Dağlıq Qarabağın işğalı

 

"Dağlıq Qarabağ respublikası"nın işğal olunmuş ərazilərdən narkotiklərin becərilməsi, istehsalı və tranziti kimi istifadə etməsi haqqında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin məruzə və çıxışlarında ətraflı məlumat verilmişdir. Bu ərazilərdə beynəlxalq və erməni terror təşkilatlarının bazaları olması haqqında da faktlar mövcuddur. Ermənilərə məxsus beynəlxalq şirkətlərin Dağlıq Qarabağın separatçı-terrorçu rejimini maliyyələşdirməsi faktı da aşkar olunmuşdur.

Qarabağın işğalından sonra Ermənistan hər cür şirnikləndirici vasitələrlə həmin torpaqları ermənilərlə məskunlaşdırmaqla yanaşı, daha hiyləgər yollara əl atmağa başladı. Kürd Fəhlə Partiyası (PKK) ilə aparılan danışıqlar nəticəsində İraqdan kürdlərin işğal olunmuş ərazilərə köçürülməsi üçün tədbirlər görülməyə başlandı. 2003-cü ilin aprelində ABŞ və müttəfiq qüvvələrin İraqa qarşı müharibəsi ərəfəsi və dövründə orada yaşayan ermənilərin də Qarabağda yerləşdirilməsi ideyası ortaya atıldı. ABŞ Dövlət Departamenti ciddi etirazını bildirdi. Kürdlərin İraqdakı mövqeyindəki dəyişikliklər onların Qarabağa köçürülməsi barədə erməni-Kürd Fəhlə Partiyası sövdələşməsini pozdu. Bu, əslində, həmin torpaqların qanuni sahibi olan azərbaycanlıların tarixi hüquqlarının bir daha təsdiqi idi.

Qarabağda separatçı-terrorçu erməni işğal rejimi getdikcə bütün dünyada da etiraz doğurmaqdadır. Təsadüfi deyil ki, beynəlxalq aləmdə böyük qüvvə və təsir vasitələrinə malik olan ermənilər, bütün cəhdlərinə baxmayaraq, bu oyuncaq qurumun tanınması sahəsində heç bir irəliləyişə nail ola bilmirdilər. Əksinə, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar öz sənədlərində Azərbaycan ərazisinin işğalı faktını və Ermənistanın işğalçı-təcavüzkar dövlət, oyuncaq "Dağlıq Qarabağ respublikası"nın isə separatçı-terrorçu rejim olmasını təsdiq etmişdir.

 

Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair: Azərbaycan respublikasının mövqeyi

 

