Köləlik və yaxud insan
alveri
Ta qədimdən mövcud olan bu
proses indidə davam edir
İnanır
və aldanırlar... Onlara ABŞ, Avropa və dünyanın
digər regionlarında da da rast gəlinir. Köləlik.
Hər il yüz minlərlə uşaq
qaçırılır, milyonlarla insan zorla işlədilir,
köləliyə cəlb olunur. İndi kölə
ticarətinin müasir adı «insan ticarəti»dir. Kölə
ticarəti insan ticərətindən fərqlidir. Zor
yoxdur, ancaq aldatma var. Köləlik (qul) bir insanın başqa
birinin malı və ya mülkü
olmasıdır. Lap qədim tarixlərdən bəri
müharibədə əsir düşənlər,
ağır günah işlədənlər, borcunu ödəməyənlər,
dəniz quldurları tərəfindən
qaçırılanlar kölə kimi kölə
bazarlarında satılıb. Kişi
kölələrin uşaqları da qul sayılıb. Mesopotamiyada, qədim Misirdə, Yunanıstanda, Romada
İslamdan öncə İranda, orta Asiyada və Anadoluda
köləlik son dərəcə sosial problem olaraq qəbul
edilib. Köləlik Qərb toplumunun
iqtisadi və sosial sahəsinin ayrılmaz hissəsi olub. Amerikanın kəşfi kölə ticarətini daha
da inkişaf etdirib. 16-cı yüzillikdə Amerikaya
Afrikadan 130 min, 17-ci yüzillikdə 1,3
milyon, 18-ci əsrdə isə 6,5 milyon qul daşınıb.
Eyni vaxtlarda İngiltərənin böyük şəhərlərindən
sayılan Liverpula 1730-cu ildə 15 gəmi, 1753-cü ildə
53, 1760-cı ildə 96, 1792-ci ildə isə 132 gəmiylə
qul gətirilib.
İnsan alverinin qurbanları
bütün dünyada var
BMT-nin xüsusən Qadın və uşaqların cəlb
olunduğu insan alverinin qarşısının
alınması, dayandırılması və cəzalandırılması
üzrə razılaşmasında müəyyən
edilmiş insan alveri təyinatında borc
asılılığı probleminə istismar forması kimi
müraciət edilmir. Bununla belə razılaşmada əvvəlki
BMT müqavilələrində müəyyən edilmiş «məcburi
əmək və ya xidmətlər, köləlik və ya
buna bənzər fəaliyyətlər, əsarət
altında saxlama» kimi anlayışlar qadağan edilir. Məsələn,
BMT-nin 1927-ci il Köləlik üzrə
Konvensiyasında «köləlik» anlayışı «şəxsin
üzərində hər hansı və ya bütün
mülkiyyət hüquqlarının tətbiq olunduğu vəziyyət
və status» kimi müəyyən edilib. Köləliyin,
kölə ticarətinin və köləliyə bənzər
vərdişlərin və fəaliyyətlərin ləğv
edilməsi üzrə əlavə Konvensiyada "borc
asılılğı" aşağıdakı kimi təyin
edilir:
Borc alanın şəxsi və ya onun nəzarətində olan şəxsin xidmətlərini borc əvəzində girov olaraq qoymasından yaranan
status və vəziyyət, hansı ki, əgər həmin xidmətlərin dəyəri borcun ləğv edilməsinə hesablanmır və ya həmin xidmətlərin təbiəti və davamiyyət müddəti müvafiq olaraq məhdudlaşdırılmır
və ya təyin olunmur.
ABŞ Dövlət Departamentinin 2003-cü ildə qəbul
etdiyi İnsan Alverinə Qarşı Mübarizə üzrə
Qanunda borc asılılığı və insan alveri arasında
əlaqə olduğu aydın şəkildə göstərilib. Qanunda əksini
tapmış müddəalar BMT-nin borc
asılılığını təyin edən Əlavə
Konvensiyasında istifadə edilmiş üslub və yanaşma
ilə eynidir.
