Torpaq müqəddəsdir

 

Yeni eradan qabaq 209-cu il idi. Günlərin birində yenicə taxta çıxan ulu babalarımızın ulu babası Avropanın Mete xan adlandırdığı qədim dünyanın yarımtanrısı, qüdrət və əzəmətin özü olan ulu xaqanlar xaqanı Oğuz xan çadırında dərin və ağır düşüncələrə qərq olmuşdu.

 

Çünki qəvi düşmən qapının ağzını kəsdirmişdi. Daş kimi, qaya kimi, türkün əzəli və əbədi düşməni, türkün qanına susamış, mayası zorakılıqdan, məkrdən və xəyanətdən yoğrulmuş, qəbir kimi, zülmət kimi mərhəmətsiz düşmən.

 

Zindan kimi, zülmət kimi amansız düşmən qərara almışdı ki, son döyüşlərdə tar-mar olmuş, parçalanmış, qanlarına qəltan olmuşdağlar qədər dərdlərin ağırlığı altında zəbun olmuş türklər özlərinə gəlməmiş nəfəslərini kəsmək lazımdır. Çünki dünyada görünməmiş qəddarlığı ilə ad çıxaran düşmən bilirdi ki, türklər bir daha özlərinə gəlsələr, türklər bir daha azadlığın qızıl atlarını cövlana gətirsələr, dünyada heç bir güc və qüdrət onları azadlığın qızıl atlarından düşürə bilməz. Zalım düşmən onu da bilirdi ki, onların işini bitirməsələr o möhtəşəm və əzəmətli türklər gec-tez dünyalarını onlara zindan kəsdirəcək. Onlardan yüz illərlə məzlum xalqların azadlıqlarının xərabələri üzərində sürdükləri azğın hökmranlıqlarının hesabını soracaqlar. Yüz illərcə çəkdikləri mənfur hökmranlığın nəşələrini burunlarından tökəcəklər. Başqalarına çəkdirdikləri zülmün və həqarətlərin hesabını gec-tez...

 

Düşmən hökmdarı bu gələcək qorxunc qasırğanın qarşısını almaq üçün türk sərhədində ordugah qurmuşdu. Elçisinitürk xalqının hüzuruna göndərmişdi.

 

Elçi çadırlar arasında ağayana bir əda ilə yeriyirdi. Amma xaqanın mavi möhtəşəm qızıl qülləli çadırı önündə bilaixtiyar diz çökdü.

 

Elçiyə diz çökdürən Oğuz xanın dərinliklərində fırtınalar çağlayan gözlərinin qüdrətli cazib baxışları idi. Türk xaqanı elçinin ağayana ədasını xoş görməsə də “Elçinin günahları” bağışlanır deyə düşündü.

 

Elçi xaqanın başının xəfif işarəsilə qüdrətli gözlərinin zəhimli baxışlarından zorla yayındıraraq, türk sərhədindəki zəhimli ordudan güc alırmış kimi sözə başladı:

 

-Böyük Xaqan, hökmdarım buyurur ki, sizdə dəmir zəncirləri muma döndərəcək ildırımdan qılınc varmış. O qılınc məndə, yəni daha güclü və şərəfli əllərdə olmalıdır.

 

Çadıra məzar kimi buz kimi qorxunc bir səssizlik hakim kəsildi. Uca türk bəylərindən biri Elçini külə döndərəcək bir qəzəblə süzüb ağzını açar-açmaz çadıra Oğuz xanın zəhmli səsi yayıldı:

 

-Daha nə arzulayır hökmdarınız?

 

-Türk xaqanının ruzigardan iti uçan, tufandan güclü, köpüklü dalğalar kimi bəmbəyaz atı varmış. Hökmdarım buyurur ki, biz bu atın üstündə türk torpaqlarında cövlan etmək istərdik.

 

-Yer üzündə türk torpaqlarında cövlan edəcək bir qüdrət varsa, o da türklərin özləridir - deyə çadırdan qorxunc bir səs qopdu.

 

Bu ucaboylu, qədd-qamətli, üzündən mərdlik yağan minbaşının səsi idi.

 

Amma Oğuz xanın bircə sərt baxışı çadırda qopa biləcək qorxunc tufanın qarşını aldı və:

 

-Sonrabuyurur hökmdarınız? - dedi.

 

Elçi:

 

-Hökmdarımın hərəmxanəsında yüzlərcə gözəllər var. Amma türk gözəllərinin ehtişamı başqadır. Türk gözəlinin cazibəsi dünya gözəlləri ilə qiyaslanmaz. Hökmdarım buyurur ki, biz sarayımızda türk xaqanının hərəmxanəsındakı ən cazibəli türk gözəlini, baş cariyəni görmək istərdik.

