. Niyazi - parlaq istedad

 

 

Məqaləni çap etdirməzdən əvvəl, mən görkəmli Dövlət xadimi keçmiş Nazirlər Kabinetinin sədr müavini atam Fikrət Əhmədov haqqında oxucularımıza qısa məlumat vermək istəyirəm.

 

Fikrət Həmid oğlu Əhmədov vaxtilə təcrübəli partiya, Sovet işçisi, bacarıqlı təşkilatçı olub. Onun xidmətləri - 2 Əmək Qırmızı Bayraq, 2 “Şərəf Nişanı” ordeni, SSSR – inin medalları ilə qiymətləndirilmişdir. O, SSSR – nin “Mükəmməl maarifçisi” Şərəf nişanı ilə mükafatlandırılmışdır.

 

F.H.Əhmədov dəfələrlə Bakı partiya komitəsinin, Azərbaycanın Kommunist Partiyasının Mərkəzi Komitəsinin tərkibinə və Bakı Sovetinin deputatı olmuşdur. V, VI “Znanie” Ümumittifaq Cəmiyyətinin Qurultaylarında idarə heyətinin üzvi seçilmişdir. 1979 – cu ildə Dünya tərəfdaşları Ümumittifaq konfransında Dünyanı xilas etmə Sovet komitəsinin üzvi seçilmişdir.

 

Fikrət Əhmədov Azərbaycan xalqının yaddaşında görkəmli ictimai xadim, gözəl insan və musiqi mədəniyyətimizin tarixini mükəmməl bilən bir şəxsiyyət kimi qalıb. Atamın olduqca möhkəm yaddaşı var idi. Dünyadan köçən sənətkarların yaradıcılığı onun yaddaşına həkk olunaraq, qəlbində yaşayırdı. Fikrət Əhmədov xeyirxah, səmimi, istiqanlı və sözün əsl mənasında mehriban şəxsiyyət, insanları sevən və ürəyi onlara açıq insan idi. Bu xüsusiyyətlərin hamısı onun dəyərli yaradıcılığında öz əksini tapmışdır.

 

Mən Niyaziyə həsr olunmuş məqaləni oxudum və təəccübləndim. Nə üçün? Atamın yaddaşına, yüksək intellektinə və zəngin biliklərinə! O, hətta Leopold Moriseviç Rudolfu tanıyırdı, onun elmi – nəzəri əsərlərini oxumuşdur. Bu çox maraqlı məlumatdır. Bildiyimiz kimi, L.M.Rudolfu dahi Üzeyir Hacıbəyli dəvət etmiş Azərbaycana və o, böyük bir musiqi ordusunu yetişdirmişdi.

 

Atamın redaktə etdiyi məqalə olduqca dəyərlidir və yüksək professional səviyyədə yazılıb. Və təsadüfi deyil ki, o dövrün hökümət başçısı məhz Fikrət Əhmədova dahi dirijorun yubileyini keçirtməyi həvalə etmişdir. Həqiqətən, mənim anam – Bahar xanım xatırlayırdı ki, yubiley bədii və təşkilat baxımından çox maraqlı və yüksək səviyyədə təqdim olunmuşdur.

 

Gələcəkdə mən bir övlad kimi, atamın digər çoxsaylı məqalələrini sistemləşdirib bir toplu şəkilində çap etdirib geniş auditoriyaya təqdim etmək arzusundayam. Mən bu işi çoxdan etməliydim... Sağlıq olsun. Atam bir çox görkəmli şairlərin, yazıçıların, bəstəkarların, rəssamların qəlbində daim yaşayır. İlk dəfə bu məqalə “Azərbaycan” jurnalında ¹5 saylı 1983 – cü ildə çap olunmuşdur.

 

Bu məqaləni giriş sözünü yazan Fikrət Əhmədovun qızı - professor, sənətşünaslıq namizədi Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi - Mehriban Əhmədovadır.

 

Sənətkarın böyüklüyü – onun xalqla daimi ünsiyyətində, xalqın qayğı və istəkləri ilə daim qaynayıb – qarışmasındadır. Bütün yaradıcılığı Vətənə, doğma yurda sonsuz məhəbbətin ifadəsi olan Niyazi də məhz belə sənətkardır.

