Sevgilisindən,
oğlundan və anasından xəbərsiz ölən tənha
dahi
“Qara seyidlər”in
bəxtsiz övladının 100 yaşı tamam oldu...
...O da çoxları kimi sakit və xoşbəxt
həyat yaşamaq istəyirdi. Dərd-sərdən,
haqsızlıqlardan, tənhalıqdan uzaq... O da bir
çoxları kimi işə könül
rahatlığıyla gəlmək, arzularını, istəklərini
həyata keçirmək niyyətindəydi. Hansısa maneələrə,
şər-böhtanlara, ədalətsizliklərə
uğramadan... O da əksəriyyət kimi ailə sahibi
olmağı, təklikdən, tənhalıqdan
qurtulmağı arzulayırdı... O, xoşbəxt olmaq istəyirdi.
Həm bir insan, həm də
bir peşəkar rejissor, sənətkar kimi...
Amma tale
üzünə heç gülmədi. Həyatının bir
neçə anlarını çıxmaq şərtilə.
O, xoşbəxtliyin tam olaraq nə demək olduğunu bilmədi.
Nə bir insan, nə də bir sənətkar kimi. O,
xoşbəxt ola bilmədi. Nə sənətdə, nə də
həyatda...
Demək olar ki, bütün yaradıcılığı boyu haqsızlıq onu təqib etdi. Qarşısına sədlər çəkildi. Arzuları pərən-pərən oldu. Müxtəlif bəhanələrlə filmləri əlindən alındı. Həyatı da eləcə... Ömrünün sonuna qədər tək-tənha, yalqız yaşadı. İllərlə sevdiyi qadının, yeganə oğlunun üzünə həsrət qaldı. Ömrünün son günlərində belə onları görmək nəsibi olmadı. Nə yasına gəldilər, nə məzarının üstünə... O, bax elə beləcə də ömrünü başa vurdu. Kino həyatında böyük haqsızlıqlara düçar olmuş, ömrünü yalqız başa vurmuş, Azərbaycanda ilk rəngli bədii filmin müəllifi olaraq adını tarixə həkk etmiş görkəmli rejissor Hüseyn Seyidzadə kimi...
Aktyor, rejissor
köməkçisi, rejissor...
Bəlkə də ömrünün ən
xoşbəxt, qayğısız çağları elə
uşaqlıq illəri olub... Amma bu da cəmi 8 il davam edib.
Hüseyn Seyidzadə 1910-cu il oktyabrın 15-də İrəvanda
doğulub. Atası Mirəli bəy ticarətlə məşğul
olurdu. Anası Ruqiyyə xanım isə evdar qadın idi. Ailə
1918-ci ilə qədər Qəmərlidə yaşayıb.
Lakin erməni daşnaklarının azərbaycanlılara
qarşı qırğınlar törətdiyi 1918-ci ildə
8 yaşlı Hüseynin ailəsi doğma yurdu tərk edərək
əvvəl Tiflisə, sonra isə Bakıya köçməli
olur. Bakıya köçəndə Hüseyn artıq
üçüncü sinifdə oxuyurdu...
Həyatda
qarşılaşdığı ilk ən böyük faciəni
də elə uşaqlıq illərində yaşayır. Kiçik
yaşlarında atasını itirir. Atası Mirəli bəy
Qarsda vəfat edir və elə orada da dəfn olunur (Mirəli
Seyidovun Qarsdakı məzarını illər sonra
qardaşı Mirqasım Seyidovun nəvəsi Dilarə Seyidzadə
tapır). Atasının vəfatından sonra Hüseyni və
ailəsini əmisi Mirqasım Seyidov saxlayır.
Qardaşının 2 oğlunu və 2 qızını
özünün 3 oğlu və 2 qızından
ayırmır. Onları da öz doğma balaları kimi
saxlayıb böyüdür...
Hüseyn Seyidzadə bir müddət Bakıda Lenin adına trikotaj fabrikində fəhlə işləyir. 1928-ci ildə Bakı İşçi teatrında kütləvi səhnələrdə çıxış edir. 1929-cu ildən isə burada aktyor kimi fəaliyyətə başlayır. Elə həmin il teatr onu Leninqrada təhsilini davam etdirməyə göndərir. Orada Dövlət Fəhlə Gənclər Teatrında təcrübə keçir, 1930-cu ildə Bakıya, kinostudiyaya qayıdır. Həmin il o, “İlk komsomol buruğu” bədii filmində neftçi rolunda çəkilir. Bununla da ecazkar kino sahəsindən ömrünün sonuna qədər ayrıla bilmir.
