Uşaqlar insan alverinin qurbanına çevrilir

 

uşaq orqanları satışa çıxarılır

 

  Bütün dünyada insan alveri qurbanlarının 75 faizi qadın uşaqlardır. Kişilərin isə daha çox əməyi istismar olunur. Uşaqların əməyi istismar olunmaqla yanaşı, onların orqanları transplantasiya olunur. Bir sıra ölkələrdə qeyri-qanuni miqrantlar da insan alverinin qurbanlarına çevrilir. Belələri ölkəyə qanunsuz yollarla gətirilir, məcburi əməyə cəlb edilirlər. Gün ərzində sərf etdikləri əməyin müqabilində cüzi məvacib alırlar. Nəticə olaraq, əməkləri düzgün qiymətləndirilmir. Əməklərinin qarşılığında az məvacib aldıqlarını bilirlər, lakin yerli dili, adət-ənənəni, qanunvericiliyi bilmədiklərindən susmağa məcbur olurlar. Statistik göstəriclərə əsasən, qanunsuz əmək fəaliyyətilə məşğul olanlar kriminal qrupların təsiri altına tez düşürlər. Qanunvericiliyi bilmədiklərindən hüquq-mühafizə orqanları tərəfindən aşkarlandıqları halda ya həbs ediləcəklərinə, ya da deportasiya olunacaqlarına inanırlar. Almaniyada əvvəllər qanunsuz miqrantlar aşkarlananda hökumətin hesabına vətəninə yola salınırdı. İndi həmin şəxslər öz hesablarına geri qaytarılırlar. Əgər həmin şəxsdə pul yoxdursa, müvəqqəti saxlama məntəqələrinə gətirilirlər. Burada işlə təmin edilirlər. İşləyib xərcini toplayandan sonra geri yola salınırlar. Qanunvericilikdə nəzərdə tutulub ki, qanunsuz miqrasiya fəaliyyəti zamanı əməyi istismar edilibsə, kriminal qruplaşmadan təzminat tələb edə bilər. Çıxış yolunun hüquq-mühafizə orqanlarına, məhkəmələrə müraciət etmək olduğunu bilsələr də, miqrantlar çalışırlar ki, bütün problemlər danışıqlarla həll olunsun. İnsan alveri ilə məşğul olan vicdansızlar hər il 5-9 milyard ABŞ dolları qazanırlar. Qurbanların 80%-i qadınlardır və bunların arasında 12-18 yaşlı qız uşaqları da olur. Belə halda insan alveri qurbanlarına kompensasiya verilməsi heç nəyi dəyişmir. Baxmayaraq ki, artıq Azərbaycanda insan alveri qurbanlarına yardım fondu yaradılıb. Hazırda bu fondun maliyyələşməsi dövlət tərəfindən həyata keçirilir. Son illər görülən işlər nəticəsində insan alveri faktlarının aşkarlanmasında xeyli irəliləyiş var. İnsan alveri qurbanlarının ölkədən çıxarılmasına sərhəd və ya gömrük işcilərinin cəlb edilməsi barədə məlumatlar həqiqətə uyğun deyil. Çünki qurbanlar Azərbaycan hüdudlarını tərk edərkən özləri xaricə işləməyə və ya nikah bağlamağa getdiklərini düşünürlər. Onlar yalnız təyinat məntəqəsinə çatanda insan alverinin qurbanı olduqlarını anlayırlar. Qurbanların 99 faizi isə yaşı 18-40 arası olan qadınlar olur. Onlar əsasən Azərbaycandan Türkiyə, Dubay, PakistanHindistana aparılırlar. Onların Amerikaya aparılması ilə bağlı isə bir fakt qeydə alınıb. Azərbaycana Orta Asiya respublikalarından Rusiya, UkraynaMoldovadan qadınların gətirilməsi faktları da az deyil. Azərbaycanda insan alveri faktları, xüsusilə də cinsi istismar ən çox gecə barlarında qeydə alınır. Bir vaxtlar geniş vüsət almış uşaq alverinə gəlincə isə nazir müavini bildirib ki, 2006-2007-ci illərdə belə faktlara rast gəlinməyib. İnsan alveri ilə bağlı Azərbaycanda vəziyyət xeyli yaxşılaşıb. ABŞ-ın insan alverinə dair illik hesabatında Azərbaycan artıq 3-cü dərəcəli ölkələrin siyahısından 2-ci dərəcəli ölkələrin siyahısına keçirilib. Mənbələrdən göründüyü kimi, insan alveri hədsiz dərəcədə genis xarakterli bir cinayətdir. Bu cinayətin qarşısının alınması üçün geniş xarakterli tədbirlər görülür. Gələcəkdə bu cinayətlə mübarizənin daha da güclənəcəyi şübhə yaratmır.