 

-Türk xaqanının şərəfilə... Bu nə cəsarət? -  deyə uca türk bəyləri ildırım sürətiylə qılınclarını siyirdilər və elçinin boynuna dirədilər. Elçi gözünü də qırpmadı. Bu da türk xaqanının gözündən yayınmadı. Sərhəddə qurduqları ordugaha arxayındır - deyə düşündü. Bütün baxışlar odlu bir nizə kimi türk xaqanına sancıldı. Xaqanın bircə qəzəbli baxışı ilə elçi param-parça olacaqdı. Amma Oğuz xanın zəhmli baxışları qılıncları havada dondurdu. Türk xaqanının üzü sanki daşa dönmüşdü. Qüdrət saçan zabitəli üzünün bircə cizgisi də yerindən oynamadı. Dodaqları bir-birinə elə kilidlənmişdi ki, ən iti xəncərlə belə ayrılmazdı. Amma gözlərinin dərinliyində elə qorxunc bir fırtına çağlayırdı ki, bu mismarlanmış dodaqları bir-birindən ayıran olsaydı onlardan elçini külə döndərəcək ildırımlar qopardı. Çadırda bir an hökm sürən qorxunc səssizlik bir əsr qədər uzun çəkdi. Bu vaxt ərzində xaqanın qəlbindən qopacaq fırtınalar cilovlanmış, ağıl almaz bir Tanrı iradəsinin gücü kilidlənmiş dodaqlardan qopacaq ildırımlar söndürülmüşdü. Nəhayət, ulu xaqan:

 

-Qonşu hökmdarın istədiklərini verin! - dedi.

 

Uca türk bəyləri ildırımla vurulmuş kimi yerlərində dondular...

 

Baxışlarından hansı qorxunc fırtınalar çağladığı bəlli olan uca türk bəylərindən biri xaqanın hüzurunda diz çökdü:

 

-Xaqanım! Neyçin şərəfini , bizi elə acı həqarətlərə məhkum etdin? Mənim şərəfim bu dağ boyda həqarəti daşıyacaq qədər gücü yetməz - deyə qılıncını bağrına sancan anda xaqan dəmir pəncəsilə onun biləyini qamarladı:

 

-Duyurdum görürdüm, - dedi - düşmən hökmdarının Elçinin dili ilə hər kəlməsi sizi qılınc kimi doğrayırdı. Nizə kimi ürəklərini deşirdi. Heç bir qüdrət qarşısında əyilməyən qürurunuzu doğram-doğram, güclü mənliyinizi param-parça edəcək bir qəddarlıqla əzirdi...

 

Xaqan bir an nəfəsini dərdi. Minbaşılara, uca türk bəylərinə göz gəzdirdi:

 

-Amma xaqanınıza - mənə böyük ehtiram üzündən düşmənin acı həqarətlərinə dözdünüz. Mən ...

 

Oğuz xan elə dərindən köks ötürdü ki, sanki zindan kimi ağır dərdləri - həqarətləri artıq çəkmək qüdrətində deyildi.

 

-Mən - dedi - dağların belə dözə bilməyəcəyi dəhşətli həqarətlərə, təhqirlərə dözdüm... Amma gördünüz ki...

 

Oğuz xan sanki içindəki ilan kimi yumrulanmış iztirabı parçalaya-parçalaya: Amma gördünüz ki, hökmdarlıq yalnız başda tac gəzdirmək deyilmiş... Azğın hökmdarları bir qul kimi səcdəyə gətirməkdən nəşələnmək deyilmiş... Hökmdarlıq bəzən, dünyada heç kəsin çəkə bilməyəcəyi ən acı ağrıları-acıları çəkə bilmək qüdrətidir... bu gün dörd bir yanımız düşmən düşmən bu dəfə yağma talana gəlməyib. Qürurumuzu, mənliyimizi, şərəfimizi əzmək, yəni mənəvi gücümüzü - qüdrətimizi məhv etmək idi məramları. At, qılınc, xatun bizə baş əydirib, əsarət zəncirini boynumuza keçirmək üçün uydurduqları bəhanə idi...

 

Əsarət isə elə bir zəncirdir ki, hürr boyunlara bir kərə keçdimi əsrlərlə qırılmaz. Əyilməz başlar bir kərə səcdəyə düşdümü qalxması zor olur...

 

Düşmənin şərtlərini qəbul etmək vaxt qazanmaq üçün son çarə idi...

 

Üç ildən sonra düşmən hökmdarı yenə türk sərhədində ordugah qurur yenə elçisini türk xaqanının hüzuruna göndərir:

 

-Sərhəd boyu uzanan ərazini istərəm! ya hərblə, ya sülhlə...

 

Uca türk bəyləri hamı bir ağızdan:

 

-Kiçik qayalıqlardan ibarət ərazidən ötrü xalqı qırğına verməyə dəyməz. Düşmənin barış təklifini qəbul edəlim.

 

Xaqanlar xaqanı Oğuz xan ildırım kimi gurladı:

 

-Əcdadlarımızın əmanətini dünyada ən alçaq ən rəzil düşmənin ayağı altında tapdanmasına necə dözərsiz? Düşmənin təklifini qəbul etmək milləti şərəfsizliyə zəlalətə məhkum etməkdir...

