Fidan Qasımovanın
yaradıcılığında azərbaycan bəstəkarlarının
kamera-vokal əsərləri
Azərbaycan və SSRİ xalq
artisti, Dövlət mükafatı laureatı, “Şöhrət”,
“Şərəf” və “İstiqlal” ordenli, dünya
şöhrətli vokalçı, professor Fidan Qasımova Azərbaycan
opera sənəti tarixində özünəməxsus ifa tərzi
ilə yaddaşlarda əbədi iz buraxan nadir istedad sahibidir.
O, əfsanəvi sənəti ilə Azərbaycan vokal musiqisinə
ölçüyə gəlməyəcək töhfələr
vermiş, iştirakçısı olduğu bir çox beynəlxalq
müsabiqələrdə böyük uğurlar
qazanmışdır.
Akademik ifa mədəniyyəti,
incə zövq, vokal ifaçılığının
mürəkkəb nüanslarından geniş istifadə, ən
çətin əsərləri boğaza güc vermədən
rahatlıqla səsləndirmək bacarığı, əsərdəki
yeni üslubu dərhal mənimsəyərək dolğun
çatdırmaq kimi amillər Fidan Qasımovanın
vokal ifaçılığının özünəməxsus
keyfiyyətləridir.
Tək Azərbaycanda deyil,
dünya miqyasında müğənninin nadir səs
çalarını, səhnə mədəniyyətini, zahiri
gözəlliyini, fitri istedadını, fərdiliyini
vurğulayan mütəxəssislər F.Qasımovanın
ifasından heyrətləndiklərini gizlətməmiş,
xarici mətbuatda onun sənəti “Xəzər sahilindən
olan möcüzə” kimi yüksək dəyərləndirilmişdir.
Bir-birindən nüfuzlu beynəlxalq müsabiqələrin
qalibi olan Fidan Qasımova vokal musiqi sənətinin hər sahəsində
- istər opera, istərsə də kamera
ifaçılığında eyni dərəcədə sənətkarlıq
nümayiş etdirmişdir. Səsinin zəngin vokal və
texniki imkanları ona həm opera, həm də kamera
müğənnisi kimi çıxış etməyi nəsib
etmişdir. Opera sənətində onun
yaratdığı unudulmaz obrazlar qalereyasında C.Verdi
(“Riqoletto”, “Traviata”, “Aida”), C.Puççini (“Toska”, “Bohema”,
“Turandot”, “Çio-Çio-San”), J.Bize (“Karmen”), P.Çaykovski
(“Yevgeni Onegin”), Ş.Quno (“Faust”), Ü.Hacıbəyli
(“Koroğlu”), F.Əmirov (“Sevil”) və digər bəstəkarların
operaları ilə yanaşı, müğənninin zəngin
repertuarında kamera-vokal əsərlər də
özünə möhkəm yer alıb.
Hazırkı məqalədə
biz başlıca istiqamət kimi Fidan Qasımovanın
kamera-vokal yaradıcılığını əsas
götürərək, onun ifaçılığında
kiçik vokal formalara nəzər yetirməyi
qarşımıza məqsəd qoymuşuq. Öz vokal
yaradıcılığında opera partiyalarının əsrarəngiz
ifası ilə vokal musiqi tariximizə layiqli
töhfələr verən müğənninin Azərbaycan
kamera-vokal musiqi ifaçılığının
inkişafında da mühüm rolu olmuşdur. Ötən əsrin
70-ci illərindən bəri Azərbaycan bəstəkarlarının
yaradıcılığında meydana çıxan
bütün vokal əsərlərin ilk
ifaçısı demək olar ki, məhz F.Qasımova
olmuşdur. Fidan Qasımova Azərbaycan bəstəkarlarının
kamera-vokal əsərlərinin ilk və bənzərsiz
interpretasiyası ilə bu əsərlərin müvəffəqiyyətli
təqdiminə nail olmuşdur.
