«Nə
görürsünüzsə, görünməz olanın
kölgəsidir»
Tanrı hər bir
insanı yaradanda onun
gələcək taleyini özü
müəyyən edir. Alın
yazısı - bu tanrı qisməti həyat
yollarında hər birimizlə qoşa
addımlayır. Bizi gah
sınağa çəkir, çətinliyə salır, gah da göylərə ucaldır,
bizə dünyanı bəxş edir. Lakin Ulu yaradan
bəzi insanlara tale
yazarkən onlara öz
səxavətini bəxş edir, onları
həm gözəllik, həm təmiz qəlb, həm də
şərəfli peşə ilə mükafatlandırır.
Müsahibimə də tale istedadı, səmimiyyəti,
sadəliyi, bir çox
gözəl keyfiyyətləri bəxş edib.
O, bədihə sənətini layiqincə təmsil edir. Gənc olmasına baxmayaraq,
dayanmadan məqsədlərinə doğru gedir. Bədihə
sənətini layiqincə təmsil edir.
Beləliklə müsahibimiz bədihəçi
Elnur Məxfi ilə
apardığımız müsahibəni sizə təqdim edirik.
- Elnur, bədihə aləmində bədihəçilərin
demək olar ki, əksəriyyəti özünə ləqəb
götürür, ləqəbləri
ilə tanınırlar.
Necə oldu ki, sən
də özünə
məhz Məxfi ləqəbini götürdün?
- Təhsil aldığım təhsil müəssisəsində elm sahəsində göstərdiyim şücaətə görə fizika müəllimi məni gizli xəzinə mənasını verən «Gənc məxfi» adlandırmışdı. Mən də ona cavabında bu misranı yazmışdım:
Deməyin məxfi görünmür gözə, o özgəsidir,
Nə görürsüzsə,
görünməz olanın
kölgəsidir.
O vaxtdan özümə bu ləqəbi götürdüm. Bədihə sahəsində də elə bu ləqəblə
tanınıram.
- Elnur, necə oldu ki, məhz bədihəçi olmaq qərarına gəldin?
- Hələ kiçik yaşlarımdan bu sahəyə böyük həvəs göstərmişəm. Əmim Namiq Mənanın sənətindən bəhrələnib bu sənətə gəlmişəm. 2000-ci ildən bədihəçi kimi fəaliyyət göstərirəm. 1 diskim, 3 klipim, xeyli sayda şeirlərim var. Bədihə mərkəzi tərəfindən bir çox uğurlarımız olub. Bu uğurlardan biri də Namiq Məna tərəfindən meyxanaçılarla bağlı kitabın işıq üzü görməsidir.
- Əminiz Namiq Məna ilk çıxışınıza neçə qiymət verirdi? Və görəsən onun fikrincə indi qiymətiniz neçədir?
- Namiq müəllim nəinki məni, heç tələbələrini də heç vaxt üzünə tərifləmir. O, deyir ki, insanı üzünə tərifləmək onu qətlə yetirməyə bərabərdir. Kənar yerlərdən eşitdiyimə görə mənim sənətimi bəyənir, yüksək qiymətləndirir, dəyərləndirir. Ali təhsilli olduğum üçün çalışmışam ki, sənətdə atdığım addımlarda da bir reallıq, alicənablıq olsun. Bilmirəm buna nə dərəcədə nail olmuşam. Əmimin böyük təkidi, böyük iddiasından sonra gəldiyim sənətə çalışmışam ki, yeniliklər, gözəlliklər gətirim. Həmçinin onun tələbələri də, mən də çalışmışıq ki, real, mədəni formada dövlətçiliyimizin ideologiyasına müvafiq formada atdığımız hər addımı nizamlayaq. Bizim hər yazdığımız, hər çıxışımız, xüsusən böyük ölçüdə yazdığımız hər bir əsəri vətənpərvərlik ruhuna söykənir, vətənpərvərlik hissinə köklənir. Mənə elə gəlir ki, biz düz yoldayıq, düz yolla addımlayırıq.
