Xalqın hünər tarixi
Faşizm üzərində
qələbədən 65 il keçir.
Azərbaycan
xalqının İkinci Dünya müharibəsində
göstərdiyi qəhrəmanlıq nümunələri
haqqında çoxlu sayda şeirlər, kitablar
yazılmış, bədii və sənədli filmlər
çəkilmiş, qəhrəmanların şərəfinə
abidələr ucaldılmış, onların adları əbədiləşdirilmişdir. Müharibədə
Azərbaycanın 600 mindən çox oğul və
qızının amansız düşmənlə
döyüşlərdə göstərdikləri misilsiz
şücaət
və igidlik, arxa cəbhədə çalışanların
isə əmək rəşadəti dillər əzbəridir
və bugünki nəsillər üçün daim örnək
olaraq qalacaqdır.
Artıq 65 ildir ki, 9 may
faşizm üzərində Qələbə günü təntənəli
surətdə qeyd olunur. Bu qələbə heç də asan
başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz,
Azərbaycanın mərd övladları bu Qələbə
naminə canlarından-qanlarından keçiblər. Onlar
doğma Azərbaycanın hüdudlarından çox-çox
uzaqlarda mərdliklə, hünərlə vuruşaraq və həm
də doğma Azərbaycan torpağını qoruyublar. 170
mindən çox azərbaycanlının orden və medallarla
təltif edilməsi, 130 nəfər həmyerlimizin isə
Sovet İttifaqı Qəhrəmanı adına layiq
görülməsi buna əyani sübutdur. Əgər o
vaxt Azərbaycan nefti cəbhəyə
göndərilməsəydi, bu müharibə qələbə
ilə bitə bilməzdi. Ümummilli lider Heydər Əliyev
1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı
keçirilən təntənəli tədbirdə deyirdi: «Bu
qələbənin çalınmasında Azərbaycanın
xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan
Respublikasının nefti o vaxtlar həmin müharibənin
uğurla aparılması üçün ən mühüm
amililərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər
İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda
hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin
fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz,
nəticə çıxarmaq çətin deyil ki, əgər
Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika
müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli
ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən
yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları
ixtira olunaraq, respublikamızda istehsal edilirdi…».
Xatırladaq ki,
müharibənin ilk dövründə qüvvələr nisbəti
düşmənin xeyrinə idi. Düşmənin qəfil
hücumu nəticəsində sovet ordusunun 1,5 milyon canlı
qüvvəsi əsir alınmış, xeyli hərbi
texnikası sıradan çıxarılmışdı. Faşist
Almaniyası işğal etdiyi Avropa ölkələrinin
iqtisadi və hərbi potensialını öz əlində cəmləşdirmişdi.
Lakin «Hər şey cəbhə üçün, hər
şey qələbə üçün» şüarı
altında bütün Sovet xalqları birləşdi. Bununla da
düşmənin hücumları nəinki
dayandırıldı, faşistlər Moskva, Stalinqrad, Kursk və
başqa döyüşlərdə ən ağır və
sarsıdıcı məğlubiyyətə
uğradıldı, 1945-ci ildə isə tamamilə məğlub
edildilər.
Bu gün, Qələbənin
65-ci ildönümü ərəfəsində düşmənin
məğlub edilməsində böyük şücaətlər
göstərmiş, canlarından keçməyə hazır
olduqlarını nümayiş etdirmiş, başqa
xalqların nümayəndələri ilə birlikdə
müharibədə iştirak etmiş və dünyanı
faşizmdən xilas etməyə nail olmuş
soydaşlarımızı yada salmaq istərdim. Çünki
faşizm üzərində tarixi qələbənin
qazanılmasında Azərbaycan xalqının ön və
arxa cəbhələrdə göstərdikləri şücaətlər
danılmazdır.
İki dəfə Sovet
İttifaqı Qəhrəmanı adına layiq görülmüş
həmyerlimiz Həzi Aslanovun, İsrafil Məmmədovun, Azərbaycan
şahini Hüseynbala Əliyevin, Mehdi Hüseynzadənin, Gəray
Əsədovun, komandirinin həyatını xilas etmək
üçün sinəsini düşmən gülləsinə
sipər edən dənizçi Qafur Məmmədovun, partizan hərəkatının
fəal iştirakçısı, Fransanın «Milli Qəhrəmanı»
fəxri adına layiq görülmüş Əhmədiyyə
Cəbrayılovun, qadınlarımızdan təyyarəçi
Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın,
gəmi kapitanı Şövkət Səlimovanın və
başqa həmvətənlərimizin adları dillər əzbəri
olmuş, tarixə düşmüşdür.
