"Ən böyük arzum
müğənni olmaq idi"
Validə
Bağırova: «Sevinirəm ki, mənim
görmədiyim səhnələri İzzət görə bildi»
Yazıçı, şair, publisist, jurnalist, ümumiyyətlə yaradıcı şəxsiyyət oxucusunun, xalqının sevgisini o vaxt qazanır ki, onun əsərləri insanların düşüncəsinə, ürəyinə o vaxt yol tapır ki, sözü ilə özü, əməli ilə amalı qırılmaz tellərlə bir-birinə bağlanır. Yazıçı öz əsərləri ilə onu əhatə edənlərin mənəvi dünyasına zənginlik bəxş edir, örnək olur oxuculara, hisslərini, duyğularını sadəcə oxşamır, onlara qanad verir, ümid verir, inam verir. Acıya acı, şirinə şirin demək bacarığına qadir olur. Onların ürəyində bəşəri, əbədi, insani anlamlardan ən ülvisi olan məhəbbət alovu, məşəli yandırır.
Şəxsiyyətinə və insanlığına, yaradıcılığına, istedadına, iti qələminə, işgüzarlığına və söz boxçasına, əməlinə və müdrikliyinə, Azərbaycan qadınına xas olan bütün müsbət xüsusiyyətlərinə hörmət etdiyim Validə Bağırova məhz belə qələmə malik yazıçı-şairələrimizdəndir. Onun bu günlərdə oğlu sevimli müğənnimiz İzzət Bağırovun keçdiyi ömür yolunu əhatə edən, məhz oğluna həsr etdiyi «Azərbaycan oğluyam» adlı kitabı işıq üzü gördü. Təbii ki, bu Azərbaycan mədəniyyəti, incəsənəti üçün böyük uğurdur. Validə xanımı yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edib onunla müsahibəyə başladım.
- Oxucular üçün Validə xanım kimdir?
- Mən, Bağırova Validə İzzət qızı 1952-ci ildə Balaxanı qəsəbəsində
anadan olmuşam. Uşaqlığım və gəncliyim
kənddə keçib.
Ta uşaqlıqdan musiqiyə
və ədəbiyyata,
bədii qiraətə
böyük maraq göstərməklə yanaşı,
güclü həvəsim
olub. 1974-cü ildə ailə həyatı qurmuşam.
Bir oğlum, iki qızım və dörd nəvəm var. Oğlum Bağırov İzzət xalqının
populyar müğənnisidir.
Artıq
20 ilə yaxındır
ki, sənətdədir.
Sevilir, özünə görə
fanatları, pərəstişkarları
var. Həyatda inanın
ki, mənim üçün ən yeganə varlıq - oğlum İzzətdir.
- Validə xanım, bu günlərdə sizin İzzət haqqında yeni kitab yazmısınız. Necə oldu ki, belə
bir ideya irəli sürdünüz?
- Bilirsiniz, loru dildə desək, İzzətin özünə görə lazımi qədər sənətdə stajı var. 20 il az müddət deyil. Bu 20 ildə İzzət çox işlər görüb. Mahnılar işləmək, kliplər çəkmək, dəfələrlə solo konsertlər vermək, video kasetlər, kompakt disklər buraxdırmaq, hətta filmə çəkilmək və sonda da özünün film çəkməyi -bunlar hamısı onun tək özünün zəhmətinin gücünə başa gəlib. Mən də bütün bunları - «dama-dama göl olar» məsələsi kimi, qələmə alaraq özümdə belə bir fikir irəli sürdüm. Daha doğrusu mən bunu özümə vacib bildim. Bilirsiniz niyə?
- Sirr deyilsə, niyə Validə xanım?
