Qu nəğməsi - Töhfə Əliyeva

 

Onun səsi qan yaddaşının töhfəsiydi

 

Töhfə xanımın səsi qan yaddaşının töhfəsiydi. Atası Mirzə Əliqulu xanəndə idi. Ovsunlu avazı vardı və bu avaza görə adına dərviş Əliqulu deyirdilər. Qardaşı Məmmədəli Sail (Əliyev) də təbdə atasına çəkmişdi, həm oxuyur, həm də gözəl qəzəllər yazırdı. Bir müddət Əhməd Bakıxanovun idarə etdiyi Xalq Çalğı Alətləri Ansamblında, 1946-cı ildən 1968-ci ilə qədər isə Dövlət Milli Dram Teatrında çalışan bu mərhum sənətkarın «Şeyx Sənan»da Kor ərəb, «Vaqif»də Xanəndə, «Fərhad və Şirin»də Ozan rolları indiyaddaşlarda yaşamaqdadır. Ailədəki bu mühit Töhfə xanımın ilkin sənət baxışının formalaşmasında əhəmiyyətli rol oynayır. Qardaşı kimi, o da dövrün görkəmli xanəndələri Xan Şuşinskinin, Seyid Şuşinskinin, Zülfü Adıgözəlovun heyranı idi. Bu sənətkarların radio konsertlərini dinləyə-dinləyə özü də evdə pəsdən oxuyurdu. Gələcək həyat yolunu da bu sevda müəyyənləşdirdi. Məmmədəli Sail bacısını o zaman Filarmoniyanın nəzdində fəaliyyət göstərən Dövlət Estrada Kollektivinə apardı.

Töhfə Əliyeva sənət axtarışına bu kollektivdə başladı. Bir müddət sonra estradada fəaliyyətini davam etdirməklə yanaşı, Azərbaycan Radiosunun Xor Kollektivinə də yazıldı. O zaman xorun rəhbəri bəstəkar Cahangir Cahangirov idi. O, gənc xanəndənin səs imkanlarını yoxladıqdan sonra onu xora solist qəbul etdi. Bu dövr Töhfə Əliyevanın özünüifadə imkanlarının axtarışı baxımından çox əhəmiyyətli olsa da, ən parlaq fəaliyyəti Əhməd Bakıxanovun idarə etdiyi Xalq Çalğı Alətləri Ansamblı ilə bağlıdır. Ümumiyyətlə, onun bir xanəndə kimi yetişib püxtələşməsində bu görkəmli sənətkarın xüsusi rolu olub və musiqiyə də bilavasitə onun təşviqi ilə gəlib. Azərbaycan qadınının musiqi sənətinə yolu əsrin əvvəlində böyük vokal ustası Şövkət Məmmədova tərəfindən açılsa da, 40-cı illərdə hələ də Yavər Kələntərli, Fatma Mehrəliyeva kimi beş-üç sənət ulduzu vardı. Milli incəsənətimizin böyük təəssübkeşlərindən olan Əhməd Bakıxanovun səyi ilə musiqi kəhkəşanında Töhfə Əliyeva adlı daha bir ulduz parladı.

O, hər şeydən əvvəl muğam ustası idi və muğamları Əhməd Bakıxanovdan çox təmiz öyrənmişdi. İfa tərzində klassik muğam məktəbi ənənələrinə böyük sədaqət hiss olunurdu. Yəqin bu səbəbdəndi ki, xanəndənin öz söyləməsinə görə, Xan Şuşinski onun ifasını çox bəyənirdi. Bununla belə, oxuduğu «Mirzə Hüseyn segahı», «Bayatı-Şiraz», «Mahur-hindi», «Heyratı», «Mənsuriyyə» kimi muğam və təsniflərimizdə fərdi üslubu da aydın duyulurdu.

