Uşaqlar qeyri-qanuni əməyə
cəlb edilir
İnsan alverinin geniş yayılmış formalarından olan uşaq alveri dünyada geniş yayılıb. Hazırda dünya ölkələri mütəşəkkil cinayətin növü hesab olunan uşaq alverinə qarşı ciddi mübarizə aparır. Bu mübarizə Azərbaycanda da effektli və səmərəli gedir. İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirib ki, ölkədə insan alverinə qarşı mübarizə məqsədiə cari ildə uşaq baxımsızlığının profilaktikası istiqamətində də xeyli işlər görülüb. Belə ki, uşaq evləri və internat məktəblərini bitirən 128 gənc və yeniyetmə üçün insan alveri mövzusunda həftəlik seminar keçirilib. Beynəlxalq Miqrasiya Təşkilatının «İnsan alveri ilə bağlı orta məktəblərdə təhsil modulunun hazırlanması» layihəsi çərçivəsində həyata keçirilən tədbirlər respublikanın və paytaxtın 17 orta təhsil məktəb və liseyini, habelə uşaq evləri və internat məktəblərini əhatə edib. Şagird və müəllimlərə insan alverinin doğurduğu təhlükələr, «Qaynar xətt» xidməti haqqında ətraflı məlumatlar verilmiş, marrifləndirici vasitələr paylanmışdır. Müxtəlif şəhər və rayonlarda orta təhsil məktəblərinin 9-11-ci siniflərində «İnsan və cəmiyyət» fənnini tədris edən müəllimlər üçün «İnsan alveri, onun doğurduğu təhlükələr və bu sahədə mümkün qabaqlayıcı təşəbbüslərin həyata keçirilməsinin yolları üzrə biliklərin artırılması» mövzusu üzrə təlimlər təşkil olunmuşdur.
İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin nəzdində uşaqlar üçün zəruri avadanlıqlarla təmin edilmiş sığınacaq yaradılıb. Bu sığıncaq 2009-cu ilin oktyabr ayından fəaliyyətə başlayıb. V.Eyvazovun bildirdiyinə görə, sığınacaqda yerləşdirilmiş uşaqların təhsillərini davam etdirmələri üçün Təhsil Nazirliyinin müvafiq göstərişinə əsasən Milli İstiqamətləndirmə Mexanizmi çərçivəsində paytaxtda bir sıra orta məktəbləri və körpələr evi ayrılıb. Cari ilin ötən dövründə polis tərəfindən keçirilən reydlər zamanı küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb edilən 611 azyaşlı müəyyən edilib. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin qurbanı olması təsdiqlənib. Lakin övladlarının təlim-tərbiyyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, uşaqlarını hüquqazidd əməllərə cəlb edən valideynlər barəsində qanunla müəyyən edilmiş tədbirlər görülmüş, onların əksəriyyəti profilaktik uçota götürülüb. Ümumən qarşıda duran vəzifələr sistemli şəkildə yerinə yetirilməsi məqsədilə insan alverinin səbəblərinin, ona şərait yaradan halların müəyyən edilib aradan qaldırılması, cinayətin təşkilatçılarının, icraçılarının və bütün iştirakçılarının məsuliyyətə cəlb edilməsi daim diqqət mərkəzində saxlanılır.
Milli Koordinatorun bildirdiyinə görə, insan alverinin yüksək atentliyi nəzərə alınaraq belə kriminal qəsdlər üzrə informasiya-analitik işin, kriminoge tədqiqatların aparılması istiqamətində fəaliyyət də günbəgün gücləndirilir. Görülən məqsədyönlü işlər müəyyən müsbət nəticələr əldə olunmasını, o cümlədən əməliyyat şəraitinin nəzarətdə saxlanılması, onun inkişaf meyillərinin izlənilməsi, əhalinin müxtəlif qruplar üzrə cinayətin qurbanlarının vaxtında aşkar edilib qabaqlayıcı tədbirlərin görülməsini şərtləndirmişdir.
Xüsusi qeyd edilməlidir ki, insanların məcburi əməyə cəlb edilməsi ölkəmiz üçün xarakter sayılmayan cinayətlərdən olmaqla yalnız bu ilin ötən dövründə bir analoji cinayət qeydə alınmışdır. Azərbaycanın ayrı-ayrı regionlarından gələn vətəndaşların paytaxtda və digər şəhərlərdə sənaye, tikinti və xidmət sahələrində çalışması isə ölkədaxili miqrasiya proseslərinin tərkib hissəsidir və insanların məcburi istismarı kimi qiymətləndirilə bilməz.
