Firəngiz
Əlizadənin "Nəsimi Passionu"nun yeni beynəlxalq
uğuru
Firəngiz
Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətini
dünya miqyasında layiqincə təmsil edən isdedadlı
bəstəkar, virtuoz piano ifaçısı, tələbkar
pedaqoq, geniş düşüncəli musiqişünas alim,
yorulmaz ictimai xadim, eyni zamanda, gözəl insan, nəcib və
zərif xanım kimi tanınır. Onun adı təkcə
öz vətənində deyil, ondan çox-çox uzaqlarda
da eyni dərəcədə böyük iftixar və hörmətlə
çəkilir.
Bu da təsadüfi deyil, belə ki, Firəngiz
xanımın müxtəlif janrlarda yazdığı əsərləri
dünyanın müxtəlif ölkələrində səslənərək
yüksək zirvələr qazanmış
ifaçıların repertuarını bəzəyir. Onun ən aktual mövzulara
həsr olunan opera və baletləri dünyanın ən
mötəbər teatr səhnələrində, müxtəlif
instrumental tərkibli orijinal əsərləri isə ən
tanınmış və məşhur kollektivlərin
ifasında səslənərək Azərbaycanın musiqi mədəni
nailiyyətlərini şərəflə təmsil edir.
Bəstəkarin belə əsərlərindən biri də
dahi Azərbaycan şairi İmadəddin Nəsiminin çəkdiyi
iztirabların tərənnümünə həsr olunan "Nəsimi
Passionu"dur.
Sözsüz
ki, Firəngiz xanımın əldə etdiyi uğurları və
nailiyyətləri haqqında saatlarla danışmaq olar,
danışdıqca da tükənməz. Lakin
biz qarşımıza bu məqsədi qoymuruq. Təkcə
onu qeyd etmək istərdik ki, bu il
Portuqaliyanın paytaxtı Lissabonda "Aga Khan Foundation"
Beynəlxalq fondunun ilk dəfə olaraq musiqi sahəsində təsis
etdiyi "Aga Khan Music Award" mükafatının ilk
laureatı kimi Firəngiz Əlizadənin seçilməsi həm
Azərbaycanın, həm də bütövlükdə
dünya musiqi mədəni həyatında olduqca əlamətdar
hadisəyə çevrilib.
Diqqətəlayiq
haldır ki, 2019-cu il laureatlarının təltif
etmə mərasimində Firəngiz Əlizadəyə "Nəsimi
Passionu"na görə mükafatı şəxsən
Portuqaliyanın Prezidenti Marsel Rebelu di Soza, Əlahəzrət
Ağa Xan və Şahzadə Əmin tərəfindən
böyük iftixar hissilə təqdim edilib. Bu mükafatın
təsisçisi olan Əlahəzrət Ağa Xan IV
(13.12.1936) dünyanın bir çox ölkələrində
həyata keçirilən çoxsaylı xeyriyyə layihələrinin
rəhbəri və sponsoru kimi, daxilində bir sıra
sosial-iqtisadi, təhsil və mədəni idarələrin fəaliyyət
göstərdiyi Beynəlxalq Xeyriyyə İnkişaf Təşkilatının
(Aga Khan Development Network), Ağa-Xan Universitetinin (Karaçi,
Pakistan, 1983), Qlobal Plüralizm Mərkəzinin (Ottava, Kanada,
2006), Mərkəzi Asiya Universitetinin (2001), Ağa-Xan Muzeyinin
(Toronto, Kanada, 2014), Ağa-Xan Mərkəzinin (Böyük Britaniya,
London, 2018) yaradıcısıdır. Onun 1977-ci
ildən memarlıq üzrə təsis etdiyi mükafata bu ildən
musiqi sahəsi də əlavə edilmişdir. Musiqi sahəsində
bəstəkarlıq üzrə Ağa-Xan
mükafatının Firəngiz Əlizadəyə "Nəsimi
Passionu"na görə təqdim edilməsi
təsadüfi deyil.
