Öz Pikassomuz - Mikayıl
Abdullayev
Rəssam «İstiqlal»
ordenini eks-prezident Heydər
Əliyevdən şəxsən özü
almışdı
Rəssamların ağrı və əzabları, sevinci və ilıq təbəssümü daha şirin olur. Dünyanın nəhəngləri - Salvador Dali, Pablo Pikasso qürbət ellərdə fırça və boyalarla, kətan və iç dünyaları ilə Vətən, bəşəriyyət anlamını insanlığa doğmalaşdırdılar. Günlərin birində general Franko həsəd və paxıllıqdan yaxa qurtarmaq üçün Pikassoya məktub göndərdi: «Əzizim Pikasso, Madridə qayıt və mənim portretimi işlə». Bu zaman Pikasso artıq dünyanın övladı idi. Bircə cümlə ilə cavab göndərdi o cəllada: «Kəllənizi göndərin, məmnuniyyətlə işləyərəm». Hiddətlənən general onu ömürlük İspan vətəndaşlığından məhrum etdi. İndi dünyada nə həmin general var, nə də Pikasso. Yox…yox. Pikasso Parisin küçələrində uşaqların arenasındadır. Muzeylərdə insanlarla söhbət edir. Sevincək, ilıq təbəssümlə.
O da bütün dünyanı gəzmiş, bəzəmişdi. Fırçanın və boyanın dili ilə dünyanın dərdlərini və dəhşətlərini sənətdə yaşadıb. Əsərləri bizi dünənimizə, bu günümüzə və sabahkı ömür yolumuza iti nəzər yetirməyə səsləyib.
SSRİ-nin xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü, beynəlxalq Cəvahirləl Hehru mükafatı laureatı, respublikanın xalq rəssamı, professor Mikayıl Abdullayev bizim Pikassomuz idi.
O, Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin II kursunda oxuyanda təhsilini başa vurub Moskvadan təzəcə qayıtmışdı. Sergey Gerasimov kimi dünya səviyyəli rəssamın əlindən su içən Mikayıl Abdullayev bildiklərini tələbələrindən əsirgəmirdi. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvü, daha sonra katibi idi.
Mikayıl Abdullayevin əsərlərində təbiət müxtəlif şəkillərdə qarşımıza çıxır. O, təbiət aləmindən, kosmik ünsürlərindən həm təsvirlərdə, həm də rəmzi mənada faydalanırdı. Təbiətdən çox istifadə edirdi. Emalatxanada işləməkdən daha çox təbiətin qoynunu sevirdi. Masallıda uzun müddət ezamiyyətdə olan Mikayıl müəllim səfərdən əliboş qayıtmır, qiymətli tablolar yaradırdı. Mingəçevir seriyası onun gözəl işlərinin nəticəsi idi. Təbiəti olduğu kimi ağ kətana köçürür, ondan aldığı həzzi fırçanın dili ilə tamaşaçısına çatdırırdı.
O, kağız və fırça ilə təkcə təbiəti yox, insan deyilən varlığın zəngin dünyasını kəşf etmiş, insanı zəiflik və zərifliyi ilə tanıda bilmişdi.
Həqiqi obraz yaradıcısı
Qeyri-adi üslub, duyulası bədii ümumiləşdirmə, ümumi fikrin, başlıca ideyanın rəmz və şərtiliklərlə ifadəsi hər bir rəssamın əsərlərini səciyyələndirən, eyni zamanda fərqləndirən xüsusiyyətdir. Sadaladığımız xüsusiyyətlər Mikayıl Abdullayevdə də vardı. Necə düşünürsünüz, böyük rəssam, bunlarsız keçinə bilərmi? Hindistan, Mingəçevir və Qarabağa həsr etdiyi əsərlər silsiləsi işləyirdi. Mikayıl müəllim onları mexaniki götürüb işləmir, onların həqiqi obrazını yaradırdı. Bu dəyərlər ona həmişə başucalığı gətirirdi.