 

  ***

 

Hazırda ölkədə insan alveri müxtəlif formalarda, o cümlədən fahişəliyin geniş yayılması, uşaqlar və qadınlardan cinsi sui-istifadələrdə özünü büruzə verir. Bu haqda Azərbaycan Respublikasında rəsmi bir statistika təqdim olunmasa da, bu qəbuledilməz alverə bəzi məmurların qurşanmasının ifşa edilməsi, xüsusilə QİÇS xəstəliyinə yoluxmuş azəri qadınların Türkiyə və Ərəb Əmirliklərində yaxalanıb Azərbaycana deportasiya olunması, biabırçı insan alverinin ölkənin mədəni və ictimai atmosferinə kölgə salmasını göstərir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə edilmiş 144.1;144.2 və 316.1-ci maddələrə görə insan alverilə məhkum olunan şəxs istismarı 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Belə düşünmək olardı ki, konkret məsuliyyət nəzərdə tutan qanun qəbul edilibsə, insan ticarətçiləri bir az ehtiyatlı davranmağa başlayacaq, ticarətin qurbanları isə, nəhayət ki, hüquqlarının tapdandığını sübut edə biləcək və yenidən cəmiyyətin bərabərhüquqlu bir üzvünə çevriləcəklər. Ancaq bütün görülən tədbirlərə baxmayaraq insan alverinin kökünü kəsmək mümkün olmayıb.

Türkiyə hüquq-mühafizə orqanları tərəfindən fahişəliklə məşğul olan onlarla azərbaycanlı qadının Azərbaycana deportasiya edilməsilə bağlı məlumatlar verilir. Məlumatlarda insan alverinin qurbanları ilə bağlı statistikanın şişirdilməsi birmənalı qarşılanmayıb. Azərbaycan qadınını fahişə kimi dünyaya tanıtdırmaq ölkənin düşmənləri tərəfindən də edilə bilər. Türkiyədə insan alverilə mübarizəyə klassik yanaşma mövcuddur. Klassik yanaşma insan alverinin qurbanı ilə fahişəliyin arasında fərq qoyulmamasıdır. Azərbaycanda bu tendensiya 1990-cı ilin ortalarında müşahidə edilirdi. Çox zaman insan alverinin qurbanı fahişə kimi qəbul edilirdi. Qadınların seksual istismara məruz qalmaları, öz gəlirlərinə nəzarət edə bilməmələri, ətrafdan təcrid olunmaları, döyülmələri onların insan alverinin qurbanları olmasına zəmin yaradır. Keçmiş sovet respublikaları arasında Azərbaycandan olan insan alverinin qurbanları üçlüyə daxil edilib. Birinci yerdə Ukraynadır. Türkiyədəki insan alverinin qurbanlarının təqdim edilən rəqəmdən çox olduğunu güman edilir. Türkiyədə mübarizə tədbirləri fərqli olduğundan say da az göstərilib. ABŞ-ın tədqiqat mərkəzləri Türkiyənin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edirlər. İstanbulda qlobal təhlükəsizliklə bağlı tədbir keçirilmişdir. Tədbirdə insan alverinin elmi-nəzəri tərəflərinə dair çıxışlar oldu. Türkiyəli mütəxəssislər bu sahədə elmi-nəzəri məsələlərə indi diqqət yetirirlər.

