İnsan alverinin
qurbanları arasında əməyin istismarına məruz qalanlar daha çoxdur
Əlövsət
Əliyev: "Əməyin istismarı faktına qarşı
effektiv mübarizə hələ mövcud deyil"
İnsanın alver vasitəsinə
çevrilməsi bəşəriyyətin ən iyrənc
"qanunlarından" biridir. İnsan o qədər vəhşiləşib
ki, öz cinsindən
olanları satmaqdan çəkinmir. Uzağa getmək lazım deyil.
Bu gün hər tinin başında əl açıb dilənən
qocalar var.
Oturmağı yenicə öyrənən körpələr
dilənçiliyə alət olunub.
Onların bu vəziyyətə niyə
düşdükləri və nə üçün
diləndikləri heç kimə
maraqlı deyil. Ölkədə insan alverinə qarşı mübarizə
aparılır. Azərbaycan Daxili
İşlər Nazirliyinin 19 may 2004-cü il tarixli əmri ilə Azərbaycan Respublikası İnsan alverinə
qarşı Mübarizə üzrə Milli
Fəaliyyət Planının həyata keçirilməsi
üzrə məsul şəxs
- Milli
Koordinator təyin edilib
və DİN-də "İnsan Alverinə
qarşı Mübarizə İdarəsi" yaradılıb.
Ölkə prezidentinin 6 fevral
2009-cu il tarixli sərəncamı
ilə 2009-2013-cü illəri əhatə edən "Azərbaycan
Respublikasında İnsan Alverinə
Qarşı Mübarizə üzrə Milli
Fəaliyyət Planı" təsdiq edilib.
Ekspertlər də insan alverinə
qarşı mübarizənin aparılmasını müsbət
addım kimi qiymətləndirirlər. Amma buna baxmayaraq
adı çəkilən sahədə müəyyən
problemlər mövcuddur. Hüquqşünas
Əlövsət Əliyevin sözlərinə görə,
ölkədə insan alverinə
qarşı mübarizə ilə bağlı dövlət tədbirlərinin
görülməsinə baxmayaraq əməyin
istismarı faktına qarşı effektiv
mübarizə hələ mövcud deyil. Belə ki, əməyin
istismarına məruz qalma faktına
görə insan alverinin
qurbanı hesab olunan
şəxslərin Azərbaycanda insan alveri qurbanı kimi
tanınması təcrübəsi çox
zəifdir: "Problemlərə baxmayaraq,
ölkədə insan alverinə
qarşı mübarizə də aparılır. Konkret olaraq əvvəlki
illərlə müqayisədə cinsi istismara qarşı mübarizə sahəsində
müəyyən uğurlar mövcuddur. İndi daha mütəşəkkil təcrübə,
təcrübəli əməkdaşlar var.
Təcrübəli qeyri-hökumət təşkilatları var, eyni zamanda
təcrübəli mütəxəssislər
formalaşıb. Effektiv mübarizə
aparılır. Aparılan mübarizə nəticəsiz
qalmır və müəyyən cinayət faktları aşkar edilir. Amma təəssüflər olsun
ki, hələ ki, əməyin
istismarına qarşı mübarizə olduqca
zəifdir. Bu sahədə hələ çoxlu
işlər görülməlidir". Ə.Əliyevin
sözlərinə görə, Azərbaycanda qeyri-hökumət
təşkilatları tərəfindən müəyyənləşmiş
insan alveri
qurbanlarının sayı artsa da, dövlət orqanları tərəfindən
qurban kimi
tanınmış şəxslərin sayı artmır.
İnsanların daha çox
hansı sahədə istismar olunduğuna gəlincə isə, Ə.Əliyev
əməyin istismarına məruz qalanların sayının
dəfələrlə çox olduğunu bildirdi. Hüquqşünas onlarla
bağlı müəyyən olunmuş
faktların olmadığını da dedi. Məsələn, bu gün daha çox
insan alverinin
qurbanlarına çevrilmiş qadınlar
haqqında məlumatlar verilir. Qadınları alver qurbanına
çevirənlər onları daha çox cinsi istismara məruz qoyur. Əgər
əməyin istismarına məruz qalanların daha çox olduğunu nəzərə alarsaq,
o zaman kişilərin
daha çox insan alverinin qurbanlarına
çevrilməsi faktı ilə üzləşməli oluruq. Çünki müsahibimiz bildirdi ki, əməyin istismarına məruz qalanlar daha çox
kişilərdir: "Əməyin istismarına daha çox kişilər
məruz qalır. Amma qadınlar da bu cür
istismar olunur. Bu gün ölkədə
sənədsiz qadınlar yaşayır ki,
belələrinin istismara məruz
qaldığını xüsusi vurğulamaq olar. Onlar harda gəldi işə
düzəlirlər. Evlərdə tərbiyəçi, təmizlikçi
kimi işləyirlər. Amma
onlarla əmək müqaviləsi
bağlanılmır. Dilənçiliyə cəlb edilmə
faktları da mövcuddur".