Ancaq kinoya olan həvəs, sevgi hələ uşaqlıqdan özünü göstərirdi. Bacısı Zəhra xanım xatirələrində danışardı ki, “Hüseyn tez-tez dərsi buraxırdı, kinoya qaçırdı, pulu olmayanda, seansdan sonra stullar arasında gizlənib, o biri seansa da baxırdı. O elə uşaqlıqdan kinoya bağlanmışdı. Tale də onu kinoya gətirdi. Hətta anam Ruqiyyə ilə məni də kinofabrikə aparıb, “Əlsizlər” filminə çəkdirmişdi”.
Xoşbəxtlik
idimi bu, ya bədbəxtlik, bunu hələ bilmirdi. Bildiyi
bircə o idi ki, kinonu sonsuz məhəbbətlə sevirdi. Qismətiydimi
bu, ya alın yazısı?! Amma tale onu həqiqətən də
kinoya gətirirdi. Əvvəl bir aktyor, sonra isə rejissor
köməkçisi və rejissor kimi. Hüseyn Seyidzadə 1
ilə yaxın Bakı kinostudiyasında rejissor köməkçisi
işləyir. 1931-ci ildə isə Moskvaya yola
düşür. Ümumittifaq Dövlət Kinematoqrafiya
İnstitutunda təhsil alır. Kulişov və Eyzenşteynin
rejissorluq emalatxanasında, “Lenfilm”, “Mosfilm”, Maksim Qorki adına
kinostudiyada təcrübə keçir, bu studiyalarda istehsal
olunan filmlərdə rejissor assistenti, ikinci rejissor işləyir.
Sovet ekranının adlı-sanlı ustaları Petrovun, Aleksandrovun,
Lyudkeviçin rəhbərliyi altında
çalışır. 1936-cı ildə institutu qurtarıb
Bakıya qayıdan gənc mütəxəssis kinostudiyada
“Bakılılar”, “Bir ailə” bədii filmlərində dublyaj
rejissoru, rejissor assistenti işləyir.
Kino tariximizdə ilk rəngli bədii
filmə imza atır
Hüseyn Seyidzadənin müstəqil rejissor
kimi kino həyatı 1939-cu ildə “Ayna”yla başlayır. Amma
elə ilk dəfədən də uğursuzluğa
düçar olur. Niyazi Bədəlovla birgə çəkdiyi
film məlum olmayan səbəblərdən
yarımçıq dayandırılır. Bundan sonra yarımçıq
qalan “Ayna”nın materiallarından istifadə edərək
müharibə mövzusunda yeni bir film çəkirlər.
İmran Qasımovun ssenarisi əsasında 1943-cü ildə
hazır olan film bu dəfə “Sovqat” adlandırılır.
Baş rolu Leyla Bədirbəyli ifa edir.
1953-cü ildə kinostudiyada “Doğma xalqıma” bədii-sənədli filminin istehsalı başlayır. Filmin quruluşu rejissor Yan Fridə tapşırılır. Görkəmli rus kinorejissoru M. Rommun xahişindən sonra isə Hüseyn Seyidzadəyə Yan Fridlə birgə bu filmi çəkməyə icazə verilir. Beləliklə, 1954-cü ildə Azərbaycanda ilk rəngli bədii-sənədli film müvəffəqiyyətlə çəkilib ekranlara buraxılır. Məhz bundan sonra Hüseyn Seyidzadəyə müstəqil olaraq tammetrajlı bədii film həvalə olunur.