Onun əsərlərinin mövzu dairəsinə özündə sevinc notları ilə yanaşı, kədər, nisgil əhval-ruhiyyəsi, daşıyan kompozisiyalar da daxil edilib. 1941-ci il Böyük Vətən müharibəsi onun işlərinin, bəlkə də ana xəttidir. İstər bu dövrdə işlənmiş, istərsə də Masallı qadınlarının kənddəki ağır yaşayışı, əzab-əziyyətini əks etdirən tablolar monumental əsərlər seriyasındadır.
Onları yaradarkən daxilən həyəcanlanır, iç dünyasını ağ kətana köçürürdü…
Cıdır düzü, Topxana meşəsi ilə bağlı əsərləri onun yaradıcılığının leytmotivini təşkil edir. Müharibədən çox-çox qabaq Şuşaya gəlmişdi. Qarabağ mənzərələri, Şuşa camaatının güzəranı da uğurlu işlərindəndir.
İndira Qandinin portretini naturadan çəkib
Hind xalqının həyatı, azadlığı onun əsərlərində təfərrüatı ilə canlandırılıb. Beynəlxalq mükafatın ona verilməsi də hind xalqının, hind dövlətinin sənətkara qiyməti deyildimi? Hindistanla Mikayıl Abdullayevi sıx tellər bağlayırdı. Dövlət başçısı İndira Qandi ilə görüşləri çox olub. Onun portretini naturadan işləyib, üz-üzə oturub. Rəssamlıqda ən çətin işdir bu üsul. Əziyyəti çox olsa da portret İ.Qandinin xoşuna gəlmişdi. Bu işinə görə də 1966-cı ildə Mikayıl müəllim beynəlxalq Cəvahirləl Hehru mükafatının laureatı adını aldı.
Ömür-gün yoldaşı Leyla xanım xatirələrində Mikayıl Abdullayevlə bağlı belə söyləyirdi:
- «Mikayıl müəllim mənə bir həyat yoldaşı yox, dost, sirdaş idi. Çox mehriban yaşayırdıq. 81 illik ömrünün son 3 ilinədək o özünü yaxşı hiss edirdi. 2000-ci ilin 25 noyabr axşamı məlum zəlzələdən stress vəziyyətə düşənlərdən biri də o oldu. Evdə həmişə deyirdi ki, zəlzələ baş verəndə zirzəmiyə girib qorunmaq lazımdır. İlk təkandan sonra ikinci də güclü oldu. Biz mənzilimizdən eyvan vasitəsilə zirzəmiyə endik. Bir qədər sonra Mikayıl müəllim mənzilə keçəndə oğlumuzun içəridə siqaret çəkdiyini gördü. O, əhval-ruhiyyəmizlə maraqlandı, təkanların davamlı olacağını bildirdi. Dedi ki, təkan olsa, düşün aşağı maşının yanına. Bir neçə dəqiqə sonra yenə təkan oldu, həyətə düşüb bir neçə saat orada qaldıq. Qonşular da həyətdə idilər…
8-ci mərtəbədə yaşayan MEA-nın işçisi Arifə Aydınbəyova zəlzələdən sonra keçirdiyi infarktdan öldü. Bu hadisədən az sonra-dekabrda Mikayıl müəllim də ilk dəfə infarkt keçirdi. Poliklinikanın müalicə komissiyası ürəyinin kardioqram vərəqini çıxardıb diaqnozla müalicəyə başladı. Mikayıl müəllim çoxlu dərman qəbul etməyi sevmir, çox vaxt isə bunlardan imtina edirdi. Həkimlərin səyi ilə onun səhhəti normallaşdı. Tezliklə işini bərpa etdi. Emalatxanaya və dərs dediyi Rəssamlıq Akademiyasına gedirdi. Və birdən yanvar ayında yenidən özünü pis hiss etməyə başladı və yenidən poliklinikaya müraciət etdi. Xəbər gəldi ki, onu poliklinikadan xəstəxanaya göndərmək istəyirlər, tez özünü çatdır. Təcili tibbi yardım maşınının yanına özümü güclə çatdırdım. Xəstəxanada həkimlər də, özüm də onun sağlamlığı üçün əlimizdən gələni etdik. 3 il sərasər, gecə-gündüz onun qulluğunda dayandım. Lakin 2002-ci ildə o…
İnfarkt xəstəliyi ona bütun gücü ilə işləməyə imkan vermirdi. Gözləri də zəifləmişdi. 7 illik irsi diabeti vardı. Anası da, bacısı da bu xəstəlikdən rəhmətə getmişdilər.