Cari ildə ayrı-ayrı beynəlxalq təşkilatların hesabatlarında yer almış Bosniya və Hersoqovina, Serbiya və Makedoniya respublikaları vətəndaşlarının Azərbaycanda məcburi əməyə cəlb edilməklə insan alverinin qurbanlarına çevrilmələri ilə əlaqədar qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında qanuni əsaslarla fəaliyyət göstərən «Serbaz Layihə və Tikinti» Məhdud Məsuliyyətli Cəmiyyət adları çəkilən ölkələrdən olan 750 nəfərə yaxın mütəxəssisin turist vizası ilə Azərbaycana gəlmələrini təşkil edərək onları Bakı və Mingəçevir şəhərlərində icarəyə götürülmüş, zəruri yaşayış normalarına cavab verən, o cümlədən, su, istilik, və elektrik enerjisi ilə təchiz edilmiş 27 mənzildə yerləşdirmişdir. Öz ölkələrinə sərbəst gedib-gəlmələri üçün həmin insanlar aviobiletlər, gündə dörd dəfə yemək, yaşadıqları ünvanlardan iş yerlərinə və əks istiqamətdə daşınmaları üçün zəruri nəqliyyat vasitələri, habelə pulsuz tibbi xidmət ilə təmin edilmişlər. Respublikada orta aylıq əmək haqqının məbləği 370 ABŞ dolları olduğu halda, onlara hər ay 2000-2500 ABŞ dolları məbləğində məvacib ödənilmişdir. Şirkətdə çalışan əcnəbilərin hamısı şəxsi mobil telefonlardan və öz ölkələrində bir aylıq istirahət hüququndan istifadə etmiş, dünyanın istənilən dövləti ilə əlaqə yaratmaq imkanına malik olmuşlar. Araşdırma zamanı onlar rəhbərlik tərəfindən döyülmə, təhqir, istismar olunma, hər hansı bir işin yerinə yetirilməsinə məcbur edilmə hallarına məruz qalmadıqlarını bildiriblər. Göstərilənlərlə yanaşı, tikinti-quraşdırma və əsaslı təmir işlərini, bununla bağlı xərcləri nəzərdə tutan tikinti-təqvim planının şirkət tərəfindən vaxtından əvvəl icra olunması səbəbindən 2009-cu ilin sonunda maliyyələşdirmədə müəyyən fasilə yaranmış və artıq işçi qüvvəsi əmələ gəlmişdir. Bununla əlaqədar görülən işlərin həcmi minimumadək azaldılaraq ixtisarlar aparılmış, son hesablaşma həyata keçirilməklə mütəxəssislərin əmək haqqı ödənilmişdir. Onlar Azərbaycandan getmək istəmədikləri halda belə, öz ölkələrinə qayıtmaları təmin edilmişdir. Şirkətin rəhbərliyi tərəfindən işçilərin hüquqlarının kobud surətdə pozulması hallarına isə gəldikdə qeyd olunmalıdır ki, dəfələrlə daxili intizam qaydalarını pozaraq iş vaxtı spirtli içki qəbul etdiklərinə və işdən yayındıqlarına görə öz ölkələrinə göndərilmiş bəzi işçilər bundan narazı qalıb yerli kütləvi informasiya vasitələrində çıxışlar edərək Azərbaycan Respublikasında işləyən soydaşlarının guya ağır şəraitdə çalışdıqlarını bildirmişlər. 2009-cu ilin oktyabrında Bakı şəhərinə gəlmiş Bosniya və Hersoqovina, Serbiya respublikalarının diplomatik nümayəndələri «Serbaz Layihə və Tikinti» MMC-də işləyən mütəxəssislərlə görüşmüş, onların iş, yaşayış şəraiti ilə tanış olmuş, maaşlarının ödənilməsi məsələsilə maraqlanmışlar. Öz növbəsində miqrantlar şirkətə qarşı iradlarının olmaması barədə kollektiv müraciət imzalayaraq diplomatlara təqdim etmişlər.
Milli koordinatorun bildirdiyinə görə, ümumən ölkəmizdə insan alverinin bütün formalarının aradan qaldırılması istiaqamətində ən yüksək səviyyədə siyasi iradə mövcuddur. Bu həm Milli Fəaliyyət Planından irəli gələn tədbirlərin, həm də beynəlxalq təşkilatların tövsiyyələrinin məqsədyönlü şəkildə yerinə yetirilməsinə təminat verir. Bunun üçün eləcə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlərdən irəli gələn tələblərin icrası məqsədilə aidiyyati dövlət orqanları, vətəndaş cəmiyyəti, BMT-nin üzvü olan bir çox ölkələr, habelə beynəlxalq təşkilatlar ilə qarşılıqlı əlaqədə səmərəli iş aparılır. Bu istiqamətdə fəaliyyətin müsbət nəticələrə gətirib çıxaracığını şərtləndirən ən vacib amil isə ölkəmizdə siyasi sabitliyin, demokratik inkişafın, yüksək iqtisadi tərəqqinin və sosial rifahın təmin olunmasına nail olunmasıdır.
Nurlan
Azərbaycan
Respublikası Kütləvi İnformasiya
Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur
Olaylar.- 2010.- 22 oktyabr.- S. 13.