Sevdiyinin doğum günündə
vəfat edən sənətkarın həyat
və sevgi hekayəti
Tanınmış aktyor ömrünün
sonunadək azərbaycanca
və rusca tək kəlmə yaza bilməyib
... Yarıqaranlıq
səhnə birdən-birə
işıq selinə qərq olur. Pərdələr qalxır.
Və bayaqdan bəri hazır vəziyyətdə dayanaraq
öz çıxışlarını
səbirsizliklə gözləyən
xor üzvləri oxumağa başlayırlar.
Onların arasında bir oğlan da var. Ürəyi sənətə olan həvəs və sevgilə dolu bir gənc. Bəlkə də içindəki qeyri-adi istedadın onu nə vaxtsa çox tanınmış
və sevilən aktyor edəcəyindən
xəbərsiz biri...
... Zalda əyləşənlər arasında
isə bir şəxs var – Üzeyir Hacıbəyli. Səhnədəkiləri diqqətlə
izləyən, dinləyən
Üzeyir bəyin nəzərləri birdə-birə
o gəncə dikilir. İsti baxışları
onun üzərində
dayanır. Və yəqin ki, ona ciddi nəzər
yetirərkən istedadlıları
gözündən tanımağı
bacaran dahi bəstəkarın ürəyindən
və beynindən bir fikir keçir
– bu oğlandan yaxşı aktyor çıxa bilər...
... İllər
sonra dahi Üzeyir bəyin öncədən duyduğu
həqiqətə çevrilir.
Bu istedadlı oğlan
doğrudan da çox məşhur və sevilən bir aktyora çevrilir.
Hətta Şərqin
Çarli Çaplini
adını belə qazanır. Bu, görkəmli
teatr və kino aktyoru, xalq
artisti Lütfəli Abdullayev idi.lent.az
Atasından inciyib Bakıya
gəlir
Lütfəli Abdullayev
1914-cü il martın
22-də Şəkinin Nuxa
kəndində Əmir
kişinin ailəsində
dünyaya göz açıb. Atası İrana gedib gəlir, xalça satışı ilə məşğul olardı.
Anası isə evdar qadın idi. Ailədə 3 qardaş, 3 bacı böyüyürdü. Lütfəli
14 yaşına qədər
Şəkidə yaşayır.
Yeddiillik məktəbi
bitirəndən sonra bir neçə ay Şəkidə fəhlə-gənclər
klubunda həvəskar
aktyor kimi müxtəlif tamaşalarda
iştirak edir. 1928-ci ildə Bakıya gəlir. Buna səbəb isə xasiyyətcə çox ciddi və bir az
da kobud olan atası ilə arasındakı münasibətlər olur.
Atasından inciyib paytaxta gələn Lütfəli dayısı
oğlu – Onkoloji İnstitutun direktoru olmuş professor Veysəl Abdullayevin evində qalır. Ü. Hacıbəyov
adına Azərbaycan Dövlət Konservatoriyasının
nəzdində fəaliyyət
göstərən valtorna
sinfinin məşğələlərində
iştirak edir. Eyni zamanda professor Berolskinin sinfində vokal sənəti ilə məşğul olur. Sonra Opera və Balet Teatrının
xor truppasında oxumağa başlayır...
Tələsmədən, səbirlə
sənətdə irəliləyir,
özünün ulduz
saatını gözləyir.
Nəhayət, belə
bir vaxt gəlib çatır.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan
ədəbiyyatı və
incəsənəti ongünlüyündə
musiqili səhnə sənəti də müvəffəqiyyətlə nümayiş etdirilir. Ongünlük ərəfəsində
yaradılmış musiqili
komediya ansamblı ilk sınaqdan uğurla çıxır. Moskva səhnəsində ifa etdiyi rollar 24 yaşlı gəncin böyük istedadından
xəbər verirdi.
