Köləliyin yeni forması - insan alveri

 

Bu cinayətə qarşı necə mübarizə aparılır?

 

Köləliyin yeni forması olan insan alveri ilə bütün dünya, o cümlədən Azərbaycan mübarizə aparır. Bu mübarizəyə Avropanın insan hüquqları ilə məşğul olan bütün nüfuzlu beynəlxalq təşkilatları qoşulub. Avropa Şurasının Baş katibi Terri Devis dünya ölkələrini insan alveri ilə mübarizəyə səsləyən bəyənatla çıxış edib. Onun qənaətincə, Avropa köləliyə 200 il bundan əvvəl  son qoymuş ola bilər, lakin o, tamamilə məhv edilməmişdir. Avropanın müxtəlif yerlərinlə cinayətkar dəstələr insan alveri vasitəsilə varlanırlar və bir çox hökumətlər bunun qarşısını almaq üçün yetərli səy göstərmirlər. İnsan alveri cinayətin heç də ən gizli forması deyil. Onun qurbanlarına hər axşam Avropa Şurasının Strasburq şəhərində yerləşən qərərgahının yaxınlığındakı kanalın sahillərinə və Azərbaycanın şəhərlərində, eləcə də bütün Avropada rast gəlmək olar. Üzlərindəki qalın makiyaj belə onların iztirab və çarəsizliklərini gizlədə bilmir. Bəzi hallarda isə polis onları öz doğma vətənlərinə deportasiya edir. Bir çox hallarda isə deportasiya edilmələri haqqında verilən qərara atılan imzanın mürəkkəbi qurumamış, onlar Avropanın digər bucağında yenidən köləliyə qayıtmağa məcbur edilirlər. Təəssüflər olsun ki, cinayətkarların hər zaman bir addım öndə olduğu görünür. İnsan alverçiləri varlandığı vaxt bunun dəyərini onun qurbanları ödəyirlər. İnsan alverinin ən çox rast gəlinən motivi cinsi istismar olsa belə məcburi əmək, sürgün işləri və orqanların alınması da bu cinayətin motivləri arasındadır. Bu təəssüf doğurucu və utancverici vəziyyətə son qoymaq üçün Avropa Şurası 2005-ci ildə insan alverinin qarşısını almaq, cinayətkarları məsuliyyətə cəlb etmək, qurbanlara kömək etmək və hökumətlərin imza atdıqları öhdəliklərə əməl etmələrindən əmin olmaq üçün monitorinq mexanizmləri yaratmaq məqsədilə olduqca mühüm olan yeni Konvensiya yaratmışdır. Konvensiya 1 fevral tarixindən etibarən qüvvəyə minmiş və onu ratifikasiya edən on ölkədə -Albaniya, Avstriya, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Gürcüstan, Moldova, Rumıniya və Slovakiyada elə həmin gün hüquqi təsirə malik olmuşdur. Konvensiyanı yanvar ayında Bosniya və Hersoqovoniya, 1 may tarixində isə Fransa və Norveç ratifikasiya edib. Konvensiya insan alverindən zərər çəkənləri cinayətin günahkarları olaraq deyil, qurbanları olaraq dəyərləndirən ilk beynəlxalq sazişdir. O, insan alveri qurbanlarının hüquqlarını və şəxsi ləyaqətlərini qorumaq, həyatlarını yenidən qura bilmək üçün onlara həqiqətən şans vermək və bu müasir köləliyi dəmir barmaqlar arxasına salmaq üçün hazırlanmışdır. İnsan alveri ilə mübarizə mümkün olan ən geniş beynəlxalq əməkdaşlıq tələb edir və həm cinayətin mənbəyi olan ölkəni, həm tranzit ölkəsini, həm də son varış ölkəsini ehtiva etməlidir. Konvensiya təkcə Avropa Şurasına üzv olan 47 ölkəyə deyil, həm də qeyri-Avropa ölkələrinə də açıqdır və beləliklə də qlobal problemə qlobal cavabın verilməsinə şərait yaradır. Önləyici tədbirləri cinayətin mənbəyi olan ölkələrdə gələcək qurbanlarını axtaran cinayətkarlar tərəfindən manipulyasiya və yalan məlumatın yayılmasının qarşısını almaq üçün maarifləndirmə işlərini ehtiva edir. Digər tərəfdən isə son varış ölkəsinin hökumətləri tələbatın qarşısını almaq üçün fəaliyyət göstərməlidirlər. Praktiki cəhətdən bu o deməkdir ki, istənilən ölkədə fahişəliyin hüquqi statusundan asılı olmayaraq, səlahiyyətli orqanlar insan alverinin qurbanları olduğunu bilərək onlarla cinsi əlaqədə olmaq üçün pul ödəyən şəxsləri cinayət məsuliyyətinə cəlb etməlidirlər. Əlbəttə, bu tələbatı aşağı salmağın yeganə yolu deyil, maarifləndirmə təşəbbüsləri ilə təlim də