Körpəlik çağından ailə
dostları, o dövrün böyük sənətkarı
maestro Niyazi və Tofiq Quliyevin yaradıcı mühitində
böyüyən gənc Fidanın musiqiyə həvəsi
tükənməz idi. Sənətə gəlişi
maestro Niyazinin adı ilə bağlı olan bu gənc qız
Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən
sonra Ü.Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasına daxil olmuş, parlaq istedadı və zəhməti
sayəsində eyni vaxtda iki ixtisas (skripka və vokal) üzrə təhsil almışdır. Lətif
ifası ilə musiqi kəlməlırını dəqiq
çatdıran nadir soprano sahibinin səs tembrini Niyazi
“parıltılı tünd mirvari daş” ilə müqayisə
edirdi.
Hələ iyirmi yaşında ikən
gənc qız Maestronun təkidi ilə Konservatoriyanın 50
illik yubileyi münasibətilə keçirilən tədbirdə
Asəf Zeynallının “Ölkəm” romansını elə
uğurla ifa edir ki, səsinin əsrarəngiz
ecazkarlığı ilə musiqisevərləri sözün həqiqi
mənasında sehrləyir. Dinləyicilərin sürəkli
alqışlarından şövqlənən Fidan yeni-yeni
yaradıcılıq uğurlarına sürətlə
doğru yüksəlirdi. Təsadüfi deyil ki, görkəmli
bəstəkar Qara Qarayev sənət yoluna təzəcə qədəm
qoymuş Fidanın səsini fleytanın incə səsinə
bənzədirdi. Azərbaycan vokal sənətinin körpə
fidanının ilk səhnə triumfları bax beləcə
başlanır.
Məşhur operalardan ən
çətin ariyaların ifaçısı olan Fidan eyni
zamanda Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının
kamera-vokal əsərlərini də ustalıqla ifa edirdi.
Çox keçmir ki, o, A.Stradella, İ.S.Bax, G.F.Hendel,
P.İ. Çaykovski, S.Raxmaninov, Ü.Hacıbəyli, Niyazi,
Q.Qarayev, F.Əmirov, A.Məlikov və
başqa müəlliflərin kamera-vokal əsərlərinin
ifaçısı kimi tanınır. Ötən əsrin
70-80-ci illərində Fidan Qasımovanın parlaq ifası, səsinin
geniş diapazonu artıq klassik musiqidən başlamış
müasir dünya bəstəkarlarının əsərlərinədək
geniş bir dövrü əhatə edirdi. XIV-XVIII əsr
bəstəkarlarının ən gözəl sənət
incilərini xüsusi məlahətlə səsləndirməklə
ilahi gözəlliyi tərənnüm edən Fidan Qasımova
ilə axı kim rəqabət apara bilərdi.
Azərbaycan opera sənətinin digər parlaq
ulduzu, öz doğma bacısı Xuraman Qasımova ilə bərabər
tədricən sənətin zirvələrinə yüksələn
Fidan böyük zəhmətlə daim öz üzərində
çalışır. Ulu Tanrının vergisi olan məlahətli
səsindən və ilahi gözəlliyindən bacarıqla
istifadə edən müğənni öz sənət yolunu
düzgün müəyyənləşdirir. Diqqətlə,
səbrlə bütün incəliyinə qədər işləmək
onun əsas yaradıcılıq amilinə çevrilir.
Fidan Qasımovanın kamera
ifaçılığında Azərbaycan vokal incilərindən
ayrıca söz açmaq lazımdır. Vokal musiqi tariximizin
gözəl səhifələrini təşkil edən
“Puşkin mövzusu” müğənninin vokal musiqi
yaradıcılığında geniş yayılmış
mövzulardan biridir. XIX yüzillikdə rus bəstəkarları
ölməz şairin yaradıcılığından
faydalanaraq romansdan tutmuş operaya qədər bir çox
janrlarda şah əsərlər yaratmışlar.
Başlanğıcını M.İ.Qlinkadan alan ənənəni
rus bəstəkarları ilə yanaşı, Azərbaycan bəstəkarları
da bizim günlərədək yaşatmaqdadır.
