Gəlin günahkar axtarmayaq

 

Dünya insan alverinə qarşı mübarizə tədbirlərini daha da gücləndirmək barəsində düşünərkən Azərbaycanda da bir neçə ildən bəri narahatedici səviyyəyə qalxmış problemin müzakirəsi davam etdirilir. Doğrudur, bir neçə il əvvəllə müqayisədə insan alveri ilə mübarizə nəticəsini göstərməyə başlayıb. Əgər bir neçə il əvvəl problem hətta etiraf edilmir, onun həlli ilə qeyri-hökumət təşkilatları səviyyəsində mübarizə aparılırdısa İnsan Alverinə qarşı Mübarizə İdarəsinin, qurbanlar üçün sığınacağının yaradılması məsələnin daha yuxarı müstəvilərdə həllinə yol açmış oldu.

Amma bu heç də insan alverçilərinin əlinin və gözünün ölkəmizdən çəkilməsinə səbəb olmadı. Təbiidir, gəlirinə görə dünyada silah və narkotika alverindən sonra üçüncü yerdə dayanan insan alveri mütəşəkkil qrupların nəzarəti altında olduğundan, ən müxtəlif dairələrdən dəstək aldığından problemin dövlətlərə və cəmiyyətə rahat nəfəs çəkdirəcək səviyyədə həllinə nail olmaq mümkün deyil. İnsan alverçilərinin günbəgün şəbəkəni və cəlbetmə üsullarını «təkmilləşdirməsi» problemin ciddiliyini ortaya qoyur.

İnsan alverinə qarşı mübarizəni təkcə inzibati yollarla aparmaq mümkün deyil. Maarifləndirmə sahəsindəki boşluğu doldurmaq da lazımdır və təəssüf ki, Azərbaycan hələ də bu sahədə irəliləyişə nail olmayıb. Düzdür, cəmiyyətdə artıq insan alveri barədə müəyyən təsəvvür var, lakin bu yetərli deyil. Xüsusən nəzərə alsaq ki, insan alverçilərində üsullar tükənməzdir, onda qurbanların sayının da artma ehtimalını göz önünə almaq lazımdır. Onu da qeyd etmək lazımdır ki, qurbanların əsasən seçildiyi ucqarlarda insan alveri ilə bağlı hətta ən adi məlumatlar belə yoxdur. Televiziyada və yaxud yazılı mətbuatda bir neçə proqram və ya yazı ilə boşluğu doldurmaq mümkün deyil. Bunun üçün daha geniş tədbirlərə ehtiyac var. Bir-iki il əvvəl insan alverinə qarşı mübarizə sahəsində tədbirlərin genişləndirilməsi ilə qeyri-hökumət təşkilatlarının qrant layihələrinin də sayı çoxalmağa başladı. Amma kəmiyyət keyfiyyəti əvəz edəcək səviyyədə olmadığından bu sahədəki boşluq özünü hələ də göstərməkdədir.

Qurbanların seçildiyi dairələrə diqqət yetirsək bir sıra yığılıb qalmış problemin şahidi olarıq. Qızların təhsildən yayındırılmasından tutmuş ailə zorakılığı, erkən nikah, maliyyə problemləri, ümidsizlik, çarəsizlik - bir sözlə bir çox məsələ insan alverinə yol açır. Qızların xaricdə yaxşı iş, təhsil, nikah adı ilə aldadılması kimi ənənəvi üsulların yanında vaxtaşırı olaraq yeniləri peyda olur. Hətta müalicəyə ehtiyacı olanların müxtəlif təkliflərlə aldadılmasına cəhd halları, turizm şirkəti adı altında fəaliyyət göstərərək insan alverçilərinin yerlərdə dayaq məntəqələri rolunu oynayanlar olub. Biz hələ atanın öz övladını nikah adı altında xarici ölkəyə aparılmasına pul müqabilində razılıq verməsini demirik. Belə qurbanlardan birinin dediyinə görə, atası əslində onun nə üçün aparıldığını bilirdi, sadəcə müəyyən səbəblərdən buna qarşı çıxmırdı. Və yaxud qurbanlardan biri dünyaya gətirdiyi övladının atasının kim olduğu barədə suala çiyinlərini çəkərək cavab verirdi və beləliklə bir neçə il sonra belə uşaqların sayının çoxalacağı kimi narahatlığın əsasını qoyurdu.

