Ermənistan
Azərbaycanın mədəni irsinə, dəyərlərinə
təcavüz edən tərəfdir
Elşad
Mirbəşiroğlu: "Beynəlxalq ictimaiyyəti buna inandırmağa
çalışırıq və buna
qismən nail olmuşuq"
"Azərbaycan
dövləti kifayət qədər hesablanmış, ölçülüb-biçilmiş strategiya üzrə fəaliyyət göstərir"
Müsahibimiz politoloq Elşad Mirbəşiroğludur
-Elşad
müəllim, Ermənistan-Azərbaycan münaqişəsinin
tənzimlənməsi istiqamətində aparılan
danışıqlar prosesinin
hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
-Ermənistan-Azərbaycan
münaqişəsinin tənzimlənməsi istiqamətində
aparılan danışıqlar prosesində passivlik
ötən illərə nisbətən əhəmiyyətli,
nəzərəçarpacaq dərəcədə azalıb. Ən
azı 2008-2009-cu illərdə prezidentlərin intensiv
görüşləri baş tuturdu. Bundan başqa xarici işlər
nazirləri səviyyəsində danışıqlar keçirilirdi. Ancaq bu dinamiklik xeyli
dərəcədə azalıb. Bu
baxımdan münaqişənin tənzimlənməsi istiqamətində
aparılan danışıqlar prosesində müəyyən bir passivlik mövcuddur.
Bunu ATƏT-in Minsk Qrupu, eləcə də dünyanın siyasətini
müəyyənləşdirən dövlətlər də hiss edirlər. Həmin dairələr dəfələrlə
bəyan ediblər ki, danışıqlar
prosesindəki canlanmanı bərpa etmək lazımdır. Təbii
ki, danışıqlar prosesi
tam dayanmayıb. Düzdür,
bu günə qədər aparılan
danışıqlar nəticəsiz danışıqlardır
və bunu danışıqlar xatirinə
aparılan danışıqlar adlandırmaq olar.
Münaqişənin tənzimlənməsi istiqamətində
bizim maraqlara cavab verən heç bir nəticə əldə edilməyib. Ona görə də hesab
edirəm ki, artıq məsələyə
yeni bir prizmadan yanaşmaq
lazımdır. Danışıqlar prosesində
tərəflərin davranışına qiymət verəndə
həmişə olduğu kimi
yenə də görürük ki, Azərbaycan münaqişənin tənzimlənməsinə
tam meyilli göründüyü halda,
Ermənistan tərəfi sanki xarici subyektlərin, qüvvələrin təsiri
altında münaqişə vəziyyətinin
qalmasına, status-kvonun saxlanmasına
çalışır. Ermənistan tərəfinin bu cür münasibəti fonunda hazırkı məqamda
danışıqların elə bir perspektivi görünmür.
-Beynəlxalq aləmin bu ədəlatsizliyə göz
yumması və işğalçı Ermənistana heç bir təzyiq
göstərməməsi Azərbaycanı hərbi əməliyyatlara
başlamağa nə dərəcədə
məcbur edə bilər?
-Azərbaycan tərəfi dəfələrlə
bəyan edib ki, nəticəsiz
danışıqları sonsuzluğa qədər
davam etdirmək fikrində deyilik.
Cənab prezident İlham Əliyev də istər ölkə
daxilində, istərsə də beynəlxalq tribunalardan
dəfələrlə açıq şəkildə bəyan
edib ki, Azərbaycan öz torpaqlarını hərbi vasitələrlə
azad etmək iqtidarındadır və
danışıqlar heç bir nəticə verməyəcəyi təqdirdə
Azərbaycan bu vasitəyə əl atmaq məcburiyyətində qalacaq.
Beynəlxalq ictimaiyyətdə öz
növbəsində cəbhə xəttində son zamanlar yaranmış gərginlikdən
böyük narahatçılıq keçirir və yenidən hərbi əməliyyatların
başlamasını istəmirlər. Ancaq təəssüflə
qeyd edirəm ki, beynəlxalq
aləm, təşkilatlar, dünyanın söz
sahibi olan dövlətlərin
bütün imkanları olduğu
halda bu gün Ermənistana heç
bir təzyiq göstərmir, sanki bu ölkənin
işğalçılıq siyasətini dəstəkləyirlər.
ATƏT-in Minsk Qrupu həmsədrlərindən
olan Birləşmiş Ştatlar
yenə də Ermənistana, həmçinin ayrıca olaraq Dağlıq Qarabağa
müxtəlif ad altında
yardımlarını davam etdirir.