 

Niyazinin 70 illiyi musiqi sənətimizin əsl bayramı oldu. Bu bayramın sədaları respublikamızın şəhər və kəndlərindən, rayon və qəsəbələrindən gəlirdi. Musiqi ictimaiyyətimizin keçirdiyi elmi sessiyalarda, müxtəlif əmək kollektivlərində, hərbi hissələrdə – hər yerdə görkəmli sənətkarın zəngin yaradıcılığından söhbət gedir, onun əsərləri səslənir, böyük dirijorluq məharəti nümayiş etdirilirdi. Moskvada İttifaqlar evinin sütunlu salonunda keçirilən təntənəli mərasim isə Azərbaycan xalqının yetişdirdiyi bu böyük musiqi xadiminə Ümumittifaq məhəbbətinin həqiqi nümayişinə çevrilirdi.

 

 

 

Şanlı Hacıbəyovlar nəslinə mənsub olan Niyazinin yaradıcılıq yolu professional musiqimizin banisi, böyük bəstəkarımız Üzeyir Hacıbəyovun adı ilə bağlıdır. Musiqi mədəniyyətimizin beşiyi – gözəl Şuşada böyüyən, respublikamızın bu qədim şəhərinin əsrarəngiz təbiətinə hələ uşaqlıqdan məftun olan incə ruhlu Niyazinin zərif istedadının şaxələnib qol – qanad açmasında Üzeyir Hacıbəyovun xidməti böyükdür.

 

Niyazinin bir sənətkar kimi püxtələşməsinə, onun bədii zövqünün formalaşmasına rus klassik musiqi mədəniyyətinin və sovet musiqi sənətinin böyük təsiri olmuşdur. Moskvada və Leninqradda (indiki Sankt - Peterburqda) təhsil aldığı dövrdə – bu qədim mədəniyyət mərkəzlərinin zəngin mədəni mühiti ilə nəfəs alması, M.Qnesin, Q.Popov, F.Ryazanov, L.Rudolf kimi gözəl musiqiçilərlə təmasda olması musiqi sənətinin geniş yoluna çıxmaqda Niyaziyə mühüm təsir göstərmişdir.

 

1938 – ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə böyük müvəffəqiyyətlə çıxış edib, paytaxt ictimaiyyətinin qızğın rəğbətini qazanan Niyazi o vaxtdan bəri ötüb keçən qırx beş il ərzində həmişə sovet musiqiçilərinin ön cərgəsində addımlamışdır.

 

Niyazinin yarıməsrlik yaradıcılıq yolu – Azərbaycanda yeni sosialist musiqi mədəniyyəti quruculuğunun bütün mərhələlərini özündə layiqincə əks etdirir.

 

Niyazi istedadının böyüklüyü, məhsuldarlığı və əsas əhəmiyyəti – onun gözəl dirijorluq sənətində daha bariz şəkildə üzə çıxmışdır.

 

Azərbaycan bəstəkarlarının yaratdığı ən qiymətli əsərlərin ilk ifaçısı və yorulmaz təbliğatçısı olan – qəlbi alovla, enerji ilə dolu – bu əvəzsiz musiqi ustadının qaynar fəaliyyəti sayəsində qədim musiqi sənətimiz özünün bugünkü yüksək inkişaf mərhələsinə çatmışdır. Azərbaycan bəstəkarlarının müxtəlif janr və formalarda yaratdığı bir çox əsərləri Niyazinin məharətli dirijor ifaçılığından, onun narahat sənətkar ürəyinin hərarətindən kənarda təsəvvür etmək mümkün deyildir.

 

 

 

Azərbaycan bəstəkarlıq məktəbinin Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Rauf Hacıyev, Tofiq Quliyev, Cahangir Cahangirov kimi istedadlı nümayəndələrinin əsərləri məhz Niyazinin yüksək dirijorluq məharətinin nəticəsində öz təravətini, öz ideya – emosional qüvvəsini həmişə saxlamış və saxlamaqdadır.

