Adı gözəl Telman… 

 

Heç ağlıma gətirməzdim ki, Telman belə tezliklə bizdən ayrılacaq. Bu yerdə ölümün vaxtlı, ya vaxtsız gəlişi barədə bir söz demək istəmirəm. Daha doğrusu, «bacarmaram» söyləsəm, məncə, yerinə düşər. Nədən ki, insanın gəlişi və gedişi onun iradəsindən asılı deyil. Və gözümüzdə vaxtsız görünən ölüm ulu Yaradanın məsləhətiylə bizi haqlayır. Onun hökmünün əksinə çıxmaq, nəyisə dəyişməksə bəşər övladına heç zaman qismət olmayacaq. Məncə, əlavə şərhə ehtiyac yoxdu.

Telman tamamlanmamış 57 illik ömrünü mənasız yaşamadı. İnsan ömrünün dəyəri gördüyü işlərlə, əməllərlə ölçülür və bu baxımdan onun dünyada mövcudluğundan iz, nişanə qaldı deyə, qənaətimə əminəm. Özünəməxsus sənət taleyi, şəxsi həyat, gözəl ailə. Bunlar Telmanın qoyub getdikləridi. Lap dəqiq desəm, mirasının qısa şəkildə ifadəsidi. Təfərrüatlara varsaq, sadalamalı çox şey keçəcək əlimizə. Özü də yalnız yaxşı çalarda, xoş ətirli, rayihəli olacaq bu məqamlar. Başqa cür heç təsəvvürə də gəlmir. Axı, o həmişə üzügülər, sözügülər idi. Heç nədən kimisə özündən incik salmazdı. Əksinə, bacardıqca hamının işinə yarıyardı. Uzun illərdən bəri Telmanı tanıyan, ünsiyyətdə olan şəxs kimi deyirəm. Tanışlıqdan söz düşmüşkən, bizim ailədə məndən qabaq rəhmətlik atamla yaranmışdı onun ünsiyyəti. Baxmayaraq ki, atam sənət adamı deyildi, amma hal əhliydi. Qohum-əqrəbanın, dost-tanışın, şər hamımızdan uzaq olsun, xeyir işi atamın məsləhətiylə keçərdi. Sanki doğmalar, yaxınlar ağsaqqallıq missiyasını hələ yaşa dolmamış Namazəli kişinin boynuna qoymuşdular. Onsuz bir iş ötüşməzdi.

Heç yadımdan çıxmaz, 1980-ci illərin əvvəliydi, qohumlarımızdan birinin xeyir işiydi. Toyun ağsaqqallığı, o cümlədən aparıcılıq tərəfi atamın öhdəsindəydi. Hamının gümanınca, ən yaxşı xeyir-şər mütəxəssisi sayılan atam artıq o illərdə təzə-təzə tanınmağa və sevilməyə başlayan Telman Adıgözəlovu işə cəlb elədi. Bu o zamanıydı ki, bir çox həmkarları kimi Telman da toy aparıcılığıyla məşğuluydu. Və məhz dədəmin danışıqlarının nəticəsi kimi qohumumuzun xeyir işinin vacib bir məsələsi onun iştirakıyla keçdi. Hamı da razı qaldı. Xüsusilə toy evi. Həmin vaxtdan etibarən atamla Telmanın arasında mehriban münasibət yarandı. İlk təcrübədəki uğurun nəticəsi özünü çox gözlətmədi. Sonradan bir neçə qohum-tanış toyu da sevilən aktyorun aparıcılığıyla baş tutdu. Və şübhəsiz hər dəfə dədəmin elci düşməsinin nəticəsi olaraq. Artıq münasibətləri xeyli dərəcədə istiləşdi, mehriban şəkil aldı. O, yaşının böyüklüyünü nəzərə alıb, atama dayı deyərdi. Ta orasını demirəm ki, ünsiyyətcil, baməzə adam olan «dayı» onun sevimli həmsöhbətlərindən biriydi.