 

Uca türk bəylərindən biri:

 

-Uca xaqan, bir il öncə özü düşmənin şərəfsiz sülh şərtlərinə boyun əymədimi? - dedi.

 

Türk xaqanı qəzəbdən atəş kimi püskürdü:

 

-Boyun əymişdim, doğrudur. Çünki bu şərtlər yalnız mənim şərəfimlə bağlı idi. Mən o zaman ağıl almaz bir Tanrı qüdrətinin iradəsilə damarlarımda fəryad qoparan şərəfimi, qürurumu susdurdum. Özüm özümə dağ çəkdirdim! Bunlar vaxt qazanmaq üçün idi. Görürsüz, bəzən hökmdarlıq dövlət uğruna alçalmaq qədər ağır bir yükdür. Dövlət bir millətin təşkilatlanmış gücüdür. O zaman düşmənlə savaş Yer üzündə dövlətin siyasi varlığını zərbə altında qoymaq, milləti təhlükədə qoymaq demək idi. Bu gün isə gücləndik.

 

Torpaq dövlətin təməlidir! Düşmənə verilməz uğruna qanlar axar. Qanla yoğrulan torpaq isə vətəndir!

 

Döyüş bayrağı qaldırılır düşmən yerlə-yeksan edilir.

 

Ulu babalarımız bir ovuc torpaq uğruna, kiçik bir qaya parçası uğruna canlarını əsirgəmədilər.

 

Vətən sevgisinin ən güclüsünü, torpaq uğrunda mübarizə etməyin ən şərəfli bir olduğunu bizə miras qoyub getdilər. Sərvətlərlə dolu Azərbaycanın işğal olunmuş qızıl torpaqlarını otuz ildir ki, dünyada ən alçaq rəzil düşmənin ayağı altında tapdalanırdı.

 

30 il sülh deyə Azərbaycana göz dağı çəkdirdilər. Azərbaycanın haqqını çeynədilər...

 

Biz qəhrəman keçmişimizin, ulu babalarımızın ölməz, təhqir götürməz ruhunu qəlbimizə, beynimizə, damarlarımıza, canımıza hopdurub, torpaqlarımız uğrunda mübarizə aparmağımızı Minsk qrupunun Sülh çağırışları üstələdi.

 

Alicənablıq mərhəmət ali insanlıq duyğularıdır. Hər şeyi sülh yolu ilə həll etmək böyük humanizmdir.

 

Qərbin sülh demokratiyası ilə erməni quzğunlarını Azərbaycan torpaqlarından qovmaq mümkün deyilsə yalnız Azərbaycanın əsgər qəhrəmanları ilə onlara göz dağı çəkdirib erməni işğalına son verəcəyik.

 

Bu gün Rusiyanı Qərbi 1 milyon 200 min qaçqının bədbəxt taleyi düşündürür, Azərbaycanın ərazi bütövlüyü. Böyük dövlətləri düşündürən Azərbaycanın hesabına öz dövlət maraqlarını təmin etməkdir.

 

İnsanların millətlərin taleyində elə böyük dərdlər olur ki, o dərdləri yalnız o insan millətin özü həll etməlidir. Heç bir dövlət millət azadlıq tacını bir millətə bəxş etməz. Erməni kimi rəzil bir düşmənlə, sədaqətin, haqqın, alicənablığın qiymətini bilməyən düşmənlə ədalətlə görmək olmaz.

 

Bizi on illərlə boş mənasız sülh danışıqlarına məhkum edən elə Minsk qrupu deyildimi? Azərbaycan yalnız sülh yolu ilə öz torpaqlarına sahib çıxmalıdır - deyən sülh zənciri ilə bizim əlimizi-qolumuzu ruhumuzu zəncirləyən həmin Qərb deyildimi? Bu gün bizdən yenə sülh masasının arxasına keçməyi xahiş edirlər. Xeyr! Əsla! Masa dövrü bitdi, indi hər şey döyüş meydanında həll olunacaq. Çünki bunu Ermənistan özü istədi.

 

Sülh siyasəti öz-özlüyündə nəcib alicənab bir siyasətdir sülhün, haqqın önündə əyilmək böyüklükdürsə, zülmün qarşısında əyilmək rəzalətdir.

 

XXI əsr türk əsridir. Ədalətin-haqqın qələbəsi üçün Azərbaycan 30 il dözüm müdriklik nümayiş etdirdi.

 

Vətənini özün azad etməlisən!

 

Şərəfli bir millət kimi dünya xalqları arasında ləyaqətli yer tutmaq üçün!

 

- Haqq uğrunda mübarizəyə! - qalxdın.

 

Dünya yaranandan bəri insanlıq bundan güclü bir şey icad etməmişdir.

 

Hürr yaşamaq haqqını verməz sənə kimsə,

 

Hürriyyət üzərində haqqın varsa, mənimsə...

 

Bayraqları bayraq yapan üstündəki qandır

 

Torpaq, əgər uğrunda ölən varsa, vatandır.

 

 

 

Oqtay ALTUNBAY

 

Respublika.- 2020.- 13 oktyabr.- S.14.