 

Unudulmaz bəstəkarımız Qara Qarayev yazırdı: “Mənim ən sanballı əsərlərimin ilk dirijoru, əksər hallarda, Niyazi olmuşdur və şişirtmədən deyirəm ki, bundan yüksək dirijor ifaçılığına mən heç ehtiyac da hiss etməmişəm.”

 

Azərbaycan simfonik musiqisinin respublikamızın hüdudlarından çox – çox uzaqlarda da geniş şöhrət tapmasında, onun – sovet və dünya musiqi mədəniyyəti aləmində – əhəmiyyətli hadisə, yeni söz kimi qəbul edilməsində Niyazinin parlaq istedadı böyük rol oynamışdır.

 

Niyazi sənətinə xas olan yüksək musiqi mədəniyyəti, cəsarətli yaradıcılıq axtarışları, onun özünəməxsus dəstxətti rus, sovet və dünya klassik musiqisini milyonlarca dinləyicinin mənəvi yaddaşına daxil etmişdir. Niyazi – Qlinkanın, Borodinin, Çaykovskinin, Rimski Korsakovun, Raxmaninovun, Skaryabinin ölməz əsərlərinin ilhamlı dirijor ifaçısıdır.

 

Niyazinin ən sevimli bəstəkarı, onun öz dediyinə görə, Çaykovskidir. Və Niyazi bu böyük bəstəkarın əsərlərinə həmişə xüsusi məhəbbətlə, sonsuz səmimiyyət və ehtirasla dirijorluq edir.

 

Görkəmli sovet bəstəkarlarından – Şostakoviçin, Prakofyevin, Xrennikovun, Kobalevskinin və digər bir sıra başqalarının əsərləri Niyazinin dirijor ifasında dərin dramatik ehtirasla səslənir.

 

Bax, Motsart, Bethoven, Vaqner, Berlioz, Dvorjak, Debüssi, Ravel kimi dahi bəstəkarların əsərlərinə müraciət edərkən Niyazi hər dəfə yeni axtarışlar aparır və bu əsərlərin mənəvi gücünü, böyüklüyünü və ölməzliyini bütün dərinliyi ilə dinləyicilərə çatdıra bilir.

 

Artıq qırx ildən çoxdur ki, Niyazi ölkəmizin ən qocaman musiqi kollektivlərindən olan – Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinə rəhbərlik edir.

 

Və bu əməkdar kollektivin altmış illiyinə həsr olunan təntənəli yığıncaqlarda qeyd edildiyi kimi, məhz böyük dirijorumuzun təşkilatçılıq qabiliyyəti nəticəsində, bir neçə on ildə, orkestr yüksək professionallıq səriştəsinə yiyələnmiş, öz yaradıcı üslubu və dəsti – xətti ilə seçilən gözəl musiqi ocağına çevrilmişdir. Azərbaycan simfonizminin əsl yaradıcılıq laboratoriyası sayılan simfonik orkestrimiz, Niyazinin rəhbərliyi altında, respublika zəhmətkeşlərinin estetik tərbiyəsində mühüm rol oynayır, əməkçi insanların mənəvi dünyasının zənginləşməsinə ardıcıl xidmət göstərir.

 

Maestro Niyazinin sehrkar əllərində dirijor çubuğu doğrudan da ecazkar cazibə qüvvəsi kəsb edir, onun böyük istedadının pərəstişkarlarının qəlbini daim vəcdə gətirir. Elə buna görə də, Robert Rojdestvenski Niyazi sənətini günəşin zərrin şüasına bənzədir, Rəsul Həmzətov isə orkestr qarşısında dayanan Niyazini uçuşa hazırlaşan qartalla müqayisə edir. Niyazinin barəsində deyilmiş bu cür obrazlı sözlərdən çox misal gətirmək olardı.

 

Azərbaycan musiqili teatrının – yeni tamaşalarımızın, opera və baletlərimizin bir çox nailiyyətləri dirijor Niyazinin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə tamaşaya qoyulan “Koroğlu”, “Nərgiz”, “Sevil” operaları, “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Gülşən” baletləri respublikamızın mədəni həyatında böyük hadisəyə çevrilmişdir.