Azərbaycan bəstəkarlarının
vokal yaradıcılığında Puşkin mövzusuna aid
Qara Qarayevin “Mən sizi sevirdim” və “Gürcüstan yüksəkliklərində”,
Ağabacı Rzayevanın “Oxuma, gözəl”, Soltan Hacıbəyovun
“Quşcığaz”, Ədilə Hüseynzadənin
“Qızılgül”, İsmayıl Hacıbəyovun “İstək
atəşi qan içində yanır” romanslarını və
Fikrət Əmirovun tenor, bariton və orkestr üçün
“Qış yolu” vokal poemasını sadalamaq olar. Bu əsərlər
içərisində Fidan Qasımovanın repertuarında Qara
Qarayev və İsmayıl Hacıbəyovun sənətkarlıqla
yaratdığı “Musiqi puşkinianası”nı xüsusilə
qeyd etmək lazımdır.
Azərbaycan vokal lirikasında
sanballı yer tutan “Mən sizi sevirdim”, “Gürcüstan
yüksəkliklərində”, “İstək atəşi qan
içində yanır” romanslarını “musiqi
puşkinianasının” - A.S.Puşkinin sözlərinə
yazılmış böyük vokal toplunun inciləri saymaq
olar. Təqdirəlayiqdir ki, ilk dəfə məhz Fidan
Qasımovanın ifasında bu romanslar sənətə vəsiqə
qazanmışlar. Müğənni adı qeyd olunan Azərbaycan
bəstəkarlarının “puşkinyönlü”
yaradıcılıq axtarışlarına maraqla
yanaşmış, bizim bəstəkarlıq musiqimizin özəl
cəhətlərini öz ifasında olduqca dolğun
açıqlamışdır. Həm də qeyd edək ki,
Qara Qarayevin iki romansı, eləcə də İsmayıl
Hacıbəyovun “İstək atəşi qan içində
yanır” romanslarının ilk ifaçısı Fidan
Qasımova olmuşdur.
Q.Qarayevin özəl lirikası haqqında
çox deyilib, danışılıb və yazılıb.
Fidan Qasımova öz ifasında Qarayev lirikasını,
musiqisinin lirik səmimiyyətini varlığından
keçirərək canlandırmışdır. Puşkinin ölməz misralarının rus musiqi sənətində
geniş işlənməsi və çoxmənalı
yozulması azərbaycanlı vokal ifaçını nə
qorxudur, nə də çəkindirir. Özü də onun
ifasında bu romanslar orientalizmdən - yəni rus və Avropa bəstəkarlarının
“şərqçiliyindən” tamamilə uzaqdır.
Romanslar Qarayevin “yüksək” lirikasına aid olub,
“orientalist-şərqçi” yozumlardan, hətta milli “bəzəklərdən”
də uzaqdır.
Qarayevin yüksək duyğulu musiqisi qeyri-adi dərəcədə
A.Puşkinin şeir duyğuları ilə eyniləşir.
Daha doğrusu, rus şairinin klassik saf şeiri azərbaycanlı
bəstəkarın musiqisində klassik saflıqla tam
uyuşur. Fidan Qasımova öz nəcib ifası ilə
Puşkin-Qarayevin ölməz iç duyğu dərinliklərini
və onların gözəgörünməz mənəvi
gücünü sanki işıqlandırır. Bununla
yanaşı, müğənninin ifasında Q.Qarayevin
romansları həm də monoloq ifadəliliyi və
açıqlamalarının parlaq nümunələridir.
Onlar sanki “birnəfəsə” səslənir və bununla
musiqinin iç gəlişməsində “gərilmələr”
yaranır.
İsmayıl Hacıbəyovun vokal
yaradıcılığında görkəmli rus şairləri
A.S.Puşkin və S.Yeseninin şeirlərinə bəstələnmiş
iki romans bu janra aid Fidan Qasımovaya həsr olunmuş növbəti
əsərlərdəndir. Bir vacib cəhəti də qeyd edək
ki, hazırkı romanslarda müğənninin vokal və
texniki imkanları bəstəkar tərəfindən tam mənada
nəzərə alınmışdır.
XIX-XX əsrin rus romantik ədəbiyyatının
görkəmli nümayəndələri A.S.Puşkin və
S.Yesenin poeziyasına maraq göstərən İsmayıl
Hacıbəyov bununla Azərbaycan vokal musiqisində öz
başlanğıcını müəllimi Qara Qarayev
yaradıcılığından götürən qeyri-milli
mövzunu davam və inkişaf etdirmişdir.