Mən 7-8 aydır ki, bu kitabın ərsəyə gəlməyinə çalışırdım. Çalışırdım ona görə ki, bu kitabı İzzətə-ciyərparəmiz, balaca Əli balamızın oktyabr ayında olacaq ad gününə sürpriz-hədiyyə edim. Mənə elə gəlir ki, bu təkcə İzzətə yox, həm də bütün ailəmizə gözlənilməz hədiyyə oldu. Mən kitabda İzzətin anadan olduğu gündən, onun uşaqlıq xatirələrini, təhsil aldığı illəri, sənətdə gördüyü 20 illik işlərini, bu günə qədərki nailiyyətlərini və aldığı yüzlərlə nominasiyalarını yazıb, göstərmişəm.
- İzzət bu sürprizi necə qarşıladı?
- Yuxarıda dediyim kimi, kitabın ərsəyə çıxdığı günə qədər mən ona bu haqda heç nə demədim. Sirr olaraq saxladım. Axı dediyim kimi, bu sürpriz idi. Mən kitabı ona əziz balamız Əli balanın ad günündə təqdim etdim. Düzunü desəm çox, həddindən çox təəccübləndi.
- Nəyə görə kitab məhz «Azərbaycan oğluyam» adlanır?
- İzzət çox vətəninə, elinə bağlı bir oğlandır. Mərhum sənətkarımız Məmmədbağır Bağırzadə vaxtı ilə bu mahnını çox özünəməxsus, gözəl bir tərzdə ifa etmişdi. O cür sənətkardan sonra bu mahnını risk edib, sidq ürəkdən oxuyub xalqa çatdırmağı, özünü Azərbaycan xalqının Nəbisinə, Koroğlusuna, Babəkinə bənzətməsi, bu elə məhz əsil Azərbaycan oğlunun mərdliyi deyilmi? Elə ona görə də mən bu kitabı «Azərbaycan oğluyam» adlandırdım.
- Siz bayaq dediniz ki, musiqiyə bağlı adam olmusunuz. Nə vaxtsa sizin də qəlbinizdən müğənni olmaq keçməyib ki?
- Çox gözəl sualdır. Bilirsiniz, hələ çox gənc yaşlarından mahnı, musiqi hava, su qədər mənə əziz və ən zirvədə duran bir məfhum olub. Mən musiqiyə o qədər vurğun olmuşam ki, həyatımın bir anı belə musiqisiz, mahnısız keçməyib. Düzünü desəm, ən böyük arzum da müğənni olmaq olub. Məktəb ansambllarında çıxışlar da etmişəm. Lakin sonralar o dövrün müğənni qızlarına çox pis baxırdılar. Ələlxüsus da kənd yerlərində. Mən isə ailə həyatı qurmağımla əlaqədar olaraq müğənni olmaq arzuma vida dedim. Arzularım içimdə şimşək tək çaxaraq pərən-pərən olmuş və qəlbimin yağışı yalnız içimə tökülürdü. Həyatın bu cür pis fikirli, bədniyyətli adamlarına, içlərində yaranmış xəbis fikirlərinə odlanıb yanaraq susdum. Susdum ki, bəlkə də nə vaxtsa övladlarımdan biri bu yolu davam edər. İçimdə boğulan arzularımı həyata keçirər. Gözlədim, mahnıları içimdə tək özüm eşidə-eşidə zümzümə edərək, intizarla gözlədim. Bəzən oxuduğum muğam parçaları içimi göynədib, tək anlarımda göz yaşlarına çevrilərək yanağımdan axanda da gözlədim. «Allah Kərimdir, əvvəl-axır arzularımın bir hissəsi də olsa həyata keçər» - deyə səbirsizliklə gözlədim. Bəli, yanılmamışdım. Elə lap balaca yaşlarından mən İzzətimin musiqiyə olan həvəsini, musiqi duyumunu gördükcə sevinirdim. Sevinirdim ki, mən görmədiyim böyük səhnələri İzzət görəcək. İnanın, bütün bunlar illər boyu həsrətqarışıq arzuladığım arzularımın həyata keçən arzuları idi ki, İzzət həmin arzularımı həyata keçirirdi. İllər boyu musiqi eşidəndə qövr edib alışan qəlbimə İzzət su çiləyərək, içimdəki odu-olovu söndürərək oxuyurdu. O, hər bir mahnının mətnini duyaraq, orada bir obraz yaradaraq oxuyurdu.