 

Niyazi ölkəmizin və xarici ölkələrin bir çox ifaçı kolletivləri və görkəmli musiqi xadimləri ilə sıx yaradıcılıq əlaqəsi saxlayır. SSRİ Dövlət Simfonik orkestrinin, SSRİ Dövlət Akademik Böyük Teatrı orkestrinin, Ümumittifaq radio və televiziyası böyük simfonik orkestrinin, Leninqrad Dövlət Filarmoniyası, Ukrayna, Gürcüstan, Baltikyanı və Orta Asiya respublikaları simfonik orkestrlərinin dirijor pultu arxasında Niyazi dönə – dönə böyük müvəffəqiyyətlə çıxış etmişdir. Niyazinin – Rixter, Gileles, Oborin, Oystrax, Koqan, Klibern, Stern, Navarra, Donaxau kimi ustad musiqiçilərlə çıxışları əsl musiqi bayramına çevrilmişdir.

 

Zəngin və məhsuldar yaradıcılıq yolu keçən Niyazi – hələ 60 – cı illərdə – S.M.Kirov adına Leninqrad Dövlət Akademik Opera və Balet Teatrının (indiki Sankt – Peterburq Marinski Teatrı) baş dirijoru vəzifəsində çalışarkən – Yuri Qriqoryeviç və Simon Virsaladze ilə birlikdə bu məşhur teatrın səhnəsində Çaykovskinin “Yatmış gözəl” və Prokofyevin “Daş çiçək” baletlərinin yeni tamaşalarını yaratmış, o vaxtlar musiqi aləmində hələ ilk addımlarını atan Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin müvəffəqiyyətlə tamaşaya qoyulmasına böyük əmək sərf etmişdir.

 

Öz dirijor sənəti ilə Niyazi o dövrün musiqisini xarici ölkələrdə ustalıqla təbliğ edir və onun beynəlxalq avtoritetinin möhkəmlənməsinə əvəzsiz kömək edir. Sovet musiqi sənətinin tam səlahiyyətli nümayəndəsi kimi Niyazi ADR, Monqolustan, Polşa, Rumınya, Çexoslovakiya və s. qardaş sosialist ölkələrinin, İranın, İngiltərənin, Türkiyənin və Fransanın onlarca auditoriyasında böyük müvəffəqiyyətlə konsertlər vermişdir.

 

Bu yerdə XX əsr musiqisinin korifeyi Dmitri Şostakoviçin sözləri yada düşür: “Cəsarətlə demək olar ki, Azərbaycan musiqisi özünün dünyada tanınmasında istedadlı dirijor və bəstəkar Niyaziyə borcludur. O, Şərqin beynəlxalq aləmdə geniş şöhrət tapmış ilk dirijorudur.”

 

Niyazi dirijorluğunun təkrarolunmaz fərdiliyini, onun özünəməxsus ifa ustalığını dünyanın tanınmış musiqiçilərindən – Karlo Tsekin, Vattslav Dobiaş, Adnan Sayqun və başqaları da yüksək qiymətləndirmişlər. Və bu gün Niyazinin adı, haqlı olaraq, dünyanın ən görkəmli dirijorları ilə bir sırada çəkilir.

 

Böyük dirijor olmaqla bərabər Niyazi, həm də parlaq istedada malik musiqi yaradıcısıdır. Onun bəstələdiyi əsərlər orijinal musiqi təfəkkürü və milli koloriti ilə seçilir. Xalq musiqisinin qaynaq və ənənələrinə dərindən bələd olan bəstəkar Niyazinin həqiqi novatorluğu onun əsərlərinin demokratizmini və cazibə qüvvəsini daha da artırır.

 

Niyazi musiqinin müxtəlif janrlarında bir sıra qüdrətli əsərlər yaratmışdır. O, milli simfonik musiqimizin banilərindən biri kimi, Azərbaycan simfonizminin inkişafında əvəzsiz rol oynamışdır.