Əsərin maraqlı yaranma tarixçəsi vardır. Belə ki, Avropanın nüfuzlu mədəniyyət
təşkilatlarından olan "Amsterdam Royal Concertgebouw"
müxtəlif dini baxışları olan görkəmli
dünya bəstəkarlarına "Passion" janrında əsər
yazmaq sifariş edir və təqdimolunan əsərləri səsləndirir.
Belə bir sifariş Firəngiz xanıma da olunmuş və nəticədə
2017-ci ildə "Nəsimi Passionu" ilk dəfə
Amsterdamda məşhur ingilis dirijoru Martins Brabbinsin rəhbərliyi
ilə Hollandiyanın Kral Simfonik orkestri və Klos Ştokun xor
kollektivi, vokal isə
Almaniyanın Manheym Opera və Balet Teatrının
solisti, Azərbaycan Respublikasınının Xalq artisti Əvəz
Abdulla tərəfindən ifa edilib. Əsər
böyük rəğbətlə qarşılanıb, bəstəkarın
şöhrətini bir daha artırıb.
Bildiyimiz kimi, Passion dünya musiqisi tarixində çox dərin
və zəngin ənənəyə malikdir. Janrın inkişaf tarixi
boyunca (V əsrdən bu günədək) müxtəlif dövrlərdə
gözəl nümunələr yaranıb. Lakin
XXI əsrdə passion janrına maraq daha da
artmışdır. Müasir dövrdə
bu janr təkcə sırf musiqili hadisə kimi deyil, həm də
bir konseptual kulturoloji və fəlsəfi hadisə kimi dərk
olunur.
İsa Məsihin İztirabları süjetinin bəşəri
əhəmiyyəti müasir bəstəkarlara öz əsərlərinin
müəllif konsepsiyasına çox sayda müxtəlif
ideyaların - həm sırf dini, həm də sosial-siyasi əhəmiyyət
daşıyan ideyaların daxil edilməsinə imkan verir.
Artıq 2000-ci ildən passion bəstəkar
marağının mərkəzinə çevrilir. Görkəmli dirijor,
İ.S.Bax yaradıcılığının məşhur təbliğçisi
Q.Rellinqin təşəbbüsü ilə müxtəlif
dünyagörüşlü və müxtəlif mədəniyyətləri
təmsil edən
nümayəndələrin mövqeyindən
janrın yenidən dərk olunmasına cəhd göstərilir.
Beləliklə, Baxın ölümünün 250 illiyi ilə
əlaqədar Ştutqartda "Passion-2000" layihəsi
Avropa musiqi festivalının əsas mövzusunu müəyyənləşdirir.
Bu zaman layihədə müxtəlif dinə
(buddizm, iudaizm, katolisizm və pravoslav) itaət edən,
müxtəlif mədəniyyətləri təmsil edən və
müxtəlif dildə danışan dörd bəstəkarın
əsəri seçilir. Bunlar: Tan Dunun (Çin-ABŞ)
ingilis dilində "Water Passion After St Matthew", Osvaldo
Qoliyovun (Argentina) ispan dilində "Passion segun Marcos",
Volfqanq Rimin (Almaniya) alman dilində "Deus Passus", Sofiya
Qubaydulinanın (Rusiya) rus dilində "Strasti po
İoannu" idi.
2015-ci ildən
etibarən islam dininə aid olan
passionların bəstələnməsi gündəmə gəlmişdir.
Bu missiyanın yerinə yetirilməsi Firəngiz
Əlizadəyə həvalə olumuşdur. Bu da təsadüfi deyil, belə ki, Firəngiz
xanım "Qərbdə klassik musiqi sahəsində
böyük uğurlar qazanan müsəlman aləminin yeganə
nümayəndəsi" (H.Sikorski) hesab olunur.
Passion
janrında yazılan əsərlərdə hər bir bəstəkarın
milli-mədəni özünəməxsusluğu, musiqi ənənələri
və İsa Məsihin iztirabları haqqında fərdi düşüncəsi layihəyə
verdiyi əsas töhfə olmalıdır. Məhz
belə bir yanaşmada müasir dövrün bütün
ictimai-siyasi ziddiyyətlərinin aradan qaldırma vasitəsi
kimi "mədəniyyətlərin dialoqu" ideyası
çıxış edir. Bu da passion
janrında yaranan yeni əsərlərin əhəmiyyətini
təkcə musiqişünaslıq deyil, həm də
kulturoloji nöqteyi-nəzərdən qiymətləndirməyə
imkan verir.