Günlərin birində atamın ona yenə işi düşdü. Amma bu iş əvvəlkilərdən fərqliydi. Məktəbi qurtarıb incəsənət institutuna sənəd vermək arzum varıydı. Dədəmsə, bunu istəmirdi. Hərçənd teatrı sevirdi, ailəmiz mən ağlım kəsəndən «Azdrama»nın bir tamaşasını buraxmazdı. Bununla belə, oğlunun teatr sənətinə bağlanmaq istəyi ürəyincə deyildi. Belə bir vaxtda atam mənim iştirakımla aktyorla görüşdü. Dedi ki, bu uşaq sizin sənətinizlə maraqlanır. Yəni ürəyindən aktyorluq keçir. Ha başa salıram, a bala neynirsən bu sənəti, xeyri yoxdu.

Mən onu teatr səhnəsində və toyda gördüklərimi nəzərə almasaq, birinci dəfəydi üz-üzəydim. Gülümsündü, boy-buxunumu başdan-ayağa diqqətlə süzüb, əlini qara gur saçlarında gəzdirib, nəhayət dilləndi: «Nə qədər gec deyil, düz-əməlli sənət seç. Nəyinə lazımdı aktyorluq, bir mənə bax, otuz üç yaşım var, adım yox, sanım yox, toya-düyünə də getməsək dolanammarıq.» Qəribə mənzərəydi, mən bunun əksini gözləyirdim. Amma atam deyəsən nəticəni əvvəlcədən duymuşdu. Telmanın sözləri onun hökmünü daha da artırdı: «Gördün bala, mən sənin pisliyini istəmirəm ki? «Azdrama»nın aktyoru, hamının tanıdığı, istedadlı bir insan deyir ey eşitdiklərini. Ta bundan o yana nə sözün?»

Telman Adıgözəlovla ilk görüşüm belə yekunlaşdı. Düzü pərt olmuşdum. Ürəyimdə fikirləşirdim ki, evdə təkləndiyim vaxtda mənə qahmar çıxar. O isə öz cavabıyla dədəmi razı salmışdı. Amma həyat başqa şeylər söylədi. Sonda nəticə təqribən mən deyən oldu. Məktəbdə oxuyarkən aktyorluq arzusuyla neçə il «26-lar» mədəniyyət sarayına ayaq döyən mən mədəni-maarif fakültəsinə qəbul oldum. Və yenə bir amma. Elə birinci kursdaykən müəllimlərimin diqqətini çəkən nəzəri hazırlığım və yaxından maraqlanmağım məni teatrşünas ixtisasına meyl eləmək barədə seçim qarşısında qoydu. Artıq hansı addımı atmaq özümdən asılıydı. Seçimimə hörmətlə yanaşdım. Və demək bir zaman teatr sənətinin praktik nümayəndəsi olmağımı düşündüyüm halda nəzəriyyəci, tənqidçi peşəsiylə ülfət bağladım.

Deyəsən, mətləbdən çox uzaqlaşdım. Sözümü ona gətirirdim ki, Telmanın bir vaxt teatr sənətinə yaxın düşməyə qıymadığı şəxs neçə il sonra səhnədə onunla üz-üzə gəldi. O, vaxtilə gördüyü məktəbli gənci neçə ilin ardından təbii ki, tanıya bilmədi. Həmin hadisəni mən onun yadına saldım. Yenə gülümsündü, bir balaca əl-qolunu oynatdı, məni qucaqladı. Sonra «axır istədiyini elədin də» dedi. Və dərhal «kişi necədi» soruşdu. O gündən başlayaraq biz tez-tez zəngləşər, görüşərdik. Təqribən 14-15 il əvvəlin söhbətidi. Cavan ailəydim, maddi çətinliklərim vardı. Sənətimdən ayrılmamaq şərtilə kənardan iş axtarırdım. Öz təbimcə desəm, Adıgözəlov çıxış yolunu imkanlı təşkilatlardan birində görürdü. Ona görə bir dәfə Telman böyük kimi qabağa düşüb məni «Azal»a apardı. Rəhbərlik yerində yoxuydu. Gözləmək lazımıydı. Qapıdan girəndən qırımından adamayovuşmaz, soyuqqanlı təsir bağışlayan köməkçi dostumuzu xeyli süzəndən sonra «tanış gəlirsiz» söylədi. Bayaqdan «ev yiyəsinin» qaş-qabağının açılmadığını görən Telman sevinəntəhər oldu. Təbəssümlə «aktyoram, yəqin teatrda, televiziyada görmüsüz» dedi. Əvəzindəsə «yox, onda səhv salmışam» cavabını eşitdik. Biz qulaqlarımıza inanmadıq. Amma olan olmuşdu. Adını düz-əməlli bilmədimiz köməkçinin sayğısız münasibəti, düzü Telmandan daha çox mənə pis təsir elədi. Yetərincə tanınan aktyora saymazyana şəkildə bu sözləri söyləmək məncə, ən azı hörmətsizlik idi. Ona da Adıgözəlov deyərlər, borclu qalmadı: «O qədər ki, göydə olursuz, yerdəkiləri tanımırsız» kəlmələrini zarafat qarışıq kinayə ilə elə dedi, «həmsöhbətimiz» tutmadı. Bəlkə də həmin gün biz rəhbəri gözləyib, onunla görüşsəydik, vəziyyət tamam dəyişəcəkdi. Kim bilir? Fakt odu üzləşdimiz mənzərə mənə pis təsir etdiyindən orada qalmağı istəmədim. İşimdən ötrü gəldiyi halda, növbəti xoşagəlməzliklə qarşılaşmamaqdan ötrü nəticəni gözləmədən «durun gedək» söyləməyə ehtiyac duydum. Və biz bir daha ora qayıtmadıq.