Tərəf müqabilləri arasında
Nəsibə Zeynalovanı
daha çox istəyirdi
Ansamblın ongünlükdəki
uğurundan bir il sonra 1939-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yaradılır. Lütfəli
Abdullayev də burada çalışmağa
başlayır. Teatr
1949-cu ilin yazında maliyyə çətinliyi
ilə bağlı fəaliyyətini dayandırmalı
olanda Lütfəli Abdullayev Milli Dram Teatrına keçir.
1956-cı ildə isə
Azərbaycan Dövlət
Musiqili Komediya Teatrının Azərbaycan
və rus bölmələri Şəmsi
Bədəlbəylinin bədii
rəhbərliyi ilə
yenidən fəaliyyət
göstərir. Lütfəli
Abdullayev teatrın aparıcı sənətkarı
kimi demək olar ki, ən
populyar, uğurlu və uzun ömürlü
tamaşalarda çıxış
edir. Ömrünün
sonuna qədər işlədiyi bu teatrın səhnəsində
özünəməxsus və
yaddaqalan obrazlar yaradır. Tərəf müqabili kimi çalışdığı aktyorların arasında böyük sənətkarımız
Nəsibə Zeynalovanı
daha çox istəyirdi. Özü də həmişə deyirdi: “Mən ən çox Nəsibə ilə yaxşı tərəf müqabili ola bilirəm. Çünki mən bir söz
atan kimi o, sözümü dərhal
tutur. Bunu başqa heç kim edə bilmir”.
Tamaşalar zamanı improvizələr etməyi
çox xoşlayırdı
Lütfəli Abdullayev.
Xüsusilə də Nəsibə Zeynalova ilə birlikdə. Ancaq teatrın baş rejissoru Şəmsi Bədəlbəyli
buna icazə vermirdi. Ondan həm çəkinir, həm də hörmət edirdilər. Qızlarını hər
tamaşasına aparan
Lütfəli Abdullayev
onları lojada oturdur və tapşırırdı, “diqqətlə
baxın, Şəmsi
gələn kimi bizə işarə edin”.
Aktyorlar səhnəyə
çıxıb istədiklərini
deyir, improvizələrini
edirdilər. Birdən
direktor lojasına Şəmsi Bədəlbəylinin
gəldiyini görən
qızlar əllərilə
təhlükənin yaxında
olduğunu işarə
edirdilər.
Cəmi 6 filmə
çəkilib
Lütfəli Abdullayev
teatrı daha çox sevirdi. Çünki orda tamaşaçı ilə
aktyor arasında canlı ünsiyyət vardı. Səhnəsiz yaşaya bilmirdi. Teatrı öz həyatı hesab edirdi. Kinoya çəkilməyi isə
o qədər də xoşlamırdı. Əziyyət
çəkirdi. Deyirdi
“mən tamaşaçını
görməyəndə, hiss etməyəndə özümü
aktyor saya bilmirəm”. Yəqin elə ona görə
də Lütfəli Abdullayev çox az filmə çəkilib.
Cəmi 6 kinoya. İlk dəfə Üzeyir Hacıbəylinin
təşəbbüsü ilə 1945-ci ildə “Arşın mal alan”da Vəli rolunda iştirak edir. Film ekrana çıxandan bir il sonra
1946-cı ildə bu rola görə Stalin dövlət mükafatına
(sonralar SSRİ dövlət
mükafatı adlandı)
layiq görülür.
1956-cı ildə Hüseyn
Seyidzadənin “O olmasın,
bu olsun”da Baloğlan, 1960-cı ildə
Ş. Şeyxovun “Qəribə
əhvalat”ında Kefçilov,
1962-ci ildə Rəşid
Atamalıbəyovun “Payız
konserti”ndə konsert təşkilatçısı, 1963-cü ildə Adil İsgəndərovun “Əhməd
haradadır” filmində
Zülümov, 1964-cü ildə
Ağarza Quliyevin “Ulduz”unda Məhəmməd
kimi ölməz obrazlar yaradıb. “Mozalan”da çəkilməyi
isə əziyyətlər
hesabına başa gəlib. Aktyorun qızı, rejissor Gülnarə Abdullayeva deyir ki, “Mozalan”
çəkiləndə Yuli
Qusman bir həftə hər gün onlara gəlib gedib, atasını çəkilişə
aparmaq üçün.