Bildiyiniz kimi, onun çoxlu mükafatları, təltifləri var. Sovetlər vaxtında maaşını SSRİ Rəssamlıq Akademiyasının akademiki kimi oradan alırdı. 1992-ci ildə köhnə İttifaqın süqutundan sonra Rusiya prezidenti B.Yeltsin belə qərar çıxartdı: kim ki, əvvəlki müttəfiq respublikaların, ayrı dövlətlərin ərazisində yaşayır, o, maaşını özlərinin Akademiyasından almalıdır. Ona görə də bir neçə dəfə Respublika EA-nın prezidentinin qəbulunda olduq. Heç bir fayda görmədik. M.Kərimovun prezident seçilməsindən sonra Mikayıl müəllim dedi ki, bəlkə yeni prezidentin qəbuluna gedək? Görüş zamanı hər şeyi ona təfsilatı ilə danışdıq. Soruşdu ki, akademikliyə lazımi sənədləri niyə təqdim etməmisiniz? Onun əvəzinə başqalarının sənədlərinin verildiyini bildirdi. Mikayıl müəllim də qeyd etdi ki, ona bu barədə heç kim heç nə deməyib. Yoxsa çoxdan hazırlayıb təqdim edərdi. 43 illik təcrübəyə malik Mikayıl Abdullayev MEA-ya akademik seçilmədiyindən incimişdi. Deyirdi ki, belə sənətkar ermənilərdə olsaydı, onu çoxdan özlərinin milli qəhrəmanı edərdilər.
Rusiya səfirliyinə köhnə SSRİ Rəssamlıq Akademiyasının akademiki kimi müraciəti də alınmamışdı. Demişdilər ki, özünüzün EA-nız var, ora gedin…
Mikayıl müəllim görkəmli sənətkar,
böyük zəhmətkeş insan idi. O, Lenin ordeni, «Oktyabr inqilabı», «Xalqlar dostluğu… «İstiqlal» ordenlərinə,
müxtəlif medal və
fəxri fərmanlara layiq görülmüşdü.
«İstiqlal» ordenini mərhum eks-prezident Heydər Əliyevdən şəxsən özü
alan Mikayıl
müəllim ondan razılıq edirdi. Məhz onun sərəncamı ilə M.Abdullayev Fəxri Xiyabanda dəfn olunub. Onun abidəsinin qoyulması, yaşadığı binanın
önünə memorial lövhənin
vurulmasını qərara
almışdı. Abidə qoyulub,
lövhəni isə məşhur heykəltaraş
Zeynalabdin İsgəndərov
hazırlayıb. Onun dəfnini
yüksək səviyyədə
təşkil edən Rəssamlar İttifaqının
sədri Fərhad Xəlilov həmişə
bizim ailəmizlə maraqlanıb».
… Dünyanın özü boyda
ağrıları var. Dünyanın
özü boyda əzabları var və bu ağrılar,
əzablar insan ruhuna işgəncələr
verirsə, qovrula-qovrula
kədərlə yaşamaqdan
savayı özgə çarə qalmır.
Yalnız güc-qüvvət tapanlar qurtuluş yolunu araya bilirlər.
Yurdumuzun Pikassosu Mikayıl Abdullayev kimi!..
Nisə Rafiqqızı
Olaylar.- 2010.- 12 noyabr.- S. 12.