 

Niyazinin xalq musiqimizin tədqiqi sahəsində də böyük xidmətləri vardır. Hələ 30 – cu illərdə Niyazi , Azərbaycan xalq muğamlarını nota almaqla böyük və çətin bir vəzifənin öhdəsindən gəlmişdir.

 

Azərbaycan və dünya musiqi mədəniyyəti tarixində ilk dəfə olaraq, xalq musiqisi əsasında yeni janr yaradan Niyazi öz şah əsərini – “Rast” simfonik muğamını bəstələməklə, bu janrın böyük imkanlarını məharətlə nümayiş etdirmişdir. Xalqımızın qəhrəman keçmişini, onun milli məişətini və bu günün nikbin ruhunu əks etdirən “Rast” muğamı Vətənin, yurdun əsl himni kimi səslənir.

 

Bəstəkarın xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəmin sözlərinə yazdığı “Vətən nəğməsi” dövrümüzün ən populyar mahnılarındandır. Niyazinin – Azərbaycanda sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizəyə həsr edilmiş “Kəndlilər” filminə inqilabi – tarixi mövzuda yazdığı musiqi bu gün də əzəmətlə səslənir. Onun “Qaytağı” simfonik qravürası və bir sıra vokal – simfonik əsərləri heç vaxt əhəmiyyətini itirməyən parlaq musiqi lövhələridir.

 

Dünya ədəbiyyatının klassiki Nizaminin eyni adlı poeması əsasında Niyazinin bəstələdiyi lirik – dramatik “ Xosrov və Şirin ” operası milli opera sənətimizin görkəmli nailiyyətlərindəndir.

 

Görkəmli bəstəkarımızın Böyük Vətən müharibəsi illərində bilavasitə cəbhədə yaratdığı, Azərbaycanda təşkil edilmiş 416 – cı diviziyanın marş – mahnısı xalqımızın faşizm üzərində qələbəsi ruhunu əks etdirir. Bu mahnı ilə xilaskar ordumuzun əsgərləri qoca Qafqazın ətəklərindən Branderburq darvazalarınacan addımlamışdır.

 

Niyazinin musiqi publisistikası da böyük əhəmiyyətə malikdir. Onun məqalələrində – düşüncələrində sənətin xalqla əlaqəsi, sənətkarın xalq qarşısındakı məsuliyyəti barədə qiymətli fikirlər vardır. Azərbaycan ensiklopediyasının musiqi və ifaçılıq məsələləri üzrə məsləhətçisi olan Niyazinin şəxsində ensiklopediyamız özünün bilikli və avtoritetli mütəxəssisini tapmışdır.

 

İctimai həyatın bütün sahələrində fəal iştirak edən Niyazi respublikamızda baş verən hadisələrin həmişə mərkəzində olub. Musiqi aləmində elə bir hadisə yoxdur ki, orada Niyazinin iştirakı olmasın.

 

Azərbaycanda keçirilən musiqili – bədii tədbirlərin, qardaş sovet xalqlarının incəsənət dekadalarının fəal təşkilatçılarından olan Niyazinin xalqların beynəlmiləl dostluq əlaqələrinin möhkəmlənməsində də böyük xidmətləri vardır. O, respublikamızda keçirilən kütləvi mahnı bayramlarının, gənclik festivallarının, xalq istedadlarına baxış tədbirlərinin təşəbbüskarı və təşkilatçısıdır.

 

Niyazi respublikamızın uşaq və gənclərinin estetik tərbiyəsinə də əsl atalıq qayğısı göstərir. O, tez – tez musiqi və ümumtəhsil məktəblərində olur, tələbə gənclərlə keçirilən görüşlərdə iştirak edir.

 

Niyazinin kənd zəhmətkeşlərinin, sənaye müəssisələrinin fəhlə və qulluqçularının, respublikamızın partiya – təsərrüfat və komsomol fəallarının, döyüşçülərimizin qarşısında verdiyi konsertlər artıq xoş bir ənənəyə çevrilmişdir.

 

Niyazi – Sovet – Çexoslovakiya Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Azərbaycan şöbəsinin sədridir, respublika sülhü müdafiə komitəsinin və müharibə veteranları komitəsinin üzvüdür.