Ulu Şərqin qapısından
Əl eylədim Vətən üçün.
Nəğmə qoşdum, qopuz çaldım,
Söz söylədim vətən üçün.
Zəngəzurum talan oldu.
Qarabağda fəqan oldu,
Ömrüm, günüm viran oldu.
Hey göynədim vətən
üçün.
Didilmişəm didim-didim.
Başım alıb hara gedim.
Qəhər uddum, kədər
yedim,
Dərd çeynədim vətən
üçün.
Vətən mənə qanad
verdi,
Arzu verdi, murad
verdi.
Ən azından həyat verdi,
Mən neynədim
vətən üçün.
- Öz yazdığın şeirdir?
- Bəli. Mənim vətənpərvərlik ruhunda yazdığım şeirlərim çoxdur.
- Ali təhsilli olduğunu söylədin. Necə düşünürsən, bədihəçinin
ali təhsilli
olması vacibdir?
- Ali təhsil nəinki bədihə sənətində,
bütün sahələrdə
öz müsbət təsirini göstərir.
Götürək elə
hüquqda, ticarətdə,
idmanda, iqtisadiyyatda, siyasətdə, bütün
sahələrdə ali təhsilin olması vacibdir, ən əsası da natiqlik sənətində,
bədihə sənətində.
Ümumiyyətlə biz ünsiyyətdə olarkən çalışırıq
ki, hər kəslə öz dili ilə danışaq.
Amma cəmiyyət qarşısında
gərək savadlı
danışasan. Çünki sən bir növ
bu xalqın nümayəndəsisən. Xalqın bir az böyüklük
çıxmasın, şairi
onun elə güzgüsü, nümayəndəsi
deməkdir. Ali təhsil mühümdür.
- Sənin fikrincə bədihə sənətinin
tarixi hansı vaxtlara gedib çıxır?
- Bu sənətin tarixinə varanda kökləri sufizmə təsadüf edir. Aldığım məlumata görə
o vaxt dəvələrin
üstündə gedərkən
dəvənin addımlarından
da ritm tutaraq
bədihə söyləyərdilər.
Bu sənət xüsusilə Bakı kəndlərində inkişaf
tapıb, Bakı kəndlərində təkmilləşib.
Ümumiyyətlə isə bütün
Azərbaycanımızda sevilir.
- Televiziyalarda, radiolarda meyxana ilə bədihənin fərqi çox mübahisələrə
səbəb olur. Bu fikrə münasibətinizi
bildirərdiniz.
- Bu fikrə münasibətim çoxsaylıdır. Amma təkmənalıdır
mənim münasibətim.
Meyxana sözünün lüğəvi
tərkibinə baxsaq,
bədihə sənətinin
də leksikoloji mənasını araşdırsaq
görərik ki, meyxana mey, şərab,
xana məkan bildirən mürəkkəb
sözdür. Amma bədihə
isə hazırcavablıqla
bədahətən deyilən
şeir nümunəsidir.
Düzdür, bunu təsdiq
edirəm ki, bu sənət illərlə meyxana adı altında tanınıb. Bu həmin dövdə tüğyan edən sovet ideologiyasının xalqımızın zəngin
mədəniyyətinə vurduğu
zərbə idi.
Məsələn, Bakıxanov qəsəbəsini
küçədə, bayırda
soruşsaq, hamı onu Stepan Razin
kimi tanıyacaq.
Çox az
adam biləcək ki, həmin qəsəbə Bakıxanovdur.
Çoxu deyəcək ki,
elə Razindir. Amma araşdırsaq görərik
ki, Razin azərbaycanlıları qətlə
yetirən dırnaqarası
rus «qəhrəman»ı
olub. Bədihə sənəti də
xalqın məişət
durumu ilə bağlı olduğundan mövcud siyasi rejimə sərf eləmirdi. Amma lap qədimi adını bərpa eləsək, bu sənət elə bədihə adlanır. Biz kəndlərdə
də olanda yaşlı ağsaqqallardan
məlumatlanırıq. Onlar da deyir ki,
bu sənətin əsl adı bədihədir.