Qadın
alveri konteksində isə borc asılılığı adətən
insan alveri ilə məşğul olanların qadınlara səyahət
etmək, qeyri qanuni sərhəddən keçməkdə və
daha çox kommersiya məqsədli seks sahəsində iş
tapmaqda köməklik etməsi zamanı yaranır və
sonradan isə göstərdikləri xidmət müqabilində
qadınları "işləyib" borclarını
qaytarmağa məcbur edirlər. Borc
asılılığı vəziyyətinə düşən
qadınlar virtual olaraq məhkumlara çevrilirlər və
insan alveri ilə məşğul olan şəxsə guya olan
borclarını isə əslində heç vaxt qaytara bimirlər.
İnsan alverinə cəlb olunmuş
qadınlara qarşı borc asılılığı eləcə
də səyahət sənədlərini gizlətməklə,
zorakılığa məruz qoymaqla, özlərinə və
ailə üzvlərinə qarşı hədə qorxu gəlmək
kimi vasitələrdən istifadə olunur ki, onlar
düşdükləri vəziyyətdən qurtula bilməsinlər.
Baş qərərgahı
ABŞ-da yerləşən «Human Rights Watch» Qeyri Hökümət
Təşkilatının 2002-ci ilin noyabrında yaydığı Ümidlər puça çıxdı: Münaqişədən
sonrakı Bosniya və
Hersoqovinada məcburi fahişəlik məqsədilə qadın və qızların alveri adlı hesabatında
aşağıdakı məlumatlar daxil edilib:
İşə götürənlər insan alverinə cəlb
etdikləri qadınlara borclarını qaytardıqdan sonra
qazandıqlarının 50 faizini özlərinə saxlaya biləcəklərini
vəd etməsinə baxmayaraq bu çox nadir hallarda baş
verirdi. Bəzən sahibləri qadının borc
asılılığı müddətini qəsdən
uzadırdılar və qazandığının yarısını
ona verməkdən imtina edirdilər. İnsan alverinə
cəlb edilərək Bosniya və Hersoqovinaya gətirilmiş
gənc ukraynalı
qadın A.A-nın
dediklərinə görə, "Biz bura gəldik və
sahibkar bizə dedi ki, bizi satıblar və biz işləyib
borcumuzu qaytarmalıyıq…. Biz oranı tərk
edə bilmədik. O, borcumuzu qaytarandan sonra da əlavə olaraq üç ay
işləməli olduğumuzu dedi… Martın 8-nə
qədər. Ancaq hətta ondan sonra da bizi işləməyə
məcbur etdilər».
Zərərçəkənlərdən
biri: «Bəzi bar sahibləri qadınlara verilən çay
pulunu özlərində saxlamağa icazə verirdilər. Əksər hallarda isə sahibləri cərimələr
tətbiq edir və qadınların əllərində olan qəpik
quruşları da onlardan alırdılar. Cərimələr,
zorla paltar və yemək almağa məcbur edilməklə və
ya olan qalan pullarının oğrular tərəfindən soyulmasından
sonra qadınlar əslində heç bir şey qazana bilmirdilər».
Ukraynadan
isə 1998-ci ildə Bosniya və Hersoqovinaya alver məqsədilə
gətirilmiş D.D. adlı bir qadın «Human Rights Watch» təşkilatına
bunları deyib, «Mən heç nə qazanmadım. Mən «Scharmant» adlı barda işləyirdim, ancaq
barın sahibi hər hansı xırda pozuntulara görə məni
cərimələdi və yığdığım 300 Alman
markasını əlimdən aldı».
La Strada
kimi insan alverinə cəlb edilmiş insanlara xidmət göstərən təşkilatların
nümayəndələri borc asılılğının insan
alverinin baş verdiyi situasiyalarda hərəkətverici
qüvvə rolunu oynadığına xüsusi fikir verməyin
zəruri olduğunu hesab edirlər. Fahişəxanalarda
aparılan reydlər və ya cinayətin
qarşısının alınması üçün
aparılan tədbirlər zamanı hüquq mühafizə
orqanlarının əməkdaşları tez-tez insan alverinin
qurbanları ilə rastlaşırlar. Burada
insan alveri cinayətinin törədildiyi ilk baxışdan
aydın olmasa da, hüquq mühafizə əməkdaşları
aparılan əməliyyat zamanı
qarşılaşdıqları qadınların borc
asılılığına düşə bilmələrindən
və bu asılılığın insan alverinin göstəricisi
olmasından xəbərdar olmalıdırlar.
