Dağlıq Qarabağa necə muxtariyyat
verildi
Azərbaycan
İnqilab Komitəsinin Ermənistan Sovet Respublikasına 30
noyabr teleqramı və 1 dekabr Bəyannaməsində də
Qarabağ və onun dağlıq hissəsindən bəhs
olunurdu. Bu sənədlərin erməni
tarixşünaslığınada təhrif edilməsi əsaslı
şəkildə sübut edilmişdir. Bəyannamədə
Dağlıq Qarabağın əməkçi kəndlilərinə
tam öz müqəddəratını təyinetmə
hüququ verildiyi elan edilirdi.
Ermənistan İnqilab
Komitəsi isə 28 dekabr Bəyənnaməsində
Naxçıvana iddiadan əl çəkdiyini
bildirirdi. Lakin Ermənistan
Qarabağı əldən vermək istəmirdi. Azərbaycan
və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi
məsələsində Dağlıq Qarabağ
yenidən gündəmə gəldi. Qafqaz
Bürosu Azərbaycanın
razılığı və iştirakı olmadan,
özbaşına 3 iyun 1921-ci ildə
Dağlıq Qarabağın Ermənistana məxsus
olmasının Ermənistan hökumət bəyannaməsində
göstərilməsi barədə qərar qəbul etdi. Ermənistan Xalq
Komissarları Soveti isə 12 iyunda bunu dekretləşdirdi.
İşlərin belə gedişi Azərbaycanı
təmin edə bilməzdi. Azərbaycan Kommunist
(bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat
Bürosunun Azərbaycan Kommunist
(bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibi Q. Kaminskinin (1895-1938)
sədrliyi ilə keçirilən 27 iyun
iclasında Tiflisdə komissiyanın işi
ilə əlaqədar Azərbaycanın Ermənistanla sərhədi
haqqında məsələ müzakirə edildi.
Bu iclasda 5 maddədən
ibarət qərar qəbul olundu. İlk dəfə burada
Dağlıq Qarabağa bəyan edilən
öz müqəddəratını təyin
etməyə Azərbaycanın baxışı ifadə olundu. Məsələnin
Dağlıq Qarabağ haqqında
-Y.M.K.Ş) yeganə həlli erməni və müsəlman
kütləsinin Sovet quruculuğu
işinə geniş cəlb edilməsi (Nərimanovun
Bəyannaməsindən aydın olduğu
kimi) ola bilər.
Problemin həlli haqqında Büro və Təşkilat
Bürosunun fikrinin
Tiflisə çatdırılması Nərimanova həvalə
edildi. Nərimanovun Tiflisdə olan Azərbaycan Mərkəzi İcraiyyə
Komitəsinin sədri M.H. Hacıyev və xarici
işlər naziri M. D. Hüseynovla
elə həmin gün birbaşa
xətlə danışığı oldu.
Nərimanov: "Deyin ki,
bu, Siyasi və Təşkilat
Bürosunun fikridir. Əgər
onlar mənim bəyannaməmə istinad edirlərsə, bəyannamədə hərfən
belə deyilmişdir. Dağlıq Qarabağa tam azad, öz müəqəddəratını
təyin etmə hüququ verilir.
Hüseynov:
"Yaxşı. Hər şeyi
çatdıraram. Hər halda, deyim ki, bizim
qərarımız, şübhəsiz, çox soyuq qarşılanacaqdır". Yenə həmin
gün Hüseynov bu barədə Qafqaz Bürosuna məlumat verdi.
Bu məsələ üzrə Qafqaz Bürosunun fövqəladə
plenumunu çağırmaq, Nərimanov və
Myasnikovu Tiflisə dəvət etmək qərara
alındı.
Azərbaycanın ayrılmaz
hissəsinə necə muxtariyyət verildi.
Qafqaz Bürosu plemunun 1921-ci il 4 və 5 iyul tarixli qərarları.