  Beynəlxalq təşkilatlar problemin həlli istiqamətində əsas addımlardan biri kimi insan ticarəti qurbanları üçün sığınacaqların açılmasını hesab edirproblemin həllində hökumətlə qeyri-hökumət təşkilatlarının əməkdaşlığını önəmli sayır. Demək olar ki, artıq Azərbaycanda belə sığınacaqlar fəaliyyət göstərir, orada insan alveri qurbanlarına həkim və psixoloq yardımı göstərilir. "Qurbanlar" sığınacaqda 15 gündən 3 ayadək qala bilirlər. Əslində "qurban"ın sığınacaqda qalma müddətinin azya çoxluğu onun sağlamlığı, psixoloji durumundan asılı olan məsələdir. Sığınacaq polis tərəfindən xüsusi mühafizə olunur. ATƏT-in tövsiyəsini nəzərə alan Azərbaycan hökuməti qeyri-hökumət təşkilatlarını da bu işə cəlb etmək istəyindədir. QHT-lər də sığınacağa sığınanlarla işləmək şansı əldə ediblər. QHT-lər sığınacaqlardakı insan ticarəti qurbanları ilə təmas yaratmaqda, onlara psixoloji yardımların göstərilməsində iştirak etməkdə öz xidmətlərini təklif edirlər. İnsan ticarətçilərinin torundan xilas olan şəxs dövlətin təşkil etdiyi sığınacaqda özünü tam təhlükəsiz hiss etməli, məhz sığınacaqda onun cəmiyyətə yenidən adaptasiya olunması prosesi aparılmalıdır. Hazırkı ictimai-sosial durumda heç kəs insan ticarəti qurbanına çevrilməkdən sığortalanmayıb. İnsan ticarəti qurbanlarına çevrilənlər əksər hallarda maddi sıxıntı içində olan qadınlardır. Bu vəziyyət onları daim psixoloji gərginlikdə saxlayır. Ona görə də hardasa yeri olması xəbərini eşidəndə məsələnin mahiyyətinə varmadan getməyə razılaşırlar. Aldadılaraq ölkədən çıxarılır, zorla fahişəliyə məcbur edilirlər. Bu qadınların ölkəyə qayıtması isə problemə çevrilir. Onlar qayıtdıqları təqdirdə cinayət məsuliyyətinə cəlb edilib-edilməyəcəklərini bilmirlər və ehtiyat edirlər. Belə halda qadınlar çalışır ki, vətənə xarici ölkədə qalma müddətləri guya bitdikləri qisimdə qayıtsınlar. Bu isə çox zaman mümkün olmur. Beləliklə qadınların uzun müddət xarici ölkədə istismara məruz qalmaları davam edir. İnsanların insan ticarətçilərinin qarmağına keçməsinin müəyyən dərəcədə qarşısının alınması üçün ən əvvəl ölkə daxilində işlər görülməlidir. İnsan ticarəti artıq müasir dünyanın qlobal problemləri dairəsinə daxil olub. Belə bir şəraitdə böyük işlərin reallaşdırılması üçün əvvəlcə kiçiklərdən başlamaq lazımdır. Əhalinin maariflənməsində və məlumatlanmasında müəyyən dərəcədə telekanallar rol oynaya bilər. Hazırda ölkə əhalisinin böyük qisminin daha çox telekanalları izlədiyini nəzərə alıb insan ticarəti ilə bağlı xüsusi reklam çarxlarının efirdə nümayişini təşkil etmək, problemə həsr olunmuş verilişlər, telelayihələr hazırlamaq elə böyük zəhmət tələb etmir.

  Bu sahə ilə məşğul olanların əksəriyyətininin insan alverinin qurbanı olmasını sosial-iqtisadi səbəblərlə əlaqələndirir. Ancaq qadınların bu yola düşmələrinin səbəbi müxtəlifdir. Qadınların əksəriyyəti insan alverinin qurbanı olduğunu anlamır. Onlarla dəfələrlə söhbət aparılandan, maarifləndirici məlumatlar veriləndən sonra bunu dərk edir. Dünya qarşısında azərbaycanlı qadınını daim əxlaq çərçivəsindən kənarda göstərmək istəyirlər. İnsan alverinin qurbanlarının sayının çoxluğu ilə ölkənin sosial-iqtisadi cəhətdən zəif olmasını aşılamaq istəyirlər. Bu səbəblər içərisində peşəkarlığın aşağı səviyyədə olması da var. Fahişəliklə məşğul olanı insan alverinin qurbanı ilə eyniləşdirmək qeyri-peşəkarlıqdır. Hər deportasiya olunan qadını insan alverinin qurbanı kimi təqdim etmək olmaz. Həbs olunanlar arasında yalnız cinayətkar qrupların xırda üzvləri yox, həm də qadınların insan alverinin subyektinə çevrilməsində birbaşa rəhbərlik edən şəxslər də var. DİN İnsan Alverinə qarşı Mübarizə İdarəsi tərəfindən 2008-ci avqustuna qədər ölkədə 26 cinayətkar qrupu ifşa edilib.

 

 

 Nurlan

 

Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 

Olaylar.- 2010.- 9-10 noyabr.- S. 13.