Pinəçilik sənəti
unudulur
Bakıda ayaqqabı təmiri
dükanı tapmaq müşkülə çevrilib
Pinəçilik
Azərbaycanın qədim sənətlərindən biridir. Əksər
halda bu peşənin davamçıları elə pinəçilərin
övladları, qohumları olub. Nəsillərdən-nəsillərə
ötürülən bu peşənin sahiblərinin vaxtilə
Bakının az qala hər küçəsində bir
dükanı var idi. Həmin dövrlərdə Bakının
pinəçiləri adla tanınardılar. Ancaq son illər
paytaxt ərazisində pinəçi tapmaq müşkülə
çevrilib. Təsadüfən yolda ayaqqabısının
dabanı qırılan və ya çəkməsi sökülən
bir kəs bəzən onu təmir etdirmək üçün
az qala bütün şəhəri gəzmək məcburiyyətində
qalır... Onda da ayaqqabı ustasını tapa, ya tapmaya. Biz də
qərara gəldik ki, paytaxt ərazisində ayaqqabı təmiri
dükanı tapıb bu sahədəki durğunluğun səbəbini
ustaların öz dilindən eşidək. Xeyli axtarmalı
olduq...
Çünki
əvvəlcədən bildiyimiz bir necə ərazidə
ayaqqabı köşkləri ya bağlı idi, ya da tamamliə
ərazidən götürülmüşdü. Nəhayət,
uzun axtarışdan sonra Binəqədi ərazisinin sakinləri
məhəllələrin birində ayaqqabı təmirçisinin
olduğunu dedilər. Binəqədi sakinləri əvvəllər
sözügedən ərazidə bir necə pinəçinin
işlədiyini də söylədilər: «Son vaxtlar
hamısı dükanı bağlayıb gedir. Çünki əvvəlki
kimi, ayaqqabısını təmir etdirən yoxdur. Bu vəziyyətdə
pinəçilər bezib işləmirlər».
Çin ayaqqabıları pinəçilərin
sonuna çıxıb
İçəridə
pinəçi dükanına xas olan səliqəsizlik hökm
sürür. Yorğun, zəhmətkeş, əlləri adəti
üzrə bulanmış çəkməçi
üst-üstə qalaqlanmış təzə, köhnə
ayaqqabıları təmir etməklə məşğuldur.
Müştəri olduğumuzu zənn etdiyindən gözlərinə
işıq gəldi. Əsl mətləbi bildikdən sonra
kor-peşman danışa-danışa işinə davam etməyə
başladı: «30 ildir ayaqqabı ustasıyam. Rəhmətlik
atam da pinəçi idi, Bakıda adla tanınardı. Köhnə
univermağın yanında pinəçi dükanı var idi.
Yaxşı usta olduğuna görə bütün şəhər
əhli ayaqqabısını düzəltdirmək
üçün onun yanına gedərdi. Mən də bu sənəti
atamın yanında öyrənmişəm. O vaxtlar
yaxşı qazanc olduğu üçün atam məni həvəslə
öyrədirdi və deyirdi ki, ömürlük sənətdir.
Ancaq indi çəkməçini adam yerinə qoyan yoxdur.
Heç kim uşağının çəkməçi
olmasını istəmir. Heç mən də öz
övladlarımı çəkməçi olmağa
qoymaram. 2 oğlum var. Ticarətlə məşğul olurlar.
Onlar atalarının çəkdiyi bu əziyyətləri
görəndən sonra özləri də çəkməçi
olmaq istəmədi».
Qənbər
usta vaxtilə bir necə şagirdinin olduğunu da
xatırladı: «Sovet dövründə öyrənməyə
gələn gənclər çox olurdu. Ancaq onlar da sonradan bu
sənəti işlətmədilər. Çünki bu
gün şəhərin harasındasa bir dükan
götürməyin astarı üzündən baha başa gəlir.
İcarə pulu, işıq pulu qazancımızdan
çoxdur. Sovet dövründən hökumət bunları
bizə havayı verirdi. Qazanc olmayan yerdə isə maraq da ola
bilməz».
«Müştəriləriniz
olurmu» sualının cavabında usta Çin
ayaqqabılarının pinəçilərin sonuna
çıxdığını dedi: «İndi heç kimə
ayaqqabı düzəltdirmək sərf etmir. Çünki
ayaqqabını düzəltdirməkdənsə insanlar gedib
təzə ayaqqabı alırlar. Məsələn: 1
ayaqqabının dabanını düzəltdirmək 3 - 4
manata başa gəlir. Ancaq satışda bu qiymətə
Çindən gətirilən yüz cür ayaqqabı var.
Kasıblar həmin ayaqqabıları alır, varlılar isə
qırılan ayaqqabını geyinməyi özlərinə
yaraşdırmırlar. Ona görə də pinəçilərə
ehtiyac qalmayıb».
Əsl pinəçinin həmişə
qolu ağrıyar
Qənbər
kişi bu peşənin səbir və zəhmət tələb
etdiyini də deyir: «Pinəçilərin həmişə
qolları ağrıyır. Bu bizim peşə xəstəliyimizdir.
Çünki ayaqqabı düzəltmək qollardan zəhmət,
güc tələb edir. Kənardan baxanlara asan gələ bilər.
Ancaq pinəçi olmaq asan iş deyil. Onu da deyim ki, köhnə
pinəçilər öz işlərinə məsuliyyətlə
yanaşırdılar. İndikilər isə materiala pul verməməkdən
ötrü maşın təkərlərindən də rezin
çıxararaq ayaqqabıya daban vururlar. 10 gündən sonra
isə ayaqqabı yenidən sıradan çıxır.