Başqa muğamları da gözəl ifa etməsinə baxmayaraq, Töhfə xanım daha çox «Simayi-Şəms»lə yadda qalmasında, şübhəsiz ki, bir ecaz vardı. Amma o ecazkar ifanın müəllifi iddialardan uzaq, mütəvazi bir insan olduğundan, öz ifasında əlahiddə bitr şey görünmürdü. Müsahibələrindən birində bu barədə ona verilən sual; isə sadəcə beizah etmişdi: «Çünki o biri muğamlarım lentə köçürülməyib». Təbii ki. səbəb yalnız lent yazısının əldə qalması ilə bağlı ola bilməzdi və xanəndənin ilk anda bu muğamla xatırlanmasının daha tutarlı səbəbləri olmalı idi. Və həmin səbəbin nə olduğunu, biz illər sonra, mərhum xanəndə barəsində bu yazının hazırlayarkən Azərbaycanın Xalq artisti, muğam ustası vvə bilicisi Əlibaba Məmmədovdan öyrəndik:

«Töhfənin yumşaq səsi vardı. Biz buna «tutqun səs» deyirik. Yəni ki. dəmiri az olan səs. Həşim Kələntərlinin səsi eləydi. Mənsum İbrahimovun da səsi elədir. Belə səslər «adam dəyən» səslərdir. Muğamda «Simayi-şəms»i Xandan yaxşı oxuyan olmayıb. Töhfədən yaxşı oxuyanlar vardı. Amma Töhfənin boğazı «tutqun» olduğu üçün bu muğam onda çox şirin alınırdı. Yeri gəlmişkən deyim ki, onun qardaşı Məmmədəli Sailin (Əliyevin) boğazı eləydi. Ona görə «korun mahnısı» qədər oxuyan olsa da, Məmmədəli kimi oxuyan olmayıb. Çünki bu sehr onun səsinin özündəydi. Töhfə xanımda da belə bir səs vardı».

Töhfə Əliyeva həm virtuoz ifaçı idi. O, təkcə xalq mahnıları muğamlarımızı deyil, bəstəkar mahnılarını da gözəl ifa edirdi. «Ey pəri», «Yolunu gözləyirəm», «Bahar nəğməsi», «Dağlardan aşdım», «Ləbü-ləb» kimi vokal mahnılar onun ifasında muğamlar qədər şirin səslənirdi. Təsadüfi deyil ki, Ağabacı Rzayeva digər tanınmış bəstəkarlar onunla yaxından əməkdaşlıq edirdilər.

Təəssüf ki, Töhfə xanım bütöv sənət taleyi yaşamadı. Məhsuldar səhnə fəaliyyəti cəmi 8 il, fasilələrlə efirə çıxmasını da bura əlavə etsək, 10-12 il davam etdi. Bu qısa vaxt möhlətində olduqca səmərəli işlədi, həm xorda, həm ansamblda çalışdı.

Xanəndənin ifasında 40-dan çox xalq mahnısı, muğam bəstəkar mahnıları lentə yazıldı. Lakin sonradan həmin mahnıların çoxu itib-batdığından cəmi bir neçə ifası qaldı.

1950-ci ildə Töhfə xanım işemiya xəstəliyinə tutulur, sonra da infarkt keçirir. Həkimlər oxumağı ona müvəqqəti olaraq qadağan edirlər. O, bir neçə ay yataq xəstəsi olsa da, ümidini itirmir, tezliklə dirçəlib səhnəyə qayıdacağı günü gözləyir. Xəstəliyin böhran dövrü keçəndən sonra hərdən-hərdən efirə çıxır. Lakin tam sağalmadığı üçün bu da uzun sürmür böyük eşqlə bağlandığı səhnədən ayrılmağa məcbur olur bu zalım ayrılıq bir qərinəyədək davam edir.

