün münaqişənin Azərbaycanın ərazi bütövlüyü sərhədlərinin pozulmamağı çərçivəsində həllinə alternativ yoxdur. Azərbaycan Respublikası heç vaxt öz ərazi bütövlüyünə xələl gətirəcək, öz xalqının hüquqi maraqlarına və indiki status-kvonun leqallaşmasına xidmət edəcək addım atmayacaq".

 

 

A.Sultanova

 

Mövqe.- 2009.- 29-30 sentyabr.- S. 4.