İnsan alveri: rəqəmlər və düşüncələr

 

İnsan alveri Adəm övladlarının gizlində-aşkarda törətdikləri növbənöv cinayətlərin bəlkə də ən üzdə olanıdır və silah alverindən sonra ikinci ən geniş yayılmış, ən çox gəlir gətirən sahə hesab olunur.

ABŞ Dövlət Departamentinin bu sahə üzrə illik hesabatında göstərilir ki, hər il dünya üzrə 800 mindən artıq insan bu qanunsuz ticarət növünün qurbanı olur. Onların 80 faizi qadınlar və gənc qızlardır.

Belə qurbanlar dünyanın istənilən ölkəsində var. Azərbaycan da istisna deyil. Həmin hesabatda deyilir ki, Azərbaycan müasir dövr köləliyi olan insan alverinin tranzit ölkəsi olduğu kimi, həm də kişi, qadın və uşaqların cinsi istismarı, onların məcburi əməyə cəlb edilmələri üçün mənbədir. Hesabatda bildirilir ki, qadınlar Azərbaycandan daha çox Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə aparılır. Bundan başqa, həm qadınları, həm də kişiləri seksual istismar üçün və məcburi işçi qüvvəsi kimi İran, PakistanHindistana da göndərirlər. Başqa bir acınacaqlı fakt isə uşaqlarla bağlıdır – hesabatda göstərilir ki, Azərbaycandan onları seksual istismar məqsədilə Türkiyəyə, işçi qüvvəsi kimi isə Rusiyaya göndərirlər.

Təbii ki, istər ölkədaxili, istərsə də beynəlxalq qanunvericilikdə insan alveri cinayət əməli kimi qiymətləndirilir və qadağan edilir. Amma SSRİ dağılandan sonra müstəqillik qazanmış ölkələr, o cümlədən Azərbaycan beynəlxalq miqrasiya ilə bağlı qanunların olmaması səbəbindən bu sahədə müəyyən problemlərlə üzləşdi. Necə deyərlər, yeni zaman yeni qanunlar tələb edirdi.

BMT-də 2000-ci il dekabrın 12-də imzalanmış “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyası, onu tamamlayanİnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması” Protokolu və 20 sentyabr 2002-ci ildə qəbul edilmişİnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında” Brüssel Bəyannaməsi 2003-cü il mayın 13-də Azərbaycan Respublikasının qanunu ilə təsdiq edildi. Prezidentin 6 may 2004-cü il tarixli sərəncamı ilə bu sənədlərdəki müddəalar əsasında hazırlanan “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” təsdiqləndi.

Daxili işlər nazirinin 19.05.2004-cü il tarixli əmri ilə Daxili İşlər Nazirliyində İnsan Alverinə qarşı Mübarizə İdarəsi və bu planın həyata keçirilməsinə nəzarət üçün milli koordinator postu yaradıldı, bu vəzifəyə daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov təyin edildi.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də cinayətkarlığın bu növü ilə mübarizəni nizamlayan müvafiq maddələr, cinayətin potensial subyektləri hesab edilən uşaq və qadınların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş bir sıra normativ-hüquqi aktlar var. Məsələn, Cinayət Məcəlləsinin bu maddələri insan alveri cinayətlərinə qarşıdır: 106 (köləlik), 108 (cinsi zorakılıq), 137 (insan orqanlarının və ya toxumalarının alqı-satqısı), 144-1 (insan alveri), 144-2 (məcburi əmək), 151 (seksual hərəkətlərə məcbur etmə), 171 (yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə), 172 (özgənin uşağını dəyişdirmə), 174 (qanunsuz olaraq övladlığa götürmə), 243 (fahişəliyə cəlb etmə), 244 (əxlaqsızlıq yuvaları saxlama), 316-1 (insan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları yayma).

Real vəziyyət necədir?

Statistikaya görə, 2005-ci ildə Azərbaycanda insan alveri ilə bağlı 160 cinayət hadisəsi qeydə alınıb, bununla bağlı 153 nəfər cinayət məsuliyyətinə cəlb olunub, insan alveri cinayətlərinin qurbanı olmuş 58 nəfər müəyyən edilib.

