Dağlıq
Qarabağa necə muxtariyyat verildi
Bu qərar Zaqafqaziya Ölkə Komitəsini təmin
etdi. Zaqafqaziya Ölkə Komitəsinin plenumu iyunun 27-də
Şaduns və Karakozovun məruzəsi əsasında
Dağlıq Qarabağa bir ay müddətində muxtar vilayət
statusu verilməsinin təmin olunmasını Azərbaycan
Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə
həvalə etdi. İyulun 1-də Azərbaycan Kommunist
(bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət
Heyətinin iclası Kirovun sədrliyi ilə Qarabağ
haqqında məsələni dinləyərək 6 bənddən
ibarət qərar qəbul etdi. Azərbaycan Mərkəzi
İcraiyyə
Komitəsinə Dağlıq Qarabağa muxtariyyət vermək,
mərkəz Xankəndi olmaqla "Muxtar Qarabağ vilayəti"
yaratmaq təklif olundu. Sərhədlərlə
bağlı məsələləri müəyyən etmək
üçün komissiya (Qarayev-sədr, üzvlər: Karakozov,
Svidirov, İldırım və Bünyadzadə)
yaradıldı və s. 1923-cü il iyulun
4-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə
Komitəsi də eyni məzmunlu qərar qəbul etdi.
Azərbaycan
Sovetləri Mərkəzi İcraiyyə Komitəsi iyulun 7-də
M.B. Qasımov (1879-1949) və Ə.M. Xanbudaqovun (1893-1937)
imzası ilə Dağlıq Qarabağ Muxtar Vilayəti
yaradılması haqqında dekret verdi. Dekret preambula, dörd bənd və müştərək
komissiya yaradılması haqqında yekundan ibarətdir.
Göründüyü kimi, Azərbaycan Kommunist (bolşeviklər)
Partiyası Mərkəzi Komitəsinin qərarı ilə
dekretin adı arasında fərq vardır, çünki
Qarabağın aran və dağlıq hissəsini bir yerdə
ayırmaq əvəzinə, yalnız Dağlıq Qarabağı
ayırmaq qərara alınmışdı. Dekretin
Muxtar Qarabağ Vilayəti adlandırılması diqqəti cəlb
edir. Lakin sonralar, o, Dağlıq Qarabağ
Muxtar Vilayəti adlandırılır (işdə
dolaşıqlıq yaratmamaq üçün biz də bu ənənəni
davam etdirmək məcburiyyətindəyik, amma onu ilk rəsmi
sənədlərdə qeydə alınmış mənada qəbul
edirik-Y.M, K.Ş). Dekret ciddi hüquqi sənəd
təsiri bağışlamır, primitiv məzmunu ilə fərqlənir.
Preambulada tarixi xronologiya pozulur, faktlar təhrif
olunur, Dağlıq Qarabağa Muxtariyyət verilməsi zərurəti
kifayət qədər əsaslandırılmır. Dekretin birinci bəndində (Dağlıq
Qarabağın Erməni hissəsindən (ermənilər
yaşayan - Y.M. K.Ş) Azərbaycan SSRİ-in tərkib hissəsi
kimi, Xankəndi adlanan yer mərkəz olmaqla, muxtar vilayət
yaradılsın. Bu sənədin
özündən də aydın olur ki, ermənilər
bütün Dağlıq Qarabağda deyil, Dağlıq
Qarabağın da yalnız bir hissəsində
yaşayırdılar. Digər tərəfdən
yeni yaradılan muxtar vilayət üçün mərkəz
olaraq seçilən yerin adı da azərbaycanlılara məxsus
Xankəndi idi. Lakin bir qədər sonra
Xankəndinin adı dəyişdirilib, 1918-ci ilin mart
qırğınlarının təşkilatçısı,
Azərbaycan xalqının qəddar düşməni Stepan
Şaumyanın adı ilə, Stepanakert adlandırıldı.
Sonraları ədalət bərpa olundu, şəhərin
tarixi adı qaytarıldı) hüquqi-siyasi təhrifə yol
verilir. Azərbaycan torpaqlarından Dağlıq
Qarabağ Muxtar Vilayəti yaradılması və onun Azərbaycanın
ayrılmaz tərkib hissəsi olmasının təsdiqi əvəzinə, müxtəlif
cür təfsir olunan ifadələr işlədilirdi. Üçüncü bənddə isə, Sovetlər
qurultayı çağırılanadək Müvəqqəti
İnqilab Komitəsi yaradılır. Bu da,
heç şübhəsiz, vilayətin erməni rəhbərliyinə
daha geniş hüquqlar verirdi. Azərbaycan Kommunist
(bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət
Heyətinin 16 iyul (dekretdən 10 gün sonra!) tarixli
iclasının qərarı ilə Şuşa şəhəri
Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil
edildi. Dağlıq Qarabağ Muxtar Vilayəti
üçün quberniya icraiyyə komitələri
haqqında 1923-cü il Əsasnaməsi qəbul
və tətbiq edildi. Dağlıq Qarabağ
MuxtarVilayəti haqqında Əsasnamə isə 26 noyabr
1924-cü ildə çap olundu. Beləliklə,
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ
süni şəkildə aran və dağlıq hissələrinə
parçalanmış və Azərbaycan rəhbərliyi
Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış
ermənilərə muxtariyyət statusu verməyə məcbur
edilmişdi. Özü də bu addım həmin
hissədə Dağlıq Qarabağda yaşayan azərbaycanlıların
rəyi nəzərə alınmadan, onların hüquqları
kobudcasına tapdalanaraq atılmışdı. Ermənistanın Dağlıq Qarabağ formulu.