Belə bir
zəmində Tiflisdə Qafqaz Bürosu plenumunun
iclası keçirildi.
Xüsusi əhəmiyyətini nəzərə
alaraq, Qafqaz Bürosunun 4 iyul axşam və 5 iyul iclas protokolundan
çıxarışları olduğu kimi (tərcümədə) veririk.
Ermənilər Qafqaz Bürosunun 5 iyul tarixli qərarının qəbul edilməsində
Stalinin əsas rol
oynadığını sübut etməyə
çalışırlar. Əslində, Rusiya
Kommunist (bolşeviklər) Partiyası Mərkəzi
Komitəsi Qafqaz Bürosunun
4 və 5 iyul iclaslarında Stalinin təzyiqinin nədən ibarət
olması faktlarla təsdiq olunmur. Bir sözlə, SSRİ-nin
yaradılması (1922, 30 dekabr) ərəfəsindəki
mübarizədə özünün
muxtariyyətləşdirmə planı ilə
çıxış edən Stalinin guya sosialist dövlətinin
federativ quruluşunun Lenin ideyasını həyata keçirməsi
ağlabatan görünmür.
Ona görə də məsələ daha dərin və ətraflı şəkildə
nəzərdən keçirilməlidir.
1) Mərkəz Qafqaz Bürosunun
timsalında hələ SSRİ-nin
yaradılmasından, Azərbaycan və Ermənistan SSRİ-in İttifaq
dövlətində birləşdirilməsindən əvvəl
praktik olaraq sərhəd
məsələsinə müdaxilə etməklə səlahiyyətli
tərəf kimi çıxış etdi. Dağlıq Qarabağ məsələsi üçtərəfli
müzakirə məsələsinə çevrildi.
2) Qafqaz
Bürosu bu hüququndan istifadə edərək Azərbaycanın
Dağlıq Qarabağ barəsində elan etdiyi öz
müqəddəratını təyinetmə müddəasının
təbii-tarixi şəkildə yerinə yetirilməsinə imkan vermədi, onu "geniş vilayət muxtariyyət" kimi ifadə etdi.
3) Qafqaz
bürosu 4 iyul qərarı
ilə Azərbaycan (yəni Dağlıq Qarabağ
Ermənistana verilə bilər!), səhəri gün
isə bu məsələyə
qayıtmaqla Ermənistana təsir göstərmək (yəni
Dağlıq Qarabağın Azərbaycanın tərkibində
qalması təsdiq edilə bilər!) Mərkəz üçün
əlverişli mövqeyi təmin etmək
istəyirdi, buna da (yəni
Dağlıq Qarabağa muxtariyyət
verilməsinə) nail oldu.
Beləliklə Qafqaz Bürosu plenimunun 15 iyul qərarından sonra
Dağlıq Qarabağ ətrafında
hadisələr yeni istiqamət aldı. Qafqaz Bürosu Mərkəz
üçün əlverişli qərarı
təmin edib, onun
reallaşdırılması uğrunda təzyiqlərə başladı. Bununla, Azərbaycan SSRİ özünün
ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa
məcburi şəkildə muxtariyyət verilməsi nəticəsində
yeni şəraitlə
qarşıladı. Ermənistan isə Dağlıq Qarabağ məsələsi ilə
bağlı olaraq, Qafqaz
Bürosu ilə Azərbaycan arasında
münasibətləri kəskinləşdirməyə,
Dağılq Qarabağa muxtariyyət
verilməsi ilə onun işlərinə
qarışmaq imkanlarından istifadə edərək,
Dağlıq Qarabağa olan
iddialarını həyata keçirməyə
çalışdı. Bu məsələlər
kompleks şəkildə nəzərdən
keçirilməlidir.
S.M. Kirovun
mövqeyində dəyişiklik. 5 iyul qərarı
qəbul edildikdən sonra Azərbaycan rəhbərliyi
tərəfindən onun həyata
keçirilməsinə başlanmalı idi.