insan alverinin tələbat tərəfinin aşağı salınmasının mühüm cəhətlərindəndir. Konvensiya insan alverinin qurbanlarına bərpa və düşünmək üçün 30 günlük müddət və polislə əməkdaşlığa səbəb olmayacaq müvəqqəti yaşamaq icazəsi mümkünlüyünü təqdim edir. Bu, insan alveri və məşğul olanların cinayət məsuliyyətinə cəlb olunması baxımından könüllü əməkdaşlığın daha yaxşı nəticələr verə biləcəyini nümayiş etdirən Avropa Şurasına üzv olan bir sıra dövlətlərin təcrübəsinə əsaslanıb. Konvensiya Avropada insan alverinin səviyyəsini nəzərə çarpan dərəcədə azaltmaq potensialına malikdir. Onun qüvvəyə minməsi çox mühüm addımdır, lakin bir çox ölkələr-onların bir çoxu bu ticarətin varış nöqtəsində yerləşir - onu hələ ratifikasiya etməyiblər və bu məsələnin həllini yubadıblar. Bu məsələni qaldıranda isə hökumətlər qeyri-qanuni miqrasiya ilə bağlı öz qorxularını əsas gətirirlər, lakin aydındır ki, onlar problemi düzgün anlamırlar. Əslində isə insan alverinin qurbanını qanunsuz miqrant kimi dəyərləndirmək, cinsi zorlamanın qurbanını əxlaqsız cinsi əlaqədə günahlandırmaq kimi bir şeydir: "Eynilə qurbanların əksəriyyəti bilməlidir ki, onların işi ekzotik rəqslərdən daha da irəli gedəcək arqumenti də provakativ geyimin cinsi istismara dəvət olmasını iddia edən arqumentlə eyni çəkiyə malikdir. Heç kəs istənilən şərait altında başqasını azadlıqdan məhrum etmək və onu öz insan hüquqlarını pozacaq və şəxsi ləyaqətini alçaldacaq hərəkətlərə sövq etmək hüququna malik deyil. Avropada insan alverinə son qoymağın vaxtıdır və Konvensiyanın qüvvəyə minməsi bunu etmək üçün belə bir imkan yaradır. Məhz ona görə də onu hələ də ratifikasiya etməyən və hətta imzalamayan ölkələr artıq gecikmədən bunu etməlidirlər". Etiraf edilməlidir ki, Azərbaycanda insan alverinə qarşı aparılan mübarizənin səviyyəsi heç də Avropa ölkələrindən geri qalmır. Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli 208 saylı Sərəncamı ilə Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" təsdiq edilmişdir. 19 may 2004-cü il tarixli 231 saylı sərəncamın icrası ilə əlaqədar DİN-in tərkibində İnsan Alverinə qarşı Mübarizə İdarəsi yaradılmış və daxili işlər nazirinin müavini Milli Koordinator təyin edilmişdir. 2004-cü il ərzində respublika üzrə insan alveri cinayətləri ilə bağlı 115 cinayət faktı qeydə alınmışdır. Qeyd olunan faktlarla bağlı keçirilmiş əməliyyat tədbirləri nəticəsində 106 nəfər cinayət məsuliyyətinə cəlb edilmiş, 240 nəfər qurban müəyyən edilərək müayinə olunmaları məqsədi ilə sağlamlıq mərkəzlərinə göndərilmişlər. Həmin qurbanların 231-i Azərbaycan, 6-ı Özbəkistan, 2-i Rusiya, 1-i Gürcüstan vətəndaşları olmuşlar. Əməkdaşların insan alverinə qarşı mübarizədə peşəkarlığın yüksəldilməsi, müvafiq qanun pozuntularının keyfiyyətli sənədləşdirilməsi, əməliyyat-axtarış fəaliyyətinin forma və üsullarından səmərəli istifadə edilməsi məqsədi ilə peşə dərsləri təşkil edilmiş, beynəlxalq təcrübədən istifadə olunmuşdur. 2004-cü il ərzində ABŞ-ın Azərbaycandakı Səfirliyi vasitəsi ilə həmin dövlətin insan alveri cinayətləri üzrə təcrübəli iki mütəxəssisi 15 gün müddətində İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşları ilə seminar treninqlər keçirmişlər. Həmçinin, idarə əməkdaşları ötən ildə 6 dəfə digər dövlətlərdə bu növ cinayətlərlə mübarizə üzrə keçirilən seminarlarda iştirak etmişlər. Vətəndaşların ölkədən qanunsuz çıxarılması, qanunvericilikdə nəzərdə tutulmayan məcburi əməyə cəlb edilməsi və insan alveri məqsədilə istismar olunmalarından qorunması işinin təmin edilməsi üçün Milli Təhlükəsizlik Xarici İşlər, Ədliyyə və Səhiyyə Nazirlikləri, Baş prokurorluq, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi ilə qarşılıqlı əlaqələr yaradılmışdır.