1978-ci ildə Azərbaycan Radiosunun əməkdaşı, «Axşam görüşləri» verilişinin müəllifi Rəfael Hüseynov fonotekada xanəndənin bir neçə lent yazısını tapır. Bu mahnıların iziylə sorağa düşür. Axtarışlar bəhrəsini verir barəsində sirli, müəmmalı söhbətlər dolaşan sənətçi həmin il yenidən efirə qayıdır. Təbii ki, səs həminkiydi, yaş həminki. Uzun illərin sükütunda səsi kökdən düşmüş, səhhət iztirablar üzündən canını ətalət basmış, üstəlik, yaş da öz işini görmüşdü. Amma sənə eşqi həmin eşq idi. bu eşq xanəndənin səsini köklədi, cismini təzələdi. Nəriman Əzimov, Adil Bağırov kimi tanınmış musiqi xadimləri itkin sənətçini başçılıq etdikləri musiqi kollektivinə dəvət etdilər. Nostalji ilə xatırlanan T.Əliyevanın Xalq Çalğı Alətləri Ansamblı Orkestrin müşayiəti ilə oxuduğu şirin avazlı, canayaxın mahnılar o zamanın monoton efirinə yeni bir rəng qatdı. Amma bu şans da çox sürmədi. Azərbaycan mədəniyyətində biganəlik küləkləri əsməyə başladı. Cavanlaşma, müasirləşmə adı altında yaşlı sənət adamları efirdən, ekrandan, səhnədən kənarlaşdırıldı. Mili musiqimizə böyük töhfə vermiş Ə.Əliyeva da yabançı külək əsintisində professional səhnədən həmişəlik getdi.

Lakin səhnədən gediş sənətdən gediş deyildi. Rəsmi səhnəylə vidalaşandan sonra T.Əliyevanı Azərbaycan Yaradıcılıq Fondunun nəzdində fəaliyyət göstərən «Sönməyən ulduzlar» Assosiasiyası öz sıralarına dəvət etdi. Töhfə xanımın səsi yenə könülləri oxşadı, ruhları təzələdi.

Həyatının ixtiyar çağında onun daha bir istedadı üzə çıxdı. «Sönməyən ulduzlar» Teatrının hazırladığı «Vaqif» tamaşasında T.Əliyevaya Vidadinin arvadı Tükəzban rolu həvalə olundu. Yeri gəlmişkən bir məqamı da qeyd edək ki, bu klassik tamaşada ona ilk dəfə Vaqifin arvadı Xuraman rolu tapşırılıb. Lakin şəxsi həyatında iztirablar yaşasa da (hələ cavan yaşlarında olarkən əri onun üstünə günü gətirib), ömrünün sonunadək ərinə, ailəsinə sadiq qalan Töhfə xanım səhnədə olsa belə vəfasız, xəyanətkar bir qadın roluna girməkdən imtina edib. Ona görə də tamaşanın quruluşçu rejissoru Məmmədkamal Kazımovdan Xuramanı Tükəzlə əvəz etməsini xah edib.

1999-cu ildə Dövlət Milli Dram Teatrının səhnəsində göstərilən tamaşada ilk dəfə aktrisa kimi çıxış edən xanəndə ağırtaxtalı elat qadını Tükəzban qarı rolunu məharətlə oynayır. Tamaşa qocaman sənətçilərin oyunu kimi mədəni mühitdə böyük rezonans doğurur, hətta Akademik Teatrın aktyorları tərəfindən tükənməz eşqlə, sənətkarlıqla oynanan bir tamaşa kimi etiraf olunur. Mətbuatda dərc olunan şərh və resenziyalarda rolları ifa edən sənətçilərin, o sıradan, T.Əliyevanın oyunu dönə-dönə gündəmə gətirilərək təhlil və təqdir olunur. Lakin bu iffətli xanım yenə təvazökarlıq nümayiş etdirərək, oynadığı rola bemünasibət bildirir: «elə böyük bir şey eləməmişəm. Bir neçə şeir deyib, bir ağız da oxuyuram deyən Töhfə xanım necə oxumasının fərqində deyildi. Fərqində deyildi ki, oyunçularına görə rəmzi olaraq «Qu quşunun son nəğməsi» adlandırılan həmin tamaşada o, doğrudan da ömrü rüzgarın badına getmiş, təklənmiş yaralı qu nəğməsi oxuyurdu

 

 

Nisə Rafiqqızı 

 

Olaylar.- 2010.- 5 noyabr.- S. 11.