Son zamanlar dini mövzulara müraciət müasir Azərbaycan
bəstəkarları üçün prioritet olub. Belə ki,
dini mövzu vasitəsilə bəstəkarlar bir çox
qlobal, tarixi-siyasi və ictimai problemlərin həllinə
çalışırlar. Xüsusi olaraq,
ilahi məhəbbətin, humanizmin, ruhi təmizliyin, ümumbəşəri
kədərin və iztirab hissinin ifadəsi üçün
dini musiqi janrlarına müraciət olunması
aktuallaşmışdır. Bu baxımdan F.Əlizadənin
yaradıcılığında dini mövzunun təzahürü
həm islam, həm də xristian dininə
aid forma və janrların timsalında özünü göstərir.
Dini mövzulara müraciət edərək bəstəkar
bir tərəfdən dünyada, cəmiyyətdə baş
verən hadisələrə öz fərdi, özünəməxsus
münasibətini bildirir, digər tərəfdən "dinlərarası
dialoqun" genişlənməsinə və daha da möhkəmlənməsinə
xidmət edir. Məsələn, xanəndə,
solo violonçel və ansambl üçün "Dərviş"
septeti, Avropa, Asiya və Cənubi Qafqaz xalqlarının musiqi
alətlərindən ibarət "Alas" orkestri
üçün "Zikr" kompozisiyası, "Al
Kamandjaty" balet-misteriyası bu qəbildəndir.
Bu baxımdan Firəngiz Əlizadənin "Nəsimi
passionu" orijinal bir əsərdir. Əsərin
süjetini janr üçün ənənəvi olan İsa Məsihin
iztirab və ölümü haqda mətn təşkil etmir.
Burada janrın daşıdığı rəmzi
funksiya milli məzmunla dolğunlaşmışdır. Məhz belə bir yanaşmada müasir passion
janrında "mədəniyyətlərin dialoqu"
ideyası parlaq ifadə olunur.
Müəllif
öz əsərini milli-mədəni ənənlərə
aid olan qeyri-adi ideya
məzmunla zənginləşdirmişdir. Nəsiminin
iztirabları süjetinin şərhinə bəstəkar sosial-mənəvi aspektdən
yanaşır, onun iztirabları ilə müasir faciəvi
hadisələr arasında paralellər axtarır. F.Əlizadənin
verdiyi müsahibələrin birində qeyd etdiyi kimi, "Nəsimi
bütün həyatı və yaradıcılığı
boyu müqəddəs amalların uğrunda cəmiyyətlə mübarizə
aparıb... Nəsimi humanist ideyalar uğrunda
apardığı mübarizəsi ilə əbədilik
qazanmağa və qəlblərdə yaşamağa nail
olub". Dahi mütəfəkkür və
filososf şairin yaradıcılığına və şəxsiyyətinə
dərin ehtiram bəstəkarın Nəsimi haqqında
üç əsərin yazmasına səbəb olub.
F.Əlizadə ilk dəfə 1994-cü ildə
özünün "Zikr"ində Nəsimi ilə
bağlı sənətkar düşüncələrini əsərə
çevirib. Sonra 2000-ci ildə Nəsimi ilə bağlı
"Dərviş" septeti Şərq və Qərb
musiqisinin sintezi prinsipi üzrə yaranıb. Dahi şair
İ.Nəsiminin "Mən ki dərvişəm"
şeirinin əhval-ruhiyyəsini və ahəngdarlığını,
çılğınlığını və daxili hisslərini əks etdirən
bu əsərin vokal partiyası görkəmli muğam
ifaçısı Alim Qasımovun və ney - tütək,
qoşanağara, kanon, skripka, viola və violonçeldən
ibarət ansamblın ifasında səslənərək
avanqard musiqi ilə milli musiqi avazlarının
qovuşuğunu parlaq əks etdirir. Bu silsilədən olan
"Nəsimi passionu"nda müəllifin qeyd etdiyi kimi, həm
müasirlik, həm də Şərqin fərqli bir təfəkkür
tərzi olan orta əsr sufi fəlsəfəsi
yanaşı işlənib.