A.S.Puşkinin “İstək atəşi
qan içində yanır” şeiri rus vokal lirikasında dəfələrlə
işlənməsinə, müxtəlif rus bəstəkarları
tərəfindən çoxsaylı romans nümunələrinin
yaranmasına baxmayaraq, İ.Hacıbəyovun söz
açdığımız romansı bu mətnə yazılmış özündən əvvəlki heç
bir romans ilə müqayisə oluna bilməz. Öz vokal əsərinin
quruluşunda aydınlıq və həmahəngliyə
üstünlük verən müəllif onun musiqisini təbii
axarlı və həlimliklə “yoğrula bilən” təbii
dövrələmələrdən quraşdırıb.
Məlumdur ki, İsmayıl Hacıbəyov həmin
romansın ifası zamanı Fidan Qasımovadan bir vokal
ifaçı kimi “brilliante”, “bravura” tərzli “con brio” ifa tələb
edib. Bu vokal üsullar melodiyanın genişlənərək
xüsusən kulminasiyaya doğru gedişatında (II
oktavanın “gis” səsi) bütün zənginliyi ilə
dolğun nəzərə çarpır. Sözsüz
ki, İsmayıl Hacıbəyov vokal formaları çox
gözəl duyurdu və əvvəldən sona qədər
romansın bir janr kimi tələb etdiyi bütün
qanunauyğunluqlarına (quruluş, məqam özülü,
harmonik dili, ritm, faktura və s.) tam mənada riayət
etmişdir.
Eyni fikir S.Yesenin şeirinə
yazılmış “Mavi axşam çağı” romansına
da aiddir. Yeri gəlmişkən, yuxarıda qeyd olunan romanslar
kimi, bu vokal əsər də müğənniyə həsr
olunmuş və onun tərəfindən ilk dəfə olaraq səsləndirilmişdir.
Hər iki romansda rus dilinin özəl
söz tərkibi – leksikası, ifadəliliyini tam şəkildə
duyaraq, onları nəzərə alan İsmayıl Hacıbəyov
romansın vokal partiyasında və fortepiano müşayiətində
XX əsr Avropa musiqisində geniş vüsət tapan yazı
üslubundan bəhrələnilmişdir. Bu mənada
Yeni Vyana məktəbinin nümayəndələri ilə
(Şönberq, Berq, Vebern) anlam bağlılığı
özünü göstərir. Məsələn,
hüdudları kifayət qədər məhdud olan romansda
olduqca cüzi, lakonik ifadə vasitələri ilə çox
şeyin ifadə olunması əsl sənətkarlıqdır.
Şeirin cəmi bir neçə sətrinə müraciət
edərək romans bəstələyən müəllifin
yaratdığı obrazlar aləminin zənginliyinin tam
açılması Fidan Qasımova tərəfindən
peşəkar bir şəkildə həyata
keçirilmişdir.
Müğənni Azərbaycan bəstəkarlarının
A.S.Puşkin və S.Yesenin poeziyası əsasında
yazdığı romansları ilə Azərbaycan vokal
musiqisinin məzmun və obraz dairəsini genişləndirmiş,
onu yeni bədii tapıntılarla zənginləşdirmişdir.
Bu nümunələrlə
yanaşı, görkəmli bəstəkar Arif Məlikovun
türk şairi Nazim Hikmətin sözlərinə
yazdığı iki vokal silsiləsinin, Sevda
İbrahimovanın vokalizlərinin, eləcə də N.Rəfibəylinin
şeirlərinə yazılmış romanslarının ilk
ifaçısı da məhz Fidan Qasımova olmuşdur.
Arif Məlikovun N.Hikmətin şeirlərinə
yazdığı birinci silsiləsinin (“Sən”, “Laylay”, “Təəssüratlar”,
“Mən öz yarımı yuxumda gördüm”) ifasında
Fidan Qasımova silsilənin baş qəhrəmanının
daxili aləminin obrazlı təsvirinə tam nail olmuşdur. Arif Məlikovun ikinci vokal silsiləsinin (“Mavi
gözlü pəhləvan”, “Mən yenə də
dözülməz oldum...” “Bir ayaq saxlayın, mənə
rəhm edin!”, “Yenə də sən”) vokal
partiturasında hökm sürən ruh yüksəkliyi, təbiilik
və şəffaflıq müğənninin ifasında
akvarel boyaları kimi göz oxşayır.