1956-cı ildə, nəhayət, kino taleyi Hüseyn Seyidzadənin üzünə gülür. Bəlkə də kino həyatında özünü xoşbəxt hiss etdiyi vaxtlardan biri elə onda olur. Azərbaycan kino tarixində ilk rəngli bədii film olan “O olmasın, bu olsun”a quruluş verir. Dahi Üzeyir Hacıbəylinin eyniadlı operettasını Sabit Rəhmanın ssenarisi əsasında ekranlaşdırır. Amma bu xoşbəxtliyin də ömrü qısa olur. Elə ilk təqdimatdan sonra film böyük tənqidlərə tuş gəlir. “...Heç bir estetik qanuna tabe olmayan, mənasız və zövqsüz çəkilmiş səhnələr, lüzumsuz vuruşma, qaçışma, hay-küylər... Eybəcər oyunbazlıqlar... Rejissor işinin pərakəndəliyi hər obrazda, hər kadrda özünü göstərir...” kimi fikirlər (“Kommunist” qəzeti), ““O olmasın, bu olsun” filmində tamaşaçıların etirazına səbəb olan qüsur... kinokomediyada olmayan, sonra əlavə edilmiş primitiv əhvalatlar - bazarda qoçuların davası, Rüstəm bəyin evində qonaqların qalmaqalı, hamamda çəkilən çirkin naturalist səhnələr və i. a. kimə lazım idi? Bu əhvalatlar filmdə o qədər işıq, o qədər hay-küylə verilmişdir ki, komediyanın əsasını təşkil edən ictimai motivlər kölgədə qalır...” (“Ədəbiyyat və incəsənət” qəzeti) kimi tənqidlər mətbuatda dərc edilir. Lakin bunların heç biri filmin ekran ömrünü qısalda, şöhrətini, tamaşaçı sevgisini azalda bilmir. Azərbaycanın ən böyük aktyorlarının “çələngi” sayılan bu film 60-dan artıq ölkədə nümayiş olunur. Bu günün özündə də televiziya kanallarında göstəriləndə maraqla izlənilir, güldürür və düşündürür.
Hüseyn Seyidzadənin ikinci filmi “Koroğlu” olur. Belə bir qəhrəmanlıq dastanını ekrana çıxarmaq (1960), bədii kinomuzda ilk genişekranlı film yaratmaq rejissorun cəsarətinin təzahürü olsa da, ssenari Moskvada əsaslı dəyişikliklərə məruz qalır. “O olmasın, bu olsun” filmindəki o qeyri-adi, bənzərsiz aktyor ansamblı ilə müqayisədə bu ifaçılar sönük görünürdülər. Aktyor seçimi obrazın xarakteri, fərdiyyəti ilə üst-üstə düşmürdü. Bu da filmin yaradılması prosesində rejissorun təzyiqlərə məruz qaldığını göstərirdi. Nəticədə “Koroğlu” rejissorun 2-3 il ondan əvvəl çəkdiyi filmdən sənətkarlıq baxımından kəskin fərqlənirdi.
“Final dəyişdirilməsə,
ekranlara buraxılmayacaq”
60-cı illərdə baş vermiş bir hadisə
də Hüseyn Seyidzadəni xeyli sarsıdır. Belə ki,
şair Novruz Gəncəli Alla Axundova ilə Hüseyn Seyidzadənin
birgə yazdığı “Var olun, qızlar” ssenarisinin ona məxsus
olduğunu iddia edirdi. O, məhkəməyə müraciət
edərək, bu ssenarinin onun 1961-ci ildə “Azərbaycan”
jurnalında dərc edilmiş “Bizim sahildə” adlı əsərindən
oğurlandığını bildirir və ssenarinin çəkilişinin
saxlanılmasını tələb edirdi. Uzun məhkəmə
çəkişmələrindən sonra Alla Axundova Hüseyn
Seyidzadənin iştirakı ilə ssenarinin müəllifi
kimi təsdiq olunur. Ancaq filmi rejissor Eldar Quliyev çəkir -
1974-cü ildə.
Hüseyn Seyidzadənin müstəqil rejissor kimi sonrakı iki filmi - “Yenilməz batalyon” (1966) və “Dəli Kür” (1969) olur. “Yenilməz batalyon” istər peşəkarlıq, istərsə də nəzərdə tutulan dövrün pafosunu özündə əks etdirmək baxımından rejissorun mükəmməl işlərindən biridir. Azərbaycan kinosunun ən yaddaqalan nümunələrindən biri olan “Dəli Kür” filminin taleyi isə xeyli ağrılı olur. Moskvada Kino Komitəsinə təhvil verilərkən filmin finalını dəyişdirməyə məcbur edirlər rejissoru. Əks halda film, ümumiyyətlə, ekranlara buraxılmayacaqdı. Nəticədə Hüseyn Seyidzadə məcbur olub filmin axırını dəyişir. Filmin sonluğu əslində belə çəkilmişdi - Cahandar ağa kazakların başçısını qamçı ilə döyür. Sonra atışma başlayır. O, kazakların beşini öldürür. Onu vururlar. Cahandar ağa özünü suya atır, bununla da film qurtarır. Və “Ana Kür” mahnısı oxunur. Lakin bunu qəbul etmir ki, necə olursa olsun bir azərbaycanlı rusu döyə bilməz. Buna görə də rejissor həmin səhnəni kəsərək dəyişir, sonda Allahyar Cahandarı öldürür. Film uzun zaman bu cür göstərildi. Lakin xalq yazıçısı İsa Hüseynovun ciddi səyi nəticəsində filmin ilkin nüsxəsi tamaşaçılara təqdim olundu.