2006-cı ildə 211 belə hadisə aşkarlanıb, 4 mütəşəkkil dəstə və 23 cinayətkar qrup ifşa edilib, 192 cinayət işinin istintaqı aparılıb, 207 şəxs məsuliyyətə cəlb olunub, insan alverinin qurbanı olmuş 86 nəfər müəyyən edilib. Nazirlər Kabinetinin 17 iyun 2006-cı il tarixli qərarı ilə onlardan 27-nə şərti maliyyə vahidinin 30 misli məbləğində müavinət ödənib.

2007-ci ildə insan alveri ilə bağlı 283 hadisə, 33 cinayətkar qrup aşkar edilib, 231 cinayət işinin istintaqı aparılıb, 300 şəxs məsuliyyətə cəlb olunub, habelə insan alverinin qurbanı olmuş 101 nəfər müəyyən edilib.

2008-ci ildə 390 hadisə qeydə alınıb, 348 şəxs cinayət məsuliyyətinə cəlb edilib, insan alverinin qurbanı olmuş 78 nəfər müəyyən edilib. Daxili İşlər Nazirliyinin nəzdindəki sığınacağa yerləşdirilmiş 52 nəfərdən 7-si işlə təmin edilib, 3-ü peşə kurslarına göndərilib, 9-na dəymiş maddi ziyanın ödənilməsi haqqında məhkəmə qərarı çıxarılıb.

2009-cu il aprel ayının 23-də Bakıda keçirilən İslam Konfransı Təşkilatı (İKT) ölkələri hüquq mühafizə orqanları rəhbərlərinin konfransında daxili işlər naziri Ramil Usubov 2009-cu ildə insan alveri ilə bağlı aşkarlanan cinayətlərin 2004-cü illə müqayisədə 5 dəfə çox olduğunu bildirib.

Amma Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov nazirin insan alveri ilə bağlı açıqlamasının bəzi mətbuat orqanlarında düzgün təqdim olunmadığını deyir: “Nazirin bəyanatını Azərbaycanda insan alverinin artması kimi yox, aşkarlanmış faktların artması kimi başa düşmək lazımdır. İnsan alveri latent cinayətdir. Yəni zərərçəkənlər hüquq-mühafizə orqanlarına müraciət etmirlər. Belə halda da cinayəti aşkarlamaq məsuliyyəti polisin üzərinə düşür”.

Mətbuat xidmətinin nümayəndəsi hesab edir ki, bir neçə nazirliyin birgə yaratdığı İşçi Qrupun fəaliyyəti nəticəsində insan alveri qurbanlar ilə sıx təmas yaradılıb: “Həm polis peşəkar səviyyədə belə cinayətləri aşkar etməyə başlayıb, həm də artıq qurbanlar özləri polisə müraciət etməyə başlayıblar. Cinayət faktlarının aşkarlanması buna görə artıb”.

E.Zahidov bu gün Azərbaycanda insan alverçilərinə qarşı mübarizənin yüksək səviyyədə aparıldığını deyir: “Amma insan alverinin qurbanı təkcə qadınlar deyil, kişilər və uşaqlar da bu alverin qurbanı olurlar. Kişilər də yüksək maaş qazanmaq istəyi ilə insan alverçilərinin qurbanına çevrilirlər. Uşaqlar isə dilənçiliyə və başqa qanunsuz hərəkətlərə məcbur edilirlər”.

DİN nümayəndəsi insan alveri qurbanları üçün müvəqqəti sığınacaqların ictimaiyyətdən gizli saxlandığını bildirir: “O insanlar özləri belə istəyirlər. Hazırda həmin sığınacaqda 22 nəfər var. Onlardan 20-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu yaxınlarda təşkil edəcəyi treninqlərdə iştirak edəcəklər”.

İctimaiyyət nümayəndələri nə düşünür?