Ayaqqabıya yenidən həyat vermək üçün onu
keyfiyyətli materialdan düzəltmək lazımdır. Bu
materialların qiyməti isə çox bahadır. Biz
bütün materialları "Basin küçəsində"
yerləşən «optovik»lərdən alırıq. Orada ta qədimdən
ayaqqabı təmiri üçün lazım olan bütün
malların satışı təşkil olunur. Hazırda da
paytaxtda işləyən bütün ustalar malı ordan
götürürlər. Qiymətlər isə bahadır. Məsələn,
Türkiyədən gətirilən ayaqqabı altının
qiyməti 8-10 manatdır. Dabanlar 4-5, digər materiallar isə
3-5 manatadır. Müştəri isə gəlib deyir ki, usta,
ayaqqabımın dabanı qırılıb, bunu 3 manata
düzəlt... Bu isə bizə sərf etmir. Mən həmişə
vicdanla işləmişəm. Məsələn, Çindən
gətirilən altlıqları, dermantin ayaqqabı içlərini
heç vaxt almıram. Çünki bu materiallar insan
sağlamlığı üçün çox təhlükəlidir.
Onu da deyim ki, burda işlədiyin dövrdə bir dəfə
də olsun Çin ayaqqabısı təmir etməmişəm.
Müştərilərə həmin ayaqqabıları
almağı məsləhət görmürəm.
Çünki Çin ayaqqabıları ayaqlarda müxtəlif
xəstəliklərin yaranmasına səbəb olur».
Dərdini
söyləməklə bitməyəcəyini deyən pinəçi
təəssüflə əlindən başqa bir iş gəlmədiyi
və bu peşə ilə bağlı olduğu
üçün ömrünün sonuna kimi pinəçiliklə
məşğul olacağını da bildirdi.
Sintetik ayaqqabılarla
canınıza qənim kəsilməyin!
Yasamal
rayonu ərazisində də ayaqqabı təmiri dükanı
soraqladıq. Evlərin arasında kiçik bir butkada gənc
ayaqqabı ustası görüb onu bu sənətə nəyin
cəlb etdiyini xəbər aldıq: «Ailəni dolandırmaq
üçün işləməliyik. Babamdan qalan bu sənətdən
başqa əlimdən heç nə gəlmir. Ancaq burdan da
qazançımız çıxmır.
Qazandığımın hamısı icarəyə gedir. Mən
ayaqqabı tikməyi də bacarıram. İndi ayaqqabı
tikdirənlərin sayı ayaqqabı düzəltdirənlərdən
çoxdur. Ayağında qüsuru olanlar, kiçik və ya
böyük ölçüsü ayaqqabı geyinənlər,
satışda ağ və ya qırmızı ayaqqabı tapa
bilməyənlərdən sifariş qəbul edirəm.
İşlərimdən narazı qalan olmayıb. Əksinə,
mənə bir dəfə ayaqqabı tikdirənlər bir də
gəlir ki, Çinin ayaqqabılarındansa təbii dəridən
tikilənlər daha yaxşıdır. Bu sənətdə
uzun illər işləyən bir adam kimi demək istəyirəm
ki, ayaqqabı alanda onun keyfiyyətinə fikir versinlər. Elə
adam var qiyməti ucuz olduğuna görə ayaqqabını
alır, 2 gündən sonra dağılıb gedir. Onu da demək
olmaz ki, bahalı ayaqqabıların hamısı keyfiyyətli
olur. Bahalı mal da zay çıxa bilər. Əsas odur ki,
ayaqqabının hazırlandığı materiala fikir verəsən.
Bir də görürsən ki, ucuz ayaqqabıdır,
görünüşü də gözəl. Buna aldanıb onu
alırlar. Ancaq bu gözəl ayaqqabının tərkibində
orqanizm üçün hansı təhlükə mənbələrinin
yatdığından xəbərimiz olmur. Ona görə də
qiymətinə, zahiri görünüşünə
aldanıb sintetik ayaqqabılarla canınıza qənim kəsilməyin».
Eyni ayaqqabını 2 gün
dalbadal geyinmək ziyandır
Pinəçi
öz ayaqqabılarını özünün tikdiyini də
dedi: «Çünki dəqiq bilirəm ki, keyfiyyətsiz
ayaqqabıların xərçəng xəstəliyi yaratma
ehtimalı var. Birdən elə ayaqqabılar gətirirlər
ki, dəridən hazırlanmışa oxşayır. Ancaq
başı çıxan adam baxan kimi görür ki, həmin
ayaqqabı plastik, dəriyə oxşayan sintetik materiallardan
tikilib. Belə ayaqqabılar ağciyərin, qaraciyərin,
böyrəklərin qənimidir. Əgər ayaqqabı hava
buraxmırsa, ayağı tərlədirsə bu zaman göbələk
xəstəliyi də yaranır. Ona görə də
ayaqqabı alanda sintetik materiallardan qaçmaq, təbii dəridən
tikilmişlərə üstünlük vermək
lazımdır».
***
Usta
ayaqqabını 2 gün dalbadal geyinməyin də ziyan
olduğunu söylədi: «Bu həm ayaqqabıya, həm də
ayaqlara ziyandır. Çünki eyni ayaqqabını 2 gün
dalbadal geydikdə ayaq tərləyir, ayaqqabı özü nəmlənərək
keyfiyyətini itirir. Ayaqda meydana gələn tər isə
ayaqqabının tərkibindəki kimyəvi maddələrlə
qarışır və tez bir zamanda onun çürüməsinə
səbəb olur. Ayaqqabını düzgün seçmədikdə
ayaqda ağrılar, yorğunluqlar da baş qaldırır.
Çalışın, ayaqlarınızı sərin
saxlayın, tərləmənin qarşısını alan
ayaqqabılar alın».
Yaqut
Olaylar.- 2010.- 2 noyabr.- S. 6.