Bu, rejissorun təzadlı kino həyatında aldığı növbəti zərbələrdən biri olur. “Dəli Kür”dən düz 9 il sonra, 1978-ci ildə Hüseyn Seyidzadə sonuncu filmini çəkir – “Qaynana”nı. Həm ilk, həm də son bədii tammetrajlı filmi ilə Hüseyn Seyidzadə adını Azərbaycanın kino tarixinə həkk edir. Qarşısına çıxan, hətta çıxarılan maneələrə, haqsızlıqlara rəğmən.
“Qatır Məmməd”
yenə o günü görmədi...
Bu 9 il ərzində Hüseyn Seyidzadə bir
neçə dəfə böyük haqsızlığa
düçar olur. Xüsusən də “Qatır Məmməd”
filmi ilə bağlı yaranan problem ona mənən
böyük zərbə vurur. İlkin variantda “Gəncəbasarlı
qisasçı” adlanan bu film studiyanın 25 oktyabr 1970-ci il
tarixli əmrilə Hüseyn Seyidzadəyə verilir. Ssenari isə
moskvalı kinodramaturqlar Mixail Maklyarski və Kirill Rapoporta həvalə
olunur. Elə ilk oxunuşdaca Hüseyn Seyidzadə ssenaridəki
kəm-kəsiri aydın görür və iclasda öz fikirlərini
açıqca söyləyir. Ssenari müəlliflərinə
məsləhətlərini vermək məqsədilə 3 dəfə
Moskvaya ezam olunur. Müəlliflər də əvvəlcə
onunla razılaşırlar. Ancaq sonradan Hüseyn Seyidzadənin
süjeti tamam dəyişdirməsinə qəti etiraz edirlər.
7 may 1972-ci ildə Moskvadan Bakıya - kinostudiyanın direktoru
Adil İsgəndərovun adına məktub
ünvanlayırlar: “Hüseyn Seyidzadə rejissor ssenarisinin, eləcə
də Respublika və İttifaq Kinematoqrafiya komitələrinin
təsdiq etdiyi ssenarilərin bizim ədəbi ssenarimizə qətiyyən
dəxli yoxdu. Buna görə də rejissorun düzəlişləri
üzərində işləyə bilmərik. Seyidzadə təsdiq
edir ki, onun rejissor konsepsiyası milli xarakterlər
ruhundadır. Xahiş edirik, Bədii Şurada rejissor ssenarisini
müzakirə edəsiniz”.
Kinostudiyanın
Bədii Şurası ssenarini müzakirə edir. Nəticədə
rejissor haqlı çıxır və ssenaridəki
çatışmazlıqlar aşkar olur. Uzun mübahisələrdən,
çəkişmələrdən, yazışmalardan sonra
filmin çəkilişinə icazə verilir. Yeni ssenari
müəllifləri cəlb olunur. Hüseyn Seyidzadə
ssenariyə öz əlavələrini etməklə çəkilişi
başa çatdırır. Hətta film barədə o
dövrün mətbuatında da məlumatlar yer alır. Lakin
kimlərinsə gizli oyunu nəticəsində film 1974-cü
ildə Hüseyn Seyidzadədən alınır. Səbəb
kimi ssenari üzərində öz bildiyi əməlləri həyata
keçirib, filmi istədiyi kimi lentə alıb, 1973-cü il
dövlət planını pozub, filmi vaxtında təhvil verməyib
və s. göstərilir. Beləcə, 4 illik əziyyəti
heç sayıb, filmi Rasim Ocaqova verirlər. Deyilənlərə
görə, Rasim Ocaqovun qarşısına belə bir şərt
də qoyurlar: əgər o, bu filmi çəkib başa
çatdıra bilərsə, onda gələcəkdə
rejissor kimi film çəkmək imkanı əldə edəcək.