127 ölkədə insanları
oğurlayaraq köləliyə cəlb edirlər
İstehsal gücünü itirən Afrika əhalisi
15-ci əsrdə yoxsulluqdan, səfalətdən Amerika qitəsinə
qul kimi daşınıb. Avropadan Afrikaya gedən
gəmilər əsasən qul ticarəti ilə məşğul
olub. Hətta İngilis kapitalizmi öz
iqtisadiyyatını qul ticarəti ilə ayaqda saxlayıb.
Kubada, Braziliyada, Yamaykada qullar əsasən üzüm, şəkər
qamışı, qəhvə plantasiyalarında, mədənlərdə
çalışdırılıb. Kölə
ticarəti 1880-ci illərə qədər davam edib. Ancaq sonralar bəzi ölkələr ayağa
qalxıb köləliyi qadağan ediblər. Köləlik 19-cu əsrdə qədağan olunub.
Konkretləşdirsək, Britaniya İmperatorluğunda 1833-cü
ildə, Meksikada 1829-da, Rusiyada 1861-ci ildə, Çində
1910-cu ildə, İranda isə 1928-ci ildə ləğv
olundu. Afrika ölkələrindən
Nigeriyada isə köləlik 2003-cü ilədək davam edib.
Osmanlı imperatorluğunda köləlik
1876-cı ildə qadağan olunsa da, 1900-cü illərin əvvəllərində
Osmanlı İmperatorluğunda hələ də qadın kölələr
alınıb-satılıb. 1865-ci il
avqustun 23-ü kölə ticarətinin qadağan olunduğu
gün sayılır.
Ancaq bütün bunlar buz dağının görünən
hissəsidir.
Köləliyin rəsmən qadağan
olunmasına rəğmən, dünyada təxminən 30
milyon kölə olduğu deyilir. Kanadanın Vankuver
şəhərindəki Saymon Freyzer Universiteti yanında
İnsan Təhlükəsizliyi Mərkəzinin göstəricilərinə
görə, hər il 4 milyona yaxın insan
kölə kimi satılır. Kölə ticarətinin
ən çox yayıldığı bölgələr Qərbi
Afrika və Cənub-Şərqi Asiyadır. Şərqi Avropa və keçmiş Sovet ölkələrində
də uşaq və qadınlar qaçırılıb,
satılırlar. BMT-nin dəyərləndirməsinə
görə, dünyanın 127 ölkəsində insanları
oğurlayaraq köləliyə cəlb edirlər. 11 dövlətdə insan oğurluğu geniş
yayılıb. Bu sırada isə öndə
gedən Rusiya, Ukrayna, Belarus, Moldova və Litva kimi ölkələrdir.
Daha sonra Ermənistan, Gürcüstan və
Qazaxıstan gəlir. İşsizlik
üzündən yollara düşən qadınlar
aldadılaraq dünyanın yoxsul ölkələrindən gətirilib
İngiltərədə satılır. Moldovada
qadınlar aldadılıb qaçırılır. Araşdırmalara görə, son illər Amazonka
vadisində tarlalarda işlədilən 1108 kölə xilas
olunub. Ancaq Braziliyada hələ də 25
min, Yunanıstanın çiyələk tarlarlarında isə
10 minlərlə qul var.
Avropada minlərcə qadın hələ
də kölə olaraq çalışdırılır
Avropa Birliyinin yaydığı hesabata görə,
Avropada minlərcə qadın hələ də kölə
olaraq çalışdırılır. Qadın
kölələr daha çox Fransa, Belçika, İngiltərə,
Avstriya, İspaniya, İtaliya və Türkiyədədir.
Araşdırmalara görə, bu
qadınların ən çox Afrika, Uzaq Şərq, Latın
Amerikasından gətirildiyi müəyyənləşdirilib.
Ən qəribəsi isə odur ki, kölə
kimi çalışdırılanların 20 faizi Avropa vətəndaşıdır.
Amerika yazıçısı Qilbert Kinq "Qadın və
Uşaq: XXI əsrin yeni kölə alveri" kitabında 21-ci
əsrdə köləliyi belə təsvir edir: «Hər 10 dəqiqədə
bir hansısa qadın və ya uşaq əxlaqsızlıqla və
ya məcburi əməklə məşğul olmaq məqsədilə
gizli olaraq ABŞ-a keçirilir». Avropada 120 min gənc
qadın və uşaq insan ticarətində istifadə edilir.