Azərbaycan Respublikası tərəfindən 2000-ci ilin dekabrın 12-də imzalanmış və 2003-cü ilin mayın 13-də Azərbaycan Respublikasının qanunu ilə təsdiqlənmiş BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının və onu tamamlayan "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması" haqqında Protokolun, eləcə də 2002-ci ilin sentyabrın 20-də qəbul edilmiş "İnsan alverinin qarşısının alınması  və ona qarşı mübarizə haqqında" Brüssel Bəyannaməsinin müddəaları insan alveri cinayətləri ilə mübarizənin təşkil edilməsi və həyata keçirilməsində əsas yer tutur. BMT-nin qeyd edilən Konvensiya və protokollarına qoşulmuş Azərbaycan Respublikası öz milli qanunvericiliyini beynəlxalq normalara uyğunlaşdırmış, hüquqi islahatların aparılması  əsasında 2000-ci ilin sentyabrın 1-də qüvvəyə minmiş Azərbaycan Respublikasının yeni Cinayət Məcəlləsində insan alverinin müxtəlif formalarında təzahür edən fahişəliyə cəlb etmə, seksual xarakterli zorakılıq hərəkətələri, seksual xarakterli hərəkətlərə məcbur etmə, yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız hərəkətlərə cəlb etmə, yetkinlik yaşına çatmayanın alqı-satqısı və s. cinayət əməllərinə görə bir neçə müstəqil normalarda cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. İnsan alveri üzrə aşkar edilən cinayətlər əsasən seksual xarakterli zorakılıq hərəkətləri, seksual xarakterli hərəkətlərə məcbur etmə, yetkinlik yaşına çatmayanları fahişəliyə və əxlaqsız hərəkətlərə cəlb etmə yetkinlik yaşına çatmayanın alqı-satqısı və fahişəliyə cəlb etmə, ilə bağlı olub. Cinayət Məcəlləsinin göstərilən maddələri ilə təhqiqat və ibtidai istintaq növündə ibtidai araşdırma aparılması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 215-ci maddəsinə əsasən Daxili işlər orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Qanunvericiliyə görə, prokurorluq həmin cinayətlərin ibtidai araşdırılması zamanı prosessual rəhbərliyi həyata keçirir  məhkəmədə həmin cinayət işləri üzrə ittihamı müdafiə edir. İnsan alveri kimi ictimai təhlükəli əməlin özlüyündə müstəqil cinayət tərkibi nəzərdə tutulan norma kimi Cinayət Məcəlləsinə "İnsan Alveri" adı altında 144-1 maddəsinin əlavə edilməsindən ötrü Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən qanunvericilik təşəbbüsü ilə müraciət olunmuşdur. Bundan əlavə Milli Fəaliyyət Planında nəzərdə tutulmuş insan alveri ilə mübarizədə xüsusi polis qurumu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinn tərkibində insan alverinə qarşı mübarizə idarəsi təsis edilmişdir. İnsan alveri cinayətlərinin təqibi həmin cinayətlərin müəyyən edilməsi, insan alveri cinayəti törətmiş şəxsin ifşa olunması, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin həyata keçirilməsi, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, insan alveri cinayəti törətmiş şəxsə cəza təyin edilməsindən ibarətdir. Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə ilə məşğul olan müvafiq dövlət strukturları BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir və bu yönümdə fəaliyyətin gücləndirilməsi üçün əlavə tədbirlər görür. Eyni zamanda, dövlət strukturları tərəfindən İnsan Alverinə qarşı mübarizə haqqında və İnsan alverinə qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi haqqında (Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar Məcəlləsinə) Qanun layihələri hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir. Hətta keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində təkcə bu il Azərbaycanda 57 insan alveri cinayət faktı aşkarlanıb.