Nəhayət, bir həftədən sonra o, aktyoru razılığa gətirə bilib.
Ömrünün sonuna kimi nə Azərbaycan, nə də rus dilində yazmağı bacarıb
Gülnarə xanım
danışır ki, Lütfəli Abdullayev məktəbdə yaxşı
oxuyan şagird olmayıb. Ali təhsil də almayıb. Ömrünün sonuna kimi nə Azərbaycan,
nə də rus dilində yazmağı bacarıb. Yalnız ərəb əlifbasını bilib. Rusca isə ancaq 2-3 kəlmə söz deyirmiş. Kitab oxumaqla da arası olmayıb.
Rollarını isə
canından çox sevdiyi həyat yoldaşı Sevda Pepinovanın köməyi
ilə öyrənirdi.
Sevda xanım rolu onun üçün
oxuyur, o da özünə lazım olan qeydləri götürür, vacib bildiyi sözləri, cümlələri ərəb
əlifbasında yazırdı.
Rolu əvvəldən
axıra kimi köçürmürdü. Götürdüyü
kiçik qeydlərlə
yaradacağı obraz beynində canlanırdı.
... Sevda xanımla ilk
tanışlıqları 1943-cü ilə təsadüf edir.
O zaman Musiqili Komediya Teatrının
yaxınlığındakı yeməkxanada incəsənət
adamlarına vəsiqə ilə nahar verirdilər. Teatrın
qabaqcıl aktyorlarından olan Lütfəli Abdullayev
özünün, Sevda xanım isə anasının - Azərbaycanın
ilk musiqişünas qadını, əməkdar incəsənət
xadimi Xurşid Ağayevanın vəsiqəsilə bura gəlirdi.
İlk dəfə nahar masası arxasında
görüşürlər. Aktyor Sevda xanımı həmin
günlər premyerası olacaq “Ürəkaçanlar”
tamaşasına dəvət edir. Və sonra hər
tamaşasına...
Teatrın bufetində işləyən qadınla qeyri-rəsmi
yaşayır
4-5 ay sonra gizli
görüşmələrinin şayiəsi evə də
çatır. Çox keçmir Lütfəli Abdullayev
sevdiyi qızın evinə elçilərini göndərir.
Sevda xanım əsilli-nəcabətli ailədən idi.
Babası Həsən bəy Ağayev ADR parlamentinin sədri,
atası Əhməd bəy Pepinov Azərbaycan Xalq Cümhuriyyətinin
ilk əmək naziri olmuşdu. O həm də Ömər Faiq
Nemanzadənin bibisi qızı idi. Sevda xanıma nənəsi
baxırdı. O, elçiləri görəndə çox
hirslənir və onların arasında olan Şəmsi Bədəlbəyliyə
deyir: “Sən Bədəlbəylinin oğlusan. Amma gör kimə
görə gəlmisən mənim evimə? O, özü
kimdi, nəsli-nəcabəti kimdi? Heç olmasa, Dram
Teatrının aktyoru ola...”
Beləcə, Xədicə
xanım nəvəsinin aktyora ərə getməsinə
razılıq vermir. Sevgisindən dönməyən Lütfəli
bu qapıya 4 dəfə elçi göndərir. Hər dəfə
də kor-peşman, əliboş geri qayıdırlar. Bundan
sonra düz 5 il də gizli görüşürlər. 1948-ci
ildə Lütfəli Abdullayevə teatrdan ev verirlər. Və
o məsələni daha da kəskin qoyur. Gizlicə kəbin kəsdirməyi,
bundan sonra da ailəsi qəbul etməsə, qoşulub
qaçmağı təklif edir. Ancaq Sevda xanım buna
razı ola bilmir. Bununla da sevgililərin yolları
ayrılır. Həmin il Sevda xanımı Hacımurad
İbrahimbəyli adlı bir generala ərə verirlər.
