Kəmalə Nəsrin

 

Xocalı gəlin

 

Oyan, təzə gəlin, xınalı gəlin!

Oyan, qan içində Xocalı gəlin!

 

Üstündə yığışıb buludlar ağlar,

Solan xoş arzular, umudlar ağlar,

Oyan bax, gedibdi azğın yağılar,

Tökülər bir azdan

quzğun-qarğalar

Oyan, təzə gəlin, körpən ağlayır.

 

Əlini, üzünü, gözünü yoxlar,

 Ana istisini, mehrini qoxlar,

Süd bilib süzülən

al qanı əmir,

Ağlayır, oynayır, gah mürgüləyir,

 Başını sinənə sıxıb ağlayır,

Körpəcə uşaqdı,

o anlayır

Oyan, təzə gəlin, körpən ağlayır.

 

Dünyanın nağıllı vaxtı da deyil,

Bir qurd çıxa gələ, anası ola.

Dünya qurtarıbdı öldüyün yerdə

Hələ o ağıllı vaxtı da deyil

Gedə dağın-daşın balası ola.

Səsi yayılıbdı tənha çöllərə,

Səsi yayılıbdı uzaq göylərə,

Bu səsə dayanmaz göylər,

tökülər,

Oyan, xain düşmən eşidər,

gələr -

Gələr gözü qanlı, əlində süngü,

Ölməklə qurtarmır ananın yükü

Oyan, təzə gəlin, körpən ağlayır.

 

Böyüyər bir igid,bir əsgər olar,

Qoruyar Ananı, ana Torpağı.

Vətən dediyimiz bu doğma

Torpaq

Anadan öyrənib ana olmağı.

 

Oyan, təzə gəlin, xınalı gəlin!

Oyan, qan içində Xocalı gəlin!

 

1992

 

 

Müxalifət.- 2009.- 28 fevral.- S. 12.