Fəaliyyəti bərbad olan kitabxanalar

 

Artıq iki ilə yaxındır ki, Azərbaycanın ucqar yaşayış məntəqələrində yerləşən, hətta şəhər rayon mərkəzlərindəki bəzi kitabxanaların bağlanması ilə bağlı müəyyən fikirlər səsləndirilir. Mədəniyyət turizm naziri Əbülfəs Qarayev bununla yanaşı ölkə ərazisindəki bütün kitabxanaların fəaliyyətinin araşdırıldığını bildirib. Artıq bununla bağlı müəyyən işlər aparılır. Azərbaycanda yerləşən bir çox kitabxanaların vəziyyəti həqiqətən bərbad haldadı. Hətta adı olsa da fəaliyyət göstərməyən, lakin işçilərin əmək haqqı aldığı kitabxanalar da mövcuddu.

Kitabxanaya müraciət edən hər bir oxucu kitabxanalarda vəziyyətin acınacaqlı olduğunu təsdiq edə bilər. Məsələ təkcə kitabxanaların təmirsiz şəraitsiz vəziyyətdə olmasında deyil. Əsas məsələ kitabxanaçıların oxucuya olan münasibətidi ki, bir çox hallarda bunu yaddan çıxarırlar. Üz tutduğumuz kitabxanalarda çox nadir hallarda arzuladığımız kitabı əldə edə bilirik. Ona görə yox ki, istənilən kitab kitabxanalarda yoxdu. Düzünü desək, kitabxana fondlarında hər birimizi təmin edəcək qədər kitablar var. Sadəcə onların oxucusu yoxdu. Olan oxucuları da bir çox kitabxanaçılar uzaqlaşdırırlar. Arzuladığımız kitabı əldə etmək üçün gərək bütün kitabxanaları gəzib, oxucuya xidmət göstərə bilən kitabxanaçı tapa biləsən. Onların əksəriyyəti oxucu ilə kobud rəftar edir bununla da özləri bilərəkdən oxucunu kitabxanadan uzaqlaşdırırlar. Televiziya qarşısında, yanına soba qoyub bütün günü oturur, oxucu gördükdə isə ağız büzürlər. Çünki bir neçə dəqiqəlik filmi izləyə bilməyəcəklər. Beləliklə, bəzi kitabxanalarda kitabxanaçılar oxucuya xidmət əvəzinə, məişət işləri ilə məşğul olurlar. Bəzən kitabxana işçilərinin bir araya gəlib, axşama bişirəcəklərini, qaynanası gəlməkçün onu nəyə qonaq edəcəyini müzakirə etdiklərini görürük. Bəzən isə kitabxanaçı utanmadan "mən bu kitabın yerini bilmirəm, tapa bilmərəm" cavabını da verir. Beləliklə, oxucuların kitabxanadan uzaqlaşmasına bəzən kitabxanaçılar özləri səbəb olurlar. Kitabxanaçının əsas vəzifəsi oxucuya xidmət göstərmək, ona lazım olan ədəbiyyatı tapmaqda yardımçı olmaqdı. Amma bu gün onlar oxucuya bacardıqları qədər acıqla baxırlar ki, oxucu daha heç istəməsin. Bu bütün kitabxanalara şamil olmasa da, belələri az deyil.

Ə.Qarayev isə bildirir ki, fəaliyyətində qüsur olan, yararsız binalarda, hətta yaşayış evlərində yerləşən kitabxanalar var. Belə kitabxanalar oxuculara xidmət göstərə bilməməklə yanaşı, həm dövlət vəsaitinin havayı xərclənməsinə səbəb olur. Bunun qarşısını almaq üçün nazirlik qısa müddətdə tədbirlər planı həyata keçirəcək.

M.Fətəli Axundov adına Milli Kitabxananın direktor müavini Gülbəniz Səfərəliyeva bildirdi ki, kitabxanaların vahid kitabxanada toplanması oxucuların xeyrinə olacaq. Bu həm fondakı kitabların korlanmasının qarşısını ala bilər: "Hər bir rayonda mərkəzləşmiş kitabxana sistemi, yəni böyük bir kitabxana var. Həmin o kitabxananın fondunda istənilən ədəbiyyatı tapmaq olar. Bildiyiniz kimi son dövrdə prezidentin fərmanı ilə nəşr olunan bütün kitablar həmin kitabxanalara göndərilir. Yavaş-yavaş avtomatlaşma ilə əlaqədar olaraq hər bir kitabxananın saytı yaradılır. Rayon kitabxanaları mərkəzləşmiş kitabxananın saytından, fondundan da istifadə edirlər. Ucqar bir kənddə olan kitabxanalar-hansı ki qapısı açılmır, kitablar qalıb çürüyür-onların fəaliyyətinin dayandırılması təbii ki, daha yaxşıdı. Oxucular tapa bilmədikləri ədəbiyyatı şəhər, rayon kitabxanasında tapır, birbaşa internet vasitəsilə mərkəzi kitabxanalara müraciət edirlər. Mən bu işin içində deyiləm. Amma məntiqlə düşünəndə, görürük ki, artıq informasiya əldə etmə yolları çoxalıb. Kəndin camaatı kitabı rayondan da tapa bilir. Ola bilər ki, kənd kitabxanasına çatmayan kitab rayonda, şəhərin kitabxanalarında var. İndi oxucuları təzə ədəbiyyat maraqlandırır. Kəndlərdə 10 kitabxana olmaq əvəzinə, rayonda bir dənə böyük bir mərkəzi kitabxana olsun ki, oxucu istədiyi kitabı rahat tapa bilsin".

 

Kitabxanaçının biliyi, səviyyəsi olmalıdı

 

G.Səfərəliyevanın sözlərinə görə, virtual oxucuların sayı da artıb: "Əvvəl 200 min kitabxanaya oxucu gəlişi müşahidə olunurdu. İndi təkcə virtual oxucu bir ildə 100 mindən artıq olur. Oxucu indi kompüter vasitəsilə istədiyi kitabı tapa bilir. Respublikada avtomatlaşmış kitabxanalar var. Bütün bunlar oxucunun xeyrinə edilən işlərdi".

 Kitabxanaçıların oxucuya olan xidmətindən da danışan direktor müavini vəzifəsini yerinə yetirə bilməyən kitabxanaçılara töhmət verməyin zəruri olduğunu diqqətə çatdırdı: "Kitabxanaçının biliyi, səviyyəsi olmalıdı. Həm oxucuları kitaba cəlb etməyi bacarmalıdı. Bu gün təəssüf ki, bunu etməyən kitabxanaçılar da var. Yəni kitabxanaçılıq təhsili olmayan, təsadüfi adamlar tanışlıqla bu işə cəlb olunurlar. Belələri heç əməlli-başlı kitabı tapa bilmirlər. Onları görən oxucular şikayətlər etməlidilər. Təəssüf ki, bunu heç kim etmir. Kitabxanadan uzaqlaşmaq yox, problemi həll etmək lazımdı. Ümumiyyətlə əsasən gənclərdə böyük passivlik var. Bu kitab oxunmasına da təsir göstərir".

 

 

Nizamiqızı  Gülər

 

Olaylar. -2010. – 11 fevral .-S.8.