Şair və bəstəkarı
düşündürən yüksək insan amili - məhəbbət
hissinin mahiyyətini, lirik-psixoloji düşüncələri
Fidan Qasımova öz ifasında tam açmağa müvəffəq
olmuşdur. Müğənni N.Hikmət - A.Məlikovun
dramaturji fikrini bütün incəliklərinə qədər
çatdıraraq, poetik mətninin dərin mənasını
həm obrazlı-emosional cəhətdən, həm də
gerçəkliyin lirik-psixoloji baxımdan yenidən mənalandırılması
baxımdan ifadə etmişdir.
Fidan Qasımovanın ifasında adı
yuxarıda qeyd olunan romanslardan hər biri Azərbaycan kamera
vokal musiqi ifaçılığının əsl incisidir.
Poeziya və musiqi müğənninin ifasında bir-birinə
sıx qovuşub. Müğənninin ifa etdiyi vokal musiqi
nümunələrinin janr müxtəlifliyi də göz
qarşısındadır. Fidan Qasımova tək
bu bəstəkarların yaradıcılığında mərhələ
olmaqla yanaşı, müasir Azərbaycan kamera-vokal
lirikasının zirvəsini təşkil edən nümunələrin
ilk və bənzərsiz ifaçısı kimi vokal musiqi
tarixinə adını həkk etdirmişdir.
Müğənninin müraciət etdiyi
kamera-vokal musiqi nümunələrinin janr müxtəlifliyindən
söz açarkən Azərbaycan xalq mahnılarına qədər
geniş musiqi panoramı açılır. Körpəlik
çağından Azərbaycan xalq mahnılarını sevə-sevə
zümzümə edən müğənninin zəngin
repertuarında Azərbaycan xalq mahnıları özünə
möhkəm yer almışdır. Fidan Qasımova uzun illər
boyu ustad-pianoçu Çingiz Sadıxovun müşayiəti
ilə “Laçın”, “Qubanın ağ alması”, “Girdim
yarın bağçasına”, “Evləri var xana-xana” və s.
xalq mahnılarının özünəməxsus
interpretasiyasını yaratmışdır.
Bu ecazkar pianoçunun müşayiəti
altında geniş konsert proqramları ilə o, musiqisevərləri
heyran qoymuşdur. Fidan Qasımovanın interpretasiyasında
xalq mahnıları böyük ustalıqla, məharətlə
ifa edilərək öz kamera ifası, yaratdığı
musiqi obrazlarının füsunkar gözəlliyi ilə dinləyicilərə
uzunmüddətli sevinc bəxş etmişdir.
Səhnədə bir-birini tamamlayan Fidan və
Xuraman Qasımova bacılarının kamera-vokal
ifaçılığı barədə isə ayrıca
söz açmaq lazımdır. Azərbaycan
Respublikasının xalq artisti, professor Xuraman Qasımova ilə
birgə fəaliyyəti Fidan Qasımovanın
yaradıcılığında ən yaddaqalan məqamlardandır.
Onlar Azərbaycan və SSRİ xalq artisti, professor Fərhad Bədəlbəyli
ilə bərabər illər boyu yaddaqalan konsert proqramları
ilə çıxış etmişlər. Təsadüfi
deyil ki, Fərhad Bədəlbəyli özünün məşhur
“İki qadının duası” (“Ave Mariya”), xor, solist və
simfonik orkestr üçün “ Anamız Azərbaycan” əsərlərini
vokal sənətimizin bu sönməz ulduzlarına həsr
etmişdir.
Azərbaycana beynəlxalq müsabiqə
lauretı adını məhz Fidan Qasımova gətirib. O,
vokal sənətinin beşiyi olan İtaliyada keçirilən
Viotti Verçelli adına beynəlxalq müsabiqə
laureatıdır (I yer, 1977-ci il). Fidan Qasımovanın Azərbaycan
musiqi mədəniyyətimizin inkişafında böyük və
tarixi rolu ən əsası odur ki, o, bizim vokal sənətimizi
dünyaya tanıtdıran, onu dünya miqyasına
çıxaran ilk ifaçıdır.