 

Bütün bunlar – xalqın sənətkara göstərdiyi böyük etimadın nəticəsidir. O, keçmiş Azərbaycan Kommunist Partiyasının bir çox qurultaylarının və tarixi XXVI qurultayın nümayəndəsidir. Son dörd onillikdə Niyazi Azərbaycan SSRİ Ali Sovetinin bütün çağırışlar üzrə deputatıdır.

 

Niyazinin bütün şüurlu həyatı yorulmaq bilməyən bir insanın – mayası əsl vətəndaşlıq duyğusu və böyük humanizm ilə yoğrulan əmək dastanıdır.

 

Öz taleyini əzəldən bəri xalqın taleyi ilə bağlayan, respublikamızın keçdiyi əmək yolunu özünün həyat yolu hesab edən Niyazi öz böyük şəxsi xoşbəxtliyini də məhz bunda görür. Azərbaycanın son beşilliklərdəki inamlı addımlarında, respublikamızın son illərdə Vətənin 13 Keçici bayrağına layiq görülməsində Niyazinin ilhamlı əməyinin də özünəməxsus yeri vardır. Xalqın həyatından aldığı böyük gücü öz sənətinin yüksək amalına çevirən Niyazini təsadüfi deyil ki, xalqımız ustad adlandırır, onu dərin məhəbbətlə sevir.

 

Qədirbilən xalq və hökümətimiz Niyazinin əməyinə yüksək qiymət vermişdir. O, SSRİ – nin xalq artistidir, SSRİ Dövlət mükafatları, Üzeyir Hacıbəyov adına respublika mükafatı və Azərbaycan Lenin komsomolu mükafatı laureatıdır.

 

Hindistan ictimaiyyətinin “Hind – Sovet dostluğunun poetik rəmzi” adlandırdığı “Çitra” baletinə görə Niyazi Cəvahirləl Nehru adına Beynəlxalq mükafata layiq görülmüşdür.

 

Niyazi Lenin, Oktyabr inqilabı, Qızıl Əmək Bayrağı, Şərəf nişanı ordenləri və SSRİ – nin bir çox medalları ilə təltif edilmişdir. Bolqarıstanın, Macarıstanın, ADR – in, Monqolustanın, Çexoslovakiyanın bir sıra orden və medallarına layiq görülməsi Niyazinin sənətinə xarici ölkələrdə də layiqli qiymət verildiyini göstərir.

 

XX əsr musiqi sənətinin inkişafındakı böyük xidmətlərinə və anadan olmasının 70 illiyi münasibətilə Niyaziyə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir.

 

SSRİ yaradılmasının 60 illiyinə həsr edilmiş təntənəli yığıncaqda partiyamızın Baş katibi Yuri Vladimiroviç Andropov yoldaş milli mədəniyyətlərin qarşılıqlı əlaqəsinin sosialist mədəniyyətimizin çiçəklənməsinin başlıca faktorlarından olduğunu göstərmişdir. Və biz fəxr ilə deyə bilərik ki, həqiqi patriot, əsl beynəlmiləlçi Niyazinin bütün həyat və fəaliyyəti bu ali məqsədə xidmət etmişdir.

 

Və Niyazinin Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi – Kommunist Partiyasının yaradıcı ziyalılara göstərdiyi atalıq qayğısının və onun leninçi milli siyasətinin parlaq nişanəsidir.

 

Niyazinin 70 yaşı tamam olmuşdur, lakin o yenə də gəncdir, onun narahat ürəyi yenə yaratmaq eşqi ilə döyünür. O, öz nadir istedadının nəhayətsiz imkanlarını bu gün də bütün əzəməti ilə nümayiş etdirir.

 

İnsanları gözəllik dünyası ilə qovuşduran Niyazinin böyük və mənalı ömrünün yeni səhifələri, ümidvarıq ki, hələ bundan sonra da yazılacaqdır.

 

 

Fikrət ƏHMƏDOV

  

 

        "Musiqi dünyası" ¹ 3 (80) 2019