Aşkar olunmuş 57 cinayət faktı nəticəsində 21 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 27 nəfər insan alveri qurbanı aşkar olunub. Qurbanların 11 nəfərinə sığınacaq verilib, 5 nəfər işlə təmin olunub, 21 nəfər isə müvafiq peşə kurslarına cəlb olunub. İctimai mənəviyyat əleyhinə olan hüquq pozmaları üzrə 217 fakt qeydə alınb, bunun 72-si fahişəliyə cəlbetmə, 134-ü isə əxlaqsızlıq yuvaları saxlamadır. 2009-cu ildə isə Azərbaycanda 749 qadın fahişəliklə məşğul olduğuna görə, inzibati qaydada cəzalandırılıb. 2009-cu ildə Azərbaycan hökuməti insan alverinin qurbanlarına 65 min ABŞ dolları yardım  ayırıb. Azərbaycan dövləti bu sahədə inkişafa nail olmaq məqsədi ilə müxtəlif qanunlar qəbul edib və bunların həyata keçirilməsində uğurlu addımlar atıb. 2005-ci ildə qəbul edilmiş İnsan alverinə qarşı mübarizə haqqında qanunun tətbiqi sahəsində böyük işlər görülüb. 2009-cu ilin mart ayında insan alveri qurbanları üçün hökumət yardım mərkəzi açıb, orada onlarla insana hüquqi yardım göstərilib. Azərbaycan hökuməti insan alveri ilə bağlı ictimaiyyətin məlumatlandırılması sahəsinlə xeyli iş görüb. Hökumət ölkənin 58 rayon və şəhərində insan alverinə qarşı mübarizə ilə əlaqədar seminar və treninqlər təşkil edib. Bununla bağlı səylərini davam etdirərək televiziya və radioda ictimaiyyəti məlumatlandırma kampaniyası aparıb. Ölkə ictimaiyyətinin məlumatlandırılması və potensial insan alveri qurbanlarının müəyyənləşdirilməsində qeyri-hökumət təşkilatları ilə hökumət arasında sıx əməkdaşlıq qurulub.

 

 

Alim

 

Olaylar.-2010.- 5 oktyabr.- S.13.