Bunu ona görə söylədim ki, Telman həyatda da məğrur adamıydı. Şəxsən mən bir neçə dəfə onun toy şənliklərində anlamaz, özünü idarə etməyi bacarmayan, kefli adamların qabağında duruş gətirməyinin şahidiyəm. Dostluqda, yoldaşlıqda da təpərli insanıydı. Hamının işinin dalınca yüyürməyə çalışırdı. Bütün bunlar onun şəxsi vaxtını, yaradıcılıq ömrünü qısaltsa da. O, təcili yardımıydı, biz əksər vaxt gecələr zəngləşirdik və hər dəfə də kiminsə işinin dalınca getməyindən, bir ucu cənubdan, o biri ucu Baləkənədək qonaq-qaranın gəlməyindən xəbər tuturdum.

 Həyata baxışı da obyektiviydi. Yaxşını yaxşı görürdü, pisi pis. Və haqsızlığa qarşı barışmazıydı. Bir neçə dəfə tələbələriynən dərs prosesində iştirak edəndə də bu məqamların şahidi olmuşdum. Çalışırdı ki, onlar bütöv insan kimi formalaşsınlar, öz mövqeləriylə tanınsınlar.

Telman ağrı-acıları içində çəkirdi. Üz-gözünə baxan adi adamlar onun nəyi özünə dərd elədiyini çətin duya bilərdilər. Necə ki, əksər vaxt duymurdular. Bir para mənsəb sahiblərinin cəmiyyətə münasibəti onu qəti razı salmırdı. Yaxın saydığı, ürək qızdırdığı adamların yanında narazılığını dilə gətirsə də ürəyi boşalmırdı.

Ötən yaz atam, onun məndən əvvəlki dostu dünyasını dəyişəndə çox yanıb-yaxıldı. Həmişə dilli-dilavər ikən «heyf dədəndən, başqa kişiydi o» deməkdən savayı söz tapmadı sanki.

Rəsmiyyətçilikdən, hay-küydən, kindən, riyadan uzaq dost, biz həmişə bir-birimizə qarşı səmimiydik. İllər boyu münasibətimizə rəğmən mən bir yol səndən sanballı nəsə yazmadım gərək ki. Və sən də bircə dəfə dilini tərpədib «yaz» demədin. Elə bil nəyisə gözləyirdik. Nəyi? Bax bunu özüm də bilmirəm.Yoxluğunun qırxıncı günündə bir növ kəsirimi ödəmək qərarına gəldim. Neyləyim ki, ötən il sən elədiyin sayaq mən də bu söylənənlərdən savayı söz tapmadım, Telman. Amma məni söz yox, ürəyimizin başındakı köz yandırır. Sənsizlik odu-alovu, sənsizlik közü. Bax, budu sözün düzü, gerçəyin özü, Telman… Ruhun şad olsun.

 

 

Seymur Elsevər

 

 

Olaylar. -2010. – 26 may. – S.11.