Rusiya imperiyasının Şimali Azərbaycan ərazisində erməni dövləti yaratmaq siyasətinin reallaşmasına XIX əsrin əvvəllərində başlanmışdır. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının tarixi də həmin dövrdən başlanır. Bu siyasət Birinci Dünya müharibəsinin gedişində reallaşdırıldı. 1918-ci ildə Qərbi Azərbaycan torpaqlarında, Cənubi Qafqazda ilk dəfə olaraq, erməni dövləti yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Azərbaycanın mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərini 29 may 1918-ci il tarixli xüsusi qərarına əsasən ermənilərin bir siyasi mərkəzi olması xatirinə onlara güzəştə getdi. Bu, Cənubi Qafqazda sülh və əmin-amanlıq yaradılması məqsədi ilə atılmış xoşməramlı addım idi. Lakin buna baxmayaraq, ermənilər Azərbaycana qarşı ərazi iddialarını Azərbaycan Xalq Cümhuriyyəti dövründə və Sovet hakimiyyəti illərində bütün kəskinliyi ilə davam etdirdilər. Moskvadan hərtərəfli dəstək alan ermənilər bütün bu dövr ərzində yenicə yaradılmış Ermənistan dövlətinin ərazisini daim Azərbaycan torpaqları hesabına genişləndirdilər. Qərbi Azərbaycanın yerli və mütləq çoxluq təşkil edən əhalisi olan azərbaycanlıların soyqırımları və zorakı deportasiyalar yolu ilə öz ata-baba yurdlarından "təmizlənməsinə", bununla da, Ermənistanın monoetnik ölkəyə çevrilməsinə nail oldular. Sovet dövrünün (1920-1991-ci illər) son mərhələsində (1988-1991-ci illər) bu iddialar hərbi-siyasi və açıq təcavüzkarlıq xarakteri aldı. Bu dəfə ermənilər Cənubi Qafqazda (yenə də Azərbaycan ərazisində!) ikinci erməni dövləti yaratmaq yolunu tapdılar. Sovet dövləti Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına və Dağlıq Qarabağ Muxtar Vilayəti ermənilərinin separatçı-terrorçuluq fəaliyyətinə birmənalı qiymət vermədi, erməni separatçıları və terrorçularının cinayət əməllərinin qarşısını almaq yolu tutmadı. Əksinə, bu məsələ üzrə ikili standarta əsaslanan, problemin mahiyyətinə və onun ədalətli həllinə zidd olan, onu həll etmək məqsədi güdməyən qərarlar qəbul edildi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin 1988-ci il 24 mart, SSRİ Ali Soveti Rəyasət Heyətinin 20 iyul tarixli və b. qərarları bu qəbildən idi. Məhz bunun nəticəsində problem SSRİ daxilində həll edilə bilmədi, Dağlıq Qarabağ və onun ətrafında cərəyan edən hadisələr, nəticə etibarilə, SSRİ-nin dağılması faktorlarından birinə çevrildi. Beləliklə, sovet dövlətinin yaratmış olduğu həmin ağır problemin həlli müstəqil Azərbaycan dövlətinə miras qaldı. Lakin bu dövrdə SSRİ-nin dağılması ilə dünya siyasətinə yeni geosiyasi durum meydana gəlmişdi. Azərbaycan və Ermənistanın nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edilməsinə başlanmışdı. Hər iki respublika 1992-ci il yanvarın 30-31-də Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı-ATƏT), martın 2-də isə BMT-yə qəbul olundu. Belə bir şəraitdə vaxtilə sovet dövlətinin inhisarında olan Dağlıq Qarabağ probleminin həlli beynəlmiləl xarakter almağa başladı. 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının fövqəladə iclasında (Helsinki ş.) münaqişənin tənzimlənməsi üçün Minsk qrupu yaradıldı.

1992-ci ilin martından ATƏM və BMT problemin həllində birlikdə fəaliyyət göstərirdi. Ermənistan silahlı qüvvələri 1992-ci ilin mayında Şuşa və Laçını işğal etməklə Minsk qrupunun fəaliyyətini mürəkkəbləşdirdi, 1993-cü ilin martında Kəlbəcərin işğalı ilə də eyni vəziyyət yarandı. Belə bir şəraitdə BMT-nin 822 saylı (1993-cü il 30 aprel) qətnaməsi qəbul edildi. Minsk qrupu həmin qətnamənin həyata keçirilməsi üçün tədbirlər görə bilmədi. Nəticədə Ağdam da işğal olundu. ATƏM-in rolu daha da azaldı, əksinə, BMT bir-birinin ardınca daha üç qətnamə (853, 874, 884) qəbul etdi. ATƏM-in bu vəziyyəti Budapeşt sammitinə qədər (1994-cü ilin sonları) davam etdi.

Qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar beynəlxalq praktikaya uyğun olaraq qapalı şəkildə aparılmış, mətbuat qısa informasiyalarla kifayətlənmişdir. Yalnız Azərbaycan Respublikası Milli Məclisin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması prosesinə aid məsələnin müzakirəsinə həsr edilmiş 2001-ci il 23 fevral tarixli iclasında bəzi ciddi açıqlamalar müəyyən aydınlıq yaratmışdır.

Heydər Əliyev Azərbaycan Parlamentinin həmin iclasındakı çıxışında demişdir: "1992-ci ildə ATƏT-in Minsk qrupu yaranıbdır və Birləşmiş Millətlər Təşkilatı bu məsələni ATƏT-in himayəsinə veribdir. ATƏT də Minsk Qrupu və Mİnsk konfransı yaradıbdır. Minsk Qrupuna 12 dövlət daxildir. Nəhayət, 1994-cü ildə ATƏT-in Budapeşt sammitində biz vəziyyəti dəyişdirdik. Yəni bir az qanuna saldıq. 1994-cü ilin dekabrında Budapeştdə biz, birincisi, Minsk Qrupunun sədrlik məsələsini müəyyənləşdirdik, ikincisi də, orda ilk dəfə qərar qəbul olundu ki, ATƏT-in sülhməramlı qüvvələri yaransın və saziş əldə olunarsa, buraya, bizim bölgəyə hansısa bir ölkənin yox, ATƏT-in sülhməramlı qüvvələri daxil olsun. Biz nəzərdə tuturduq ki, sülhməramlı qüvvələr bu bölgədə marağı olmayan ayrı-ayrı ölkələrin nümayəndələrindən ibarət olacaqdır. Bu da çox əhəmiyyətli bir qərar idi. Biz buna nail ola bildik".