Nəhayət, bir neçə rejissorun imtina etdiyi “Qatır Məmməd”
filminə Rasim Ocaqov kinoda rejissor kimi ilk işi olaraq quruluş
verir. Aktyor heyətini tamamilə dəyişir. Onu da qeyd edək
ki, Hüseyn Seyidzadə Qatır Məmməd roluna Əlabbas
Qədirovu çəkmişdi. Rasim Ocaqov isə məlum
olduğu kimi, Şahmar Ələkbərovu.
Bu, Hüseyn Seyidzadənin kino taleyində aldığı ən böyük zərbə idi. Növbəti zərbə “Dərviş Parisi partladır” filmilə bağlı olur. Bu kinolent də bizə məlum olmayan səbəblərdən Hüseyn Seyidzadənin əlindən alınır. Bütün bu haqsızlıqlar, mənəvi zərbələr onu yormağa, sağlamlığını zədələməyə başlayır. Ürəyi ağrı tapır. Elə bu dərd-qəmlə dolu ürək də onun həyatına son qoyur...
Nə anası, nə
sevdiyi qadın, nə də oğlu...
Bu çəkişmələr onu xeyli sarsıtsa da, sənəti uğrunda mübarizəsini davam etdirir. Ömrünün sonlarına doğru isə bircə sevindirici hadisə baş verir. 9 ildən sonra, nəhayət, ona yenidən film verilir - “Qaynana”. Bu da ümummilli lider Heydər Əliyevin dəstəyi nəticəsində. Hüseyn Seyidzadənin əmisi nəvəsi, Azərbaycan Prezidenti Katibliyinin rəisi Dilarə Seyidzadə ustad sənətkar barədə Lent.az-a danışarkən dedi bu faktı. Onu sadə, xeyirxah, ürəyiaçıq bir insan və sənətkar kimi xatırladı: “Hüseyn Seyidzadə çox gözəl insan idi. Ad günlərdə, məclislərdə biz yerə toplaşırdıq, onun maraqlı söhbətlərinə qulaq asırdıq. O gələn kimi məclisdə ayrı bir mühit yaranırdı. Biz onunla dost idik. Bir dəfə belə məclislərin birində ondan bir məşhur aktrisa barədə soruşdum. Dedim, niyə onu filmə çəkmirsiz? Mənə cavab verdi ki, “kinematoqrafiya kökləri sevmir. Onsuz da ekran insanı bir neçə kilo artıq göstərir. Kök adamı da çəksəm, onda o heç ekrana sığmaz”. O, həqiqətən aktyor seçiminə böyük önəm verirdi və ciddi yanaşırdı. Sözün əsl mənasında sənətkar idi. Ümumiyyətlə, Seyidzadələr ailəsi nəsilli-nəcabətli ailə olub. 19-cu yüzilliyin sonunda qədim Qəmərli kəndində yaşayıblar. Onların vaxtilə İrəvanda yaşadıqları ev indi uşaq bağçasıdır. Hüseyn müəllimin bacısı Həqiqət xanım Şərqdə ilk xanım ortoped-travmatoloqdur. O biri bacısı Zəhra xanım mühəndis idi. Qardaşları Həsən Seyidov Mərkəzi Komitədə kənd təsərrüfatı üzrə müavin, atam Bağır Seyidzadə görkəmli jurnalist, diplomat, nazir, İbrahim Seyidov təyyarə mühəndisi olub. Ümumiyyətlə, o nəslə “Qara seyidlər” deyirdilər. Bu da onların ağır seyid olmaları ilə əlaqədardır. Ancaq təəssüf ki, belə bir ailənin üzvü, həm də əsl sənətkar, ustad olan Hüseyn Seyidzadə çox böyük haqsızlıqlara, ədalətsizliklərə düçar oldu. Ürək ağrısı tapdı. Həm də təəssüf ki, ömrünün sonuna qədər tək-tənha yaşadı”.
Dilarə
Seyidzadə danışır ki, Hüseyn Seyidzadə xoşbəxt
yaşamaq istəyirdi. Ancaq nə həyatda, nə də
sənətdə onu xoşbəxt adlandırmaq olmazdı. O,
ömrünü sonuna qədər ailə sahibi olmadı.
Baxmayaraq ki, sevdiyi qadın və bir oğlu vardı. Onunla
Moskvada oxuyub işlədiyi zaman tanış olmuşdu. Elə
o xanımdan da bir oğlu dünyaya gəlmişdi.
Uşağa atasının adını vermişdi – Əli.