Hüqüqşünas belə hesab edir ki,
adını çəkdiyi faktlara görə
bu günə kimi Azərbaycanda
cinayət işinin başlanmaması təəccüb
doğurur. Ə.Əliyev bildirdi
ki, ölkədəki tikintilərdə
kütləvi şəkildə əməyin istismarı
faktı mövcuddur. Belə ki, qeyd olunan
məsələ ilə bağlı hələlik effektiv bir mübarizə yoxdur. Onu da
qeyd edək ki, istənilən
yaşda adamlar insan alverinin qurbanına çevrilir. Ə.Əliyevin sözlərinə
görə, dilənçiliyə cəlb etmək üçün heç minimum yaş həddi yoxdur. Belə ki,
uşağın ağlı kəsəndən onu küçələrə atır və
dilənçiliyə cəlb edirlər ki,
bu da insan
alveridir. Əməyin istismarına isə
daha yaşlı insanlar
da məruz qalır. Onu
da qeyd edək ki, Azərbaycanda bir çox ölkələrdən gəlmiş insanlar əməyin istismarına məruz
qalırlar: "Ötən il bizim aşkarladığımız faktlar var idi.
Bosniya-Hersoqovina vətəndaşları var idi ki,
60-70 yaşında kişilər idilər. Onları işlədib
əmək haqlarını ödəməmişdilər.
Hazırda Azərbaycanda əməyin istismarına məruz qalanlar Özbəkistan, Türkmənistan,
Türkiyə, Gürcüstan vətəndaşlarıdır.
Bu siyahıda İran İslam Respublikasının vətəndaşları,
o cümlədən Balkanlardan-Bosniya-Hersoqovina
və Makedoniyadan gətirilənlər də
var. Keçən il aşkar olunmuş faktlara görə, Azərbaycanda daha çox əməyin
istismarına məruz qalanlar Bosniya və Hersoqovinadan olanlar olub". Azərbaycan
vətəndaşları da bir çox ölkələrdə
əməyinin istismar olunması nəticəsində
qurbana çevrilir. Bəs
bu ölkələrin siyahısına
hansılar başçılıq edir? Müsahibimizin sözlərinə görə,
azərbaycanlılar daha çox
Rusiya Federasiyasında əməyin
istismarına məruz qalırlar: "Vətəndaşlarımızın
Polşaya aparılması faktları da mövcuddur. Hazırda Daxili İşlər Nazirliyi
bu məsələ ilə bağlı
cinayət işi başlayıb. Üç nəfər Polşaya
aparılmış və əməyin istismarına məruz
qalmışdılar. Burda söhbət əməyin
istismarından gedir. Amma
başqa yollara insan alverinin qurbanına
çevrilmə faktları var. Türkiyə,
Birləşmiş Ərəb Əmirliyi, Pakistan
kimi ölkələrdə insan alverinin qurbanlarına
çevrilmə faktları var. İran İslam
Respublikasına da qadınların cinsi istismarla bağlı
aparılması faktları davam edir". Cinsi istismar məqsədilə uşaq-yeniyetmə
qızlar da adı çəkilən
ölkələrə aparılır. Faktlardan
da göründüyü
kimi insan alverinin qurbanları hər yerdə və hər
şəraitdə mövcuddur. Sadəcə
olaraq, onların bir çoxu adi hal kimi
qarşılanır. Gün ərzində
yolda, metroda, avtobusda körpə yaşlı
uşaqların dillənməsi faktını dəfələrlə
görürük. Eyni zamanda, bu siyahıya
yaşlı insanları
da aid etmək olar. Onların doğrudan
da ehtiyacdan diləndiyini və yaxud kimlərsə tərəfindən bu işə məcbur edildiyini heç kim bilmir.
İşləyib pulunu ala bilməyən,
aldadılan insanlarla bağlı hər gün eşidirik. Bütün bunlar isə onu göstərir ki, əslində, cüzi görünən bu faktların hamısı insan alverinə, insanların istismarına aiddir. Bir az diqqətli olsaq, o da aydın olar
ki, parazit kimi başqasının hesabına yaşamağı
özünə adət
edən insanların sayı heç də azalmır, əksinə gündən-günə
çoxalır. Qeyd edək
ki, cari ilin 9 ayında insan alveri ilə
bağlı 63 fakt qeydə alnıb. 5 cinayətkar qrup
zərərsizləşdirilib, 29 cinayətkar isə ifşa edilib. Məlumatı parlamentə təqdim
etdiyi hesabatda daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirib.
Aygün
Azərbaycan Respublikası Kütləvi
İnformasiya Vasitələrinə
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap olunur
Olaylar.- 2010.- 12 noyabr.- S. 13.