Həmin illər
dövlət təhlükəsizlik orqanlarının bir
sıra əməkdaşları da könüllü olaraq cəbhəyə
yollanmış, misilsiz şücaətlər göstərmişlər.
Onlardan Əbdül Əliyevin, Həcər Əliyevanın, Əbdüləli
Hacıyevin, Fərhad Əliyevin və başqalarının
adlarını çəkmək olar. Əbdül Əliyev, Əbdüləli
Hacıyev və Həcər Əliyeva müharibədən
sonra vətənə dönmüş və dövlət təhlükəsizlik
orqanlarında xidmətlərini davam etdirmişlər. Fərhad
Əliyev isə 1943-cü ildə əsir düşmək təhlükəsi
ilə üzləşmiş, düşmən əlinə
keçməmək üçün özünü güllələmişdir.
Sonradan təhlükəsizlik
xidməti polkovniki rütbəsinə qədər yüksəlmiş
Əbdüləli Hacıyevin müharibə başlayanda 21
yaşı vardı. Azərbaycan Sənaye İnstitutunun
4-cü kurs tələbəsi idi. Alman faşistlərinin
heç bir xəbərdarlıq etmədən SSRİ-yə
basqını bütün tay-tuşları kimi Əbdüləlinin
də arzularını alt-üst elədi. «Hər şey cəbhə
üçün, hər şey qələbə
üçün!» şüarı onun da həyat devizinə
çevrildi. O da digər həmvətənlərimiz kimi ilk
günlərdən Vətənin köməyinə tələsdi.
1941-ci ilin avqustunda ordu sıralarına
çağırılan Ə.Hacıyev 1946-cı ilin iyulunadək
Zaqafqaziya cəbhəsindəki atıcı batalyonun tərkibində
ağır döyüş yolu keçdi. Cəsurluğu,
qorxmazlığı ilə fərqlənən gənc Əbdüləli
döyüşlərin birində ağır yaralandı. Sağalandan
sonra atıcı alayına tabor komandiri təyin edildi. Cəbhədə
göstərdiyi fədakarlığa görə bir sıra
yüksək mükafatlara, o cümlədən «Şərəf»
ordeni və çoxlu sayda medallarla təltif olunub.
Digər həmyerlimiz Əbdul Əliyev 1940-cı ildə əsgərliyə gedəndə ölkədə əmin-amanlıq idi. Heç kəsin xəyalına da gəlməzdi ki, tezliklə tufan qopacaq. Vətənin mərd oğulları hünər meydanında əsl sınaqdan keçəcəklər. 1940-cı ildə ordu sıralarına çağırılan Əbdül 1942-ci ildə Bakı Hərbi Dəniz Tibb Məktəbinin kursantlardan ibarət 34-cü bölməsinin tərkibində Şimali Qafqaz cəbhəsinə göndərilir. 1943-cü ilin avqustundan 823 saylı artilleriya alayının tərkibində döyüşür. Döyüşlərin birində ağır yaralanır. Sağalandan sonra onu ordudan tərxis etmək istəsələr də razılaşmır və 1946-cı ilin noyabrınadək alman-faşist işğalçılarına qarşı döyüşlərdə fəal iştirak edir. İki dəfə «Qırmızı Ulduz» ordeninə, Berlinin alınmasına görə, Varşavanın azad edilməsinə görə və digər medallarla təltif edilir. Vətənə qayıtdıqdan sonra dövlət təhlükəsizlik orqanlarında çalışır və polkovnik-leytenant rütbəsində təqaüdə çıxır.
Müharibə başlayanda Həcər Əliyeva Dövlət Təhlükəsizlik Nazirliyində yenicə işə başlamışdı. İkinci cahan savaşı başlayanda digər könüllülər kimi Həcər də könüllü olaraq cəbhəyə getmək istədiyini bildirir. O, 1943-cü ildə 4-cü Ukrayna cəbhəsinə göndərilir. Ukraynadan-Berlinə qədər uzun, çətin və ağır bir döyüş yolu keçir. Bütün döyüş əməliyyatlarında fəallığı, cəsarəti, çevikliyi, bacarığı ilə seçilir. Təsadüfi deyil ki, Reyxstaqın divarları üzərində həkk olunmuş yüz minlərlə sovet hərbi qulluqçusunun adları arasında döyüşlərdə dəfələrlə şəxsi igidlik nümunəsi göstərən bu azərbaycanlı qızın da adı vardı. Həcər bu şərəfə qorxmazlığı, mərdliyi, vətənpərvərliyi ilə imza atmışdı. Həcər Əliyeva cəhbədə göstərdiyi şücaətə görə «Hərbi xidmətlərə görə», «Almaniya üzərində qələbəyə görə», «Qafqazın müdafiəsinə görə», «Böyük Vətən müharibəsində göstərdiyi əmək rəşadətinə görə» medalları ilə təltif olunub.