1996-cı ilin dekabrında keçirilən Lissabon sammitində də Heydər Əliyevin diplomatik qətiyyəti ilə mühüm irəliləyiş əldə olundu. Milli Məclisin 2001-ci il fevral tarixli iclasında qeyd olunduğu kimi, Lissabon zirvə görüşü zamanı Azərbaycanın mövqeyi, Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən tanınmış və müdafiə olunmuşdur. Lissabon sammitindən sonra ATƏT-in Minsk qrupunun yeni formatda yaradılması, müvəqqəti də olsa, onun fəaliyyətinə bir canlanma gətirdi.

Bu öz əksini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təkliflər irəli sürülməsində göstərmişdir. "Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair hərtərəfli saziş" adlanan birinci sənəd 1997-ci il iyun ayının 11-də tərəflərə təqdim olunmuşdur. "Həmin sənəd daha çox paket həll kimi tanınır və bir paketdə birləşdirilən iki anlaşmadan ibarətdir. Anlaşmalardan birincisi silahlı münaqişənin dayandırılmasına, ikincisi isə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə həsr olunmuşdur". Bu sənədə Ermənistan tərəfi etiraz etdiyindən, 1997-ci il sentyabrın 19-da "Dağlıq Qarabağ silahlı münaqişəsinin dayandırılması haqqında" adlanan ikinci bir sənəd təklif olunmuşdu. Bu sənəd münaqişənin mərhələli həllini nəzərdə tuturdu. "Mərhələli həll planı digər iki təkliflə müqayisədə Azərbaycan tərəfindən daha məqbul hesab olunmuşdu". Erməni tərəfinin etirazını əsas tutan Minsk qrupu həmsədrləri dekabrın 2-də mərhələli həll planında dəyişiklik etmiş, Dağlıq Qarabağı münaqişə tərəfi kimi tanıtmağa cəhd göstərmişdir. Bununla əlaqədar olaraq, "Azərbaycan həmin versiyanı qəbul etmədiyini, yalnız 19 sentyabr tarixli layihə əsasında danışıqlara başlamağın mümkün olduğunu bildirdi".

1998-ci ilin noyabrında münaqişənin həllinə dair üçüncü bir təklif irəli sürülmüşdür. Bu təklif "Ümumi dövlət" adı ilə tanınır. Həmin təklif mahiyyətcə Dağlıq Qarabağı müstəqil dövlətə çevirmək məqsədi güddüyünə və buna görə də Azərbaycanın mənafeyinə zidd olduğuna görə qəbul etməmişdir. Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 1999-cu ilin aprelindən hər iki respublika prezidentlərinin birbaşa dialoqları təşkil olunmağa başlamışdır. Heydər Əliyev Minsk qrupunu təkliflərinə və birbaşa dialoqlara dair məsələyə yekun vuraraq demişdir: "Aparılan bütün bu danışıqlardan, Minsk qrupunun verdiyi təkliflərdən mənə bir şey aydındır ki, bunlar Dağlıq Qarabağa müstəqilliyə yaxın bir status verməklə məsələni həll etmək, yaxud da tamam müstəqillik vermək istəyirlər. Minsk qrupunun bütün təkliflərindən bu görünür, başqa bir şey yox. Biz də buna razı olmamışıq və razı ola bilmərik". Azərbaycan Prezidentinin mövqeyinə gəldikdə, o, aşağıdakı kimi ifadə olunmuşdur: "Azərbaycan Prezidenti indiyə kimi keçirilən bütün danışıqlarda konstruktiv mövqe tutaraq problemin digər yollarla deyil, ancaq sülh yolu ilə həll olunmasına tərəfdar çıxmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində qarşılıqlı güzəştlərlə Dağlıq Qarabağ ermənilərinə dünyada mövcud olan və təcrübədən keçmiş ən yüksək status verilməsinə razı olduğunu bildirib".

Qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ probleminin həlli Azərbaycanın elmi, ictimai-siyasi fikrində də geniş yer tutur.

 

 

Yaqub Mahmudov,

 

Kərim Şükürov

 

"Qarabağ real tarix-faktlar-sənədlər" kitabından

 

Olaylar.- 2010.- 5 noyabr.- S. 15.