Təkcə Makedoniyada, yaşları 15-lə 30 yaş
arası 3000 qadın ötən il insan
ticarətçilərinin əlinə keçib. 21-ci əsrin kölələri köləlik
dövründən daha ucuzdur. Köləliyin
dəyəri də qəpik-quruş olub. 1850-ci
illərdə Amerikada bir kölənin qiyməti 50 min dollar
olsa da, bu 21-ci əsrdə 100 dollara düşüb. Sayları təxminən 200 milyonu keçdiyi
söylənən miqrant ordusu modern köləliyin bir
formasıdır. Miqrantlar,
qaçırılan uşaqlar 100 dollara
alınıb-satılır. Bu gün qlobal
iqtisadiyyatın önəmli hissəsini kölələr
yerinə yetirir. Tailandda 12-15 yaş
arası qızlar sahiblərinə ilə 800 dollar xeyir gətirirlər.
Hindistanda yaşayan 14 və ondan kiçik yaşda gündə
8 saatdan çox çalışan 15 milyon uşaq var.
Ümumən dünyada 27 milyon kölə üzərində
qazanılan gəlirin miqdarı təxminən 13 milyard
dollardır.
Adımıza ləkə gətirənlər
Türkiyədə də bu cür hallar geniş yayılıb. Təəsüflə
deyək ki, orada həmyerlimiz olan qadınların adları daha çox
hallanır. Məsələn qonşu dövlətdə
yayılın xəbərlərin birində deyilir: «Həyata
keçirilən əməliyyat nəticəsində daha 4 azərbaycanlı
qadın həbs olundu».
Türkiyənin Alaniya şəhərində polis
aldığı məlumata əsasən bir müddət
araşdırma apararaq, yeni bir əməliyyat keçirib. Həmin məlumatda
bildirilib ki, şəhərin ən tanınmış
saunalarından birində fahişəxana qurulub və
müştəriləri oraya aparan bir qrup fəaliyyət
göstərir. Polis aldığı məlumatdan
bir müddət sonra həyata keçirdiyi əməliyyat nəticəsində
11 qadını və daha bir neçə nəfəri həbs
edib. Həmin qadınlardan yalnız ikisi
Türkiyə vətəndaşı olub. Yerdə
qalanlardan 4-ü isə Azərbaycan vətəndaşları
olduqlarını bildiriblər. Həbs
olunanların arasında türkmən və özbəklər
də varmış. Məlumatda deyilir ki,
şəhərdə fəaliyyət göstərən bir
qrup fahişəxana qurmaq üçün dəstə və
sauna yaradırlar. Üzərinə «24 saat xidmətinizdəyik»
sözləri yazılmış saunanın sahibi isə bir
qadın və bir kişi olublar. Onlar əllərinin altında saxladıqları
xarici ölkə vətəndaşı olan qızları
cinsi istismara məruz qoyurmuşlar. Gələn
müştərilərə qız satan bu
adamlar həmin yolla pullar qazanıblar. Məsələdən
xəbər tutan polis isə bunun qarşısını
alaraq, cinayət əməlinə imza atmış şəxsləri
həbs edib.
Bu cür qruplaşmalar ölkəmizin ərazisində də
öz əmələrini həyata keçirirlər. Hər gün
qadın alveri ilə müxtəlif ilginc məlumatlar almaq
mümkündür. Həmin xəbərlər
biri diqqəti daha çox cəlb edir. «Azərbaycanda
qadın alveri ilə məşğul olan şəxslər
yaxalanıb. Daxili İşlər Nazirliyindən verilən
məlumata əsasən, Nazirliyin İnsan Alverinə
Qarşı Mübarizə İdarəsi əməkdaşlarının
həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində
Xırdalan şəhər sakini Aybəniz Abasova gəlir əldə
etmək məqsədi ilə qadınları Türkiyəyə
aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar
tutularaq cinayət məsuliyyətinə cəlb olunub. Həyata keçirilən digər əməliyyat tədbirləri
nəticəsində Goranboy rayon sakini Aysel Rüstəmova da
eyni fakt üzrə saxlanılaraq istintaqa verilib. Hər iki fakt üzrə cinayət işi
başlanılıb, istintaq aparılır».
Yaqut
Azərbaycan Respublikası Kütləvi
İnformasiya Vasitələrinə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap olunur
Olaylar.- 2010.- 5 noyabr.- S. 7.