Fəxrlə qeyd etmək olar ki, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları ön cəbhə ilə yanaşı, arxa cəbhədə də yüksək peşəkarlıq nümünələri göstərmişlər. 1941-45-ci illər müharibəsi dövründə Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarının əməkdaşları faşistlərin müxtəlif kəşfiyyat məktəblərini bitirmiş 200-dən artıq kəşfiyyatçı casuslarını aşkara çıxarmış və həbs etmişdir. Onlardan 31 nəfər Auşvis kəşfiyyat məktəbini, 25 nəfər Lyukenvald məktəbini, 12 nəfər Tavel məktəbini, 14 nəfər Zamberq məktəbini, 12 nəfər Tennel məktəbini bitirmiş, 13 nəfəri Gestaponun, 6 nəfəri isə «Dromidar-Abver» qrupunun casusu idi. Həmin dövrdə habelə döyüşən Sovet ordusunun arxasında təyyarə ilə göndərilmiş və faşistlərin kəşfiyyat tapşırıqlarını əməli surətdə həyata keçirən 37 casus aşkar edilmişdi. Müharibə ilərində düşmən kəşfiyyatı Azərbaycan ərazisinə də təyyarələrdən paraşütlə casuslar göndərmişdir. Lakin Azərbaycanın xüsusi xidmət orqanları əməkdaşları daim sayıqlıq nümayiş etdirərək onları ifşa etmişlər. Məhz onların gərgin səyləri və yüksək peşəkarlıqları nəticəsində respublikanın rayonlarında və Bakı şəhərində 28 belə təxribatçı-casus tutulmuşdu.
Bütün bu casuslar dəmir yollarında, hərbi sənaye obyektlərində təxribat törətmək, kəşfiyyat məlumatları toplamaq və bu məlumatları faşistlərin kəşfiyyat mərkəzlərinə çatdırmaq tapşırıqlarını almışdılar. Həmin tapşırıqları yerinə yetirmək üçün onlar partladıcı maddələrlə, silahla, qumbaralarla, müxtəlif saxta sənədlərlə və hər biri 10-15 min rubl məbləğində pulla təchiz olunmuşdular. Aşkar edilib tutulmuş bütün alman agentləri güllələnməyə məhkum olunmuş və hökm agentlərin tutulduğu rayonlarda yerli əhalinin iştirakı ilə yerinə yetirilmişdir.
İndi Azərbaycanda 1941-45-ci illərdə böyük şücaət, qəhrəmanlıq göstərmiş insanların keçdiyi şərəfli döyüş yolu gənc nəslin ideoloji-mənəvi, hərbi vətənpərvərlik tərbiyəsində mühüm amilə çevrilib. Ona görə də hər il 9 may Qələbə günü dövlətimiz tərəfindən təntənəli surətdə qeyd olunur. Bu gün öz həyatımıza görə borclu olduğumuz, bəşəriyyətin xilası naminə göstərdikləri misilsiz hünərləri qəhrəmanlıq salnaməsinə əbədi yazılmış igid oğulların və qızların adları yaddaşımızdan silinməz və bizləri, bu gün yaşayan insanları daim Vətən qarşısında borcumuzu unutmamağa çağırır.Ulu Öndər Heydər Əliyev müharibə veteranlarının xidmətlərini çox yüksək qiymətləndirərək deyirdi: «Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur». Sevindirici haldır ki, ümummilli liderin bu siyasi kursu onun layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandan İlham Əliyev Böyük Vətən Müharibəsi veteranlarına yüksək diqqət və qayğı ilə yanaşır, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atır. Bütün bunlar Azərbaycanın keçdiyi şərəfli yola yüksək hörmətin təzahürü kimi müharibə veteranları tərəfindən də alqışlanır.
Xatirə Tağıyeva
Olaylar. -2010. – 8-11 may. – S.4.