- Validə xanım, siz hər dəfə İzzət bəyin konsertlərində olursunuzmu?
- Əlbəttə, bu heç başqa cür ola bilərmi? İzzət dəfələrlə solo konsertlərlə xalqının, İzzətsevərlərin qarşısında, böyük səhnələrdə çıxış edib. Günün bu gününə qədər sevilib və hələ də bilirəm ki, özünün tərbiyəsi, görünüşü və səhnə mədəniyyəti ilə seviləcək. Bütün konsertləri «8 Mart Beynəlxalq qadınlar günü»nə və Yeni il qabağı günlərə təsadüf edib. Artıq bütün xalq buna adət etmişdir ki, İzzət ildə iki dəfə solo konsert verəcək. Mən hər dəfə konsertlərində adəti üzrə birinci və ya ikinci sıralarda otururdum. İzzət oxuyurdu, oxuduqca da onun lirik mahnılarının poetik axını qəlbimə yol tapır və bəzən də qəlbimi inlədərək içimə gizli göz yaşları axırdı. Bu məni inlətsə də, mən çox sevinirdim. Sevinirdim ki, bu qədər xalqın qarşısında çıxış edən, onları ovsunlayaraq diqqətlə qulaq asmağa sövq edən mənim İzzətim idi.
- İzzət Bağırovu dinləyəndə nə hisslər keçirirsiniz?
- İzzət oxuduğu hər mahnının mətnini duyur, dərindən dərk edərək həmin mahnılara daxil olaraq oxuduqca da həmin mahnılarında yaşayır. Bununla belə mən də zalda əyləşərək onunla birgə bu hissləri yaşayıram. O hər dəfə tamaşaçıları tərəfindən alşıqlandıqca, mən də özümü çox xoşbəxt sayırdım. İzzətin hər bir uğuru məni yüksəklərə qaldırırdı. Onun oxuduğu hər bir mahnı, inanın ki, mənim ömrümün bir ilidir.
- Bəs İzzəti bir müğənni kimi necə qiymətləndirirsiniz?
- Mən İzzət haqqında kitab yazanda müəllimi ustad xanəndəmiz, pedaqoqumuz Əlibaba Məmmədovla telefon əlaqəsi yaratdım. Onun İzzət haqqında rəyini öyrənmək istədim. Əlibaba müəllim dedi ki, «İzzət əsl incəsənət adamıdır. Çünki incəsənətə, səhnəyə məxsus mədəniyyət, tərbiyə, danışıq tərzi, xarici görünüş - bunlar hamısı onda cəmlənib. İzzət oxuyanda, səhnədə ifa edəndə heç vaxt sənətin incəliklərinə yerli-yersiz əlavələr etmir». İndi ustad sənətkarımızın fikrincə desəm, İzzət əsl səhnə adamıdır. O heç vaxt səhnədə artıq hərəkətlərə yol vermir. Mən deyərdim ki, İzzət öz səhnə mədəniyyəti ilə xüsusi ilə öz sənət yoldaşları arasında bir çoxlarından fərqlənir.
- Validə xanım, bu sizin qələmə aldığınız ilk yazıdır? Ümumiyyətlə, yazmağa nə vaxtdan başlamısınız?
- Xeyr, bu ilk yazım
deyil. Mən çox kiçik
bir xatirə danışmaqla sizi bir qədər uşaqlıq illərimə
aparmaq istərdim.
Orta məktəbdə
oxuyanda sinifdə ədəbiyyat fənnindən
yaxşı oxuyan, əla qiymət alan şagird
olmuşam. Hələ yeddinci sinifdə
oxuyanda bahar fəslinin gəlişi münasibətilə «Qaranquş»
şeirini yazdım.
Ədəbiyyat müəlliməm şeiri iki gün sonra məktəb divar qəzetinə vurdurdu.
Direktorumuz mənə şeirimi
qəzetə göndərməyimi
məsləhət gördü.