Bununla əlaqədar
olaraq Azərbaycan Mərkəzi İcraiyyə
Komitəsi Rəyasət Heyətinin həmin ilin
19 iyul taixli
iclasında Nərimanovun Tiflis səfərinin
yekunları bəyənilmiş, Azərbaycan Kommunist
(bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat
Bürosunun 20 iyul tarixli iclasında isə muxtar
vilayətin Konstitusiyasının hazırlanması üçün komissiya
yaradılmışdı. Burada bir məsələnin
aydınlaşdırılmasına ehtiyac
yaranır. Artıq məlum olduğu
kimi, 5 iyul qərarı
ilə Dağlıq Qarabağa muxtariyyət
verilməsində Azərbaycan Kommunist
(bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə həlledici
rol ayrılmışdı. Görünür, 1921-ci ilin
iyulunda Kirovun Azərbaycan
Kommunist (bolşeviklər) Partiyası Mərkəzi
Komitəsi rəhbərliyinə gətirilməsində
elə bu amil də mühüm rol
oynamışdı. Məhz Kirov faktik olaraq Azərbaycanda rəhbərliyə
keçdikdən sonra Dağlıq Qarabağa muxtariyyət verilməsinə rəsmi
münasibət dəyişdi və bu proses iki ilədək ləngidi.
Ona
görə də bu məsələ ətrafında
Kirovun mövqeyi və
ona təsir edən amillər xüsusi olaraq
araşdırılmalıdır. Əgər 4 iyul
iclasının protokolunda
çıxarışa nəzər salsaq
görərik ki, o zaman Kirov
çıxmış (5a), onun Ermənistanın
tərkibinə daxil edilməsinin isə lehinə (5b) səs vermişdir.
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi
Rəyasət Heyətinin 19 iyul, Azərbaycan
Kommunist (bolşeviklər) Partiyası Mərkəzi
Komitəsi Siyasi Bürosu
və Təşkilat Bürosunun 20 iyul iclaslarında və qeyd
olunan qərarların qəbulunda Kirov da iştirak
etmişdi. Azərbaycan
Kommunist (bolşeviklər) Partiyası Mərkəzi
Komitəsi Siyasi Bürosu
və Təşkilat Bürosunun 26 sentyabrda bilavasitə Kirovun
sədrliyi ilə keçirilən iclasında onun
mövqeyinin əksinə dəyişdiyini
görürük. İclasda
iştirak edən 9 nəfərdən (Kirov, Nərimanov, Axundov, Qarayev, Əfəndiyev, Stukalov, Mirzoyan,
Bünyadzadə, Hüseynov) 7-si Qafqaz Bürosundan
Dağlıq Qarabağın ayrılması haqqında qərarın
yenidən nəzərdən keçirilməsini xahiş etməyi qərara alır, yalnız 2
nəfər (Nərimanov və Bünyadzadə) Qafqaz Bürosunun qərarının qısa müddətdə
yerinə yetirilməsinə tərəfdar çıxır. Bu məsələ üzrə materiallar
toplamaq üçün
komisssiya yaradılır. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi
Komitəsi Təşkilat Bürosu üzvlərinin iştirakı ilə
Qarabağın məsul işçilərinin 21 oktyabr konfransına rəhbərlik edən
Bünyadzadə də Kirovun mövqeyinə
keçir. Belə ki,
həmin iclasda Dağlıq
Qarabağın muxtar vilayət kimi ayrılması xüsusi
qeyddə məqsədəuyğun hesab olunurdu.
Beləliklə,
məhz Kirovun rəhbərliyi ilə Dağlıq
Qarabağın muxtariyyət məsələsinə yeni
münasibətin yarandığı ortaya çıxır. Bu
təsadüfi deyildi. Kirov nəinki öz şəxsi
mövqeyinin, hətta Qafqaz Bürosunun Dağlıq
Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi
olmasını təsdiq etmək əvəzinə, ona məcburi
muxtariyyət verilməsi haqqındakı qərarının və
onun qısa müddətdə həyata keçirilməsi zərurətinin
yanlış olduğunu yəqin etmişdi.