Lakin bu izdivacın ömrü az olur. Cəmi 4 ay sonra yenə
qayıdır nənəsinin evinə.
Bu arada isə Musiqili Komediya
Teatrı müvəqqəti bağlanmışdı.
Teatrın bir sıra aktyorları ilə yanaşı Lütfəli
Abdullayev də “Azdrama”ya keçmişdi. Teatrın bufetində
işləyən qadınla dövlət tərəfindən
ona verilən evdə qeyri-rəsmi yaşayırdı. Turqut
adlı bir oğlu da vardı (Hazırda Turqut Rostovda
yaşayır). Ancaq buna baxmayaraq aktyor Sevdasını
unutmamışdı. Hələ də onu sevirdi. Nə vaxtsa
onunla ailə quracağına ümid edirdi.
13 ildən sonra 44 yaşında sevdiyi xanımla ailə
qurur
... 1957-ci il idi. Lütfəli
Sevdanı çoxdan görmürdü. Ancaq hələ də
sevirdi. Sevda isə Lütfəlini görürdü. Vəli,
Baloğlan... kimi. Və bir gün Xarici Dillər
İnstitutunda işləyən Sevda işdən
çıxanda yerindəcə donub qalır. Sevdiyi şəxs
onu gözləyirdi. Elə bil dünən
ayrılmışdılar. Nəhayət, 13 il çevrəsində
dolandıqları sevgilərinin vüsalına qovuşa bilirlər.
Xədicə xanım uzun get-gəldən sonra onların
izdivacına razılıq verir. Evlənəndə Lütfəli
Abdullayevin 44, Sevda Pepinovanın 32 yaşı vardı. Sevda
xanım Turqutu da öz oğlu kimi saxlamaq istəyirdi. Ancaq
uşağın anası icazə vermir. Bu izdivacdansa aktyorun
iki qızı dünyaya gəlir – Xurşid və Gülnarə.
Səhnədə komik rolların ifaçısı kimi
tanınan Lütfəli Abdullayev evdə ciddi ailə
başçısı və tələbkar ata idi. Amma
qızlar nə istəyirdilər, edirdilər. Heç vaxt onlara
acıqlanmazdı. Sevda xanım isə həyat
yoldaşını heç vaxt qısqanmırdı. Hətta
evlərindəki qulluqçu da buna təəccüblənirdi:
“Mən başa düşə bilmirəm səni. Oturmusan evdə,
heç bilmirsən o kişi orda neynir. Axırı mən
özüm gedib baxacam”.
Qulluqçunu, sonralar
uşaqlarına dayəlik edən Dusyanı 16 yaşı
olanda Malakan bağından tapmışdı aktyor. Ona öz
qızı kimi baxırdı. Dusya da onu dünyalar qədər
çox istəyirdi. Tamaşalarına da qızları ilə
birlikdə gedirdi. Qızı deyir ki, Lütfəli Abdullayev
birgə işlədiyi sənət yoldaşlarına da həmişə
yaxşılıq etməyə çalışırdı.
Rayonlara görüşlərə gedəndə özüylə
başqa aktyorları da aparırdı ki, onları
dolandırsın. Bəzən hətta öz cibindən də
çıxarıb kömək edirdi. Heç vaxt qanıqara
gəzməz, heç kimdən inciməz, küsməzdi.