Dağlıq Qarabağın Azərbaycanın tərkibində
saxlanması və ona muxtariyyət verilməsi məsələsində
Ermənistanın mövqeyi maraq doğurur. Ermənistan
ilk dövrdə məsələnin bu şəkildə həlli
ilə razılaşmaq istəməmiş, 1921-ci il iyulun 16-da
Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi Qafqaz
Bürosunun 5 iyul tarixli qərarının onu təmin etmədiyini
bildirmiş və Dağlıq Qarabağa iddiasını davam
etdirməyə başlamışdı. Lakin
sonra muxtariyyət verilməsini öz məqsədinə
uyğunlaşdırmağa başlamış və
Dağlıq Qarabağ uğrunda mübarizə belə bir
formul almışdı. Dağlıq Qarabağa
muxtariyyat verilməsindən onun Azərbaycanın idarəsi
altından çıxarılmasına Dağlıq
Qarabağın Ermənistana birləşdirilməsinə
doğru! Bu formulun əsasında Dağlıq
Qarabağda və onun ətrafında erməni şovinizminin
gücləndirilməsi dururdu. İş o
yerə çatmışdı ki, Rusiya Kommunist (bolşeviklər)
Partiyası Mərkzəi Komitəsi XII qurultayında (1923,
17-25 aprel) K.Radek Azərbaycanda erməni şovinizmindən (aprelin
23-də) bəhs etmişdi. İ.Stalin isə
ona qarşı çıxmışdı. Adətən Qafqaz Bürosunun 5 iyul qərarından
bəhs etdikdə Stalinlə barışa bilməyən erməni
müəllifi burada onun sözlərindən gen-bol iqtibas gətirir.
Bu həmin partiya qurultayıdır ki, orada
Leninin Qurultaya məktubu oxunmuş və orada Stalinin obyektiv
xarakteristikası verilmişdi. XII qurultayda
seçilmiş Mərkəzi Komitə üzvlərinin
represiyası da məlum faktdır. Ona görə də
K. Radekin çıxışı ilə əlaqədar məsələlər
də yenidən tədqiq olunmalıdır.Stalinin timsalında
güclü müdafiəyə malik olan ermənilər
çox çəkmədən əsl niyyətlərini
açıqladılar, Şaduns 13 iyunda Zaqafqaziya Ölkə
Komitəsinə yazdı ki, bu muxtar vilayət (Dağlıq
Qarabağ-Y.M., K.Ş) bilavasitə Zaqafqaziya Ölkə Komitəsilə
bağlı olmalıdır; "Zaqfeverasiyasının rəhbərləri
problemlərin belə alternativ, daha ağıllı həllinə
getmədilər". Bununla, o, Ermənistanın
Dağlıq Qarabağla bağlı sonrakı fəaliyyətinin
əsas formula haqqında yuxarıda söylənənləri
çox aydın təsdiq etdi.
Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan Qarabağın
dağlıq hissəsinə muxtariyyət verilməsi və
onun ətrafında yaranan məsələlərə
münasibət Kirovun AK(b) P-nin VI
qurultayında (1924,5 may) yekunlaşdırılır. Onun
Dağlıq Qarabağa muxtariyyət verilməsinə olan
şübhə və inamsızlığı, az qala hər cümlədə hiss olunur. O, həmin
qurultayda demişdir: bu məsələni biz, nəhayət
(!), həll etdik və şübhəsiz (!), tamamilə
düzgün iş gördük. Bu məsələni,
əsasən, yenidən həll etməyə
qayıtmayacağımıza heç bir şübhə (?!),
yoxdur. Əslində isə, yuxarıda
göstərildiyi kimi, Kirovun bu məsələnin
düzgün həll olunduğuna şübhəsi vardı və
bu tamamilə əsaslı şübhə idi.
Azərbaycanın
Zəngəzur bölgəsinin Ermənistan tərəfindən
ələ keçirilməsi, Naxçıvanın digər
Azərbaycan torpaqlarından ayrı salınması Yuxarıda
göstərilənlərdən aydın olduğu kimi, Aərbaycan
Xalq Cümhuriyyəti hökuməti Azərbaycanın
tarixi-coğrafi ərazi bölgüsü ənənələrinə
sadiq qalaraq Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur
qəzalarını Qarabağ general-qubernatorluğunda birləşdirmişdi
və bu regiona vahid inzibati ərazi kimi baxırdı.
Yaqub
Mahmudov,
Kərim
Şükürov
Olaylar.- 2010.- 2-4 oktyabr.- S. 15.