Minsk Qrupunun digər bir həmsədri Rusiya Ermənistanla
hərbi-texniki sahədə daha sıx əməkdaşlıq
edir. Bütün bunlar onu
göstərir ki, işğalçı
Ermənistana bu gün
beynəlxalq təzyiq müşahidə olunmur
və belə bir şey
gözləmək də əbəsdir. Əlbəttə ki, bu cür
münasibətlər Azərbaycanı özünün
malik olduğu hərbi
potensialından istifadə edərək öz
torpaqlarını işğaldan azad etməyə təhrik edəcək. Beynəlxalq hüquq da Azərbaycana bu
imkanı verir və bu
imkanı taynıyır ki, problemin həlli diplomatik yollarla mümkün
olmadığı təqdirdə dövlət özünün
ərazi bütövlüyünü bərpa
etmək üçün hərbi vasitəyə
əl ata bilər. Əgər beynəlxalq
təşkilatlar, dünyanın aparıcı dövlətlərinin
məsələyə bu qədər qeyri-obyektiv yanaşması Azərbaycanı məhz
bu addıma, yəni hərbi vasitəyə
əl atmağa təhrik edir.
Beynəlxalq güclər onu da nəzərə almalıdırlar ki, Azərbaycanla Ermənistanın hərbi
potensialı müqayisə olunmayacaq dərəcədə
fərqlidir. Baxmayaraq ki,
bu gün Rusiya Ermənistana hərtərəfli hərbi
dəstək verir, ancaq
yenə də Azərbaycanın iqtisadi
potensialı onun daha böyük hərbi qüvvə əldə
etməsinə imkan yaradıb. Bu gün Azərbaycan hərtərəfli
şəkildə öz torpaqlarını
hərbi vasitələrlə azad etmək
iqtidarındadır. Ona görə də hesab edirəm ki, beynəlxalq
təşkilatlar bu barədə ciddi düşünməlidirlər. Əlbəttə
ki, onlar bu situasiyadan
narahatdırlar və bilirlər ki, Azərbaycanın
hərbi gücü işğal
olunmuş torpaqları azad
etməyə qadirdir. Buna
görə də onlar istənilən
vasitələrlə Azərbaycanı müharibədən
çəkindirməyə çalışırlar. Ancaq təəssüf ki,
Dağlıq Qarabağ probleminin
tənzimlənməsi istiqamətində onların fəaliyyəti
imitasiya xarakterlidir, heç bir əməli
addım atılmır.
-Azərbaycan hərbi əməliyyatlar
başlayarsa, rəsmi Bakı nə dərəcədə
beynəlxalq təzyiqlərlə üz-üzə qala bilər?
-Azərbaycan dövləti kifayət
qədər hesablanmış, ölçülüb-biçilmiş
strategiya üzrə fəaliyyət
göstərir. Bu gün
Azərbaycan tərəfi danışıqların davam etməsi, danışıqlar vasitəsilə
öz torpaqlarının geri
qaytarılması üçün beynəlxalq
ictimaiyyətin istədiyi bütün
addımları atır. Birləşmiş Millətlər Təşkilatının
Baş Assambleyasının 65-ci
sessiyasında işğal olunmuş
ərazilərdəki vəziyyətə dair
Azərbaycanın işləyib hazırladığı qətnamə
müzakirə olunmalı idi. Aancaq ATƏT-in
Minsk Qrupunun həmsədrləri
belə bir fikir səsləndirdilər
ki, bu qətnamə
ümumilikdə danışıqlar prosesini
ləngidə bilər və Azərbaycan da
bu bəhanənin qarşısını almaq üçün
sözügedən sənədin müzakirəsini
dayandırdı. Bu bir
daha onu göstərir
ki, Azərbaycan son məqama
kimi diplomatik vasitədən
yararlanmaqda israrlıdır. Bu diplomatik vasitələr
tükəndikdə və Azərbaycan hərbi əməliyyatlara
əl atdıqda isə ona kiminsə irad tutmağa heç bir haqqı olmayacaq. Azərbaycanın bu
gün ətdığı addımlar onun gələcəkdə atacağı
addımları sığortalamağa, beynəlxalq ictimaiyyəti
susdurmağa kifayət edəcək. Azərbaycanın
kifayət qədər arqumentləri olacaq
ki, beynəlxalq birliyin
Ermənistana qarşı qətiyyətli addım atmaması
nəticəsində hərbi əməliyyatlara üstünlük verdi. Biz əsaslandıracağıq ki, Azərbaycanın hərbi əməliyyatlara
əl atmasında günahkar məhz beynəlxalq
ictimaiyyətin özüdür. Hesab edirəm ki, beynəlxalq
ictimaiyyətin özündə də bunu
dərk edəcəklər. Bu baxımdan hesab edirəm ki, Azərbaycan
öz hərəkətlərini arqumentləşdirə
biləcək.