“Təmiz dünyaİctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, Azərbaycanda insan alverinə qarşı mübarizə planı qəbul ediləndə bu sahədə təcrübə yox idi: “İctimaiyyət yetərincə məlumatlı deyildi, insan alveri qurbanlarının çoxu hesab edirdi ki, başlarına gələnlərdə özləri günahkardırlar və buna görə cinayət məsuliyyətinə cəlb ediləcəklər. Lakin bu gün cəmiyyətdə tamamilə fərqli tendensiyalar mövcuddur. Dövlət strukturları və QHT-lər geniş təbliğat işləri aparırlar. İlk dövrlərdə nazirliklər bunun əhəmiyyətini anlamırdılar və yetərincə aktiv deyildilər, amma indi vəziyyət dəyişib və prosesə təkcə Daxili İşlər Nazirliyi deyil, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri aktiv qoşulmağa başlayıb. Onların nümayəndələrindən ibarət İşçi Qrup yaradılıb”.

M.Zeynalova bu sahədə ardıcıl tədqiqat apardıqlarını və insan alveri qurbanlarının daha çox ailədaxili zorakılığın nəticəsi olaraq artdığını deyir: “Beynəlxalq ictimaiyyətdə belə hesab edirlər ki, insan alverinin miqyasca böyüməsinin əsas səbəbi ayrı-ayrı məmurların və mafioz qrupların himayəsidir. Amma Azərbaycanda belə mafioz qruplar yoxdur. Eyni zamanda, hər hansı dövlət məmurunun bu cür qanunsuzluğa baş qoşması da inandırıcı deyil. Ola bilər ki, hansısa məmur bilmədən kiməsə yardım etsin, amma bunun gəlir götürmək məqsədilə olunduğuna rast gəlməmişəm. Bu sahədə uzun müddət çalışan, qurbanlarla sırf təmasda olan bir adam kimi belə faktların olmadığını deyə bilərəm. Daxili İşlər Nazirliyində analitik mərkəz var, orda bütün bu prosesləri izləyir və səbəbləri müəyyənləşdirirlər”.

Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev isə R.Usubovun 2004-cü illə müqayisəsini doğru saymır: “Çünki 2004-cü ildə insan alveri ilə bağlı cinayətlər qeydə alınmırdı, bütün təhlil və statistikalar 2005-ci ildən aparılıb. Azərbaycanda Daxili İşlər Nazirliyi istisna olmaqla, digər nazirliklər, məsələn, Dövlət Sərhəd Xidməti tərəfindən vəzifəli şəxslərlə bağlı insan alveri faktları aşkar olunmayıb və bu, çox mənfi haldır. Bir çox ölkələrdə hətta polis əməkdaşlarını da insan alverinə qoşulduqları üçün həbs ediblər. Amma bizdə elə bir fakt yoxdur. Güman edirəm yaxın gələcəkdə bu ənənənin də başlanğıcı qoyulacaq”.

Ə.Əliyev təəssüf edir ki, Azərbaycanda insan alveri dedikdə ancaq cinsi istismar nəzərdə tutulurancaq qadınlar bu alverin qurbanı sayılır: “Nə üçün uşağı dilənçiliyə cəlb etmə faktına görə bircə nəfər də cinayət məsuliyyətinə cəlb edilməyib? Ümumiyyətlə, insan alverinin səbəbləri çoxdur və maarifləndirmə yüksək səviyyədə aparılmalıdır ki, insanlar yalan vədlərə inanmasınlar, bu yola aludə olmasınlar. Daxili İşlər Nazirliyinin nəzdində sığınacaqlar yaradılıb. Hətta Nazirlər Kabinetinin qərarı ilə insan alveri qurbanlarına birdəfəlik müavinət də verilir. Amma təəssüf ki, sığınacaqda qalma müddəti çox azdır, cəmi bir ay. Bu, adaptasiya üçün çox qısa müddətdir. Onlara verilən müavinət də çox azdır – cəmi 33 manat. Digər bir səhv ənənə belə insanlar üçün psixoloji yardımla bağlıdır. Əslində bu Təhsil Nazirliyinə həvalə olunmalıdır, ancaq prezidentin fərmanında həmin Səhiyyə Nazirliyinə tapşırılıb. Ona görə də psixoloji yardımın effektivliyindən danışmağa dəyməz. Belə təcrübə yalnız Azərbaycanda mövcuddur”.

 

 

Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 

Olaylar.- 2010.- 23-25 oktyabr.- S. 13.