- Mən bir tamaşaçı
kimi sizlər meyxana söyləyərkən
çox narahatçılıq
keçirirəm. Çünki siz meyxananı bədahətən söyləyirsiniz.
Heç elə vaxt olub ki,
bədahətən meyxana
söyləyərkən fikir
dalğınlığınız ola, çaşasınız?
- Çaşmaq ilk addımlarda
olur. Danışmaq qədər bədihə söyləyəndə də
sərbəstlik hiss edirik.
Normal insan danışanda
da sözün yaxşı mənasında
çaşır. Bir də
görürsən dili
topuq vurur, ya bir sözü
başqa cür ifadə edir. Elə insan var ki,
bu onda mütəmadi
olaraq baş verir, eləsi də var ki,
çalışır o qüsurlara
yol verməsin.
- El şənliklərində bu
sənət necə qarşılanır?
- Çox gözəl qarşılanır. Nəinki el şənliklərində,
mərkəzimiz tərəfindən
əsgərlərimiz qarşısında
da konsertlər veririk. Xarici dövlətlərdə milli sərvətimiz olan bədihə sənətini, xalqımızı
təmsil edirik. Ümumiyyətlə bu sənət
hər yerdə yaxşı qarşılanır.
Bir də görürük dilimizi bilməyən əcnəbinin qarşısında
bədihə deyirik, tərcüməçi tərcümə
edir, onunçun da maraqlı olur. Milliyətindən asılı olmayaraq
bədihə sənəti
hər kəsin zövqunu oxşayır.
Bu sənət Azərbaycanımızda
çox gözəl qarşılanır.
- Hazırda yaradıcılığınızda
nə kimi yenilikləriniz var? Gələcək planlarınız barədə oxuculara məlumat verərdiniz.
- Bu yaxınlarda Bədihə Mərkəzinin təşəbbüsü ilə «Bədihəçilər» kitabı çap olunub. Bütün bədihəçilər, o cümlədən Əliağa Vahiddən bəri bir sıra bədihəçilərin sənət nümunələri həmin kitabda öz əksini tapıb. Gənclərə həmin kitabda daha çox yer ayrılıb. «Bədihəçilər» kitabı insanlar tərəfindən gözəl qarşılanıb. Bunu kitabın satış sayı da göstərir ki, həmin kitab bədihəsevərlər tərəfindən çox müsbət qarşılanır. Bu da bizim bir uğurumuzdur. Digər uğurlarımız, efir məkanlarında layihələrimiz çox olur. Bu yaxınlarda yeni layihələr gözlənilir. Ustadımız, fəxrimiz Namiq müəllim Space kanalında yayımlanan «Şişman şou»nun bir çox tanınmış simalarının arasından qalib seçilərək «Ford» markalı avtomobil hədiyyə olaraq qazandı. Bu da bizim sənətimizin nümayəndəsi olaraq bütün bədihəçilərin uğurudur. İnşallah bədihə sənəti ilə bağlı efir məkanında daha bir proyektimiz də gözlənilir. Mən sizə, o cümlədən «Olaylar» qəzetinin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Bildiyimə görə bu yaxınlarda ailə həyatı qurmağa hazırlaşırsınız. Sizə xoşbəxtlik arzulayıram. Ürək sözlərimi sizə bədahətən çatdırmaq istəyərdim.
«OLAYLAR»-ın təkcə budur niyyəti,
Hər olaydan hali edir milləti.
Ona görə də cəlb eləyir diqqəti,
Oxucunun nəzəri
«OLAYLAR»dadır.
Nisə
xanım toplayıb hər məlumatı,
Məlumatlandırır bütün camaatı,
Yaxınlarda quracaq ailə həyatı,
İnşallah toy xəbəri «OLAYLAR»dadır.
Nisə Rafiqqızı
Olaylar.- 2010.- 3 noyabr.- S. 12.