Onların hansı səbəblərdən bir yerdə
yaşamadıqları məlum olmasa da, Bakıya qayıdandan
sonra da əlaqələrinin itməməsi dəqiqdi. Oğlu
Bakıya gəlib-gedirdi. Amma sonralar hansısa səbəblərdən
əlaqə itdi. Hətta nə sevdiyi qadın, nə də
oğlu ölümündən xəbər tutmadı,
yasına, məzarı üstünə gəlmədi.
İndi də onların harada yaşadıqları, sağ
olub-olmamaları bilinmir. Hüseyn Seyidzadənin vəfatından
xəbər tutmayanlardan biri də anası Ruqiyyə xanım
oldu. Bu qara xəbərə dözə bilməyəcəyindən
qorxub qoca anadan oğlunun ölümünü gizlədirlər.
Ancaq bu ayrılıq da uzun çəkmir. Az sonra ana da haqq
dünyasına qovuşur...
Hüseyn
Seyidzadə isə həyatla xəstəxanada
vidalaşır... Onu haldan salan ürək
ağrılarına baxmayaraq, yaşayıb-yaratmaq eşqi ilə
hər gün kinostudiyaya gəlib gedərdi, işləməkdən
yorulmurdu. Amma yenə də xoşagəlməz hadisələr,
ünvanına deyilən haqsız iradlar, ədalətsizliklər
hər addımda onu izləyir, işinə mane olurdu. Günlərin
birində kinostudiyadakı iclasda yaranmış münaqişə
vaxtı ona deyilən haqsız iradlara ürəyi
dözmür və səhhəti pisləşir. Bir ay xəstəxanada
müalicə olunur. Evə getməyinə bircə gün
qalmış ürəyi partlayır. 1979-cu il iyunun 2-də -
70 yaşını tamamlamağa 4 ay 13 gün qalmış.
Ölüm də onu haqsızlıqdan qurtara bilmir. Adi qəbiristanlıqların
birində səssiz-səmirsiz, sakitcə dəfn olunur. 1988-ci
ildə buraxılan “Azərbaycanın kinorejissorları”
kitabına da adı salınmır...
Bu gün Hüseyn Seyidzadənin 100 yaşı tamam olur. Amma hələ də kino sahəsində bu yubiley demək olar ki, yada düşmür. Dilarə Seyidzadənin sözlərinə görə, belə sənətkarların xatırlanması vacibdir: “Hüseyn Seyidzadənin çəkdiyi filmlər indi də tamaşaçılar tərəfindən baxılır və sevilir. Belə insanları həmişə yada salmaq lazımdır. Amma bunu onların qohumları etməməlidir. Kino təşkilatları, bu sahənin adamları Hüseyn Seyidzadənin necə bir insan və ustad olduğunu bilirlər. Yubileyi qeyd etmək təşəbbüsü də onlar tərəfdən gəlməlidir. Hər halda, belə bir korifey sənətkar unudulmamalıdır. Çünki o, bütün qəlbi, mənəviyyatı və sənəti ilə bu xalqa bağlı idi”.
O, həqiqətən də bütün qəlbi ilə sənətinə, xalqına bağlı idi. Belə olmasaydı, Rac Kapurun dəvətini qəbul edib Hindistana gedər, vəd edildiyi kimi, filmləri dünyaya çıxarılardı. O, bu təklifi qəbul etmir. Doğma vətənini, Azərbaycanını başqa ölkəyə dəyişmir. Burda qarşılaşdığı haqsızlıqlara, ədalətsizliklərə, maneələrə, ağrılara baxmayaraq. 43 illik kino taleyi boyunca cəmi 5 bədii, 3 sənədli filmə quruluş verməyinə rəğmən. Ömrünün sonuna qədər də elə belə yaşayır. Millətinə, xalqına, vətəninə bağlı bir sənətkar kimi. O, elə həyatını bu cür başa vurdu. Kino həyatında böyük haqsızlıqlara düçar olmuş, ömrünü yalqız başa vurmuş, Azərbaycanda ilk rəngli bədii filmin müəllifi olaraq adını tarixə həkk etmiş görkəmli rejissor, əməkdar incəsənət xadimi Hüseyn Seyidzadə kimi... lent.az
P.S. İndiyədək heç yerdə göstərilməyən bu şəkillər Hüseyn Seyidzadənin Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivindəki şəxsi fondundan götürülüb.
Olaylar.- 2010.- 22 oktyabr.- S. 12.