Vətən üçün doğulmuşdular, Vətən üçün öldülər…

 

Məzarınız mübarək, şəhidlərimiz!

 

Vətən torpağı daha iki igid oğlunu qoynuna aldı. Azərbaycanın ərazi bütövluyü uğrunda şəhid olan Milli qəhrəman Mübariz İbrahimov və şəhid leytenant Fərid Əhmədovun ruhu Vətən göylərində dinclik tapdı, uğrunda şəhid olduqları torpaq son məskənləri oldu. Onlar şəhidlik zirvəsinə ucalmaq üçün Vətən sevgisi ilə yol başlamışdılar. Bu yolun başlanğıcı da, sonu da sevgidən yoğrulmuşdu - Vətən sevgisindən. Bu sevgi idi onların yolunu işıqlandıran, 50 milyonluq azərbaycanlının qəhrəmanına çevirən. Vətən onu canlarından artıq sevən igidlərinə qucaq açdı… gözlərinin gördükləri, ayaqlarının apardığı yerə qədər «Vətən» deyib getmişdilər. Arxalarına belə baxmadan. Qarşılarındakı Vətənin darda olduğunu bilərəkdən çoxları kimi yaşamağı özlərinə rəva bilmədilər. Vətən üçün doğulmuşdular, Vətən üçün yaşayırdılar, Vətən üçün şəhid oldular. Vətən onlar üçün gözlərinin gördüyü yerdi. Vətən onlar üçün kömək gözləyən kiçik bir körpəydi. Vətən onlar üçün ruhlarını oxşayan ana laylası idi. Vətən onlar üçün ata öyüdü idi. Doğulduqları gündən bəri qulaqlarının eşitdiyi səslərdə, gözlərinin gördüyü yerlərdə yaşayırdı Vətən. Həm əl uzadıb tutacaq qədər yaxında, həm də yetişmək üçün şəhidlik zirvəsi qədər uzaq bir yolun sonunda idi Vətən. Ucalıq üçün doğulmuşdular, ucalardan uca Vətəni adına layiq ucalıqdan seyr etmək üçün gəlmişdilər dünyaya. Yaşamaq üçün Vətən sevgisindən güc alırdılar, ölmək üçün də Vətən sevgisinə sığındılar. Tanrı sevdası ilə Vətən sevdasını birləşdirib şərəfli bir qəhrəman həyatı yaşamağı bacardılar. Ölümləri də Vətənə və özlərinə yaraşacaq tərzdə oldu. Sarılmaq üçün bir bayraqları vardı, son məzara yola salınmaq üçün oxunacaq bir himnləri. Bayraq təkcə bir dövlətin rəmzi deyil, bayraq həm də bir millətin şərəfi, qürurudur. Zaman-zaman bu qürur uğrunda bu şərəfi yüksək tutan oğullar ölümün ağuşunu dünyanın bütün nemətlərindən üstün tutublar. Sarılmaq üçün bir bayrağı olan Vətən övladları bu bayrağı yüksəklərə qaldıran Vətən sevdasını yaşadıblar ürəklərində. Bu sevdadan yola çıxıb, bu sevdanın sonunda bütün milləti, bütün dövləti gözləyən qürurun sevincini yaşayıblar. Bayraq tutan əlləri titrəmədiyi kimi, bayrağı sevən qəlblərinə də kölgə düşməyib. Ən əziz varlıqları kimi qoruyub and içiblər ay-ulduzlu bayrağımıza. Bu bayraq bizə Azərbaycan adını ilk dəfə müstəqil dövlət kimi tarixə yazmaq şərəfinə nail olan babalarımızdan yadigardır. Bu bayraq bizə onu «öz qanları ilə göyə çəkən» şəhidlərin yadigarıdır. Böyüklərimiz başımızın üstündəki üçrəngli bayrağımızdan güc alır, uşaqlarımız bu bayrağın qüruru ilə böyüyür, gənclərimiz bayrağa and içib Vətənin müdafiəsinə qalxacaqları günü gözləyir. Bayraq millətin və dövlətin bütünlüyü, heç bir qüvvənin pozmaq qüdrətində olmadığı bütövlüyüdür. Dalğalandığı hər məkanda bir Azərbaycan, Azərbaycanı ürəklərində yaşadan azərbaycanlılar var. Onlar bir daha Vətən səmasına çəkdilər ay-ulduzlu bayrağımızı. Dünyaya gələndə bəlkə təkcə ailələri sevinmişdi, baxışları anaların, ataların baxışları ilə isinmişdi. Dünyanı tərk edəndə arxalarınca milyonlar göz yaşı tökdü. Minlərin, milyonların dodaqlarından səslənən sonuncu dualarla uğurlandılar son mənzilə. Dünya boyda bir sevda selinə qapıldılar, başladıqları yolun sonunda onları gözləyən şəhidlik zirvəsinin ucalığını bəlkə də gözlərini dunyaya ilk yumanda hiss etmişdilər, bəlkə də dünyaya yenicə göz açanda. Uğrunda öldükləri torpağın Vətən olduğunu dünyaya bir daha göstərəndə hiss etdilər, hiss etdirdilər Vətən sevdasını da, Azərbaycanın bu torpağın hər qarışı üçün şəhid ola biləcək saysız-hesabsız Vətən oğullarına məskən olduğunu da. Bu şərəfi dünyada neçələri yaşaya bilər ki? Onlar bacardılar, Vətənə layiq olmağı, ürəklərdə Vətən sevdası adlı bir tonqal qalamağı, bu tonqalın ətrafına minləri, milyonları toplamağı. Vətən üçün doğulub Vətən üçün yaşayan, Vətən üçün can verən şəhid qardaşlarına qovuşdular. Vətənin də azadlığa qovuşacağı günü daha bir addım yaxınlaşdırdılar.

O günü Mübariz də, Fərid də bütün şəhidlərimizlə birlikdə dünyanın 50 milyonluq azərbaycanlısı ilə birlikdə bayram edəcək. Buna onların hər kəsdən çox haqqı var.

 

 

Elnarə

 

Olaylar.- 2010.- 9-10 noyabr.- S. 10.