Dağlıq
Qarabağa muxtariyyət verilməsi dekretləşdiriləndən
4 ay keçdikdən sonra belə, Azərbaycan Kommunist
(bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət
Heyətinin 8 oktyabr 1923-cü ildə Kirovun sədrliyi ilə
keçirilən iclasında Dağlıq Qarabağa muxtariyyət
verilməsi haqqında qərarın əhali, xüsusilə
türklər (azərbaycanlılar - Y.M., K. Ş) arasında təbliğ
olunmasının başa çatdırılmadığı
etiraf olunurdu.
Dağlıq
Qarabağa muxtariyyət verilməsi Azərbaycana necə qəbul
etdirildi?
Hadisələrin belə gedişi Qafqaz Bürosunun narahatlığına səbəb
oldu və 5 iyul qərarının
Azərbaycana qəbul etdirilməsi üçün
təzyiqlərə başlandı. Bu, iki yolla həyata keçirilirdi. Bir tərəfdən Azərbaycan rəhbərliyi
qarşısında tələb qoyulur,
digər tərəfdən Dağlıq Qarabağın idarəçiliyi
bura xüsusi olaraq göndərilən erməni kadrları
ilə "möhkəmləndirilərək" həmin
bölgədə Azərbaycanın təsirinin zəiflədilməsinə
cəhd edilirdi.
Dağlıq
Qarabağa muxtariyyət verilməsi Zaqafqaziya federasiyası və
SSRİ-nin yaradılması prosesləri ilə paralel gedirdi. Buna
baxmayaraq, onun həyata keçirilməsindəki problemlərə
Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının irəli
sürdüyü şəkildə yenidən baxılmadı.
Əksinə, 1922-ci ilin fevralında Zaqafqaziya kommunist təşkilatlarının
I qurultayında Orconikidzenin sədr seçildiyi Rusiya Kommunist
(bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə 5
iyul qərarının həyata keçirilməsi təklif
edildi, Karakozovun İcraiyyə
Komitəsinə sədri təyin edilməsi, Şadunsun
məsul işə göndərilməsi üçün Azərbaycan
Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə
ezam edilməsi qərara alındı. Azərbaycan Kommunist
(bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin 15
dekabr iclası Zaqafqaziya Ölkə Komitəsinin qərarını
icra üçün qəbul etdi, Azərbaycan SSR Xalq
Komissarları Soveti yanında Dağlıq Qarabağ işləri
üzrə Mərkəzi Komissiya (Kirov, Mirzəbeykan, Karakazov)
və 7 nəfərdən ibarət Komitə (1922, 15 dekabr
-1923, 24 iyul) təşkil edildi. Bütün bunlara baxmayaraq, Azərbaycana
təzyiq yenə davam etdirildi. Dekabrın 22-də
Zaqfederasiyanın İttifaq Soveti Dağlıq Qarabağa
muxtariyyət verilməsinin sürətləndirilməsi
haqqında xüsusi qərar qəbul etdi.
SSRİ-nin
yaradılmasından sonra Zaqafqaziya Ölkə Komitəsinin tələbləri
daha sərt şəkil aldı. 1923-cü ilin mayında
Qarabağ Komitəsinin məruzəsi Zaqafqaziya Ölkə
Komitəsi plenumunun gündəliyinə daxil edildi. İyunun
1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi
Komitəsi Rəyasət Heyəti muxtariyyətin dekretləşdirilməsi
və onun layihəsinin üç gün ərzində Mərkəzi
Komitəyə təqdim olunması barədə qərar qəbul
etdi.
Yaqub Mahmudov,
Kərim Şükürov
Olaylar.-
2010.- 1 oktyabr.- S. 15.