Simasından nur saçılan gülərüz və ürəyi
açıq adam idi: “Əlindən gələn köməyi
heç kimdən əsirgəmirdi. Çox vaxt yoldan keçən
bir adam onu saxlatdırırdı, “Lütfəli müəllim,
qurban olum mənə kömək et, QAİ “pravamı”
alıb”. O da xahiş edər, tanımadığı
adamın “pravasını” geri alıb özünə
qaytarardı. Belə xeyirxah olub. Yeməyi çox
xoşlayırdı. Xörəyi çox vaxt əllə
yeyirdi. Evə heç vaxt tək gəlmirdi. Hər gün evdə
nə qədər adam yemək yeyirdi. Anam artıq bunun adətkarına
çevrilmişdi. Ona görə də mətbəx yemək
qazanlarıyla dolu olurdu. Bəzən elə gün də olurdu
ki, bir qoyun kəsilirdi. Tamaşalardan sonra isə həftədə
3 dəfə Şəmsi Bədəlbəyli həyat
yoldaşı və oğlu ilə birlikdə səhərədək
bizdə oturardılar. Şəmsi Bədəlbəylinin
eyvanından bizim eyvan görünürdü. Hər dəfə
evə rayondan əlidolu gələn qonağı görən
kimi tez telefona qaçırdı. Qonaq qapının zəngini
basmağa macal tapmamış nömrəni yığıb
deyirdi, “Lütfəli görürəm ha, pendirdən, ətdən
bura da göndər”. Atam da özündən
çıxırdı, “ay Şəmsi, qoy yaşayaq da”
(Aktyor dünyasını dəyişəndən sonra Şəmsi
Bədəlbəyli Sevda xanıma qardaş, qızlarına
ikinci ata olmuşdu. Onunla məsləhətləşməmiş
bir addım belə atmırdılar)”.
Zəng etdiyi sonuncu şəxs Bəxtiyar Vahabzadə
olur
Qanında şəkər
tapılanda həkim aktyora pəhriz saxlamağı
tapşırmışdı. O isə həkimə qulaq asandan
sonra cavab vermişdi: “Nə deyirsən, məgər mən
ölməyəcəm? Onsuz da öləcəm, qoy heç
olmasa tox ölüm”.
Ölümü isə qəfil
oldu.
... Həmin axşam Nəsibə
Zeynalova ilə birlikdə Lütfəli Abdullayevi də
Politexnik İnstitutuna görüşə dəvət
etmişdilər. Saat 8-də evə qayıdır. Şam edəndən
sonra telefon kitabçasını qabağına qoyub bir-bir
tanışlarına zəng vurmağa başlayır. Şəmsi
Bədəlbəyliyə azı 10 dəfə zəng edir.
Konsertə baxan Şəmsi axırda dilə gəlir ki, “ay
Lütfəli, qoy televizora baxım da. Nə istəyirsən
e?!”. Axırıncı zəng etdiyi şəxs Bəxtiyar
Vahabzadə olur. Elə bil ölümünü əvvəldən
duyan aktyor şairə deyir: “Bəxtiyar, Mahmudun yanına gedəcəm,
sözün varsa de çatdırım”.
Əvvəl heç nə
başa düşməyən Bəxtiyar Vahabzadə Mahmudun
kimliyini soruşur. “Atan Mahmudu deyirəm də”, - deyə cavab
verir. Sevda xanım ərinin bu sözündən əsəbiləşir.
O isə “bilirəm...”, - deyib gülür. Gecə 1-ə
işləmiş ürəyi tutur. Təcili yardım
çağırırlar. Əvvəl elə bilirlər şəkər
komasına düşüb. Şəmsi Bədəlbəyli
Moskvaya zəng edir. Təyyarə ilə Kreml xəstəxanasına
aparacaqdılar. Amma şəkər koması da deyilmiş.
Beyninə qan sızıbmış. Azərbaycan
teatrının klassiklərindən biri, Şərqin
Çarli Çaplini sayılan Lütfəli Abdullayev
1973-cü il dekabrın 9-da gözlərini əbədi yumur. Həmin
gün çox sevdiyi Sevdasının növbəti doğum
gününü qeyd edəcəkdi...
Olaylar. -2010. – 8 iyul. – S.13.