-Elşad
müəllim, ATƏT-in Faktaraşdırıcı
Missiyasının regiona bu
dəfəki səfərindən nə gözləyirsiniz?
Sizcə hazırlanacaq sənədlərdə obyektmvlik
tam əks olunacaqmı?
-ATƏT-in
Faktaraşdırıcı Missiyasının xarakterinə nəzər
salsaq burada bir sıra məqamlarla rastlaşarıq. Onu da qeyd
edim ki, bu məqamlar bizim
maraqlarımıza cavab verən məqamlardır.
ATƏT-in Minsk Qrupunun həmsədrləri oktyabr
ayının əvvəlində regiona səfər
edən zaman işğal
altında olan ərazilərə Azərbaycanın
ərazisindən keçərək daxil olmuşdular və fransalı həmsədr Bernar Fasye bunu
nümayişkəranə şəkildə səsləndirmişdi.
Hətta fransalı həmsədr erməni jurnalistlərinin
qınağına da səbəb olmuşdu. Bu
öz-özlüyündə çox
müsbət bir haldır və və bizim haqlı
maraqlarımıza cavab verən məsələdir.
Bütün halda
Faktaraşdırıcı Missiya obyektiv hesabat verməkdən
başqa bir yola malik deyil.
Çünki işğal
altında olan ərazilər Azərbaycanın
əraziləridir və işğalçı da Ermənistan tərəfidir. Birmənalı
olaraq Azərbaycanın ərazisindəki
mədəni irs, Azərbaycanın malik olduğu digər dəyərlərə
təcavüz məhz Ermənistan tərəfindən edilib. Faktaraşdırıcı Missiya bunu heç
bir vasitə ilə kölgə altına ala, gizlədə bilməz. Ona
görə də hesab edirəm ki, onlar ən azından obyektiv hesabat hazırlamaq
məcburiyyətindədirlər. Bundan başqa Azərbaycan tərəfinin tələbi
ondan ibarətdir ki, nəinki
işğal olunmuş
ərazilərdə, hətta Ermənistan ərazisində də
Azərbaycan irsinə erməni tərəfinin olan
münasibəti araşdırılsın. Hesab
edirəm ki, Faktaraşdırıcı Missiya hətta istəsə belə,
saxtakarlığa yol vermək imkanına malki deyil.
-Hazırlanacaq hesabat
əsasında nə dərəcədə əməli
addımlar atıla bilər?
-Bizim gözlədiyimiz
obyektiv hesabat
olacağı təqdirdə ondan istifadə
etmək məsələsi öz üzərimizə
düşür. Bu faktlardan biz özümüzün danışıqlar
masası arxasında mövqelərimizi gücləndirmək,
beynəlxalq ictimaiyyətə əsl haqlı tərəf təqdim
etmək üçün istifadə edə
bilərik və bu bizə çox
böyük yardımçı olacaq. Hesab edirəm ki, bu Azərbaycanın
diplomatiyası üçün yeni siyasi dividentlər verəcək.
Əlbəttə ki, biz
bu faktlardan istifadə
edərək öz diplomatik
strategiyamızı müəyyənləşdirəcəyik.
Bu növbəti addımlarda bizə diplomatik uğur gətirən bir hal ola bilər. Çünki biz uzun müddətdir
ki, Ermənistanın işğalçı, bu
ölkənin Azərbaycanın
mədəni irsinə,
dəyərlərinə təcavüz
edən tərəf olmasını beynəlxalq
ictimaiyyətə inandırmağa
çalışırıq və buna qismən
nail olmuşuq. Faktaraşdırıcı
Missiyanın ortaya qoyacağı faktlar, hazırlayacağı obyektiv
hesabat Ermənistanın
iç üzünü
açmaq üçün
Azərbaycanın əlində
çox dəyərli
bir arqument olacaq. Bunun əhəmiyyətini azaltmaq düzgün olmaz. Onu da qeyd edim ki, bu
sayca ikinci Faktaraşdırıcı Missiyadır
və ilk missiya 2001-ci
ildə həyata keçirilib. Çox
nadir hallarda reallaşdırılan
bu addım Azərbaycan üçün
əhəmiyyətsiz ola bilməz. Bu baxımdan hesab
edirəm ki, Azərbaycan hazırlanacaq
hesabatdan kifayət qədər səmərəli
şəkildə yararlana
biləcək.
Süleyman
Olaylar.- 2010.- 19 oktyabr.- S. 4.