Bəstəkar
tərəfindən qarşıya qoyulan bədii məqsədə
nail olmaq üçün əsərdə dilin seçimi
böyük rol oynayır. F.Əlizadənin bu əsəri
ilk passiondur ki, Azərbaycan dilində səsləndirilir.
Bu, həm müasir passion janrının, həm də bütövlükdə
müasir dövrün
əsas tendensiyalarından biridir: "İnsanlarla
onların dilində danışmaq".
Bəstəkarın sözlərinə görə, onu
bu mövzuya cəlb edən Nəsiminin yaxın Şərq ədəbiyyatına
gətirdiyi mütərəqqi ideyalar və fəlsəfi
düşüncə tərzi olmuşdur. F.Əlizadə
Nəsimi poeziyası vasitəsilə ümumbəşəri
humanist ideyaları müasir musiqi ifadə vasitələri ilə
dinləyiciyə çatdıra bilmişdir.
"Nəsimi passionu" vokal-simfonik əsərdir. Burada Şərq
və Qərbin dialoqu, sintezi əsərin musiqi dili səviyyəsində
parlaq ifadə olunmuşdur. 150 nəfərlik
orkestrin, 85 nəfərlik xorun möhtəşəm səslənməsi
Nəsimi obrazını peyğəmbər səviyyəsinə
qaldırır. Bununla yanaşı, partiturada milli alətlərdən
ibarət qeyri-ənənəvi
ansambl da çıxış edir: ney, tütək, kanon,
qoşanağara. Bunlar əsasən sufi məclislərində
istifadə olunan musiqi alətlərindən ibarətdir və
tembr fərqinə baxmayaraq, klassik Avropa orkestri alətləri
ilə ideal uzlaşdırılır ki, bu da rəngarəng səs
palitrası yaradır.
Əsərin əsas prinsipial xüsusiyyəti milli mədəniyyətə
xas olan tembr səsdən istifadə olunmasıdır. Adətən
klassik passionlarda mətnin intonasiya edilməsi ilə
bağlı xüsusi tembri olan insan səsinin (İsa Məsihin
səsini ifa edən) seçilməsi mühüm amildir.
Beynəlxalq
səviyyədə yüksək mükafata layiq görülən
"Nəsimi passionu" ilə Firəngiz Əlizadənin Azərbaycan
musiqisini, mədəniyyətini bütün dünyada
tanıtmaq və təbliğ etmək kimi məsuliyyətli
missiyasını uğurla davam etdirməsi onun bu yolda fədakar
fəaliyyətinin nəticəsidir. Onun xarici
ölkələrin musiqi kollektivlərinin sifarişi ilə
yazılmış və ifa olunmuş əsərləri
saysız-hesabsızdır. Ona görə
də təsadüfi deyil ki, Firəngiz Əlizadə beynəlxalq
miqyasda tanınan və seçilən qadın bəstəkar
kimi bir çox titulları şərəflə
daşıyır. Onu haqlı olaraq
"dünyanın ən yaxşı bəstəkarlarından
biri" adlandırırlar. Bunu
bəstəkarın 2007-ci ildə YUNESKO-nun qərarı
ilə "Sülh artisti" fəxri adına layiq
görülməsi, onun adının İngiltərənin
Kembric Bioqrafik Mərkəzi tərəfindən "XXI əsrin
2000 görkəmli intellektualları" sırasına daxil
edilməsi də təsdiqləyir.
Qarşısına qoyduğu bu şərəfli
yaradıcılıq fəaliyyətini yorulmadan davam etdirən
sənətkar ilə Azərbaycan xalqı haqlı olaraq fəxr
edir və fərəhlənir.
Akif Quliyev
Müsiqi
dünyası.- 2019.- 3/80.-S.25-27