Öz sənətini böyük məhəbbətlə
sevən Fidan Qasımova gözəl opera və kamera
müğənnisi olmaqla bərabər, uzun illərdir ki, pedaqoji
fəaliyyətlə məşğuldur. O, müəllimliyi səhnə
fəaliyyəti ilə böyük məhəbbətlə
uzlaşdırmağı bacarır. Bakı Musiqi
Akademiyasının “Solo oxuma” kafedrasının professoru
F.Qasımova istedadlı gənclərə xeyli vaxt sərf
edir, yorulmadan yeni gənc vokalçılar nəslini
yetişdirməklə məşğul olur. Onların
arasında beynəlxalq müsabiqələrin diplomantları və
laureatları az deyil. Yeri gəlmişkən qeyd edək ki,
Fidan Qasımova Türkiyənin İstanbul Universitetinin
Dövlət Konservatoriyasında 6 il professor vəzifəsində
çalışan ilk azərbaycanlı qadın sənətkarımızdır.
Sonda bir məqamı qeyd etmək yerinə
düşərdi. Səhnədə uğurlu
addımlarından bəri mühüm dövlət tədbirlərində,
ictimai əhəmiyyətli musiqi layihələrinin həyata
keçirilməsində fəal iştirak edib yaddaqalan
ifası ilə musiqi ictimaiyyətinin böyük rəğbətini
qazanmış Fidan Qasımova üçün ən qiymətli
mükafatı ona 2002-ci ildə Qasımova
bacılarının yubiley tədbirində ümummilli lider
Heydər Əliyev bildirmişdir: “Bizim zəngin mədəniyyətimiz
qiymətli incilərə malikdir. Belə incilər çox azdır,
əks təqdirdə onların qiymətini bilməzdilər.
Onlardan ən qiymətliləri Fidan və Xuraman
xanımdır!”. Ulu Öndər istedadlı bacıların səsini
qızılla, ən qiymətli daşlarla müqayisə edərək
onlardan da üstün tutmuşdur. Bülbül,
Şövkət Məmmədova, Fatma Muxtarova, Firəngiz
Əhmədova, Müslüm Maqomayev, Lütfiyar İmanovla
yanaşı, bu gün zəngin tarixi olan Azərbaycan milli
vokal sənəti Fidan və Xuraman Qasımovalar kimi
müğənnilərimizin simasında ən yüksək
zirvəsinə çatmışdır. Fəal
yaradıcılıq sayəsində Fidan Qasımova Azərbaycanla
yanaşı, dünyanın dörd guşəsində qastrol
səfərləri ilə çıxış etmiş,
böyük rəğbət qazanaraq, ölkəmizin vokal sənətini
ləyaqətlə təbliğ etmişdir. 2015-ci ildə
dünyanın ən nüfuzlu sayılan Kembric
Universitetinin ensiklopediyasına Fidan Qasımovanın adı ən
parlaq və ən məşhur, dünya musiqi mədəniyyətinin
inkişafına xidmət edən musiqiçilərin
siyahısına qızıl hərflərlə
yazılmışdır. Fidan xanım bu ensiklopediyaya daxil olan
ilk və yeganə Azərbaycan musiqi xadimidir.
Azərbaycan və dünya vokal
musiqi sənətində ardıcıl və möhtəşəm
uğurların sahibi, dünyaca tanınmış əsərlərin
bənzərsiz interpretatoru, onlarca bəstəkarların həm
irihəcmli, həm də kamera-instrumental əsərlərinə
tükənməz istedadı ilə həyat verən
müğənni, çoxsaylı solist, gənc
vokalçılar və laureatlar nəsli yetişdirən
Bakı Musiqi Akademiyasının “Solo oxuma” kafedrasının
professoru, tələbkar və zəngin təcrübəli
müəllim Fidan Qasımova uzun illərdir ki, öz bənzərsiz
sənəti ilə pərəstişkarları sevindirməkdə
davam edir. X
Gülnaz
İsmayılova
Müsiqi
dünyası.- 2019.- 3/80.-S.30-31