OQTAY İSMAYILLI

 

(Fərzəliyev Oqtay Baba oğlu)

 

1955-ci ildə İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Doğulduğu kənddə ixtisası üzrə çalışır. Ali dərəcəli metodist müəllimdir. Şeirləri respublikanın dövri mətbuatında, bir neçə almanaxda dərc olunmuşdur. "Dağ çiçəkləri" ədəbi məclisinin üzvüdür.

"Dodaqla dil arasında" şeirlər "Rübailər" kitablarının müəllifidir.

 

OQTAYIN ÖLÜMÜ

 

Qələm sahibləri hər şeydən yazıblar. Ancaq deyəsən heç biri özünü kəfəndə qəbirdə təsvir etməyib. Ruhumun dilindən.

 

Uzun çək-çevirdən sonra, Dikəlt-devirdən sonra

axır ki, dayandı ürəyim, kəsildi nəfəsim.    

Tir kimi qaldı ortalıqda

quru can qəfəsim.

şirin şeymiş, ayə, bu ölüm!

Atəşdən qurtuldum,

sərinləşdi içim-çölüm. 

Dinclik kef məclisi qurdu bədənimdə.

Dəmdəyəm, vallah, dəmdə!                                                                                                                                                                                                          

Ax, niyə bunu vaxtında bilməmişəm,

əlli il əvvəl ölməmişəm.

Əcəb ağrı-acıdan azad oldum,

sanki təzədən doğuldum.

Gözüm qədər sevdiyim birisi

cəld qapadı gözümü.  

 Nur dolu bir aləmdə

hiss elədim özümü.

Əzizlərim bir xeyli  

ağlaya-ağlaya öpdü üzümü.

Bir belə öpülməmişdim heç

diriliyimdə.    .

Bəh-bəh, dəmdəyəm, vallah, dəmdə!

Elə bircə bununçün

dəyərdi ölməyə.     

Eh, öpülməli vaxtımda''                                                                                                                                                                                        

ölmədim niyə?

Kənddə ki telefon var,

birdən diksinib ayıldı.

 Bütün evlərə xoş xəbər yayıldı:

-         Getdi Oqtay müəllim ...

-         Dəmdəyəm, vallah, dəmdə!

-         Hamının dilində, fikrində

ancaq mənəm.

Sağ olsun ölüm!

Məşhurluq aləmdir, aləm!

Xülasə, el yığışdı,

başladı vur-haray.

Heyrətdən həyətimin ağzı

açıq qaldı taybatay.

Tərtəmiz yudu məni mürdəşir

şap-şarapla.

Gətirib qoydular ortaya

tap-tarapla.

Bu qara dünyanın qoynunda

ağappaq oldum;

tutuldum pambığa, kəfənə.

Tfu, göz dəyməsin,

yaxşı yaraşır, maşallah,

bu geyim mənə.

Dəmdəyəm, vallah, dəmdə! İnanın, nəzir verərdim,

taqət olsaydı məndə.

Yazıq arvad kefimdən xəbərsiz

vay-şivən salıb ki:

"Bədbəxt kişi ömründə

bircə kostyum aldı,

o da soxalıq qaldı".

Molla özünü reklam-üçün

bir az uzadır işi.                                                                                                                                                                                                                                 

Sən canın gödəlt bu uzun ayini, a kişi.

Ay camaat, tez olun görüm.

Gedim o dünyada mən gün görüm

Dostum gəlib çıxmamış

 itirin məni aradan.

Onun ağlamasını

göstərməsin mənə Yaradan. Axır ki, gəlib çıxdi kəcavəm tabut.

Bir vur-haray qopdu ki,

qulaqlarını tut.     

Arvadım, bacım, qızım    

 yapışıb buraxmır məni.

Pah atonnan, doğrudan,

ocaq başında olurmuş

adamın düşməni.

Adam da əzizini-

xeyir səfərdən ləngidər? 

Ağlamayın mənim xoşbəxtliyimə,

Allaha acıq gedər.

isə, rəf oldu bu bəla.

Karvanım düzəldi yola.

Hamı məndən aşağıdadır:

qalxmışam çiyinlər üstünə.

 Kaş bircə quzum olaydı,

qurban kəsəydim bu günə.

Mənəm-mənəmliyi unudub,

başı bərabərində tutub

ayağımı düşmənim .

Dəmdəyəm, vallah, dəmdə!

Qəribə adəti var xalqın:

ölməyəni ucaltmır.

 Hər nəsə, bu saat

kefimə kef çatmır.

Ay can, ay can! Bu da cənnətim qəbiristan. Xoşbəxtlər uzanıb

dincəlir yanbayan. Aclığın qorxusundan

molla tez tamamladı

məcburi ayinləri.

Məni torpağın bağrına basıb       

izdiham.tələsik qayıtdı geri.

Ac qarınlara qarmaq kimi ilişib

çəkdi özünə ehsan yeri.

Çırpındı qulağımda xeyli çoxunun "rəhmət" sözü,

bir azının astaca dediyi "gorbagora lənət" sözü.        

isə, getdi gedər-gəlməzə       

mənimçün insanların şəri, dünyanın yüz min dərd-səri,

diriliyin işgəncələri.

Oxqay! Yaşamaq bax, bu imiş!

Ruhum uçur ilahi, aləmdə,

Canım xumarlanır halal qəbrimdə.

 Dəmdəyəm, vallah, dəmdə! Dünyanın bir kefi çatmaz

burdakı kef-damağa.

Şükür ki, ölüb başladım

mən yaşamağa.

 

 

Müxalifət.- 2009.- 28 fevral.- S.12.