O vaxtlar «Azərbaycan pioneri» adlı qəzet çıxırdı.
Pioner baş dəstə rəhbərimiz şeiri pioner qəzetinə göndərdi. İki-üç gün sonra mənə qəzetdən
məktub gəldi.
Məktubda isə şeirimin
qəzetin tələbini
ödəmədiyini yazırdılar.
Mən heç nə demədim. Lakin on gündən sonra
mənim yazdığım
həmin «Qaranquş» adlı şeirim qəzetdə dərc olunmuş və altında isə «Qax rayonu-İmran Məmmədov» yazmışdılar.
Demək
- kimin adamı var-məsələsi idi.
Buna bütün məktəb müəllimləri
də, direktorumuz da məəttəl qalmışdılar. Mən o vaxt
çox ruhdan düşdüm. Lakin sonralar
çoxlu şeirlər
yazdım. Şeirlərim «Min bir mahnı», «Oxu məni» qəzetlərində dəfələrlə
dərc olunurdu. 2005-ci ildə mənim
«Sahildə sənsizəm,
sənsiz» ilk şeirlər
kitabım çıxdı.
Orada yüzdən çox şeirim dərc olundu. Mən yazılarımda iri həcmli - yəni romanlara üstünlük verirəm.
2007-ci ildə «Ömrümün Gülnarı»
hekayəmi yazdım.
2008-ci ildə isə qalın kitabım işıq üzü gördü.
Orada mənim iki - «Taleyin qisməti» və «Alçaq hisslərin qurbanı» romanlarım nəşr olunmuşdu. Hazırda
isə yenə iki: «Məhəbbət olmayanda» və «Bir qəlbə iki sevgi sığarmış»
adlı romanlarımı
kitab halında çap elətdirmək istəyirəm. Nəzərinizə çatdırım ki, İzzət sırf dindar olduğu üçün
2008-ci ildə onun da «Allahın elçiləri» adlı kitabı işıq üzü gördü.
- Bundan sonra da
hansısa roman üzərində
işləmək nəzərdə
tutmusunuzmu? Gələcək planlarınızda daha nələr var?
- İndinin özündə
yenə bir roman üzərində işləyirəm. Bu mənim 5-ci romanım olacaq. Mən bu romanımı
«Sevgi yükü» adlandırmışam. Hələ bu
romanım sona çatmayıb. Bəlkə gələcəkdə
bir şeirlər kitabımı da nəşr elətdirdim.
Çünki hal-hazırda 70-ə yaxın şeirim var. Onu da deyim
ki, şeirlərimin əksəriyyətini oğlum
İzzətə həsr
edirəm. Onun ad
günlərində hər
il bir-iki
şeir yazıram.
- Validə xanım, İzzətə qəzetimiz
vasitəsilə son sözünüz,
son arzunuz...
- Həyat coşub-çağlayan
dənizə bənzəyir.
Qoynuna atıldın, dalğalara
sinə gərməyə,
şahə qalxan dalğalarla mübarizə
aparmağa hazır olmalısan. Sənə qalib
gəlmək istəyən
dalğaların qoynunda
boğulmayasan. Sənət yolu
da belədir. İzzət çox sənətin dalğaları ilə mübarizə apardı, sənət dalğalarına
qalib gəldi, uca zirvələr fəth etdi. Mən İzzətimə möhkəm can sağlığı,
səadət dolu günlər, coşub-çağlayan
məhəbbət arzulayıram.
Arzu edirəm ki. balasını Allah-Taala onun gözündə
dağlar qədər
ucaltsın. O, nəinki
İzzətin, bütün
ailəmizin ciyərparəsidir.
Allah İzzətimə xeyirli günlər qismət eləsin. Amin! Əziz İzzətim, sənət
yolunda isə daha da ucalmağını
istərdim. Ucal mənim balam, oxu! Oxuduqca da
hələ də ucalan zirvələri fəth et. Çünki
o zirvələr səni
gözləyir!
Nisə Rafiqqızı
Olaylar.- 2010.- 2 noyabr.- S. 10.