İnsan alveri qurbanlarının taleyinə diqqət yetirərkən onların əsasən imkansız və məlumatsız ailələrdən seçildiyini müəyyən etmək mümkündür. Bu qrup ümidlərinin arxasınca gedənlərdir, onları aparıldıqları yerdə nə gözlədiyindən xəbərsiz, daha yaxşı həyat üçün arxasına belə baxmadan yadlara etibar edən və gözləmədikləri bir sonucla üzləşənlərdir. Bu qrupa daxil olanların əksəriyyətinin insan alverçilərinin toruna düşmə səbəbləri  oxşardır - maddi  imkanızlıq, bilgisizlik, ailədə üzləşdiyi zorakılıq və s. Oxşar səbəblər eyni nəticəni doğurur - qurbana çevrilmək. Bu mərhələdən sonra da həyatları demək olar ki, eyni xətt üzrə davam edir. Hətta insan alverçilərinin əlindən qurtarıb normal həyata başlamaq imkanını dəyərləndirənlərdə belə ciddi fərqlər yoxdur. Ailəsi və cəmiyyət tərəfindən rədd edilmək, qarşılaşdığı həyat mücadiləsində sona qədər davam gətirməmək. Qurbanlar üçün yaşadığı bütün əzablardan sonra normal həyata alışmaq çox çətindir, elə bütün cəhətlərdən. Biz hələ onların psixoloji-mənəvi durumunu demirik. Aralarında keçmişi unudub tamamilə yeni həyata başlamaq ümidlərinin doğrulduğu da olur, yeni bir ümidsizlik girdabına yuvarlananlar da. Bütün bunlara sona qədər dözmək cəsarəti göstərənlər də var, yarı yoldan geri dönənlər də. Qurbanlar arasında ailə həyatı quranlara da rastlanılır,qurbandan insan alverçisinə çevrilənlər də. Amma hamısı ictimaiyyətin onlara münasibətindən gileylidir, başqa sözlə desək, başlarına gələnlərdə özləri ilə yanaşı onların taleyini kənardan laqeyd baxışlarla izləyən ictimaiyyətin də müəyyən qədər günahı olduğunu düşünürlər. Əslində fikirlərində yanılmırlar, biz cəmiyyət olaraq insan alverinə qarşı hamılıqla mübarizə aparmayanlardanıq.  Bu da yetməzmiş ki, qurbanlara qarşı münasibətimizdə də bir-birimizdən ciddi fərqlənmirik. Qurbanlardan biri bildirirdi ki, normal həyata başlayıb, başına gələnlərdən 4 il sonra ailə həyatı qurub. Hətta dünyaya övlad da gətirib. Həyat yoldaşı onun bütün yaşadıqların-dan xəbərdar olub, yəni onu keçmişi ilə bərabər qəbul edib. Amma nə qədər çalışsalar da çevrənin təsirindən azad ola bilməyiblər. Sonuc boşanma, sadəcə boşanma yox, bir uşağın həm anasız, həm də atasız qalması. Ata başını götürüb Rusiyaya gedib, ananı uşağa yaxın buraxmırlar. Azərbaycanın bir günahsız vətəndaşı bu şəraitdə yetişir. O sabah əsgər olacaq, bu Vətəni, onu ailədə yaşamaq hüqüqundan məhrum edən insanları qoruyacaq. Ən böyük günahkar təbii ki, günahsız bir gənc qızın həyatını cəhənnəmə çevirən insan alverçiləridir, amma biz də cəmiyyət olaraq üzərimizə düşən vəzifəni yerinə yetirmədiyimizə görə az günahkar deyilik. Gəlin günahkar axtarmayaq. Çünki hamımız günahkarıq.

 

 

Elnarə

 

Olaylar.- 2010.- 1 oktyabr.- S.13.